Məhkəmə qərarları › İş №2(059)-15/2023

Siyəzən Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(059)-15/2023

20.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-15/2023 20.02.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 1775 manat pulun və ödənilmiş 38 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(059)-15/2023 qətnaməsi ilə iddia qismən təmin edilməklə, Cavabdeh İddiaçı xeyrinə maddi ziyanın əvəzi olaraq 1625 manat məbləğində pulun və ödənilmiş 38 manat dövlət rüsumunun 92%-i, yəni 34,96 manatın tutulması, həmçinin aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manatın 8 %, yəni 4 manatının İddiaçı, 92 %, yəni 46 manatının isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bundan sonra, yəni 24 yanvar 2023-cü il tarixdə Siyəzən Rayon Məhkəməsinə bu iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 16 yanvar 2023-cü il tarixli, 8/2872 saylı ekspert rəyi daxil olmuş və rəydə yol-nəqliyyat hadisələrinin eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrinin tam həcmdə müəyyən etməyin mümkün olmadığı qeyd olunmuşdur. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün olmamışdır. Eyni zamanda rəydə, nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsinin nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə biləcəyi göstərilmişdir. Odur ki, qeyd olunan suallar üzrə yol-nəqliyyat hadisələri ekspertizaları təhqiqatı aparılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası ilə əlaqədar yaranmış məhkəmə xərcinin qanunamüvafiq qaydada həll edilməsi barədə əlavə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən məsələyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Belə ki, Siyəzən Rayon Məhkəməsi işin mahiyyəti üzrə həlli baxımından mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından 26 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə avtotexniki və əmtəəşünaslıq ekspertizası təyin etmiş, o cümlədən 24 yanvar 2023-cü il tarixdə məhkəməyə bu iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 16 yanvar 2023-cü il tarixli, 8/2872 saylı ekspertiza xərclərinə dair bildiriş və rəy daxil olmuş, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası tədqiqatının dəyərinin 50 manat təşkil etdiyi təsbit edilmişdir. Müəyyən olunmuşdur ki, Siyəzən Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qətnaməsində iddiaçının iddia tələbi qismən təmin edilməklə, yanaşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2022-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatı üzrə hesablanmış 50 manat məhkəmə xərci haqqında məsələnin də həll edilməsinə baxmayaraq, məhkəmə yolnəqliyyat hadisələri ekspertizası ilə əlaqədar xərc məsələsi bu tədqiqatla bağlı rəy və məhkəmə məsrəfinə dair bildiriş məhkəməyə, sözügedən qətnamə qəbul edildikdən sonra daxil olmuş, bu səbəbdən də həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 229-cu maddəsinin İ hissəsinin İİİ bəndinə əsasən məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, məhkəmə xərci haqqında məsələnin həll edilməsi zəruriliyi nəzərə alınmalı, iş üzrə əlavə qətnamə çıxarılmalı, habelə aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası tədqiqatının dəyəri 50 manatın 8 %, yəni 4 (dörd) manatı İddiaçı, 92 %, yəni 46 (qırx altı) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 229, 315, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İş üzrə əlavə qətnamə çıxarılsın. Aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası tədqiqatının dəyəri 50 manatın 8 %, yəni 4 (dörd) manatı İddiaçı, 92 %, yəni 46 (qırx altı) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Əlavə qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Əlavə qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar