Məhkəmə qərarları › İş №2(058)-917/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-917/2023

21.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-917/2023 21.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB tərəfindən əsassız hesablanmış 521.52 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə Samux rayon Sərkar kəndində yaşayır. Yaşadığı ünvana məxsus qaz sayğacının işləməməsi barədə o, “Azəriqaz” İB-nə məlumat vermişdir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanın sayğacı Azəriqaz” İB Gəncə şəhəri RQİİ tərəfindən çıxarılmış və yenisi ilə əvəz olunmuş və bu barədə ******* nömrəli akt tərtib edilmişdir. Aktın tərtib edilməsində o da iştirak etmişdir. Akt tərtib olunan zaman yaşadığı ünvanın sayğacın üzərində olan nəzarət möhürü (blom) qırılmamışdır. Köhnə sayğac “Azəriqaz” İB-nin labaratoriyasında yoxlanan zaman həmin sayğacın düzgün işlənməməsi müəyyən edilmiş və nəticədə 4438 kub qaz üzrə 521.52 manat qalıq borc hesablanmışdır. Halbuki o və ailəsi tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmiş, sərf etdiyi qazın aylıq ödənişlərini hər zaman vaxtında ödəmiş və heç bir gecikməsi və ya borcu olmamışdır. Ona görə də, xx.xx.2023-cü il tarixli 12568130 nömrəli akta əsasən ona əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən ona əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, bildirmişdir ki, sayğac 2009-cu il istehsalıdır və yararlıq müddəti 5 il təşkil edir, sayğacın istismar müddəti bitdiyi üçün yenisi ilə əvəz olunmuşdur. Sayğac yenisi ilə əvəz olunduqdan təxminən 20 gün sonra ona borcu olması barədə məlumat verilib. Sayğac həyətdən kənarda ümumi istifadədə olan məhəllədə yerləşir ona görə də onun sayğacının təhlükəsizliyini təmin etməsi faktiki olaraq mümkün deyil və sözügedən borc əsassız hesablanmışdır, buna görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 18 aprel 2023-cü il tarixli, ******* nömrəli aktın sürətindən görünür ki, Samux rayonu Sərkar kəndində yerləşən İddiaçı yaşadığı ünvana quraşdırılmış “mex” G-4 markalı, ******* nömrəli sayğac “mex” G-4 markalı, 12568130 nömrəli sayğacla əvəz olunmuşdur. İş materiallarına əlavə olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli 25 aprel 2023-cü il tarixli aktın sürətindən görünür ki, istehlakçı kimi qeydə alınmış İddiaçı yaşadığı ünvanda quraşdırılmış ******* nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğacın hesablama mexanizminin sərfiyyatı qeyd etmədiyi müəyyən edilmiş, dəymiş ziyanın həcmi 4320 m3 hesablanmışdır. İş materiallarına əlavə edilmiş **********10000 nömrəli “abonentin saldosu” adlı sənədin surətindən görünür ki, Samux rayonu Sərkar kəndində yaşayan abonent İddiaçı akt üzrə 521.52 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər ******* nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh tərəfindən bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablanmışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iş materiallarından göründüyü kimi məhkəməyə ******* nömrəli qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcının üzərinə düşdüyündən məhkəmə hesab edir ki, cavabdeh Azəriqaz İB tərəfindən 4320 m3 itirilmiş təbii qaz üçün 521.52 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Samux rayonu Sərkar kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 521,52 (beş yüz iyirmi bir manat əlli iki qəpik) manat borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar