Məhkəmə qərarları › İş №2(059)-16/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-16/2021

10.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-16/2021 10.03.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, cavabdeh, eləcə də, digər cavabdehlər X4 və Cavabdeh2 nümayəndəsi Cavabdeh1, eləcə də sonuncunun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Nəzərova (Mirzəliyeva) Afaq Bəşir qızına, Cavabdeh3 və Cavabdeh2 qarşı “birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyətçilərin paylarının müəyyənləşdirilməsi, onun payının naturada ayrılması, habelə faktiki yaşadığı mənzil üzərində istifadə hüququnun və digər qanuni mənafelərinin mövcudluğunun təsdiq olunması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı "birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyətçilərin paylarının müəyyənləşdirilməsi, onun payının naturada ayrılması, habelə faktiki yaşadığı mənzil üzərində istifadə hüququnun və digər qanuni mənafelərinin mövcudluğunun təsdiq olunması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən özgə mülkiyyətinə edilən hər hansı qanunsuz məhdudiyyətlərin aradan qaldırılması məqsədilə torpağın mülkiyyətə verilməsinə dair JN 265 F kodlu 30505018 saylı şəhadətnaməyə əsasən birgə mülkiyyətdə olan 0,11 ha ölçüdə həyətyanı torpaq sahəsi üzərində mülkiyyətçilərin hər birinin 1/8 hissədə paylarının müəyyənləşdirilməsi, müvafiq olaraq onun 1/8 hissədə payının naturada ayrılması, eləcə də, faktiki yaşadığı mənzil üzərində qanunlardan irəli gələn istifadə hüququnun və digər qanuni mənafelərinin mövcudluğunun təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, İddiaçı xx xxxx 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, sözügedən torpaq sahəsinin birgə mülkiyyətçiləri olan digər şəxslərin - Cavabdeh4, Nəzərova (Mirzəliyeva) Afaq Bəşir qızının, Cavabdeh3 və Cavabdeh2 da cavabdeh qismində işdə iştirak etməyə cəlb edilmələrini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 51.3-cü maddəsinə əsasən, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddia predmeti olan 0,11 ha ölçüdə həyətyanı torpaq sahəsi Cavabdeh2 Daşdəmir oğlunun, X1, Cavabdeh1, Cavabdeh4, Nəzərova (Mirzəliyeva) Afaq Bəşir qızının, Cavabdeh3, X2 və onun ümumi mülkiyyətinə verilmişdir. Hazırda bu torpaq sahəsinin təxminən 0,07 ha hissəsində qardaşı olan Cavabdeh1 2007-2008-ci illər ərzində özünə fərdi yaşayış evi tikmişdir. Bundan əlavə, qardaşı Cavabdeh1 ata evindən və bu evin yerləşdiyi təxminən 0,04 ha torpaq sahəsindən hasar çəkməklə, qeyd edilən yerləri tam təcrid edib, oradan da ailəsi ilə birlikdə istifadə edir. O, isə ata evində vəfat edən bacısının İİ qrup əlil oğlu Pərviz, övladları Aytac və Rəvan ilə birlikdə yaşayır. Hazırda övladlarının təhsili ilə əlaqədar Bakı şəhərində müvəqqəti olaraq kirayədə qalsa da, mübahisəli ev onun daimi yaşayış yeridir. Həmçinin, atası Mirzəli xx xxxxxx 2011-ci, anası Cavahir isə xx xxx 2018-ci il tarixlərdə ölənədək Cavabdeh1lə aralarında hər hansı ciddi mübahisə olmamışdır. Belə ki, hər biri ayrıca hasarla ayrılmış həyətyanı torpaq sahəsində tikilən evlərdə, sahib olduqları əmlaklardan istədikləri kimi istifadə edib yaşamışlar. Sayğaclar atasının adına olduğundan müvafiq kommunal xərcləri sonuncunun adından özü ödəmişdir. Atasının ölümündən sonra kommunal xərcləri anasının adından ödəməyə başlamış, anası təsərrüfatı tam idarə etmək üçün öz adından ona xx xxxxxx 2017-ci il tarixdə notariat qaydada etibarnamə də vermişdir. Elektrik sayğacına limit kartının, pensiya kartının alınması və digər işləri o, anasının adından yerinə yetirmişdir. Bundan başqa, digər bacı-qardaşları da onlara aid mülki məsələlər üzrə bütün işlərin aparılmasını ona etibar etmişlər. Beləliklə, yuxarıda qeyd edilənlərdən müəyyən olunur ki, ata evinə münasibətdə anasının ölümündən sonra təsərrüfatı bütünlüklə o, idarə etmişdir. Bütün bunlara, həmçinin həmin evdə doğulub, 2010-cu il tarixdən hazırkı vaxtadək daimi yaşamasına baxmayaraq, qardaşı, Cavabdeh1 onun istər həyətyanı, istərsə də, ata evi üzərində hər hansı əmlak hüquqlarının olmadığını bildirir. Elə bu əsassız mülahizələrlə Cavabdeh1 məlum olan karantin rejiminə görə tətbiq edilən qadağalar səbəbindən onun, Bakı şəhərindən Siyəzən rayonunun Yenikənd kəndinə gedib-gələ bilməməsindən sui-istifadə edərək, yeganə yaşayış yeri olan ata evinə gələn qaz təchizatını dayandırmış, habelə qaz sayğacını kəsib götürmüş, məhkəməyə müraciət etdikdən sonra isə qaz təchizatı bərpa edilmişdir. Eyni zamanda, hazırda mübahisəli evə sərbəst şəkildə gedib-gələ bilsə də, cavabdehlərin onun mübahisəli evdən istifadə hüquqlarını məhdudlaşdıran hərəkətlərinə son qoyulmasından ötrü həyətyanı torpaq sahəsində və mübahisə predmeti olan evdə payının müəyyən edilməsini istəyir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh, eləcə də, digər cavabdehlər X4 və Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddia predmeti olan 0,11 ha ölçüdə həyətyanı torpaq sahəsi Cavabdeh2 Daşdəmir oğlunun, X1, Cavabdeh4, Nəzərova (Mirzəliyeva) Afaq Bəşir qızının, Cavabdeh3, X2 və İddiaçı və onun ümumi mülkiyyətinə verilmişdir. İddiaçının torpaq sahəsindəki payının ayrılmasına, ata mülkü sayılan mübahisə predmeti olan evdən iddiaçının öz payına düşən hissədə istifadə etməsinə etiraz etmir. Lakin, qeyd edir ki, iddiaçı 2011-ci il tarixdə mübahisəli evi tərk etməklə, həmin vaxtdan yaşamaq üçün Bakı şəhərinə köçmüşdür. Eyni zamanda, məhrum atası Cavabdeh2 də hazırda iddiaçının iddia etdiyi evi ona vəsiyyət etmişdir. Odur ki, tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil hüquqlarını təmsil etdiyi şəxsin izahatına uyğun, eyni məzmunlu izahat verərək iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 da Cavabdeh1 izahatına uyğun, eyni məzmunlu izahat verərək iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, idarə nümayəndəsinin iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, buna görə də məhkəmə işə Azərbaycan Respublikasının MPM-in 185.6-cı maddəsinə əsasən cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx xxx 2004-cü il tarixli, JN 265F seriyalı, 30505018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 34-11 saylı qərarı ilə 0,11 hektar torpaq sahəsi Cavabdeh2 Daşdəmir oğlunun mülkiyyətinə verilmiş və bu dövlət aktında onun mərhum arvadı, X3, iddiaçı, eləcə də cavabdehlər onun ailə üzvləri kimi göstərilmişlər. İşdə olan Siyəzən RİH başçısının Yenikənd İƏV üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2011-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 429605 nömrəli və xx xxx 2018-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 926632 nömrəli ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh2 Daşdəmir oğlu xx xxxxxx 2011-ci, X3 isə xx xxx 2018-ci il tarixdə ölmüşlər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt ərazi idarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, **********95 nömrəli məktubundan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən Siyəzən rayonu, Yenikənd kəndində yerləşən 0,11 ha həyətyanı torpaq sahəsi xx xxx 2004-cü il tarixli, JN 265F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumbirgə mülkiyyət kimi Cavabdeh2 Daşdəmir oğlunun (şəhadətnamədə Mirzəkiyev qeyd olunub) və ailə üzvlərinin adına qeydiyyata alınmışdır. Həmçinin, Siyəzən rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış evinə keçmiş DTİ və MHQ idarəsi tərəfindən iyun 1988-ci il tarixdə Cavabdeh2 Daşdəmir oğlunun adına texniki pasport hazırlansa da, qeyd olunan fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, C-99 saylı mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 10/2331 nömrəli rəyindən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 265F nömrəli (kod 30505018) şəhadətnaməyə əsasən ümumi mülkiyyətə verilmiş Siyəzən rayonu, Yenikənd kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsinin mülkiyyətçilər arasında hər birinin payına uyğun olaraq, o cümlədən İddiaçı payının naturada bölünməklə ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin, rəylərdən görünür ki, İddiaçı faktiki yaşadığı tikili (yaşayış sahəsi) Siyəzən rayonu, Yenikənd kəndindəki sözügedən 0,11 ha torpaq sahəsində yerləşsə də, həmin tikilinin (yaşayış sahəsinin) hüquq müəyyənedici və texniki sənədləri mövcud deyildir. Bundan başqa, Siyəzən rayonu, Yenikənd kəndindəki fərdi yaşayış evinə keçmiş DTİ və MHQ idarəsi tərəfindən 1988-ci il tarixdə Cavabdeh2 Daşdəmir oğlunun adına texniki pasport hazırlansa da, qeyd olunan fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Həmçinin, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, aparılmış tikinti-texniki obyektlərin ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 106,72 (bir yüz altı manat 72 qəpik) manat, iddia üzrə ödənilmiş dövlət rüsumu isə 30 (otuz) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Bu Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin İ və İV hissələrinə əsasən Rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini təyin edir. Komissiya həmin vaxtdan fəaliyyətə başlayır. Komissiya: rayon aqrar islahat proqramını hazırlayır və Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının (Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının) təsdiqinə təqdim edir; rayon ərazisində aqrar islahatın aparılmasını təmin edir; islahatın maliyyə təminatı ilə əlaqədar təkliflərini aidiyyəti üzrə müvafiq orqanlara təqdim edir və ayrılan vəsaitin təyinatı üzrə istifadəsini təmin edir; bələdiyyə mülkiyyətinə veriləcək torpaq və əmlak haqqında təkliflərini (müvafiq nazirlik və baş idarələrin rəyləri ilə) Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına təqdim edir; yerli aqrar islahat komissiyalarına səlahiyyətinə aid məsələlər üzrə zəruri normativ sənədləri və təlimatları çatdırır, komissiyaların üzvlərinə məsləhətlər verir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s. Bu Qanunun 11-ci maddəsinin İ hissəsinə əsasən sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payı aşağıdakı qaydada müəyyənləşdirilir: əmlak inventarlaşdırılır və qiymətləndirilir; müəssisənin debitor və kreditorlarla haqq-hesabı aparılır və əmək haqqı üzrə borclar ödənilir; əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirilir; müəssisənin əmlakında bölünməyən və bölünən hissələr müəyyənləşdirilir. Ümumi istifadəsi zəruri hesab edilən əmlak bölünməyən, yerdə qalan əmlak bölünən əmlaka aiddir; əmlak payları əmək fəaliyyəti nəzərə alınmaqla müəyyənləşdirilir və mülkiyyətçilərə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinin İ hissəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. İş üzrə təqdim olunmuş sənədlər, habelə mötəbər sübutlarla müəyyən olunur ki, Siyəzən rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 34-11 saylı qərarı ilə 0,11 hektar torpaq sahəsi mərhum Cavabdeh2 Daşdəmir oğlunun mülkiyyətinə verilmiş və bu dövlət aktında mərhum X3 ilə yanaşı iddiaçı, eləcə də cavabdehlər onun ailə üzvləri kimi göstərilmişlər. Göründüyü kimi əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirildikdən sonra torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilmişdir. Bu mənada, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213-cü maddəsinin İ, İİ, İV, V hissələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 223-cü maddəsinin İİİ və İV hissələrinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 220-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, yuxarıda qeyd olunan normativ hüquqi aktların hüquqi mənasından irəli gələrək məhkəmə qeyd edir ki, tərəflər birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları kimi xx xxx 2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” JN 265 F seriyalı, KOD 30505018 nömrəli şəhadətnaməyə əsasən Siyəzən rayonu, Yenikənd kəndində verilmiş 0,11 ha torpaq sahəsi üzərində bərabər paylara malik olan mülkiyyətçilərdir. Bununla belə, tərəflər ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən, iddiaçı torpaq sahəsi üzərində payının müəyyən edilməsi və bu payın naturada ayrılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə olan təqdirdə, iddiaçı birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində payının müəyyən edilməsini tələb etməkdə haqlıdır və pozulmuş hüquqları məhkəmə qaydasında bərpa edilməlidir. Lakin, torpaq sahəsinin üzərində tərəflərin bərabər payları müəyyən edilsə belə, torpaq sahəsini onların payına mütənasib olaraq naturada ayırmaqla, tərəflərə verilməsi qeyri-mümkündür. Belə ki, mütəxəssis və ekspert rəylərinə əsasən ümumi mülkiyyətə verilmiş Siyəzən rayonunun Yenikənd kəndindəki mübahisəli 0,11 ha torpaq sahəsinin mülkiyyətçilər arasında hər birinin payına uyğun olaraq naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmiş və bunun həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi bölündükdən və həmin yaşayış evinin bölgü sxemi təqdim edildikdən sonra mümkün olacağı izah edilməklə, yanaşı ölçü işləri aparılan zaman təqdim olunan torpaq sahəsi ilə JN 265 F seriyalı şəhadətnamədə qeyd olunan torpaq sahəsi arasında uyğunsuzluqların olduğu da göstərilmişdir. Belə olan təqdirdə isə torpaq sahəsinin naturada ayrılması, habelə iddia tələbinin bu hissədə təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin aralarında olan münasibətini nəzərə alaraq, eyni zamanda toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, xx xxx 2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” JN 265 F seriyalı, KOD 30505018 nömrəli şəhadətnaməyə əsasən ümumi mülkiyyətə verilmiş Siyəzən rayonu, Yenikənd kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzərində İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Nəzərova (Mirzəliyeva) Afaq Bəşir qızının, Cavabdeh3 və Cavabdeh2 hər birinə 1/8 hissədə olmaqla payları müəyyən edilməlidir. Bundan əlavə, məhkəmə mərhumlar Cavabdeh2 və Cavahir Mirzəliyevanın paylarına münasibətdə qeyd edir ki, mübahisəli torpaq sahəsi adları çəkilən şəxslər ölənə qədər ailənin ümumbirgə mülkiyyətində olmaqla, buna hüquqları yaransa da, onların payları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1154-cü maddəsinin İİ hissəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Hazırda isə xx xxx 2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adları qeyd edilən hər bir şəxsin payları müəyyən edilmiş, habelə payların Cavabdeh2 və Cavahir Mirzəliyevaya məxsus hissəsi mirasa daxil olmuşdur. Bu mənada, qeyd olunur ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bundan əlavə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda isə vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Hazırda mərhumlardan miras qalmış əmlakın onların övladları İddiaçı və ya Cavabdeh1 tərəfindən qəbul edilməsi halı müəyyən edilməməklə, yanaşı bunu təsdiq edəcək mötəbər sübut və ya sənəd məhkəməyə təqdim edilməmişdir. Beləliklə, mərhumlar Cavabdeh2 və Cavahir Mirzəliyevanın vərəsələrinin dairəsi müəyyən edilmədiyindən onlardan miras qalmış payların bölgüsünün həyata keçirilməsi istisna edilir. Odur ki, tərəflərə mərhumlar Cavabdeh2 və Cavahir Mirzəliyevanın vərəsələri olmalarına dair hüquq müəyyənedici sənəd əldə edəcəkləri təqdirdə, onlardan qalan mirasa, o cümlədən paylara dair hüququn tanınması barədə aidiyyəti quruma və ya məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Eyni zamanda, məhkəmə iddiaçının iddia tələbinin “faktiki yaşadığı mənzil üzərində qanunlardan irəli gələn istifadə hüququnun və digər qanuni mənafelərinin mövcudluğunun təsdiq edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı faktiki yaşadığı tikili (yaşayış sahəsi) Siyəzən rayonu, Yenikənd kəndindəki sözügedən 0,11 ha torpaq sahəsində yerləşsə də, həmin tikilinin (yaşayış sahəsinin) hüquq müəyyənedici və texniki sənədləri mövcud deyildir. Bundan başqa, Siyəzən rayonu, Yenikənd kəndindəki fərdi yaşayış evinə keçmiş DTİ və MHQ idarəsi tərəfindən 1988-ci il tarixdə mərhum Cavabdeh2 Daşdəmir oğlunun adına texniki pasport hazırlansa da, qeyd olunan fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Digər tərəfdən texniki pasport həm Azərbaycan Respublikası mülki qanunvericiliyinə, həm də Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli, 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sırasında göstərilməmiş, habelə hüquq müəyyənedici sənəd kimi müəyyən edilməmişdir. Eyni zamanda, verilmiş izahatlardan da göründüyü kimi mübahisəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş və deməli, özbaşına tikilidir. Həmçinin, tərəflərdən hər hansı biri mübahisəli tikiliyə dair istifadə, sərəncam, sahibliklə bağlı qanunla müəyyən edilən hər hansı hüquq müəyyənedici sənədə malik deyildir. Bununla da, həmin tikiliyə qanunvericilikdə müəyyən olunmuş qaydada mülkiyyət hüquqları rəsmiləşdirilmədiyindən tərəflərdən hər hansı birinin mübahisəli evə (özbaşına tikiliyə) istifadə hüququ yarana bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Cavabdeh1 iddiaçının iddia etdiyi evi məhrum atası Cavabdeh2 vəsiyyətnamə ilə ona verdiyini bildirsə də, vəsiyyətnamə ilə verilən evin həqiqətən də, mübahisə predmeti olması işin faktiki halları, eləcə də mötəbər sənəd və ya sübutlarla öz təsdiqini tapmamışdır. Bundan başqa, iddiaçının özü də məhkəmə iclasında mübahisəli evə sərbəst şəkildə gedib-gəldiyini bildirmiş, o cümlədən oradan sərbəst şəkildə faydalandığını müəyyən edilməklə, hüquqi maraqlarının cavabdehlər tərəfindən bu və ya digər formada pozulması halı aşkar edilməmişdir. Beləliklə, bütün bu qeyd olunanlar iddianın bu hissədə də təmin edilməsini istisna edir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehlərdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Eyni zamanda, məhkəmə belə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın 50 %-i, yəni 25 manatı İddiaçı, qalan 50 %-i, yəni 25 manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Nəzərova (Mirzəliyeva) Afaq Bəşir qızından, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 106,72 manatın 50 %-i, yəni 53,36 manatı İddiaçı, qalan 50 %-i, yəni 53,36 manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Nəzərova (Mirzəliyeva) Afaq Bəşir qızından, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq xxxx MMC-nin "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin Xətai filialındakı hesabına keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxx 2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” JN 265 F seriyalı, KOD 30505018 nömrəli şəhadətnaməyə əsasən ümumi mülkiyyətə verilmiş Siyəzən rayonu, Yenikənd kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzərində İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Nəzərova (Mirzəliyeva) Afaq Bəşir qızının, Cavabdeh3 və Cavabdeh2 hər birinə 1/8 hissədə olmaqla payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın 50 %-i, yəni 25 (iyirmi beş) manatı İddiaçı, qalan 50 %-i, yəni 25 (iyirmi beş) manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Nəzərova (Mirzəliyeva) Afaq Bəşir qızından, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 106,72 (bir yüz altı manat 72 qəpik) manatın 50 %-i, yəni 53,36 (əlli üç manat 36 qəpik) manatı İddiaçı, qalan 50 %-i, yəni 53,36 (əlli üç manat 36 qəpik) manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Nəzərova (Mirzəliyeva) Afaq Bəşir qızından, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq xxxx MMC-nin "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin Xətai filialındakı (kod-200071, VÖEN(bank) **********, m/hAZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ23AİİB********************) hesablaşma hesabına keçirilsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar