Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-946/2023 21.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçı X4 və İddiaçı2 iştirakı ilə, İddiaçılar X4 və İddiaçı2 “Azəriqaz” İstehsalat Birliyinə qarşı “istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar X4 və İddiaçı2 “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əssasız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB tərəfindən əsassız hesablanmış 1585.88 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar Samux rayon Köbər (köhnə Lüksemburq) kəndində yaşayırlar. Qonşu evdə yaşayan qardaşına məxsus iri buynuzlu heyvan onların yaşadığı evə məxsus sayğacı zədələmişdir. Onlar bu məsələ ilə əlaqədar “Azəriqaz” İB-nə qaynar xətt nömrəsi ilə, həmçinin Qaraağaclı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məlumat vermişlər. Onların müraciətindən sonra Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən həmin qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuş, köhnə qaz sayğacı isə onlar tərəfindən aparılmışdır. Bundan sonra 2023-cü ilin aprel ayında onlara həmin sayğacda aşkar olunmuş müdaxilə halına görə borc hesablanmasına dair xəbərdarlıq bildirişi gəlmişdir və müəyyən olmuşdur ki, “Azəriqaz” İB tərəfindən onlara 1585.88 manat borc hesablanmışdır. Hesab edirlər ki, həmin borc əsassız hesablanıb, belə ki, o və bacısı tərəfindən sayğaca heç bir müdaxilə edilməyib, sərf etdikləri qazın hesablanmış aylıq ödənişlərini isə hər zaman vaxtında ödəyiblər. Bu səbəbdən də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, bildirdi ki, sayğac həyətdən kənarda ümumi istifadədə olan məhəllədə, yəni küçədə yerləşir. Sayğaca onlar tərəfindən heç bir müdaxilə olmayıb, qardaşına məxsus iri buynuzlu heyvanın sayğacı zədələməsi barədə isə onlar tərəfindən aidiyyatı yerlərə dərhal məlumat verilib. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən digər iddiaçı X4 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Samux Rayon İcra Başçısının Qaraağaclı qəsəbə inzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin arayışınan görünür ki, X1 rayonu Köbər kəndində yerləşən fərdi yaşayış evinə məxsus qaz sayğacının xx.xx.2022-ci ildə qeyri müəmmalı şəkildə sınması barədə nümayəndəliyə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 06 mart 2022-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Samux rayonu Lüksemburq kəndində yerləşən X2 yaşadığı ünvana quraşdırılmış “mex” G-4 markalı, **********5 nömrəli sayğac “mex” G-4 markalı, **********8 nömrəli sayğacla əvəz olunmuşdur. İş materiallarına əlavə olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli 30 mart 2023-cü il tarixli aktdan görünür ki, istehlakçı kimi qeydə alınmış X2 yaşadığı ünvanda quraşdırılmış **********5 nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun sınması müəyyən edilmiş, buna görə də dəymiş ziyanın abonent tərəfindən ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş **********00020 nömrəli “abonentin saldosu” adlı sənədin surətindən görünür ki, ünvan 2 ünvanda yaşayan abonent X3 akt üzrə 1555.20 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər **********5 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh tərəfindən bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablanmışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iş materiallarından göründüyü kimi məhkəməyə **********5 nömrəli qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcının üzərinə düşdüyündən məhkəmə hesab edir ki, cavabdeh Azəriqaz İB tərəfindən 13700 m3 itirilmiş təbii qaz üçün 1555,20 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Lakin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən əsassız hesablanmış borc 1555,20 manat həcmində olduğu halda, iddiaçılar iddia ərizəsində 1585,88 manat borcun silinməsini tələb etmişlər. Ona görə də məhkəmə, iddianın qismən təmin edilməli olması və cavabdeh tərəfindən əsassız hesablanmış 1555,20 manat borcun silinməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulmasına görə X3 cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 1555,20 (min beş yüz əlli beş manat, iyirmi qəpik) manat borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-946/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-946/2023
21.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver