Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-797/2023 15.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qeyri yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ əsasında ona məxsus olan, Samux rayonu Nəbiağalı qəsəbəsində 0,4 ha torpaq sahəsində yerləşən 2162,7 kvm əmlak kompleksindən Cavabdeh çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Samux rayonu, Nəbiağalı qəsəbəsində 0,4 ha torpaq sahəsində yerləşən 2162,7 kvm əmlak kompleksini "xxxx" QSC-dən xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsio əsasında almışdır. Həmin əmlaka dair İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** saylı xx.xx.2021-ci il tarixli çıxarış vərəqəsi almışdır. İddiaçı Samux rayonu, Nəbiağalı qəsəbəsində 0,4 ha torpaq sahəsində yerləşən 2162,7 kvm olan əmlak kompleksini "xxxx" QSC-dən aldıqdan sonra həmin əmlakın əvvəlki sahibi olmuş Cavabdeh qeyri-yaşayış sahəsinə gələrək orada bəzi əşyalarının olduğunu bildirərək həmin əşyalarını aparmaq üçün iddiaçıdan bir həftə vaxt istəmiş, iddiaçı onunla razılaşmışdır. Lakin Cavabdeh qeyri-yaşayış sahəsinə daxil olduqdan sonra həmin əmlak kompleksinin qıfıllarını dəyişmiş və oradan çıxmayacağını bildirmişdir. İddiaçı dəfələrlə cavabdehdən qeyri-yaşayış sahəsini boşaltmağı tələb etsə də, cavabdeh buna əhəmiyyət verməmiş, əmlakdan qanunsuz istifadə etməyə davam etmişdir. Cavabdehin həmin hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Samux rayonu Nəbiağalı qəsəbəsində 0,4 ha torpaq sahəsində yerləşən 2162,7 kvm əmlak kompleksi "xxxx" QSC tərəfindən İddiaçı satılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Samux rayonunda yerləşən 0,4 ha torpaq sahəsi və onun üzərində yerləşən, sahəsi 2162,7 kvm olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, Samux rayonu Nəbiağalı qəsəbəsində 0,4 ha torpaq sahəsində yerləşən, sahəsi 2162,7 kvm olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Belə ki, o, sözügedən əmlakı alqı-satqı müvaləsinə əsasən "xxxx" QSC-dən almış, onun həmin əmlaka dair mülkiyyət hüququ rəsmi qaydada dövlət qeydiyyatına alınmışdır. Hazırda iddiaçı mülkiyyət hüququ ilə ona məxsus əmlakdan cavabdehin çıxarılmasını tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddia tələbi əsaslı olmaqla iddiaçının mülkiyyət hüququnun müdafiəsi xarakterini daşıyır. Belə ki, mübahisəli əmlak xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdehin həmin əmlakdan istifadə etməsi üçün hər hansı qanuni əsas yoxdur. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehin sözügedən əmlakdan çıxarılmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi təmin edilməli, cavabdeh mübahisəli əmlakdan çıxarılmalı, mübahisəli əmlak cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçıya məxsus, Samux rayonu Nəbiağalı qəsəbəsində 0,4 ha torpaq sahəsində yerləşən, sahəsi 2162,7 kvm olan əmlak kompleksindən çıxarılsın və həmin əmlak kompleksi boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-797/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-797/2023
15.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver