Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-816/2023 25.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə sığorta ödənişinin qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 670 manat sığorta ödənişi məbləğinin və 30,40 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti bağlanmış xx.xx.2022-ci il tarixli sığorta müqaviləsinə əsasən sığortaçı tərəfindən sığortalanmış “VAZ” markalı “2106” modeli **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 idarə etdiyi “Mercedes-benz” markalı “200” modeli **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir və nəticədə "xxxx" ASC tərəfindən dəymiş zərərlə bağlı zərərçəkənə 670 manat məbləğində pul ödənilmişdir. Gəncə şəhəri DYPŞ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 idarə etdiyi “VAZ” markalı “2106” modeli **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair idarəetmə hüququ olmadığı aşkarlanmışdır, yəni avtomobili etibarnamə olmadan idarə etmişdir. Ona görə də tələbin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iddiaçının iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir üzürlü səbəb göstərməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı etiraf edərək təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, cavabdehin əvvəlki məhkəmə iclasında verdiyi izahatı nəzərə alaraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, PGU********** nömrəli icbari siğorta müqaviləsinə dair məlumatın surətinən görünür ki, sığortaçı "xxxx" ASC tərəfindən “VAZ” markalı “2106” modeli **-UN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığortalanmışdır, Sığorta xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan xx.xx.2022-cı il tarixli İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 “VAZ” markalı “2106” modeli **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 157396 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X1 bank hesabına 670 manat köçürülmüşdür. Məhkəmə, iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanunun 25.1.3. maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, 17 sentyabr 2022-ci il tarixdə Gəncə şəhəri ərazisində Cavabdeh1 tərəfindən idarə olunan “VAZ” markalı “2106” modeli **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Mercedes-benz” markalı “200” modeli **- DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, yol nəqliyyat hadisəsinin baş verməsinə görə Cavabdeh1 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə təqsiri bilinmişdir. İddiaçı "xxxx" ASC tərəfindən “Mercedes-benz” markalı “200” modeli **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 670 manat zərər məbləği ödənilmişdir. Zərərin vurulmasında təqsirkar cavabdehlər olduğuna görə iddiaçının zərərçəkmiş şəxsə ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Buna görə də Cavabdeh1 və Cavabdeh2 670 manat pul müştərək qaydada tutularaq, iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357-361-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında 670 (altı yüz yetmiş) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyət hesabına ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-816/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-816/2023
25.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver