Məhkəmə qərarları › İş №2(058)-771/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-771/2025

09.07.2025 · Sair işlər - Digər - Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-771/2025 09.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X4 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona qanunsuz hesablanmış 5611,56 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Samux rayonu, Qovlarsarı kəndində yaşayır. Onun mənzilində quraşdırılmış qazın sayğacı evindən kənar-çöldə quraşdırılmış və bir abonent kimi o, hər ay istifadə etdiyi qazın pulunu vaxtında ödəmişdir. Qazla bağlı heç vaxt hər hansı bir nöqsanı olmamışdır. Təxminən 2022-ci ilin fevral ayının əvvəllərində Cavabdeh işçiləri onun yaşadığı ünvana gələrək qazın sayğacına və ev daxili xəttlərə baxış keçirəcəklərini bildirmişlər, o isə baxış keçirilməsinə imkan yaratmışdır. Baxış keçirildikdən sonra ona demişlər ki, barının alt hissəsində dəmir borunun içindən qaz xətt keçir, o isə bildirmişdir ki, həmin qaz xəttinin ağzı bağlıdır və uzun illərdir həmin xətt ağzı bağlı olaraq orada yerləşir. Cavabdeh işçiləri ona bildirmişlər ki, həmin xəttin orada olması qazdan oğurluq olması ehtimalı ola bilər. O, isə işçilərə bir daha izah etmişdir ki, həmin xətt uzun illərdir ağzı bağlı və istifadəsiz olaraq oradadır və hər ay qaz pulu yığan baxıb getmiş və hər hansı bir qanun pozuntusu olsaydı nəzarətçi dərhal görə bilərdi və lazımı tədbir görə bilərdi, lakin qaz pulu yığan nəzarətçi heç bir lazımi tədbir görməmişdir. Cavabdeh işçiləri ona akt deyilən sənədə qol çəkdirmişlər və bildirmişlər ki, həmin aktı həqiqətən baxış zamanı xəttin olmasını aşkar etmələri ilə bağlı tərtib etmişlər, lakin ona cərimə edəcəklərini deməmişlər. Bundan sonra, ona tərtib olunmuş ******* nömrəli xx.xx.2022-ci il tarixli aktın əsasında 1632,96 manat cərimə yazmışlar, həmin cərimə barədə onun sonradan məlumatı olmuşdur. Onun kimi yaşlı qadının təqsiri belə olmadan qanunsuz cərimə yazılmışdır. 2022-ci ilin dekabr ayında Cavabdeh digər işçiləri yenidən onun yaşadığı ünvana gedərək qaz xəttlərinə baxacaqlarını bildirmişlər və yenidən həmin borunun içindən keçən qaz xəttini göstərərək demişlər ki, oradan qaz xətti keçir və həmin xətt vasitəsi ilə oğurluq edə bilərsiz. O, yenidən işçilərə bildirmişdir ki, həmin xəttin ağzı bağlıdır və uzun illərdir borunun içində istifadəsiz haldadır. Onun dinləyən olmamış və yenidən akt tərtib edilmiş və ona deyilmişdir ki, həmin aktı həqiqətən orada qaz xəttinin olması ilə bağlı tərtib etmişlər. Bir müddətdən sonra yenidən ona istifadəsiz qaz xəttinə görə ******* nömrəli xx.xx.2022-ci il tarixli akt əsasında 3978,60 manat cərimə yazmışlar. Həmin qaz xətti hələ də hazırkı vaxta qədər yerindədir və həmin xətt ləğv edilməmişdir. Əgər həmin qaz xəttindən qanunsuz qazdan oğurluq faktı vardırsa niyə həmin oğurluq faktının video görüntüsünü çəkib sübut kimi ona təqdim etməmişlər? Yalnız həmin qaz xəttinin sadəcə bir ədəd foto-şəklini çəkmişlər. İlk dəfə baxış zamanı həmin qaz xəttinin olmasına görə 1632,96 manat cərimə, 2-ci dəfə isə 3978,60 manat cərimə yazmışlar. Buna görə də o, Cavabdeh işçilərinin etdikləri qanunsuz hərəkətlərindən məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh işçiləri tərəfindən təqsiri olmadan ona qanunsuz 1632,96 manat və 3978,60 manat, ümumilikdə 5611,56 manat məbləğində cərimə yazılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 bildirdi ki, Cavabdeh əməkdaşları 2022-ci ilin fevral və dekabr ayında baxış keçirmişlər, ehtimal olunmuşdur ki, qaz xəttindən əlavə xətt oğurluğu ola bilər, bu səbəbdən də, 1600 manat və 3900 manat cərimə yazılmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus Samux rayonu, Qovlarsarı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacdan kənar əlavə xətt aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus Samux rayonu, Qovlarsarı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacdan kənar əlavə xətt aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Samux Rayon İcra Hakimiyyəti Başçısının Qovlarsarı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 84 nömrəli arayışdan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı Samux rayonu, Qovlarsarı kəndində Dilşat Yölçuyev küçəsində pasport qeydiyyatındadır və yaşayır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda 13.8-1-ci maddəsinə əsasən “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.” Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi cavabdeh Qanunun göstərilən maddəsinin tələblərinə əməl etməmiş, qaz sayğacına müdaxilə, habelə qaz sayğacına qanunsuz müdaxilə halları ilə bağlı tərtib edilmiş aktlar inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edilməmişdir. İş materiallarında istehlakçının sayğaca müdaxilə ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə heç bir sübut aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə baxışında iddiaçı tərəfindən sayğaca müdaxilə olunması mübahisələndirilmiş və hesab edilmişdir ki, Cavabdeh İB qeyd olunan aktları tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Həmin aktlarda göstərilən qüsur – sayğacdan kənar əlavə xəttin aşkar edilməsi cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyi güman edilərək sonuncuya əlavə sərfiyyat hesablasın. Cavabdeh İB borcu sayğacdan kənar əlavə xəttin aşkar edilməsini nəzərə alaraq hesabladığından iddiaçının borc məbləği ilə bağlı hər hansı bir sübutetmə vəzifəsi yaranmır. Çünki, “Qazdan istifadə” Qaydalarının 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır ki, Cavabdeh də, bu tələbə riayət etməmişdir. Cavabdeh məhkəmədə sübut etməlidir ki, iddiaçı qaz sayğacına müdaxilə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəmədə iddia qaldırmaq üçün ödənilməli olan dövlət rüsumunun əvəzi qismində 76,11 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Samux rayonu, Qovlarsarı kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə qaz sərfiyyatına dair xx.xx.2022-ci il tarixli ******* nömrəli akta və xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 5611,56 (beş min altı yüz on bir manat əlli altı qəpik) manat məbləğində borc silinsin. Cavabdeh İB-dən 76,11 (yetmiş altı manat on bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar