Məhkəmə qərarları › İş №2(059)-19/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-19/2021

15.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-19/2021 15.03.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, cavabdehlər X2 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı "torpaq payının müəyyən edilməklə, naturada bölünməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı "torpaq payının müəyyən edilməklə, naturada bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN 00xx xxxxx 30505038 saylı dövlət aktına əsasən ona və cavabdehlərin ümumi paylı mülkiyyətinə verilmiş 3,91 ha torpaq sahəsində onun payını müəyyən etməklə, naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 34-11 nömrəli qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən iddia predmeti olan 3,91 ha ölçüdə torpaq sahəsi X4, X2, Cavabdeh2 və onun ümumi mülkiyyətinə verilmişdir. xx xxxxxx 1999-cu il tarixdə X7 ilə nikahlarını rəsmiləşdirdikdən sonra, onun soyadını qəbul etmişdir. xx xxxxxx 2013-cü il tarixdə atası Yasəf öldükdən sonra ailənin pay torpaqlarına qardaşı Cavabdeh2 sahiblik etməyə başlamışdır. O, ümumi istifadələrində olan pay torpağından öz payını istəsə də, qardaşı Təbriz ona “sən qızsan ərə getmisən, ona görə də sənə torpaqdan pay düşmür” deyə bildirmişdir. O, dəfələrlə qardaşına bu barədə müraciətlər etsə də, bunun nəticəsi olmamışdır. Ailəsinin maddi vəziyyəti ağır olduğu üçün mübahisəli torpaq sahəsinin ona aid hissəsini əkib-becərmək, habelə dolanacaq xərclərini ödəmək istəsə də, qardaşı Təbrizin qanunsuz əməlləri nəticəsində o, öz pay torpağından məhrum olmuşdur. Belə ki, qardaşı Təbriz onlara aid torpağı qohumlarına satdığını bildirmişdir. Bu səbəbdən də o, hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər X5 və Cavabdeh2 iddia tələbini qəbul edərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədilər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx xxxxxx 2000-ci il tarixli, JN 0063 seriyalı, 30505038 kodlu torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının surətindən görünür ki, Siyəzən rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 34-11 saylı qərarı ilə 3,91 hektar torpaq sahəsi mərhum Yasəf Qubatovun mülkiyyətinə verilmiş və bu dövlət aktında iddiaçı, eləcə də cavabdehlər onun ailə üzvləri kimi göstərilmişlər. İşdə olan Siyəzən RİH başçısının Yenikənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 604918 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 2013-cü tarixdə Siyəzən rayonu, Yenikənd kəndində nazik bağırsağın bəd xassəli yeni törəməsi xəstəliyindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2013-cü il tarixdə 13 nömrəli qeyd aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, C-71 saylı mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 10/1643 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxxxxxxx 2020-ci il tarixli **********09 saylı mütəxəssis rəyinə əsasən, xx xxxxxx 2000-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” JN 0063 seriyalı, KOD 30505038 nömrəli dövlət aktına əsasən ümumi mülkiyyətə verilmiş Siyəzən rayonunun inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 3,91 ha torpaq sahəsinin mülkiyyətçilər arasında hər birinin payına uyğun olaraq naturada bölünməsi mümkün deyildir. Eyni zamanda, mütəxəssis rəyinə əsasən, tədqiq olunan torpaq sahəsi kiçik ölçülü pay torpaq sahəsi olduğundan, payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacaqdır. Bu səbəbdən də, qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan, həmin torpaq sahəsi üzrə bölgü aparılması və torpaq sahəsinin naturada müəyyən olunması mümkün olmamışdır. Həmçinin, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, aparılmış tikinti-texniki obyektlərin ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 101,52 (bir yüz bir manat 52 qəpik) manat, iddia üzrə ödənilmiş dövlət rüsumu isə 10 (on) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Bu Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin İ və İV hissələrinə əsasən Rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini təyin edir. Komissiya həmin vaxtdan fəaliyyətə başlayır. Komissiya: rayon aqrar islahat proqramını hazırlayır və Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının (Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının) təsdiqinə təqdim edir; rayon ərazisində aqrar islahatın aparılmasını təmin edir; islahatın maliyyə təminatı ilə əlaqədar təkliflərini aidiyyəti üzrə müvafiq orqanlara təqdim edir və ayrılan vəsaitin təyinatı üzrə istifadəsini təmin edir; bələdiyyə mülkiyyətinə veriləcək torpaq və əmlak haqqında təkliflərini (müvafiq nazirlik və baş idarələrin rəyləri ilə) Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına təqdim edir; yerli aqrar islahat komissiyalarına səlahiyyətinə aid məsələlər üzrə zəruri normativ sənədləri və təlimatları çatdırır, komissiyaların üzvlərinə məsləhətlər verir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s. Bu Qanunun 11-ci maddəsinin İ hissəsinə əsasən sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payı aşağıdakı qaydada müəyyənləşdirilir: əmlak inventarlaşdırılır və qiymətləndirilir; müəssisənin debitor və kreditorlarla haqq-hesabı aparılır və əmək haqqı üzrə borclar ödənilir; əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirilir; müəssisənin əmlakında bölünməyən və bölünən hissələr müəyyənləşdirilir. Ümumi istifadəsi zəruri hesab edilən əmlak bölünməyən, yerdə qalan əmlak bölünən əmlaka aiddir; əmlak payları əmək fəaliyyəti nəzərə alınmaqla müəyyənləşdirilir və mülkiyyətçilərə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinin İ hissəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. İş üzrə təqdim olunmuş sənədlər, habelə mötəbər sübutlarla müəyyən olunur ki, Siyəzən rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 34-11 saylı qərarı ilə 3,91 ha torpaq sahəsi mərhum X4 mülkiyyətinə verilmiş və bu dövlət aktında iddiaçı, eləcə də cavabdehlər onun ailə üzvləri kimi göstərilmişlər. Göründüyü kimi əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirildikdən sonra torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilmişdir. Bu mənada, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213-cü maddəsinin İ, İİ, İV, V hissələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 223-cü maddəsinin İİİ və İV hissələrinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 220-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, yuxarıda qeyd olunan normativ hüquqi aktların hüquqi mənasından irəli gələrək məhkəmə qeyd edir ki, tərəflər birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları kimi xx xxxxxx 2000-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” JN 0063 seriyalı, KOD 30505038 nömrəli dövlət aktına əsasən Siyəzən rayonunun inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 3,91 ha torpaq sahəsi üzərində bərabər paylara malik olan mülkiyyətçilərdir. Bununla belə, tərəflər ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən, iddiaçı torpaq sahəsi üzərində payının müəyyən edilməsi və bu payın naturada ayrılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə olan təqdirdə, iddiaçı birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində payının müəyyən edilməsini tələb etməkdə haqlıdır və pozulmuş hüquqları məhkəmə qaydasında bərpa edilməlidir. Lakin, torpaq sahəsinin üzərində tərəflərin bərabər payları müəyyən edilsə belə, torpaq sahəsini onların payına mütənasib olaraq naturada ayırmaqla, tərəflərə verilməsi qeyri-mümkündür. Belə ki, mütəxəssis və ekspert rəylərinə əsasən ümumi mülkiyyətə verilmiş Siyəzən rayonunun inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 3,91 ha torpaq sahəsinin mülkiyyətçilər arasında hər birinin payına uyğun olaraq bölünməsinin mümkün olmadığı müəyyən edilmiş, eyni zamanda torpaq sahəsi kiçik ölçülü pay torpaq sahəsi olduğundan, payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacağından, qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan, həmin torpaq sahəsi üzrə bölgü aparılmasının və torpaq sahəsinin naturada müəyyən olunmasının mümkün olmaması qeyd edilmişdir. Bu halda isə torpaq sahəsinin naturada ayrılması, habelə iddia tələbinin bu hissədə təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin aralarında olan münasibətini nəzərə alaraq, eyni zamanda toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, xx xxxxxx 2000-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” JN 0063 seriyalı, KOD 30505038 nömrəli dövlət aktına əsasən ümumi mülkiyyətə verilmiş Siyəzən rayonunun inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 3,91 ha torpaq sahəsi üzərində İddiaçı ¼ hissədə olmaqla payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehlərdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Eyni zamanda, məhkəmə belə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın 50 %-i, yəni 25 (iyirmi beş) manatı İddiaçı, qalan 50 %-i, yəni 25 (iyirmi beş) manatı isə cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 101,52 (bir yüz bir manat 52 qəpik) manatın 50 %-i, yəni 50,76 (əlli manat 76 qəpik) manatı İddiaçı, qalan 50 %-i, yəni 50,76 (əlli manat 76 qəpik) manatı isə cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada tutularaq xxxx MMC-nin "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin Xətai filialındakı hesabına keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2000-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” JN 0063 seriyalı, KOD 30505038 nömrəli dövlət aktına əsasən ümumi mülkiyyətə verilmiş Siyəzən rayonunun inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 3,91 ha torpaq sahəsi üzərində İddiaçı ¼ hissədə olmaqla payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın 50 %-i, yəni 25 (iyirmi beş) manatı İddiaçı, qalan 50 %-i, yəni 25 (iyirmi beş) manatı isə cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 101,52 (bir yüz bir manat 52 qəpik) manatın 50 %-i, yəni 50,76 (əlli manat 76 qəpik) manatı İddiaçı, qalan 50 %-i, yəni 50,76 (əlli manat 76 qəpik) manatı isə cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada tutularaq xxxx MMC-nin "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin Xətai filialındakı (kod- 200071, VÖEN(bank) **********, m/hAZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ23AİİB********************) hesablaşma hesabına keçirilsin. İddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar