Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-79/2025 22.01.2026 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmmədova Sevinc İsa qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, onların vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “iddaçılar tərəfindən çəkilmiş xərcin əvəzinin cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onlar tərəfindən cavabdehə məxsus həyətyanı torpaq sahəsində inşa edilmiş tikililərə, aparılmış yaxşılaşdırma işlərinə görə çəkilən xərcin əvəzi qismində 21980 manat pulun və ödədikləri 156 manat dövlət rüsumunun əvəzinin alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar ər-arvaddır, onlar xx.xx.2000-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Cavabdeh isə iddiaçılardan İddiaçı1 doğma dayısıdır. İddiaçılardan İddiaçı1 anası X5 atası, yəni İddiaçı1 babası olan X6 Samux rayon Yuxarı Ağasıbəyli kəndində yerləşən ev və həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin miras ev və torpaq sahəsində heç kim yaşamamışdır. 2010-cu ildə Cavabdeh İddiaçı1 və onun anası X10 bildirmişdir ki, həmin mülk onların ata və babasından miras qalmış mülkdür, köçüb orda yaşasınlar və sonra da həmin miras əmlakı vərəsəlik qaydasında öz adlarına keçirsinlər. Ona görə də İddiaçı1 anası Yavər Aslanova ilə birlikdə 2010-cu ildən köçüb həmin miras mülkdə yaşamağa başlamışlar, hazırda da həmin mülkdə yaşayırlar. Onlar 2010-cu ildə həmin mülkə köçən zaman mülk (ev) təmirsiz olmaqla, yaşayış üçün yararlı olmamışdır. Odur ki, orda yaşadıqları 14 il ərzində həmin mülki vərəsə kimi öz mülkləri hesab edərək, orda çox saylı təmir-tikinti işləri apararaq xeyli xərc çəkmişlər. Belə ki, həmin mülkdə aşağıdakı təmir-tikinti işləri görməklə xərc çəkmişlər: 40 metr daş hasar çəkməklə 1000 ədəd kubik, 50 kisə sement, 700 manat usta pulu olmaqla - cəmi 2100 manat, mətbəxtin tikintisinə 700 ədəd kubik, 20 kisə sement, 150 manatlıq lambirin, 200 manatlıq pol atma işlətməklə, 700 manat usta pulu verməklə - cəmi 1850 manat, eyvanın tikintisinə 32 ədəd şifer, 12 ədəd atma, 200 manatlıq aqlay işlətməklə və 500 manat usta pulu verməklə - cəmi 1400 manat, hamamın tikintisinə 1800 manatlıq bak, kalonka, tulpan, unitaz qoydurmaqla və 400 manat usta pulu verməklə cəmi - 2200 manat, əl damının tikintisi üçün 30 kisə sement, bir zil maşını qum, 3 qapı, 2 fortuşka işlətməklə, 300 manat usta pulu verməklə cəmi - 1200 manat, 3 dəfə ev təmiri üçün, 4 ədəd plastik ayna, 4 ədəd qapı, 20 ədəd alçipan, 20 ədəd dik, 20 rulon oboy, 30 litr emusiya, 6 litr pol kraskası işlətməklə və usta pulu 1500 manat olmaqla cəmi - 5380 manat, həyətdə su quyusu qazdırmaq və düzəltnək üçün cəmi- 1200 manat, evə, həyətə artizan suyu çəkilməklə cəmi - 200 manat, kanalizasiya xətti çəkdirmək üçün 30 metr boru işlətməklə və 300 manat usta pulu verməklə cəmi - 600 manat, 2 ədəd ayaqyolu (tualet) tikmək üçün 100 kubik, 3 kisə sement və qum işlətməklə, 100 manat usta pulu verməklə cəmi - 250 manat, evin 500 kv.m-lik çöl suvağına 105 kisə sement, 1 kamaz maşın qum işlətməklə, 2000 manat usta pulu verməklə cəmi - 3250 manat, toyuq damı üçün 100 ədəd çiy kərpic işlətməklə, 100 manat usta pulu verməklə cəmi - 150 manat, həyətdə hər biri 50 manatlıq 20 ədəd müxtəlif ağaclar əkməklə və onu becərməklə cəmi - 1000 manat, evə işıq xəttti çəkilib, sayğacın qoyulması üçün (rüsumla birlikdə) 400 manat, evə qaz xətti çəkilib, sayğac qoyulması üçün (rüsumla birlikdə) 400 manat, evin üstünə bir zil maşın torpaq tökülməsi və 40 kv.m. çornupol vurdurmaq üçün cəmi - 400 manat xərc çəkmişlər. Beləliklə onlar bu 14 ildə yaşadıqları bu mübahisəli mülki bir vərəsə kimi öz mülkləri hesab edərək, orda yuxarıda qeyd olunan təmir-tikinti işləri aparmaqla, orda 2 otaq, mətbəxt, hamam, sanitar qovşağı, yardımçı tikililər və 40 metr uzunluğunda hasar çəkməklə, həyətdə su quyusu qazdırıb düzəltməklə, habelə həyətdə müxtəlif növ 20 ədəd ağaclar əkib-becərməklə cəmi 21980 manat xərc çəkməklə vicdanlı sahib kimi uzun müddət təsərrüfata sahiblik etməklə, onu idarə etməklə yaxşıllaşdırmışlar. Həmin mülkdə 14 il yaşayıb sahiblik etməkləri, habelə mülkdə çox saylı təmir-tikinti işləri aparıb xərc çəkməkləri qonşuların və kənd icra nümayəndəliyinin tərtib edib imzaladıqları və möhürlə təsdiq edilmiş aktlarla, arayışla və Samux rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təsdiq olunur. Ancaq Cavabdeh onların xəbəri olmadan gedib həmin mülkü (ev və həyəti) özünün və ailəsinin mülkiyyətinə keçirməklə 07 fevral 2024-cü il tarixdə bu barədə Dövlət Reyestrindən Çıxarış almışdır. Onlar cavabdehə bu barədə iradlarını bildirəndə cavabdeh onlara evin, həyətin onun mülkiyyətinə keçdiyini bildirmiş və evi, həyəti boşaltmalarını tələb etmişdir. İddiaçıların mülkdə gördükləri işlər və çəkdikləri xərclər cavabdehin gözü qarşısında olmuşdur və o, buna öz etirazını bildirməmişdir. Belə olan halda da, onlar vicdanlı sahib kimi mülkə çəkdikləri xərcləri cavabdehdən tələb etsələr də, cavabdeh mülkün yaxşılaşdırılması üçün onların çəkdiyi xərci verməkdən imtina etmişdir. Odur ki, çəkilən xərc tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışlar. Cavabdehin mülkiyyətinə keçmiş əmlakdan (ev və həyətdən) onların icra etdiyi yaxşılaşdırmaların ayrılması mümkün deyildir, bu evin və əmlakın uçurulub dağılması ilə nəticələnə bilər, habelə onlar əlavə zərərə məruz qalarlar. Ona görəd tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, ona, əri Azərə və anası Yavərə sözügedən evdə yaşamağa cavabdeh öz könüllü razılığı ilə icazə verib, həmçinin uzun illər ərzində həmin mülkdə onlar tərəfindən aparılan təmir-tikinti işlərindən cavabdeh məlumatlı olub və heç bir etiraz etməyib. Məhkəmənin müvafiq qətnaməsinə əsasən onların həmin evdən istifadə hüququ tanınmayıb və hazırda onlar həmin mülkdən çıxmaq məcburiyyətindədirlər, lakin sözügedən mülkdə yaşadıqları müddətdə həm həyətyanı torpaq sahəsində, həm də evdə iddia ərizəsində qeyd olunan yaxşılaşdırma işləri aparmışlar və hazırda həmin yaxşılaşdırmaların daşınmaz əmlakdan ayrılması mümkün deyil və bu səbəbdən də hesab edir ki, yaxşılaşdırmaların dəyərini cavabdehdən tələb etmələri əsaslıdır. Məhkəmənin müvafiq qərardadına əsasən təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdır, tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddianı müdafiə edərək iddia ərizəsinin və İddiaçı1 izahatının məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, məhkəmənin müvafiq qərardadına əsasən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdır, tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Vəkil iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, iddiaçılara sözügedən evdə yaşamağa cavabdeh özü könüllü şəkildə razılıq verib, həmçinin uzun illər ərzində həmin evdə və həyətyanı torpaq sahəsində iddiaçılar tərəfindən aparılan təmir-tikinti işlərindən cavabdeh məlumatlı olub və heç bir etiraz etməyib. Məhkəmənin müvafiq qətnaməsinə əsasən iddiaçıların həmin evdən istifadə hüququ tanınmayıb və hazırda onlar həmin mülkdən çıxmaq məcburiyyətindədirlər, lakin sözügedən mülkdə yaşadıqları müddətdə həm həyətyanı torpaq sahəsində, həm də evdə xeyli yaxşılaşdırma işləri aparmışlar, bu hal iddiaçıların cavabdehə qarşı daha öncə qaldırmış olduqları “evdən istifadə hüququnun tanınması” barədə mülki işə məhkəmə tərəfindən baxılarkən məhkəmə araşdırması nəticəsində müəyyən olunmuş, belə ki, həmin işə baxılarkən həm iş üzrə tərəflərin izahatları, həm də məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri əsasında bu hal öz təsdiqini tapmışdır. Samux Rayon Məhkəməsinin 2(058)500/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi bu baxımdan preyudisial əhəmiyyətə malikdir. İddiaçılar tərəfindən cavabdehin həyətyanı torpaq sahəsində onun razılığı ilə aparılmış yaxşılaşdırmaların daşınmaz əmlakdan ayrılması mümkün deyil və bu səbəbdən də hesab edir ki, yaxşılaşdırmaların dəyəri cavabdeh tərəfindən iddiaçılara ödənilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı1 onun bacısının qızı, İddiaçı2 isə Manyanın əridir. Manya və Azər onun razılığı ilə, ona məxsus olan, Samux rayonu Yuxarı Ağasıbəyli kəndində yerləşən həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən evə köçərək təxminən 14 il orada yaşamışlar. İddiaçı1 və İddiaçı2 həmin mülkdə yaşadıqları müddətdə orada bir mətbəx, bir tualet, 40 metr uzunluğunda daş hasar inşa etmiş, həyətə su çəkmiş və müəyyən təmirtikinti işləri aparmışlar. O, iddiaçılara özünün könüllü razılığı əsasında ona məxsus həyətyanı torpaq sahəsində və evdə yaşamağa icazə versə də, 14 il ərzində iddiaçılar tərəfindən ona məxsus mülkdə təmir-tikinti işlərinin aparılamsından əvvəlcə məlumatsız olmuş, daha sonra bunu bilmiş və razılaşmışdır. Hazırda o, iddiaçıların apardıqları yaxşılaşdırmaları, inşa etdikləri tikililəri söküb aparmalarına etiraz etmir, lakin həmin yaxşılaşdırmaların əvəzini iddiaçılara ödəməyəcək. Məhkəmənin müvafiq qərardadına əsasən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı deyil. İddiaçılar tərəfindən aparılmış yaxşılaşdırmaların dəyəri çox az məbləğ təşkil edir və həmin işlərin aparılmasına rəydə qeyd olunan məbləğdə xərc çəkilməyib. Tələb ümumilikdə əsassızdır, tələbin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X16 Şəxsi Hüquların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestirindən **********65-10301 reyster nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu Yuxarı Ağasıbəyli kəndində yerləşən sahəsi 73 kvm olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. 14 fevral 2024-cü il tarixli aktın surətindən görünür ki, X7, X1, X4, X12 və X13 həmin aktı tərtib edərək X2 və onun əri X3 2010-cu ildən etibarən hazırki vaxtadək Samux rayonu Yuxarı Ağasıbəyli kəndində yaşadıqlarını öz imzaları ilə təsdiq etmişlər, akt kənd icra nümayəndəliyi tərəfindən möhürlə təsdiqlənmişdir. 14 fevral 2024-cü il tarixli aktın surətindən görünür ki, X7, X1, X4, X12 və X13 həmin aktı tərtib edərək X2 və onun əri X3 Manyanın babasına məxsus həyətdə 2010-cu ildən etibarən hazırki vaxtadək yaşadıqlarını və həmin illər ərzində orada 2 otaq, mətbəx, hamam və sanitar qovuşağı, əşya yığmaq üçün yardımçı otaq, 40 metr uzunluğunda daş hasar inşa etdiklərini, həyətdə su quyusu qazdıqlarını öz imzaları ilə təsdiq etmişlər, akt kənd icra nümayəndəliyi tərəfindən möhürlə təsdiqlənmişdir. Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısının Ağasıbəyli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 həqiqətən də Yuxarı Ağasıbəyli kənd təsərrüfat başı kitabında qeyd edilmiş 97 nömrəli təsərrüfatda əri İddiaçı2 ilə birgə yaşadığı qeyd olunmuşdur. Samux Rayon Məhkəməsinin 2(058)500/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X5 və İddiaçı1 Cavabdeh və X8 qarşı “evdən istifadə hüququnun tanınması və evdən istifadəyə cavabdehlər tərəfindən yaradılan maeənin aradan qaldırılması” tələbinə dair iddiası təmin olunmamışdır. Samux Rayon Məhkəməsinin 2(058)44/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər X10, İddiaçı1 və İddiaçı2 qarşı “cavabdehlərin ona məxsus mülkdən çıxarılması” tələbinə dair iddiasıtəmin edilərək cavabdehlər X5, İddiaçı1 və İddiaçı2 iddiaçı Cavabdeh xüsusi mülkiyyətində olan, Samux rayonu, Yuxarı Ağasıbəyli kəndi ərazisində yerləşən, ümumi sahəsi 73 kv.m olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,0398 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nin xx.xx.2025-ci il tarixli, 158 nömrəli rəyindən görünür ki, məhkəmənin müvafiq qərardadında qoyulmuş suallar əsasında aparılmış tədqiqat, təhlil və hesablamalar nəticəsində Cavabdeh məxsus Samux rayonu yuxarı Ağasıbəyli kəndində yerləşən torpaq sahəsində həyətyanı tikililərin inşasına çəkilmiş xərc 16310,5 (on altı min üç yüz on manat, əlli qəpik) təşkil edir. Məhkəmə iddiaçıların, onların vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunmalı olub-olmadığını müəyyən edir. Məhkəmə araşdırması zamanı işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olmuşdur ki, Samux rayonu Yuxarı Ağasıbəyli kəndində yerləşən ümumi sahəsi 73 kv.m olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. İddiaçı1 Cavabdeh bacısı qızıdır. İddiaçı1 və onun əri İddiaçı2 2010-cu ildən etibarən Cavabdeh razılığı ilə Cavabdeh həyətindəki tikiliyə köçərək hazırki vaxtadək orada yaşamışlar. İddiaçılar sözügedən mülkdə yaşadıqları illər ərzində evdə və həyətyanı torpaq sahəsində cavabdehin razılığı ilə təmir-tikinti işləri aparmışlar. Bu hal iş materiallarındakı aktlar və cavabdehin məhkəmə iclaslarında verdiyi izahatları ilə öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh məhkəmə iclaslarında verdiyi izahatlarında iddiaçıların ona məxsus evə (həyətyanı torpaq sahəsinə) onun razılığı əsasında köçürüldüyünü və onların orada yaşadıqları uzun illər ərzində təmir-tikinti işləri apardıqlarını etiraf etmişdir. Həmçinin iddiaçıların 2024-cü ildə hazırki cavabdehə qarşı sözügedən evdən istifadə hüquqlarının tanınması tələblərinə dair iddiaları üzrə yekun məhkəmə aktından, yəni Samux Rayon Məhkəməsinin 2(058)500/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən də aydın olur ki, iddiaçılar 2010-cu ildə Cavabdeh könüllü razılığı əsasında sözügedən evə köçərək uzun illər həmin evdə yaşamış və həmin illər ərzində orada yaxşılaşdırma işləri aparmışlar. Bu halı, həmin işə baxılarkən məhkəmə tərəfindən dindirilmiş şahidlər də öz ifadələrində təsdiq etmişlər. Lakin iddiaçıların həmin evdən istifadə hüququnun yaranmaması əsası ilə onların tələbi məhkəmənin sözügedən qətnaməsinə əsasən təmin olunmamışdır. Samux Rayon Məhkəməsinin 2(058)44/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən isə həmin iş üzrə iddiaçı Cavabdehlər X10, İddiaçı1 və İddiaçı2 qarşı “cavabdehlərin ona məxsus mülkdən çıxarılması” tələbi təmin olunmuş, X5, İddiaçı1 və İddiaçı2 Cavabdeh məxsus fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçılar tərəfindən cavabdehə məxsus həyətyanı torpaq sahəsində mətbəx, tualet tikilmiş, 40 metr uzunluğunda hasar çəkilmiş, hamama divar örtüyü vurulmuş, su çəni və su qızdırıcısı qoyulmuş, həyətdə su quyusu qazılmış və artezian suyu çəkilmiş, 1 ədəd toyuq damı tikilmiş və evin çöl divarına divar örtüyü vurulmuşdur. Bu hal cavabdehin məhkəmə iclaslarında verdiyi izahatları ilə öz təsdiqini tapmışdır. Həmin təmir-tikinti işlərinə sərf olunan vəsaitin məbləği isə ekspert rəyi ilə müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin (şəxslərin) müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı olduğundan məhkəmə, məhz öncə həmin məsələni araşdırmağı və bu barədə öz qənaətini ifadə etməyi vacib sayır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından aydındır ki, iddiaçılar iddia tələbində sözügedən mülkə cavabdehin könüllü razılığı əsasında köçürüldüklərindən, onun razılığı ilə orada uzun illər yaşadıqlarından və məhz iddiaçının razılığı ilə orada yaxşılaşdırma işləri apardıqlarından onlar arasında əvəzsiz istifadə müqaviləsindən irəli gələn hüquq münasibətləri mövcud olmuş və hazırki mübahisə məhz həmin münasibətlərdən doğduğuna görə iddiaçılar hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin: 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 734.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir. 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1087.2-ci maddəsinə əsasən işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş faktiki hallarından aydın olduğu kimi, iddiaçılar cavabdehin razılığı əsasında cavabdehə məxsus həyətyanı torpaq sahəsinə və orada yerləşən fərdi yaşayış evinə köçürüldüklərindən və onun razılığı əsasında orada yaşadıqlarından onlar arasında şifahi razılaşma əsasında bağlanmış əvəzsiz istifadə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçılar qanunvericiliyin tələblərinə uyğun olaraq, özgəsinin (sahibkarın), yəni cavabdehin işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxslər (icraçılar) kimi onu vicdanla aparmışlar. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar, yəni cavabdeh bəyənmişdir. Ona görə də, məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə uyğun olaraq tərəflər arasında yaranmış sözügedən münasibətlərə tapşırıq haqqında müddəalar tətbiq olunmalıdır. Həmçinin işin faktiki hallarından o da aydındır ki, iddiaçılar tərəfindən sözügedən işlərin (yaxşılaşdırmaların) aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun olmuşdur. Belə olan halda icraçılar, yəni iddiaçılar iddia tələbində sözügedən daşınmaz əmlakda apardıqları yaxşılaşdırmalar üçün çəkdikləri xərci cavabdehdən tələb etməkdə haqlıdırlar. Lakin iddia tələbindən aydındır ki, iddiaçılar çəkilmiş xərclərin əvəzi kimi cavabdehdən 21980 manat pul tələb edirlər. Halbuki, məhkəmənin müvafiq qərardadına əsasən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən məlumdur ki, çəkilmiş xərclərin həcmi 16310,5 (on altı min üç yüz on manat, əlli qəpik) təşkil edir. Məhkəmə hesab edir ki, ekspert rəyi mötəbər sübut olmaqla həmin rəydə göstərilən, sözügedən təmir-tikinti üçün çəkilən xərcin məbləği ağlabatandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qeyd olunan maddələr sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə işdə tərəf olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan tərəfin üzərinə qoyur. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2. maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir(N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Samux rayonu Yuxarı Ağasıbəyli kəndində yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evində və həyətyanı torpaq sahəsində iddiaçılar tərəfindən aparılmış təmir-tikinti işlərinə xərclənmiş 16310,5 (on altı min üç yüz on manat, əlli qəpik) manat pul Cavabdeh tutulub iddiaçılara ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələblərinin təmin olunmuş hissəsinə münasibətdə hesab edir ki, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumunun 138,93 manat hissəsinin əvəzi cavabdehdən alınaraq iddiaçılara verilməli, Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xx.xx.2025-ci il tarixli rəyi üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat pul iddiaçı Cavabdeh tutularaq Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin hesabına (VÖEN **********, hesab H/h: AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı Kod:200093, VÖEN: **********, S.W.İ.F.T. AİİBAZ2X) köçürülməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evində və həyətyanı torpaq sahəsində iddiaçılar tərəfindən aparılmış təmir-tikinti işlərinə xərclənmiş 16310,5 (on altı min üç yüz on manat, əlli qəpik) manat pul Cavabdeh tutulub iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumunun 138,93 manat hissəsinin əvəzi Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin, Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xx.xx.2025-ci il tarixli rəyi üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat pul iddiaçı Cavabdeh tutularaq Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin hesabına (VÖEN **********, hesab H/h: AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı Kod:200093, VÖEN: **********, S.W.İ.F.T. AİİBAZ2X) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-79/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-79/2025
22.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver