Məhkəmə qərarları › İş №2(059)-112/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-112/2024

29.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-112/2024 29.04.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, cavabdeh Xanbutayeva (Heydərova) Turanə Novruz qızının iştirakı ilə, İddiaçı cavabdeh Xanbutayeva (Heydərova) Turanə Novruz qızına qarşı "cavabdehə məxsus cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Xanbutayeva (Heydərova) Turanə Novruz qızına qarşı "cavabdehə məxsus cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Xanbutayeva (Heydərova) Turanə Novruz qızının öz hesabına iddia ərizəsində qeyd edilən əmlakların, o cümlədən qiyməti 150 manat olan 1 ədəd kamot, qiyməti 100 manat olan 1 ədəd televizor altı, qiyməti 300 manat olan 2 ədəd servant, qiyməti 300 manat olan 1 ədəd şifoner, qiyməti 150 manat olan 1 ədəd künc divanı, qiyməti 70 manat olan 1 ədəd masa, qiyməti 120 manat olan 6 ədəd stul, ümumi qiyməti 250 manat olan qab-qacaq, qiyməti 70 manat olan 1 ədəd televizor, qiyməti 70 manat olan 1 ədəd çarpayı, qiyməti 150 manat olan 1 ədəd soyuducu, qiyməti 150 manat olan 1 ədəd paltaryuyan maşın, qiyməti 30 manat olan 1 ədəd uşaq beşiyi, qiyməti 40 manat olan 2 ədəd dolab olmaqla, ümumilikdə 1950 manat dəyərində cehiz əşyalarının Siyəzən şəhəri, H.Talıbov küçəsindəki 3 nömrəli binanın 27-ci mənzilindən çıxarılması və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin artırılması, eləcə də iddia predmetinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qiyməti 1400 manat olan yerli istehsal, “Madeyra” markalı yataq dəsti, qiyməti 2740 manat olan yerli istehsal, “Madeyra” markalı qonaq otağı dəsti, qiyməti 650 manat olan Rusiya istehsalı “Hotoint ariston” markalı 1 ədəd soyuducu, qiyməti 530 manat olan Rusiya istehsalı “Atlant” markalı 1 ədəd paltaryuyan maşın, qiyməti 150 manat olan “Satellite” markalı 1 ədəd tozsoran, ümumilikdə qiyməti 500 manat olan 2016-cı il buraxılışlı, 2x3 ölçüdə “Kashmir” markalı 2 ədəd xalça, ümumilikdə qiyməti 140 manat olan Türkiyə istehsalı 1x2 m ölçüdə 2 ədəd xalça, qiyməti 300 manat olan 82 ekran “Evrolux” markalı televizor, ümumilikdə qiyməti 200 manat olan mətbəx qab-qacağı, qiyməti 150 manat olan yerli istehsal uşaq beşiyi olmaqla, cəmi 6760 manat dəyərində cehiz əşyalarının ona məxsus Siyəzən şəhəri, H.Talıbov küçəsindəki 3 nömrəli binanın 27-ci mənzilindən çıxarılmasına və ödənilmiş 88 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin İ cümləsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş gəlini olmuşdur. Cavabdeh keçmiş əri ilə aralarında ailə münasibətləri pozulduğundan, 2022-ci ilin noyabr ayında, cavabdeh oğlu olan Xıdır Xanbutayevi tərk edərək Siyəzən rayonunun Zarat kəndinə getmiş və halhazıradək də orada yaşayır. Belə ki, oğlu ilə cavabdeh aralasıda olan ailə münasibətlərini bərpa etmək mümkün olmadığından, onlar arasında 04 iyul 2018-ci il tarixli, 66 nömrəli akt qeyd ilə bağlanmış nikah Siyəzən Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qətnaməsi ilə pozulmuş və ailə münasibətlərinə rəsmi qaydada xitam verilmişdir. Lakin, cavabdeh mənzili tərk edərkən, yəni 2022-ci ilin noyabr ayında özünə məxsus müəyyən əmlakları aparsa da, nisbətən ağır çəkili və iri qabaritli, qiyməti 1400 manat olan yerli istehsal, “Madeyra” markalı yataq dəstini, qiyməti 2740 manat olan yerli istehsal, “Madeyra” markalı qonaq otağı dəstini, qiyməti 650 manat olan Rusiya istehsalı “Hotoint Ariston” markalı 1 ədəd soyuducunu, qiyməti 530 manat olan Rusiya istehsalı “Atlant” markalı 1 ədəd paltaryuyan maşını, qiyməti 150 manat olan “Satellite” markalı 1 ədəd tozsoranı, ümumilikdə qiyməti 500 manat olan 2016-cı il buraxılışlı, 2x3 m ölçüdə “Kashmir” markalı 2 ədəd xalçanı, ümumilikdə qiyməti 140 manat olan Türkiyə istehsalı 1x2 m ölçüdə 2 ədəd xalçanı, qiyməti 300 manat olan 82 ekran “Evrolux” markalı televizoru, ümumilikdə qiyməti 200 manat olan mətbəx qab-qacağı, qiyməti 150 manat olan yerli istehsal uşaq beşiyi olmaqla, cəmi 6760 manat dəyərində cehiz əşyalarını aparmayaraq, mənzildə saxlamışdır. Bununla da, cavabdehin bu əməli hazırda əmlakından istifadəyə maneə törədərək, mənzildən istədikləri kimi istifadə etmələrini bir ildən artıq müddətdir ki, məhdudlaşdırmışdır. Odur ki, məhkəmədən kənar vasitələrdən istifadə edərək, ilk öncə cavabdehə, daha sonra valideyninə, habelə qardaşına mənzilindən əşyaların könüllü surətdə gəlib aparılması məqsədilə, dəfələrlə müraciətlər etsə də, sonuncular olunan təklifələrə heç bir reaksiya verməmiş və bununla da əmlakları könüllü götürməyəcəklərini açıq şəkildə büruzə vermişlər. Hesab edir ki, cavabdehi məcbur edən, daha doğrusu yuxarıda qeyd edilən əmlakların cavabdeh tərəfindən onun mənzildən çıxarılmasına dair məhkəmə qətnaməsi qəbul edilməlidir. Odur ki, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, oğlu Xıdır Xanbutayevlə Cavabdeh toy mərasimi 2018-ci ilin yay fəslində baş tutmuş, toydan sonra, sonuncu, orderlə onun sahibliyində olan Siyəzən şəhərinin H.Talıbov küçəsindəki 3 nömrəli binanın 27-ci mənzilinə gəlin köçmüş, onların bu müddət ərzində, yəni 11 avqust 2019-cu il tarixdə İsmayıl, 19 yanvar 2021-ci il tarixdə isə Zəhra adlı övladları doğulmuşdur. Bundan sonra, Cavabdeh 2022-ci ilin noyabr ayında adları qeyd edilən nəvələri ilə birlikdə onun sözügedən mənzilini tərk etsə də, iddia ərizəsində sadalanan əşyaları özü ilə aparmamışdır. Habelə, sözügedən mənzildə hazırda o, özü və arvadı Zərafə Xanbutayeva qalırlar. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Xanbutayeva (Heydərova) Turanə Novruz qızı iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı oğlu Xıdır Xanbutayevlə toy mərasimləri 2018-ci ilin yay fəslində baş tutmuş, toydan sonra, keçmiş qayınatası olan iddiaçının sahibliyində olan sözügedən mənzilə gəlin köçmüş, özü ilə cehiz əşyalarını da bu mənzilə aparmışdır. 2022-ci ilin noyabr ayından ailə münaqişəsi zəminində sözügedən mənzili övladları İsmayıl və Zəhra ilə birlikdə birdəfəlik tərk etməsinə baxmayaraq, iddia ərizəsində sadalanan əmlakları qoymağa yeri olmadığı üçün apara bilməmişdir. Habelə, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 18 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən, iddiaçının oğlu Xıdır Xanbutayevlə nikahları pozulmuşdur. Hazırda Siyəzən rayonunun Zarat kəndində valideyninə məxsus evdə anası, qardaşı və iki övladı ilə birlikdə yaşayır. Bir daha bildirir ki, iddia ərizəsində sadalanan cehiz əşyalarının iddiaçı tərəfindən göstərilən qiymətləri ilə razıdır, habelə yerləşdirməyə hazırda imkanı olmadığı üçün onları iddiaçının evindən götürə bilmir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Şabran rayon Dövlət Arxivinin 12 fevral 2024-cü il tarixli, 05 nömrəli arxiv arayışının surətindən göründüyü kimi Dəvəçi (indiki) Şabran rayon X3 İcraiyyə Komitəsinin 27 iyun 1988-ci il tarixli, 128 saylı qərarı ilə Siyəzən şəhəri, Vidadi küçəsindəki 24 nömrəli evdə beş nəfər ailə üzvü ilə yaşayan, 1986-cı ilin noyabr ayından mənzil növbəsində olan İddiaçı Siyəzən şəhərinin H.Talıbov küçəsindəki 3 nömrəli evin 27-ci mənzili verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayon X3 İcraiyyə Komitəsinin 29 iyun 1988-ci il tarixli, 669 nömrəli orderinin surətindən görünür ki, sözügedən mənzildə İddiaçı başqa, arvadı Zərafə, qızı Aygün Xanbutayevaların, oğlanları Adgözəl və Aydın Xanbutayevlərin də yaşamaq hüquqları vardır. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(059)-424/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçının oğlu Xıdır Xanbutayevlə Cavabdeh arasında Siyəzən rayon qeydiyyat şöbəsində bağlanılmış 04 iyul 2018-ci il tarixli, 66 saylı nikah pozulmuş, tərəflər arasında nikah pozulduqdan sonra 11 avqust 2019-cu il təvəllüdlü X1 və 19 yanvar 2021-ci il təvəllüdlü X2 anaları Cavabdeh himayəsində və yanında saxlanılmışdır. İşdə olan, eləcə də 1 ədəd CD diskin yaddaşına köçürülmüş fotoşəkillərdən görünür ki, cavabdehə məxsus iddia ərizəsində sadalanan əşyalar hazırda iddiaçının yaşadığı mənzildə qalmaqdadır. İşdə olan 06 dekabr 2023-cü və 05 mart 2024-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən, ümumilikdə 88 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında işin mübahisələndirilməyən faktiki halları və təqdim olunmuş sübutlarla müəyyən olundu ki, keçmiş Dəvəçi (indiki Şabran) rayon X6 İcraiyyə Komitəsinin 27 iyun 1988-ci il tarixli, 128 saylı qərarına əsasən, İddiaçı Siyəzən şəhərinin H.Talıbov küçəsindəki 3 nömrəli evin 27-ci mənzili verilmişdir. Eyni zamanda, 29 iyun 1988-ci il tarixli, 669 saylı Həmin orderə əsasən, İddiaçılə birlikdə arvadı Zərafə, qızı Aygün Xanbutayevanların, oğlanları Adgözəl və Aydın Xanbutayevlərin də bu mənzildə yaşamaq hüquqları, həmçinin yaşayış sahəsindən istifadə etmək ixtiyarları vardır və həmin mənzil bu və ya digər şəxsin mülkiyyətində deyildir (özəlləşdirilməmişdir). Hazırkı iş üzrə Cavabdeh iddiaçının əvvəl rəsmi nikahda olduğu oğlu Xıdır Xanbutayevlə 2018-ci ilin yay fəslində toy mərasimlərindən sonra sözügedən mənzilə gəlin köçməklə, özü ilə iddia ərizəsində sadalanan cehiz əmlaklarını da gətirmiş, lakin 2022-ci ilin noyabr ayında iddiaçının mənzilini tərk etdikdən sonra, bəzi əşyalarını özü ilə götürməsinə baxmayaraq, iddia ərizəsində sadalanan əmlaklar hazırda da, sözügedən mənzildə qalmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu mənada qeyd edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında mənzilə dair hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən sonra yarandığından bu münasibətlərlə bağlı mübahisələr hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Beləliklə, məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə Cavabdeh (Heydərova) mübahisəli fərdi yaşayış evinin sahibi İddiaçı münasibətdə Mənzil Məcəlləsinin 68.1-ci maddəsində sadalanan mülkiyyətçinin ailə üzvləri (arvadı, valideynləri, uşaqları və sairə), eləcə də digər qohumlar kateqoriyasına aid olan şəxslərdən deyildir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Hərçənd ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sözügedən qərarında Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsindəki “digər qohumlar” ifadəsinə münasibətdə şərh vermişdir, bu mövqeyi həmin məcəllənin 68.1-ci maddəsinin ikinci cümləsində göstərilən “digər qohumlar” anlayışına da şamil etmək olar. Beləliklə, işin faktiki hallarına və yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə əsasən müəyyən edilir ki, İddiaçı qanuni sahibliyində olan Siyəzən şəhəri, H.Talıbov küçəsindəki 3 nömrəli binanın 27-ci mənzilində cavabdehə aid mübahisənin predmetini təşkil edən əşyalar mövcuddur və bu əşyaların həmin ünvanda qalmaqda davam etməsi iddiaçının gözlənilən mülkiyyət hüququnu pozmaqla yanaşı onun əmlakından sərbəst istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik yaradır. Bundan başqa, iddiaçının istifadə və sahiblik hüquqlarının mövcud olduğu mənzilə 2018-ci ilin yay fəslində gəlin köçmüş Cavabdeh İddiaçı tərəfindən müvəqqəti yaşamaq imkanı verilmişdir. Bununla da, məhkəmə iclasında araşdırılmış sübutlarla cavabdehin mübahisəli mənzilə hər hansı bir formada əmlak hüquqlarının mövcud olması barədə hər hansı hüquqi əsas müəyyən edilmədi. Buna baxmayaraq, iddiaçının sözügedən mənzilə sahiblik və istifadə hüququndan irəli gələn gözlənilən mülkiyyət hüquqları mövcuddur və bu hüquq mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq qorunmalı və müdafiə olunmalıdır. Yəni, hazırda cavabdehə məxsus əşyaların həmin mənzildə hər hansı bir hüququ olmadan qalması iddiaçı tərəfin qanunla qorunan hüquq və maraqlarını pozur. Eyni zamanda, məhkəmə, iddiaçının istifadəsində və sahibliyində olan mənzildən çıxarılmasını tələb etdiyi əşyaların sonuncunun özü tərəfindən iddia tələbinin həcminin artırılmasına dair ərizədə qoyulan qiymətlərə cavabdehin etiraz etməməsini işin mübahisəsiz halı kimi qəbul edir və bununla razılaşır. Bu halda məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh Xanbutayeva (Heydərova) Turanə Novruz qızına məxsus əşyalar, o cümlədən qiyməti 1400 manat olan yerli istehsal, “Madeyra” markalı yataq dəsti, qiyməti 2740 manat olan yerli istehsal, “Madeyra” markalı qonaq otağı dəsti, qiyməti 650 manat olan Rusiya istehsalı “Hotoint ariston” markalı 1 ədəd soyuducu, qiyməti 530 manat olan Rusiya istehsalı “Atlant” markalı 1 ədəd paltaryuyan maşın, qiyməti 150 manat olan “Satellite” markalı 1 ədəd tozsoran, ümumilikdə qiyməti 500 manat olan 2016-cı il buraxılışlı, “Kashmir” markalı, 2x3 m ölçüdə 2 ədəd xalça, ümumilikdə qiyməti 140 manat olan Türkiyə istehsalı, 1x2 m ölçüdə 2 ədəd xalça, qiyməti 300 manat olan 82 ekran “Evrolux” markalı 1 ədəd televizor, ümumilikdə qiyməti 200 manat olan mətbəx qab-qacaqları, qiyməti 150 manat olan yerli istehsal uşaq beşiyi olmaqla, cəmi 6760 manat dəyərində cehiz əşyaları Cavabdeh hesabına İddiaçı məxsus Siyəzən şəhəri, H.Talıbov küçəsindəki 3 nömrəli binanın 27-ci mənzilindən çıxarılmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumunun əvəzi cavabdeh Xanbutayeva (Heydərova) Turanə Novruz qızından tutularaq, İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh Xanbutayeva (Heydərova) Turanə Novruz qızına məxsus əşyalar, o cümlədən qiyməti 1400 manat olan yerli istehsal, “Madeyra” markalı yataq dəsti, qiyməti 2740 manat olan yerli istehsal, “Madeyra” markalı qonaq otağı dəsti, qiyməti 650 manat olan Rusiya istehsalı “Hotoint ariston” markalı 1 ədəd soyuducu, qiyməti 530 manat olan Rusiya istehsalı “Atlant” markalı 1 ədəd paltaryuyan maşın, qiyməti 150 manat olan “Satellite” markalı 1 ədəd tozsoran, ümumilikdə qiyməti 500 manat olan 2016-cı il buraxılışlı, “Kashmir” markalı, 2x3 m ölçüdə 2 ədəd xalça, ümumilikdə qiyməti 140 manat olan Türkiyə istehsalı, 1x2 m ölçüdə 2 ədəd xalça, qiyməti 300 manat olan 82 ekran “Evrolux” markalı 1 ədəd televizor, ümumilikdə qiyməti 200 manat olan mətbəx qabqacaqları, qiyməti 150 manat olan yerli istehsal uşaq beşiyi olmaqla, cəmi 6760 manat dəyərində cehiz əşyaları Cavabdeh hesabına İddiaçı məxsus Siyəzən şəhəri, H.Talıbov küçəsindəki 3 nömrəli binanın 27-ci mənzilindən çıxarılsın. İddia tələbi üzrə ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumunun əvəzi cavabdeh Xanbutayeva (Heydərova) Turanə Novruz qızından tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar