Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-821/2023 10.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “yaşıllıqlara dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı “yaşıllıqlara dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yaşıllıqlara vurduğu ziyanın əvəzi olaraq 400 manat pulun alınaraq 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olmuş araşdırma zamanı Samux rayonu Ziyadlı kənd sakini Cavabdeh tərəfindən 1 ədəd köküstə yaş çəkil cinsli ağacın kəsilərək məhv olunması faktı aşkar edilmişdir. Aşkar olunmuş faktla bağlı Cavabdeh barəsində fiziki şəxs qismində xx.xx.2022-ci il tarixli icrası məcburi olan MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmiş və xx.xx.2022-ci il tarixli N 72275 saylı akta əsasən 400 manat ziyan bhesablanmışdır. Ağacı qanunsuz olaraq müvafiq rəy olmadan kəsməsinə səbəb kimi izahatında əkin sahəsində maneçilik törətməsini qeyd etmişdir. Yaşıllıqlara dəymiş ziyan məbləğindən Cavabdeh tərəfindən könüllü şəkildə ödəniş həyata keçirilməmişdir. Ona görə də tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 10 mart 2022-ci il tarixli aktdan görünür ki, Samux rayonuna reyd keçirilən zaman Samux rayonu Ziyadlı kənd ərazisində 01 ədəd çəkil cinsinə aid köküstə yaş halda kəsilmiş ağac və 06 ədəd qoz cinsinə aid kəsilən quru halda ağaclar aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Samux rayonu Ziyadlı kəndi ərazisində bələdiyyə mülkiyyətinə məxsus ərazidə 06 ədəd quru halda qoz cinsinə, 01 ədəd kök üstə yaş halda çəkil (tut) cinsinə aid ağacların kəsilərək məhv edilməsinə görə Azərbayacan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh izahatından görünür ki, o, altı ədəd qoz cinsinə aid olan müxtəlif diametrli quru ağacları aşma təhlükəsi olması səbəbi ilə, bir ədəd çəkil cinsinə aid olan yaş ağacı isə əkin sahəsini suvarmağa maneçilik törətdiyinə görə kəsdiyini etiraf etmişdir. İş materiallarına əlavə edilmiş 10 mart 2022-ci il tarixli 72275 saylı akta əlavə olan hesabatdan görünür ki, Cavabdeh tərəfindən qanunsuz olaraq köküstə yaş halda olan çəkil cinsli 01 ədəd ağacın kəsilməsinə görə təbiətə dəymiş ziyanın məbləği 400 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərlə cavabdehin 01 ədəd çəkil cinsinə aid ağacı qanunsuz kəsdiyi və bununla da təbiətə 400 manat məbləğində ziyan vurduğu öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə mülki hüquq pozuntusuna yol verildiyindən o, iddiaçı qarşısında mülki hüquq pozuntusundan əmələ gələn öhdəlik daşıyır. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh tərəfindən təbiətə vurulmuş ziyana görə 400 manat pul ondan tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə q ə t e t d i̇ İddia təmin edilsin. Cavabdeh təbiətə vurulmuş zərərin əvəzi qismində 400 (dörd yüz) manat pul tutularaq 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ( Alan: X3, Kod: 210005, VÖEN: **********, M/h: AZ 41 NABZ ********************, S.W.İ.F.T CTREAZ 22, Alan müştəri: 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Hesab: AZ 90 CTRE ********************, VÖEN: **********, Büdcədənkənartəsnifatkodu: 142582, Büdcəsəviyyəsininkodu (Fond) 3) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-821/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-821/2023
10.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver