Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-104/2022 14.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18750 manat sığorta ödənişi məbləğinin və 146,25 manat məbləğində dövlət rüsumunun, cəmi 18896,25 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X20 arasında 06 dekabr 2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və "QAZ 31029“ markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 15 mart 2019-cu il tarixdə "QAZ 31029“ markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Quba-Dağıstan yolunun 44.9-cu kilometrliyində yol-nəqliyyat hadisəsi törətmiş və "Kamaz 53212“ markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə, “Hyundai Elantra“ markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər, X1 yüngül, X2 az ağır, X3 ağır xəsarət yetirməklə, X6 və X11 isə ölümünə səbəb olmuşdur. "AtaSığorta“ ASC tərəfindən "Kamaz 53212“ markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 394 manat, “Hyundai Elantra“ markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması məqsədilə kasko sığortası növü üçün 1631 manat, icbari sığorta növü üçün 2975 manat, X1 dəymiş zərərin aradan qaldırılması üçün 750 manat, X2 dəymiş zərərin aradan qaldırılması üçün 1500 manat, X3 dəymiş zərərin aradan qaldırılması üçün 1500 manat, X6 ölümünə görə 5000 manat, X11 ölümünə görə 5000 manat, cəmi 18750 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı DİN Bİ və Tİ YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsindən iddiaçının ünvanına 10 may 2019-cu il tarixli ittiham aktı daxil olmuş, həmin ittiham aktına əsasən cavabdeh Azərbaycan Respublikası CM-in 263-1.4 və 264-cü maddəsi ilə təqsirli bilinmişdir. DİN Bİ və Tİ YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin "xxxx" ASC-yə təqdim etdiyi 23 aprel 2019-cu ıl tarixli, 005-9513-1219 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin, qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt "QAZ 31029“ markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı və yol-nəqliyyat hadisəsi yerindən yayındığı qeyd olunmuşdur. Belə ki, Cavabdeh sürücülük vəsiqəsi olmamışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 17 dekabr 2018-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1993-cü il buraxılışlı, "QAZ 31029“ markalı, ** BB *** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin sahibi Cavabdehdur. İşdə olan icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, "QAZ 31029“ markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşın 06 dekabr 2018-ci il tarixdən 06 dekabr 2019-cu il tarixədək "xxxx" ASC-də sığorta olunmuşdur. İşdə olan mötəbər sübutlardan, o cümlədən izahatlardan, yol-nəqliyyat hadisəsinə dair tərtib edilmiş arayışdan, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 1(101)-95/2020 saylı hökmünün surətindən görünür ki, Cavabdeh 15 mart 2019-cu il tarixdə, saat 13:20 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Sumqayıt şəhəri, X21 qəsəbəsinin ərazisindən keçən 44.9-cu kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə əməl etməyib nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi "QAZ 31029“ markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Quba rayonu istiqamətində yolun sağ hərəkət zolağında 70 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, göstərilən zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün mane yaratmamaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələbləri yerinə yetirməmiş, hadisənin qarşısını almağa texniki imkanı olsa da qeyd edilən tələblərə əməl etməyərək 90 km/saat sürətlə ötmə əməliyyatı apardığı vaxt sağ hərəkət zolağından sol hərəkət zolağına tərəf manevr etməklə nəqliyyat vasitəsinin sol yan hissəsi ilə eyni istiqamətdə sol hərəkət zolağında hərəkət edən, X11 idarə etdiyi “X26” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ yan hissəsi ilə toqquşduqdan sonra sürücüsü idarəetməni itirmiş və həmin nəqliyyat vasitəsi idarə olunmaz vəziyyətdə yolun sağ tərəfinə istiqamətlənib hərəkət yolunun sağ kənarına çıxaraq qabaq hissəsi ilə yolun sağ ehtiyat hissəsində dayanan “Kamaz-53212” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan “X26” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X12 başın küt travması, sol gicgah sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı, baş-beyinə qansızma, çənə sümüyünün qəlpəli yerdəyişən sınığı, alın nahiyəsinin geniş ölçülü əzilmiş-cırılmış yarası və dərialtı hematoması, sol gicgah nahiyəsinin dərialtı hematoması, çənəaltı nahiyənin əzilmişcırılmış yarası, döş qəfəsinin ön səthinin, sol qılça tini nahiyəsinin sıyrıqları, qabaq sərnişin oturacağında əyləşən X8 başın küt travması, sol gicgah sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı, baş-beynə qansızma, baş-beynin hissəvi evakuasiyası, sol bud sümüyünün yerdəyişən sınığı, sol gicgah nahiyəsinin geniş ölçülü və sol dirsək oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları, döş qəfəsinin ön səthinin qançırı, sol əlin arxa səthinin sıyrıqları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə iki şəxsin hadisə yerində ölmələrinə, arxa sərnişin oturacaqlarında əyləşən X7 bazu sümüyünün distal ucunun açıq oynaqdaxili yerdəyişən sınığı, üzün sıyrılmış yarası kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, X4 mil sümüyünün tipik yerinin qapalı yerdəyişən sınığı, alt çənənin sınığı, çənəaltı, alın, sol təpə nahiyələrinin əzilmiş yaraları kimi sağlamlığa az ağır zərərvurmaya və X5 qaşın əzilmiş, sol əlin İİİ və V barmaqlarının kəsilmiş yaraları, sol bazunun, üzün əziyi və sıyrıqları kimi sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirilməsinə səbəb olmuş, X15 məxsus “Kamaz-53212” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşına 4189 manat, Pharıd Gajıevə məxsus “X26” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 18500 manat miqdarında ziyan vurmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozub yolnəqliyyat hadisəsi yerindən qaçmışdır. Bununla da, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 263-1.4.-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 264-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, CM-nin 69.3-cü maddəsinə uyğun olaraq ona CM-nin 264-cü maddəsinə əsasən təyin olunmuş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kimi hesablanmış, CM-nin 66.3-cü maddəsi əsasında ona təyin olunmuş əsas və əlavə cəzaları tamamilə toplamaq yolu ilə o, qəti olaraq 05 il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. İşdə olan 05 iyul 2019-cu il tarixli sığorta aktlarının, 08-09 iyul, 26 avqust və 14 oktyabr 2019-cu il tarixli ödəniş tapşırıqlarının surətlərindən görünür ki, "AtaSığorta“ ASC tərəfindən "Kamaz 53212“ markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 394 manat, “Hyundai Elantra“ markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş aradan qaldırılması məqsədilə kasko sığortası növü üçün 1631 manat, icbari sığorta növü üçün 2975 manat, X1 dəymiş zərərin aradan qaldırılması üçün 750 manat, X2 dəymiş zərərin aradan qaldırılması üçün 1500 manat, X3 dəymiş zərərin aradan qaldırılması üçün 1500 manat, X6 ölümünə görə 5000 manat, X11 ölümünə görə 5000 manat, cəmi 18750 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. İşdə olan 25 noyabr 2021-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 146,25 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, "ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur". Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə, “yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Yenə bu Qanunun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Sözügedən Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı "QAZ 31029“ markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə idarə etmiş və onun təqsirli hərəkətləri nəticəsində 15 mart 2019-cu il tarixdə, saat 13:20 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Sumqayıt şəhəri, X21 qəsəbəsinin ərazisindən keçən 44.9-cu kilometrliyində yol-nəqliyyat hadisəsi baş vermiş, o cümlədən "Kamaz 53212“ markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə, “Hyundai Elantra“ markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, X1 yüngül, X2 az ağır, X3 ağır xəsarət yetirilmiş, X16 və X19 isə ölmüşdür. Bu səbəbdən də, iddiaçı ASC tərəfindən "Kamaz 53212“ markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 394 manat, “Hyundai Elantra“ markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş aradan qaldırılması məqsədilə kasko sığortası növü üçün 1631 manat, icbari sığorta növü üçün 2975 manat, X1 dəymiş zərərin aradan qaldırılması üçün 750 manat, X2 dəymiş zərərin aradan qaldırılması üçün 1500 manat, X3 dəymiş zərərin aradan qaldırılması üçün 1500 manat, X6 ölümünə görə 5000 manat, X11 ölümünə görə 5000 manat, cəmi 18750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı "xxxx" ASC "QAZ 31029“ markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin hüququ olmayan şəxs tərəfindən istismar edilməsi nəticəsində idarə edildiyini əsas gətirərək subroqasiya hüququnun yarandığını qeyd etmiş və bu hüquqdan istifadə edərək cavabdeh tərəfə qarşı iddia qaldırmışdır. Eyni zamanda, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra Cavabdeh hadisə yerindən yayınmış, bu əsasla da, iddiaçı ASC-nin cavabdehə qarşı subroqasiya qaydasında iddia irəli sürmək hüququ yaranmışdır. Beləliklə təhlükə mənbəyi sayılan avtomobillə törədilmiş sığorta hadisəsinə görə Cavabdeh məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, subroqasiya qaydasında öhdəliyini icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə Cavabdeh 18750 manat məbləğində sığorta ödənişi və iddia tələbi üzrə ödənilmiş 146,25 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 18750 (on səkkiz min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi və 146,25 (bir yüz qırx altı manat 25 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-104/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-104/2022
14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver