Məhkəmə qərarları › İş №2(058)-978/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-978/2024

19.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-978/2024 19.12.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X2 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7160 manat pulun və ödənilmiş 91 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 14 sentyabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən Quba rayonu, İkinci Nügədi kəndi, Bakı-Quba yolunun 155-ci km-də yerləşən, ümumi sahəsi 89 kv.m mülkiyyətində olan qeyri-yaşayış obyektini (çayçını) xx.xx.2024-cü tarixə kimi aylıq icarə haqqı 400 manat olmaqla Cavabdeh icarəyə vermişdir. Atası İddiaçı2 icarə haqqını cavabdehdən hər ay aldıqca hesablama aparmışdır. Cavabdeh icarə borcu kimi 7000 manat və 160 manat işıq pulu ödəmədiyi ücün ona borcu yaranmışdır. Cavabdeh borcunu könüllü ödəmək istəməmiş, onun telefonlarını açmamış, borcu ödəməməsi ücün müxtəlif bəhanələrlə ondan qaçıb gizlənmişdir. O, Cavabdeh 7160 manat pulu ala bilmədiyi ücün məcbur olub məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi İddiaçı2 iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, sözügedən qeyri-yaşayış binasını başqa şəxsdən icarəyə götürmüş, sonra iddiaçı ilə aralarında icarə müqaviləsi bağlanmışdır. O, iddia tələbini qəbul edir, hazırda onun iddiaçıya borcu vardır və həmin borcu hissə-hissə ödəyəcəkdir. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Quba rayonu, İkinci Nügədi kəndi, Bakı-Quba yolunun 155-ci km-liyində yerləşən ümumi sahəsi 89 kv.m olan qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə ********** reyestr nömrəli çıxarışa əsasən İddiaçı1 adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Quba rayonu, İkinci Nügədi kəndi, Bakı-Quba yolunun 155-ci kmliyində yerləşən, ümumi sahəsi 89 kv.m olan qeyri-yaşayış binası İddiaçı1 tərəfindən 400 (dörd yüz) manata Cavabdeh icarəyə verilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı1 məxsus olan 89 kv.m olan qeyri-yaşayış binası xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 400 (dörd yüz) manat ödəmək şərti ilə cavabdehə icarəyə verilmiş, iddiaçı ilə cavabdeh arasında notarial qaydada icarə müqaviləsi bağlanmışdır. Cavabdeh icarə haqqını ödəməkdən yayınmışdır. Bu səbəbdən də iddiaçı pulunu tələb etmiş, lakin cavabdeh iddiaçı ilə aralarında olan razılığı pozmuş, həmin pulu hazırki vaxtadək qaytarmamışdır. Ona görə də iddiaçı əlverişsiz vəziyyətə düşmüş və onun cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında etibarlı şəkildə icarə müqaviləsi olduğundan, onlar arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əmələ gəlmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, cavabdehlə iddiaçı arasında mübahisəli qeyri-yaşayış binasının icarəyə verilməsinə dair əqd notarial qaydada təsdiq edildiyindən, bağlandığı andan etibarlıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçının sahibliyində olan qeyriyaşayış binası daşınmaz əşyadır. Daşınmaz əşyalara dair icarə müqaviləsi isə qanunun tələbinə görə notariat qaydasında təsdiqlənməlidir. Bu şərtə əməl edilməməsi, həmin əqdin etibarsız sayılmasına əsasdır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinin 6-cı bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən sahəsi beş hektardan çox təşkil etməyən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə xüsusi mülkiyyətdə olan həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri təsdiq edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş hallarına görə tərəflər arasında mübahisəli qeyri-yaşayış binası icarə müqaviləsi üzrə İddiaçı1 tərəfindən cavabdehə 400 (dörd yüz) manat icarə haqqı ödəmək şərti ilə verilmiş, cavabdeh həmin icarə haqqını ödəməmiş, bu səbəbdən də, cavabdeh icarə müqaviləsi üzrə 400 (dörd yüz) manat məbləğində pulu eyni ilə qaytarmağa borcludur. Hazırda cavabdehin həmin pul məbləğini özündə saxlaması üçün heç bir hüquqi əsas yoxdur. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçının istinad etdiyi icarə müqaviləsi notarial qaydada təsdiq edildiyindən, daşınmaz əşyanın icarə müqaviləsi kimi qanuni hesab edilməli, iddiaçının qeyri-yaşayış binasının cavabdehə 400 (dörd yüz) manat icarə haqqı ödəmək şərti ilə icarəyə verməsi, notarial qaydada bağlanmış icarə müqaviləsi, həmçinin tərəflərin izahatlarının tədqiqi və işin həqiqi halları ilə dəqiq müəyyən edilmişdir. Bu halın özü bir daha onu göstərir ki, tərəflər arasında pul məbləği ilə bağlı iradə ifadəsinin dəqiq məzmununu müəyyən etmək mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilir. Həmin Məcəllənin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma, həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iddia tələbinin “İddiaçı2” dair hissəsinə münasibətdə isə qeyd edir ki, Quba rayonu, İkinci Nügədi kəndi, Bakı-Quba yolunun 155-ci km yerləşən qeyri-yaşayış binası İddiaçı1 məxsus olduğundan, İddiaçı2 İddiaçı1 təmsil etdiyindən iddia İddiaçı2 münasibətdə əsassızdır. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, İddiaçı2 iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Digər tərəfdən iddia tələbi üzrə digər İddiaçı2 özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız onunla əsaslandırmışdır ki, qeyri-yaşayış obyektini xx.xx.2024-cü tarixə kimi aylıq icarə haqqı 400 manat olmaqla Cavabdeh icarəyə vermiş, icarə haqqını cavabdeh ödəmədiyi ücün ona borcu yaranmışdır. İş materialları ilə müəyyən olundu ki, qeyri-yaşayış obyekti İddiaçı2 yox, İddiaçı1 məxsusdur. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmənin qənaətinə görə İddiaçı2 iddianın əsasını təşkil edəcək sübutlara malik deyildir. Bu halda iddiaçı subyektiv hüquqa malik olan şəxs kimi hazırkı iddia tələbini irəli sürməkdə haqlı deyildir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən qənaətə gəlir ki, iddia tələbi İddiaçı1 tələb etdiyi həcmdə, yəni 7160 (yeddi min yüz altmış) manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 7160 (yeddi min yüz altmış) manat məbləğində pul və ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumu alınaraq, İddiaçı1 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar