Məhkəmə qərarları › İş №2(059)-12/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-12/2023

23.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-12/2023 23.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "ümumi paylı mülkiyyətdə müəyyənləşdirilmiş payın naturada ayrılması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "ümumi paylı mülkiyyətdə müəyyənləşdirilmiş payın naturada ayrılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 avqust 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Siyəzən rayonunun Qərəh kəndində yerləşən mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə, ümumi mülkiyyətdə olan 0,12 ha həyətyanı torpaq sahəsinin İddiaçı məxsus 1/3 hissəsi üzərində mövcud tikililərin, o cümlədən ümumi sahəsi 54,7 kv.m fərdi yaşayış evinin, həyətyanı tikililərin, yəni 5,7 kv.m-dən ibarət yay mətbəxinin, 2,9 kv.m hamamın, 2,1 kv.m sanitar qovşağın, 34,4 kv.m talvarın, 170,2 kv.m tövlənin, yəni bu əmlakların yerləşdiyi torpaq sahəsinin 1/3 hissədə yerləşməsi şərtilə naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 04 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə X1 və Cavabdeh paylı mülkiyyətinə Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 23-İİİ nömrəli qərarı ilə verilmiş 1,05 ha torpaq sahəsinin miras açılmış ½ hissəsinin 2/3 hissəsində İddiaçı, 1/3 hissəsində Cavabdeh, həmçinin X1 və Cavabdeh paylı mülkiyyətinə Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 16 fevral 1998ci il tarixli, 35-11 nömrəli qərarı ilə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin miras açılmış ½ hissəsinin 2/3 hissəsində İddiaçı, 1/3 hissəsində Cavabdeh miras payı müəyyən edilmişdir. O, ümumi paylı mülkiyyətdə olan 0,12 ha həyətyanı torpaq sahəsinin miras açılmış ½ hissəsinin 2/3, yəni 1/3 hissəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06 avqust 2016-cı il tarixdə çıxarış alsa da, ümumi paylı mülkiyyətdə olan 0,12 ha həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan, ümumi sahəsi 54,7 kv.m fərdi yaşayış evinə, həmçinin həyət tikililərinə, o cümlədən sahəsi 5,7 kv.m olan yay mətbəxinə, 2,9 kv.m olan hamama, 2.1 kv.m olan sanitar qovşağa, 34,4 kv.m olan talvara, 170,2 kv.m olan tövləyə, bu əmlakların mövcud olmasına baxmayaraq, mülkiyyət hüququ əldə edə bilmir. Ona görə ki, qeyd edilən əmlaklar ümumi paylı mülkiyyətdə olan torpaq sahəsində yerləşdiyindən üzərində aidiyyəti orqan tərəfindən qanuna uyğun ölçmə işləri aparılaraq müvafiq mülkiyyət sənədlərinin alınması cavabdehin qanunsuz, habelə qərəzli maneəçiliyi səbəbindən mümkün olmamışdır. Bundan əlavə, hazırda cavabdeh sözügedən fərdi evdə yaşamayaraq, evi kənar şəxslərə kirayə verərək, onun ata ocağına gəlməsinə imkan vermir. Hesab edir ki, həmin tikililərin 1/3 hissəsinə mülkiyyət payı mövcuddur. Bir sözlə, mülkiyyətindən payına uyğun, maneəsiz, istədiyi kimi istifadəsi üçün birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulmalı və buna görə ümumi mülkiyyətdə olan 0,12 ha həyətyanı torpaq sahəsinin miras açılmış ½ hissəsi üçün müəyyənləşdirilmiş torpaq payı naturada ayrılmalı və üzərində tam pay hüququ ilə çıxarış alınmalıdır. Bundan sonra, naturada ayrılan torpaq sahəsi üzərində qeyd edilən əmlaklara dair mülkiyyət sənədini maneəsiz əldə etmək mümkündür. Bütün mübahisələrə son qoyulması üçün ümumi mülkiyyətdə olan 0,12 ha həyətyanı torpaq sahəsi üzərində 1/3 hissədə iddiaçının və 2/3 hissədə cavabdehin müəyyənləşdirilmiş payları naturada ayrılıb verilməlidir. Ona görə də, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, ümumi paylı mülkiyyətdə olan 0,12 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən bütün lazımı tədbirləri görüb, dövlət rüsumlarını ödəməklə çıxarış alsa da, mübahisəli torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 54,7 kv.m olan fərdi yaşayış evinə, həmçinin orada olan digər tikililərə dair mülkiyyət hüququ əldə edə bilmir. Belə ki, bütün zəruri sənədlər toplansa da, lazımı ölçülər alına bilmədiyi üçün qeyd olunan evə dair çıxarış əldə edə bilmir. Çünki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndələri hazırkı torpaq sahəsi üzərində ölçülərin aparılması üçün təhlükəsizliklərinin təmin edilməsini tələb etdiklərindən bu ölçmələrin aparılması mümkün olmamışdır. Bundan əlavə, ümumi paylı mülkiyyətdə olan 0,12 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsi ona məxsusdur. Eyni zamanda, həmin 0,12 ha həyətyanı torpaq sahəsi üzərində ümumi sahəsi 54,7 kv.m fərdi yaşayış evi, həyətyanı tikililər, yəni 5,7 kv.mdən ibarət yay mətbəxi, 2,9 kv.m hamam, 2,1 kv.m sanitar qovşağı, 34,4 kv.m talvar və 170,2 kv.m tövlə yerləşir. Beləliklə o, bu əmlakların torpaq sahəsinin ona məxsus hissəsi üzərində yerləşməsi şərtilə naturada bölünməsini istəyir. Bundan əlavə, o atası öldükdən, yəni yas mərasimləri bitdikdən sonra mübahisəli evə gedə bilmir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, hazırda mübahisəli ümumi paylı mülkiyyətdə olan 0,12 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən 54,7 kv.m fərdi yaşayış evində yaşayır. Belə ki, o, cavabdehin atası mərhum X3 ilə 1986-cı ildə faktiki nikaha daxil olduqdan sonra, sonuncunun yaşamağa evi olmadığına görə mərhum Şiraslan Məhərrəmovun bibisi oğluna məxsus tövləni bir qədər təmir etməklə, iki ilə yaxın müddət orada yaşamaqla, 1988-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Bundan sonra, mərhum Şiraslan Məhərrəmovla birlikdə dağın ətək hissəsini yarmaqla orada məskunlaşmışlar. Sonradan sözügedən tikililər 2012- 2013-cü illərdə onun qardaşı və sonuncunun qaynı tərəfindən tikilsə də, mərhum Şiraslan Məhərrəmov orada yaşamamışdır. O, 40 ilə yaxın müddətdir, yəni 1986-cı ildən sözügedən torpaq sahəsində yaşayır. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, idarə nümayəndəsinin iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, buna görə də məhkəmə işə Azərbaycan Respublikasının MPM-in 185.6-cı maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 04 sentyabr 2014-cü il tarixli, 2(105)-1142/2014 saylı qətnaməsinin surətindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 17 mart 2014-cü il tarixli, 2(059)-78/2014 saylı qətnaməsi ləğv edilməklə, yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, X1 və Cavabdeh paylı mülkiyyətinə Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 23- İİİ nömrəli qərarı ilə verilmiş 1,05 ha torpaq sahəsinin miras açılmış ½ hissəsinin 2/3 hissəsində İddiaçı, 1/3 hissəsində Cavabdeh, həmçinin X1 və Cavabdeh paylı mülkiyyətinə Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 35-11 nömrəli qərarı ilə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin miras açılmış ½ hissəsinin 2/3 hissəsində İddiaçı, 1/3 hissəsində Cavabdeh miras payı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 06 avqust 2016-cı il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonunun Qərəh kəndində yerləşən 0,12 ha torpaq sahəsi 1/3 hissədə İddiaçı, 2/3 hissədə isə Cavabdeh adına paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Siyəzən RİHB-nın Məşrif kənd İƏD üzrə nümayəndəliyindən 18 oktyabr 2016-cı il tarixdə verilmiş 356 nömrəli arayışın surətindən görünür ki, mərhum X2 məxsus ərazinin Qərəh kəndində 0,12 ha həyətyanı torpaq sahəsində 2003-cü ildə mişar daşından inşa olunmuş bir mərtəbəli, bir otaqlı, ümumi sahəsi 54,7 kv.m olan fərdi yaşayış evi vardır. Həmçinin, həmin ərazidə sahəsi 5,7 kv.m-dən ibarət yay mətbəxi, 2,9 kv.m olan hamam, 2,1 kv.m olan sanitar qovşağı, 34,4 kv.m olan talvar və 170,2 kv.m olan tövlə də vardır. Bundan əlavə, işin mahiyyəti üzrə həlli baxımından mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından iş üzrə Siyəzən Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(059)- 425/2022 saylı qərardadı ilə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aparıcı eksperti Hüseyn Məmmədov 27 aprel 2023-cü il tarixdə məhkəmə ekspertizasının aparılmasından imtina etmiş, habelə bu barədə tərtib etdiyi eyni tarixli məlumatında, iş materiallarında olan torpaq sahəsinin plan ölçü sənədində əlavə torpaq sahəsinin olmasının şrtixlənmiş şəkildə qeyd olunduğunu, faktiki vəziyyətdə isə torpaq sahəsinin hasara alınmaması səbəbindən hansı tikililərin sənəd üzrə, hansı tikililərin isə ştrixlənmiş əlavə torpaq sahəsində yerləşib-yerləşməməsinin müəyyən etməyin mümkün olmadığını göstərmişdir. İşdə olan 26 may 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı iddia tələbi üzrə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. İşin faktiki halları, o cümlədən tədqiq edilmiş mötəbər sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, Siyəzən rayonunun Qərəh kəndində yerləşən mübahisəli 0,12 ha torpaq sahəsi 1/3 hissədə İddiaçı, 2/3 hissədə isə Cavabdeh adına paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, torpaq sahəsinin naturada bölünməsi üçün mülkiyyətçilər arasında razılığın olmaması müəyyən edilmişdir. Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydaları müəyyən edilmişdir. Ümumiyyətlə, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213-cü maddəsinin İ, İİ, İV, V hissələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) birgə mülkiyyətdə olan əmlakdan (əşyadan) payların ayrılması onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) birgə mülkiyyətin mülkiyyətçisi ümumi əmlaka birgə sahiblik və istifadə hüququna malikdir. Birgə mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və birgə mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının əvvəl ideal, sonra isə naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq ümumi mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Beləliklə, göstərilənlərə əsasən belə qənaətə gəlinir ki, Siyəzən rayonunun Qərəh kəndində yerləşən mübahisəli 0,12 ha torpaq sahəsi 1/3 hissədə İddiaçı, 2/3 hissədə isə Cavabdeh adına bölünməklə, onların paylı mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsinin 1/3 pay hüququna malik olan mülkiyyətçilərindəndirlər və digər mülkiyyətçi (sahib, faktiki idarəçi) kimi onun mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüquqları qanunla qorunur və mühafizə olunur. Bununla belə, məhkəmə ekspertin məlumatına istinadən qeyd etməyi zəruri hesab edir ki, mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə xüsusi bilik tələb olunan sualları izah etmək üçün müvafiq məhkəmə ekspertizasının təyin edilməsinə baxmayaraq, aparılmış tədqiqat zamanı torpaq sahəsinin plan ölçü sənədində əlavə torpaq sahəsinin olmasının şrtixlənmiş şəkildə qeyd olunduğu, faktiki vəziyyətdə isə torpaq sahəsinin hasara alınmaması səbəbindən hansı tikililərin sənəd üzrə, hansı tikililərin isə ştrixlənmiş əlavə torpaq sahəsində yerləşib-yerləşməməsinin müəyyən etməyin mümkün olmadığı təsbit edilmişdir. Torpaq sahəsinin dəqiq sərhədlərinin müəyyənləşdirilməsi, eləcə də həmin ərazinin digər sahələrdən təcrid edilməsi üçün mərzin çəkilməsi həlledici əhəmiyyət daşımaqla, yanaşı onun qorunub, saxlanması mülkiyyətçilərin (istifadəçilərin və icarəçilərin) borcudur. Məhz bu səbəbdən, həmçinin qeyd olunanlara əsasən mübahisəli torpaq sahəsinin iddiaçının tələb etdiyi kimi naturada bölünməsi mümkün deyildir, habelə istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "ümumi paylı mülkiyyətdə müəyyənləşdirilmiş payın naturada ayrılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı "ümumi paylı mülkiyyətdə müəyyənləşdirilmiş payın naturada ayrılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Tələb üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar