Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-919/2023 02.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona tətbiq edilmiş elkektron nəzarət vasitəsini yararsız vəziyyətə salmaqla vurduğu ziyana görə 2277 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Qurbanov X1 Rayon Məhkəməsinin 1(030)17/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin 1(030)17/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh barəsində amnistiya tətbiq edilərək üzərində 01 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəzanın icrası ilə bağlı xx.xx.2022-ci il tarixdə Cavabdeh üzərinə “Attenti” markalı sadə elektron qolbaqğ tətbiq edilmişdir. Bununla yanaşı ona bir ədəd mobil nəzarət qurğusu və adapteri təhvil verilmişdir. Həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı Cavabdeh elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh probasiya şöbəsinə müraciət edərək elektron nəzarət qurğusunun enerji yığmadığını bildirmişdir. Bu zaman elektron nəzarət vasiəsinə baxış keçirilmiş, qurğunun enerji yığmadığı müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə həmin elektron nəzarət vasitəsi məhkumdan təhvil alınaraq yenisi ilə əvəz edilmişdir. Evrodizayn QSC-nin mühəndisi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkumdan təhvil alınmış elektron nəzarət vasitəsinə baxış keçirilmiş, nəticədə çərçivəsinin kleyləndiyi, müdaxilə ehtimalının olduğu və istifadəyə yararsız olduğu müəyyən edilmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə məhkumdan elektron nəzarət vasitəsinin dəyərinin könüllü ödənilməsi tələb olunmuş, lakin məhkum elektron nəzarət vasitəsini yararsız hala salmadığını bildirərək həmin vasitənin dəyərini ödəməkdən imtina etmişdir. Ona görə də maddi ziyanın əvəzi olaraq cavabdehdən 2277,40 manat pulun tutularaq Ədliyyə Nazirliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı tərəf məhkəməyə yazılı formada müraciət edərək işə onların iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, ona tətbiq olunmuş elektron nəzarət vasitəsində nasazlıq yaranan kimi probasiya şöbəsinə müraciət etmiş, probasiya şöbəsi tərəfindən elektron nəzarət vasitəsinə baxış keçirilmiş və nəzarət vasitəsinin enerji yığmadığı müəyyən edilmişdir. Ona görə də həmin elektron nəzarət vasitəsi yenisi ilə əvəz edilmişdir. O, sözügedən nəzarət vasitəsinə heç bir müdaxilə etməmişdir. Tələbin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 1(030)17/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh barəsində amnistiya tətbiq edilərək ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası 1 il azaldılmış və üzərində 01 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə olunmuş elektron nəzarət vasitələrinin texniki vəziyyətinin yoxlanılması barədə protokolun surətindən görünür ki, Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsinə baxış keçirilmiş, elektron nəzarət vasitəsinin enerji yığmadığı, dəyişdirilməsinə zərurət yarandığı müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş elektron nəzarət vasitəsinin vəziyyəti haqqında xx.xx.2023-cü il tarixli texniki rəyin surətindən görünür ki, 35650297 nömrəli Attenti V6 mobil qurğusunun çərçivəsinin kleyləndiyi, müdaxilə ehtimalının olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırda iddiaçı, cavabdeh tərəfindən ona tətbiq olunmuş elektron nəzarət vasitəsinə müdaxilə olunaraq nəzarət vasitəsinin yararsız hala salındığını və bununla da maddi ziyan vurulduğunu iddia etsə də, iddia tələbinin əsaslılığına dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı iddiaçının iddia tələbində istinad etdiyi hallar öz təsdiqini tapmamışdır. Həmçinin iddia ərizəsində qeyd olunanlardan və iş materiallarından aydın olur ki, cavabdeh ona tətbiq edilmiş elektron nəzarət vasitəsinin enerji yığmaması ilə əlaqədar özü Probasiya şöbəsinə müraciət etmiş, elektron nəzarət vasitəsində yaranmış nasazlıqla bağlı məlumat vermişdir. Bu hal nəzərə alınaraq cavabdeh tərəfindən elektron nəzarət vasitəsinə müdaxilə olunması ehtimalı ağlabatan hesab olunmur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-919/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-919/2023
02.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver