Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-188/2021 16.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26300 manat pulun, 10000 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 26300 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı 17 fevral 2019-cu il tarixdə 135 baş qoyunquzu alaraq, Siyəzən rayonu, Qərəh kəndində icarəyə təsərrüfat yeri götürüb, heyvandarlıqla məşğul olmağa başlamış, heyvanlara baxmağı əvvəlcədən tanıdığı Cavabdeh tapşırmış, habelə sonuncuya bunun müqabilində aylıq 600 manat əmək haqqı vermişdir. İddiaçı özü hər ay 1-2 dəfə Siyəzən rayonunun Qərəh kəndinə gedib təsərrüfata nəzarət etmişdir. Sonuncu dəfə, yəni 27 iyun 2019-cu il tarixdə iddiaçı təsərrüfata baş çəkərkən orada cavabdehi və qoyun-quzunu görməmiş, qonşu təsərrüfatda çoban işləyən Ramin adlı şəxs cavabdehin 25 baş heyvanı saxlamaq üçün ona verdiyini, digərlərini isə cavan heyvanlarla dəyişmək adı ilə başqa yerə apardığını bildirmişdir. Sonradan iddiaçı cavabdehi tapa bilmədiyi üçün Siyəzən rayon Polis Şöbəsinə müraciət etmiş, Siyəzən rayon prokuroru vəzifəsini icra edən Mirdamət Əliyev tərəfindən 07 oktyabr 2019-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilməklə, mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Dəfələrlə tələb edilməsinə baxmayaraq, cavabdeh hazırkı vaxtadək iddiaçıya borclu olduğu 26300 manatı qaytarmamışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh sonuncu iddia tələbini qəbul edərək izahatında göstərdi ki, o, iddiaçını təxminən 10 il bundan əvvəl kürəkəni Elçinin vasitəsi ilə tanımışdır. İddiaçı 17 fevral 2019-cu il tarixdə 135 baş qoyun-quzu alaraq Siyəzən rayonunun Qərəh kəndində icarəyə (müqaviləsiz) təsərrüfat yeri götürüb heyvandarlıqla məşğul olmağa başlamış və həmin vaxt o da heyvan almaqda iddiaçıya kömək etmişdir. Bundan sonra, iddiaçı heyvanlara qulluq etməyi ona tapşırmış, zəhmət haqqı olaraq isə ona 600 manat pul da vermişdir. O, təxminən 5-6 ay ərzində heyvanlara baxmış, təsərrüfata nəzarəti həyata keçirmişdir. İddiaçı isə icarə haqqını ödəmiş, habelə hər ay 1-2 dəfə olmaqla təsərrüfata baş çəkmişdir. 2019-cu ilin iyun ayında iddiaçıya məxsus qoyunquzunu Xaçmaz bazarında satıb, pulu ilə borclarını qaytarmışdır. Hazırda, onun iddiaçıya 26300 manat borcunun olduğunu qəbul edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh münasibətdə qətnamənin əsaslandırıcı hissəsində iddianın etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, cinayət işi başlanmasının rədd edilməsi haqqında 07 oktyabr 2019-cu il tarixli qərarının surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, İddiaçı isə dəymiş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşdə olan Cavabdeh tərəfindən 19 may 2021-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, o, İddiaçı olan 26300 manat borcunu etiraf etmişdir. İşdə olan 22 yanvar 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı aid heyvanlara baxmaqla, onlara nəzarət etmək üzrə sonuncu qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və o, işin icrasında yol verdiyi qüsurlara görə iddiaçıya dəymiş zərərlə bağlı bütün hallar üçün onun qarşısında məsuliyyət daşımağa başlamışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan da göründüyü kimi İddiaçı 17 fevral 2019-cu il tarixdə 135 baş qoyun-quzu alaraq, Siyəzən rayonu, Qərəh kəndində icarəyə təsərrüfat yeri götürüb, heyvandarlıqla məşğul olmağa başlamış, aralarında olan şifahi razılığa əsasən heyvanlara baxmağı əvvəlcədən tanıdığı Cavabdeh tapşırmış, habelə sonuncuya bunun müqabilində aylıq 600 manat əmək haqqı vermişdir. Lakin, Cavabdeh gördüyü qüsurlu iş nəticəsində İddiaçı 26300 manat məbləğində zərər dəymiş, qeyd edilən bu hal cavabdeh tərəfindən etiraf edilərək, mübahisələndirilməmişdir. Bu səbəbdən də, iddiaçı 26300 manat vəsaitin cavabdehdən tutulması ilə əlaqədar hazırkı iddia tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1132-ci maddəsinə əsasən malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin İ və İİ hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan Məcəllənin 1129.2-ci maddəsinə əsasən işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 26300 manat pul və iddia tələbi üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 26300 (iyirmi altı min üç yüz) manat pul və iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-188/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-188/2021
16.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver