Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-962/2023 22.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2090 manat məbləğində sığorta ödənişinin, 40,90 manat dövlət rüsümunun, 0,40 manat bank xidmət haqqının əvəzinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, **-HO-*** dövlət qeydiyyat nişanlı “QAZ 2410” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2019-ci il tarixində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülkü məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində Cavabdeh2 məxsus olan və Cavabdeh1 etibarnaməli idarəçiliyinə verilmiş **-HO-*** dövlət qeydiyyat nişanlı “QAZ 2410” markalı avtonəqliyyat vasitəsini idarə edərkən Cavabdeh1 tərəfindən yol-nəqliyyat hadisəsi törədilmiş, həmin hadisə nəticəsində **-TH-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Hadisə nəticəsində “Toyota Prius” markalı avtonəqliyyat vasitəsinin sürücüsü X7 yüngül xəsarət almışdır. Samux Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 3(058)-63/2020 saylı qərarına əsasən Cavabdeh1 İXM-nin 343.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq olunmuşdur. **-TH-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın həcmi 1340 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən avtomobilə dəymiş maddi ziyana görə 1340 manat məbləğində sığorta ödənişi, həmçinin X5 yüngül xəsarət alması ilə əlaqədar isə 750 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxsə ödənilmişdir. Sığorta ödənişi kimi ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) tələb olunan məbləği ödəməmişdir. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən etiraf edərək bildirmişdir ki, **-HO-*** dövlət qeydiyyat nişanlı “QAZ 2410” markalı avtonəqliyyat vasitəsinə dair X4 tərəfindən ona etibarnamə verilmişdir, sözügedən hadisə baş verən zaman ona verilmiş etibarnamə qüvvədə olmuşdur. Hadisə nəticəsində “Toyota Prius” markalı avtonəqliyyat vasitəsinə zərər dəymiş, lakin dəymiş ziyanın həcmi iddia tələbində göstəriləndən nisbətən az olmuşdur. Ona görə də tələbin qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq iddia tələbini qəbul etdmədiyini, avtomobilin ona məxsus olmasına baxmayaraq onun tərəfindən X2 etibarnaməli idarəçiliyinə verildiyini, hazırda avtomobilin kimdə və harada olmasından xəbəri olmadığını, hadisənin törədilməsində onun heç bir təqsiri olmadığını və buna görə də hazırda onun heç bir mülki məsuliyyətinin yaranmadığını bildirmiş, iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir üzürlü səbəb bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 05 mart 2020-ci il tarixli 3(058)-63/2020 saylı Samux Rayon Məhkəməsinin qərarının surətindən görünür ki, Cavabdeh1 AR İXM 334.3-cü maddəsi ilə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə edilsməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışın surətindən görünür ki, **-HO-*** dövlət qeydiyyat nişanlı “QAZ 2410” markalı avtonəqliyyat vasitəsinə dair Cavabdeh2 tərəfindən X3 etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib olunmuş “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən, **-TH-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın miqdarı 1340 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan sığorta aktlarının və ödəniş tapşırığının surətlərindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Toyota Prius” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1340 manat, X1 dəymiş ziyana görə 750 manat məbləğində sığota ödənişi X5 hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar "xxxx" ASC tərəfindən ödənilmiş 2090 manat məbləğin geri qaytarılması xahiş edilmişdir. Məhkəmə, iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh2 ona məxsus “QAZ 2410” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında X2 idarəçiliyinə vermiş, X4 tərəfindən isə həmin avtomobil etibarnamə əsasında Cavabdeh1 idarəçiliyinə verilmişdir. Cavabdeh1 yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində idarə etdiyi “QAZ 2410” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə **-TH-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobil toqquşmuş və nəticədə “Toyota Prius” markalı avtomobilə və həmin avtomobilin sürücüsünə maddi ziyan dəymişdir. "xxxx" ASC tərəfindən “Toyota Prius” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1340 manat, zərərçəkmiş şəxsin səhhətinə dəymiş ziyana görə isə 750 manat məbləğində sığota ödənişi X6 ödənilmişdir. Məhkəmə qeyd edir ki, icbari sığorta ödənişi etmiş sığortaçının subroqasiya tələbi sığortalıya, sığorta olunana və ya təqsirkara yönələ biləcəyindən Cavabdeh1 qarşı belə tələb irəli sürülə və təmin edilə bilər. Buna görə də, iddiaçının sığorta hadisəsinin baş verməsində təqsiri olan Cavabdeh1 qarşı subroqasiya hüququ yaranmışdır. Lakin digər cavabdehə münasibətdə iddia tələbi təmin oluna bilməz, belə ki, Cavabdeh2 tərəfindən “QAZ 2410” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 etibarnaməli idarəçiliyinə verilmiş, daha sonra X4 həmin avtomobili Cavabdeh1 etibarnaməli idarəçiliyinə vermişdir. Yol-nəqliyyat hadisəsi Cavabdeh1 tərəfindən törədilmiş və hadisə baş verən zaman həmin avtomobilə dair ona verilmiş etibarnamə qüvvədə olmuşdur. Beləliklə törədilmiş mülki hüquq pozuntusuna görə yalnız Cavabdeh1 mülki məsuliyyəti yaranmışdır. Odur ki, iddia tələbi yalnız Cavabdeh1 münasibətdə təmin edilərək vurulmuş ziyana görə ondan 2090 manat pul tutularaq iddiaçıya verilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 40,90 manat dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə Cavabdeh1 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 subroqasiya qaydasında 2090 (iki min doxsan) manat sığorta ödənişinin, ödənilmiş 40,90 (qırx manat, doxsan qəpik) manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi tutularaq, “Paşa Sığorta" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-962/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-962/2023
22.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver