Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-232/2021 15.12.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2, Cavabdeh iştirakları ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “miras kütləsinə daxil olan əmlakların bölünməsi, bölünmüş ümumi mülkiyyətdə olan miras qoyanların torpaq payları, müvafiq olaraq tərəflərin bu mülkiyyətdəki mövcud torpaq paylarına əlavə edilib hər kəsin cəmləşdirilmiş torpaq paylarının naturada ayrılması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “miras kütləsinə daxil olan əmlakların bölünməsi, bölünmüş ümumi mülkiyyətdə olan miras qoyanların torpaq payları, müvafiq olaraq tərəflərin bu mülkiyyətdəki mövcud torpaq paylarına əlavə edilib hər kəsin cəmləşdirilmiş torpaq paylarının naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestrindən 26 fevral 2021-ci il tarixdə verilmiş qeydiyyat nömrələri **********, **********, **********, **********, ********** olan çıxarışlara əsasən, müvafiq olaraq 0,5453 ha, 0,36 ha, 0,9683 ha, 0,8491 ha və 1,2498 ha olmaqla, cəmi 3,97 ha torpaq sahəsinin 2/35 hissədə, Aqrar İslahat Komissiyasının qərarı ilə əmlak payı olaraq verilən 1 ədəd MTZ-80 markalı traktorun dəyərinin 1/5 hissədə, 8 baş inək, 7 baş dana olmaqla, cəmi 15 baş iribuynuzlu heyvanın 1/5 hissədə, QAZ-3110 markalı minik avtomobilinin dəyərinin 1/5 hissədə, ünvan 1ində yerləşən 1 ədəd fərdi yaşayış evinin dəyərinin 1/5 hissədə bölünməsi, ümumi mülkiyyətdə olan miras qoyanların bölünmüş torpaq paylarının vərəsələrə çatan 2/35 ha hissəsi müvafiq olaraq tərəflərin bu mülkiyyətdəki müəyyən olunan 1/7 hissədə torpaq paylarına əlavə edilib tərəflərin cəmləşdirilmiş 1/5 hissədə torpaq paylarının naturada ayrılması və yaxud 4 (dörd) nəfər iddiaçının torpaq payının bir nəfərin adına keçirilib birlikdə istifadə ediləcəyi nəzərə alınaraq, bölünəcək ümumi mülkiyyətdə olan torpaq paylarının 4/5 və 1/5 hissədə naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, miras qoyanlar anası X10 30 oktyabr 2013-ci il tarixində, atası X5 isə 28 sentyabr 2019-cu il tarixdə ölmüşlər. Valideynləri öldükdən sonra onlara məxsus əmlaklar, o cümlədən 0,5453 ha, 0,36 ha, 0,9683 ha, 0,8491 ha və 1,2498 ha olmaqla, cəmi 3,97 ha torpaq sahəsinin 2/7 hissəsi, Aqrar İslahat Komissiyasının qərarı ilə əmlak payı olaraq verilən 1 ədəd MTZ-80 markalı traktor, 8 baş inək və 7 baş dana olmaqla, cəmi 15 baş iribuynuzlu heyvan, QAZ-3110 markalı minik avtomobili, ünvan 1ində yerləşən 1 ədəd fərdi yaşayış evi miras qalmışdır. Mərhum valideynlərinin 5 nəfər vərəsəsi olduğundan, hər vərəsəyə mirasın beşdə bir hissəsi çatır. Beləliklə, ümumi mülkiyyətdəki miras torpaq payları vərəsələr arasında bölüşdürüldükdən sonra, hər bir vərəsənin ümumi mülkiyyətdəki 2/7 torpaq payı artaraq, 1/5 hissə təşkil edir. Həmçinin, cavabdeh onların maddi hüquqları ilə yanaşı, mənəvi hüquqlarının da həyata keçirilməsinə qəsdən maneçilik göstərərək, onlara atalarının dəfn və yas mərasimində iştirak etmələrinə maneə olmuş, onu və iddiaçı olan digər üç bacısını ata evinə buraxmamışdır. Bu səbəbdən onlar bu günədək ümumi mülkiyyətdə olan torpaq payları üzərində sərəncam vermək və valideynlərindən qalan miras kütləsinə daxil olan əmlaklar üzərində vərəsəlik hüquqlarını həyata keçirə bilməmişlər. Cavabdeh bu maneçilikləri müxtəlif mülkiyyət sənədlərini təqdim etməmək, gizlətmək, itirdiyini bildirmək, eləcə də notariat kontoruna müraciət etməməklə, törətmişdir. O və digər iddiaçılar valideynlərindən qalmış miras əmlakların bölüşdürülməsi üçün notariat kontoruna ərizə ilə 2021-ci ilin mart ayında Siyəzən rayon Dövlət Notariat Ofisinə müraciət etsələr də, cavabdeh notariat kontoruna gəlməyərək, habelə mirasa aid müvafiq sənədləri verməməklə, onların vərəsəlik hüquqlarını pozmuşdur. Siyəzən rayon Dövlət Notariat Ofisi müvafiq cavab məktubunda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət etmələrini bildirmişdir. Bununla da, cavabdeh Məşhur Ağamalıyev, tamah, o cümlədən payçılara pul kompensasiyası verilərkən ona daha çox məbləğin düşməsi məqsədilə bu qanunazidd hərəkətlərə əl atmış, onlar da öz növbəsində mülkiyyət hüquqlarının müdafiəsinə qalxaraq, cavabdeh tərəfindən qəsdən yoxa çıxarılmış dövlət aktının əldə edilməsi üçün müvafiq sənədlərin, o cümlədən sənədin itməsi barədə “Respublika” qəzetində elan (20 avqust 2019-cu il tarixli) vermiş, habelə rayon Polis şöbəsindən (22 avqust 2019-cu il tarixli) arayış və digər lazımı sənədləri toplamaq məcburiyyətində qalmışlar. Pay torpaqlarının naturada bölünməsi barəsində onu da bildirir ki, bu torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaq sahələridir. Bundan əlavə, mərhum atasının ölən gününədək sonuncuya, eləcə də mərhum anasına məxsus olan torpaqları atası ilə birgə qardaşı Cavabdeh istifadə etmişdir. Belə ki, o, 1998-ci, bacıları Fərizə 1995ci, Nisə 1997-ci, Nəbibə isə 2005-ci ildə ərə getməklə, həmin vaxtdan ər evində yaşayaraq, ayrıca təsərrüfata malik olmuşlar. Həmçinin, ataları öləndən sonra, o və bacıları atalarının deyil, öz torpaq paylarından ilk dəfə 2021-ci ilin mart ayında yonca biçmiş, həmin vaxtdan torpaqlara nəzarət etməyə başlamış, kənd təsərrüfatı üçün ayrılan subsidiyanı isə cavabdeh Məşhur İsmayılov özü almışdır. Sağlığında atalarına məxsus olmuş QAZ-3110 markalı minik avtomobil, 1 ədəd MTZ-80 markalı traktor, 8 baş inək və 7 baş dana olmaqla, cəmi 15 baş iribuynuzlu heyvan həm valideynləri ölərkən, həm də hazırda qardaşı Məşhur İsmayılovun istifadəsindədir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən digər iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 bacıları İddiaçı3 izahatını təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 2019-cu ilin sentyabr ayından etibarən, yəni ataları İsmayıl Ağamalıyev vəfat etdikdən sonra, sonuncuya, eləcə də mərhum anasına məxsus olan miras əmlakı onunla bacıları olan iddiaçılar arasında mübahisə olduğuna görə istifadə etməmiş, əkibbecərməmişdir. Halbuki, atasının ölən gününədək bu torpaqları sonuncu ilə birgə özü istifadə etmişdir. İddiaçılar isə müxtəlif vaxtlarda, hələ anası və atasının vəfatından uzun müddət əvvəl ərə gedərək, ayrıca təsərrüfata malik olmuşlar. Aqrar İslahat Komissiyasının qərarı ilə əmlak payı olaraq mərhum atasına verilən 1 ədəd MTZ-80 markalı traktor hazırda yaşadığı evin həyətində olmaqla, istifadəyə tamamilə yararsız vəziyyətdədir. Atasından sonra qalmış heyvanlar isə sonuncu öləndən sonra onun sahibliyindədir. QAZ- 31029 markalı minik avtomobili başqa şəxsin, Bakı şəhər sakini X13 mülkiyyətində olmaqla, atası tərəfindən 11 avqust 2014-cü il tarixli etibarnamə əsasında idarə olunsa da, bu avtomobil də hazırda onun istifadəsindədir. Mübahisə predmeti olan digər əmlak, fərdi yaşayış evi üzərində mərhum atası X2 ¾ hissədə, onun isə ¼ hissədə paylı mülkiyyət hüququ 1991-ci il tarixdə qeydiyyata alınmışdır. Əvvəl də qeyd etdiyi kimi bacıları müxtəlif vaxtlarda, yəni İddiaçı3 1998-ci, İddiaçı1 1995-ci, İddiaçı4 1997-ci, İddiaçı2 isə 2005-ci ildə ərə getmiş, həmin vaxtdan etibarən də ər evində yaşamışlar. Mübahisəli fərdi yaşayış evində isə ailə üzvləri ilə birlikdə yaşamaqla, oraya faktiki sahibliyi özü etmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, İdarə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verilməmiş, buna görə də məhkəmə işə Azərbaycan Respublikası MPM-in 185.6cı maddəsinə əsasən cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 06 aprel 2005-ci il tarixdə verilmiş AA seriyalı, 637016 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də reyestrdə 11 avqust 2014-cü il tarixdə 7E-1430 nömrə ilə qeydə alınmış etibarnamənin surətindən görünür ki, sahibi X16 olan “Qaz 31029” minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomaşın 11 avqust 2014-cü il tarixdən 17 yanvar 2023-cü il tarixədək idarə edilməsi üçün X4 etibar edilmişdir. İşdə olan Siyəzən RİHB-nin Həmyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 25 iyun 2021-ci il tarixdə verilmiş 20 nömrəli məktubdan görünür ki, Həmyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2016-cı 2020-ci illər üçün olan təsərrüfatbaşına kitabında Böyük Həmyə kənd sakini olmuş 28 sentyabr 2019-cu il tarixdə vəfat etmiş mərhum X2 adına açılmış 303 nömrəli şəxsi hesabda 01 yanvar 2019-cu il tarixinə 16 baş iribuynuzlu mal-qara qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 05 iyul 2021-ci il tarixdə verilmiş **********13 saylı məktubdan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən ünvan 1i ünvanında yerləşən 0,28 ha həyətyanı torpaq sahəsi üzərində X3 6 nəfər ilə ümumbirgə (ailə üzvləri- X11, İddiaçı2, Cavabdeh, İddiaçı4, X6) mülkiyyət hüququ JN-215F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə 07 noyabr 2011-ci il tarixdə qeydiyyata alınmış və Siyəzən rayonu, Böyük Həmyə kəndi ünvanında yerləşən fərdi yaşayış evi üzərində X8 oğlunun 3/4 hissə, Cavabdeh 1/4 hissə paylı mülkiyyət hüququ keçmiş DTİ və MHQ idarəsinin 98 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi ilə noyabr 1991-ci il tarixdə qeydiyyata alınmışdır, arxiv sənədlərində şəxsin təvəllüdü barədə məlumat olmasa da, elektron baza məlumatlarında şəxsin təvəllüdü 1938-ci il qeyd olunmuşdur. İşdə olan Siyəzən RİHB-nın Həmyə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 18 noyabr 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 605151 nömrəli və 11 fevral 2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 995148 nömrəli ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq X11 30 oktyabr 2013-cü il tarixdə, X5 isə 28 sentyabr 2019-cu il tarixdə ölmüşdür. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 30 sentyabr 2020-ci il tarixli, 2(059)-28/2020 saylı qətnaməsinin surətindən görünür ki, 30 dekabr 1998-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” JN 264 seriyalı, KOD 30502018 nömrəli dövlət aktına əsasən ümumi mülkiyyətə verilmiş Siyəzən rayonunun inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 3,97 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və Cavabdeh hər birinə 1/7 hissədə olmaqla payları müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 26 fevral 2021-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, ünvan 1ində yerləşən 0,5453 ha, 0,36 ha, 0,9683 ha, 0,8491 ha və 1,2498 ha, ümumilikdə 3,9725 ha torpaq sahəsi 1/7 hissədə tərəflərin, həmçinin onların mərhum valideynləri İsmayıl Ağamaliyevin və Durna Ağamaliyevanın adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan Siyəzən rayon Dövlət Notariat Ofisinin 15 mart 2021-ci il tarixli, 130 nömrəli məktubundan görünür ki, mərhumlar X1 və X7 miras qalmış əmlakın bölüşdürülməsi ilə əlaqədar miras şərikləri arasında ixtilaflar olduqda mübahisəyə məhkəmədə baxıldığı izah edilmiş, həmçinin onlara məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsinin 03 sentyabr 2021-ci il tarixli, A-205 saylı mütəxəssis arayışından görünür ki, mübahisə predmeti olan torpaq sahəsinin naturadan alınan koordinatları komeral şəraitdə ƏMDX elektron baza xəritə və ortofoto üzərində dəqiqləşdirdikdən sonra tərəflərin faktiki istifadə etdiyi torpaq sahələri ilə ƏMDX-nin elektron baza məlumatlarındakı xəritələr arasında kəskin fərq yarandığından həmin torpaq sahəsinin mülkiyyətçilər arasında hər birinin payına uyğun olaraq bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Eyni zamanda, mütəxəssis arayışına əsasən tədqiq olunan torpaq sahəsi kiçik ölçülü pay torpaq sahələri olduğundan, payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacaqdır. Bu səbəbdən də, qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan, həmin torpaq sahəsi üzrə bölgü aparılması və torpaq sahəsinin naturada müəyyən olunması mümkün olmamışdır. İşdə olan 29 mart 2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı2 hazırkı tələblə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1159-cu maddəsinin İ hissəsinin İ bəndinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Bu Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243-cü maddəsinin İİ və İİİ hissələrinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qeyd olunan Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Sözügedən Məcəllənin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir. Yəni vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. Qanunun mənasına görə vərəsə tərəfindən miras kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən edilmiş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Mirasın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudovun Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, nonneganti, incumbitprobalion” (sübutetmə yükü 6 təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə, mübahisəni araşdırarkən tələbin hər bir hissəsinə ayrıca, müstəqil qiymət verilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə iclasında verilmiş izahatlar, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 30 sentyabr 2020-ci il tarixli qətnaməsi və iş materiallarındakı sənədlərlə müəyyən edildi ki, Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34/1 saylı qərarı ilə ümumilikdə 3,97 hektar torpaq sahəsi mərhum X3 mülkiyyətinə verilmiş və bu dövlət aktında mərhum arvadı X11, eləcə də tərəflər ailə üzvləri kimi göstərilmişlər. Bundan sonra, miras əmlaka münasibətdə tərəflər arasında yaranmış mübahisə məhkəmə qaydasında həll edilmiş, o cümlədən Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə 30 dekabr 1998-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” JN 264 seriyalı, KOD 30502018 nömrəli dövlət aktına əsasən ümumi mülkiyyətə verilmiş Siyəzən rayonunun inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,5453 ha, 0,36 ha, 0,9683 ha, 0,8491 ha və 1,2498 ha, ümumilikdə 3,97 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və Cavabdeh hər birinə 1/7 hissədə olmaqla, payları müəyyən edilmiş, habelə bu paylar sonuncuların, eləcə də mərhum valideynlərinin adlarına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə, Siyəzən rayonunun inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 3,97 ha torpaq sahəsinin üzərində ümumiliyin iştirakçılarının payları məhkəmə qaydasında müəyyən edilsə də, mübahisəli torpaq sahəsinin payçıları olmalarına baxmayaraq, İsmayıl Ağamaliyev və Durna Ağamaliyeva öldüklərindən onlara məxsus hissə mirasa daxil olmuşdur. Adları çəkilən mərhumlar isə sağlıqlarında onlardan miras qalmış sözügedən torpaq sahəsinə dair vəsiyyətnamə tərtib etməmişlər. Həmçinin, tərəflər miras əmlakın qəbulu ilə bağlı notariat ofisinə mirasın qəbul edilmə müddətini ötürdükdən sonra müraciət etsələr də, aralarında yaranmış ixtilafla əlaqədar əmlaka münasibətdə payları müəyyən edilməmişdir. Bununla belə, burada bir məqama diqqət yetirmək zəruridir. Yəni, mərhumlardan miras qalmış əmlakın miras şərikləri tərəfindən qəbul edilməsi məsələsi araşdırılmalıdır. Bu zaman işin faktiki halları, habelə tədqiq olunmuş mötəbər sübutlara əsasən məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar valideynlərinin öldüyü vaxtı və onların mülkiyyətində mübahisə predmeti olan torpaq sahəsinin olduğunu bilmişlər. Lakin, onlar mirasın açıldığı vaxtdan vərəsə kimi mirasın açıldığı yer üzrə notariat kontoruna mirası kütləsinin (mübahisə predmeti olan torpaq sahəsinin) qəbul edilməsi barədə vaxtında ərizə verməmiş, əmlaka sahiblik etməmiş, əmlakı idarə etməyə faktik başlamış və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirməmişlər. Nəticədə iddiaçılar mülki qanunvericiliyə əsasən mirasın qəbuletmə müddətini ötürmüş və mirasın açıldığı gündən uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Həmçinin, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə mübahisəli torpaq sahəsi üzərində tərəflərin paylarının müəyyən edilməsinə, eləcə də bu payların müvafiq qaydada rəsmiləşdirilməsinə baxmayaraq, bu hal miras əmlakın iddiaçılar tərəfindən faktiki qəbul edilməsinə dəlalət etmir. Bundan əlavə, iddiaçı tərəf öz torpaq paylarında 2021-ci ilin mart ayında yonca biçdiklərini, həmin vaxtdan torpaqlara nəzarət etməyə başladıqlarını, qardaşlarının subsidiya aldıqlarını qeyd etsələr də, bu hal atalarının vəfatından 1 (bir) il 5 (beş) ay sonra baş vermişdir ki, bu da miras əmlakın iddiaçılar tərəfindən vaxtında faktiki qəbul edilməsini istisna edir. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Digər tərəfdən, məhkəmə iddia tələbinin Aqrar İslahat Komissiyasının qərarı ilə əmlak payı olaraq verilən 1 ədəd MTZ-80 markalı traktoruna, 8 baş inək, 7 baş dana olmaqla, cəmi 15 baş iribuynuzlu heyvana və ünvan 1ində yerləşən 1 ədəd fərdi yaşayış evinə münasibətdə qeyd edir ki, bu əmlaklar mövcud olmaqla, yanaşı Cavabdeh atasının ölümündən sonra ondan miras qalmış sözügedən əmlakların onun tərəfindən qəbul etdiyini şəksiz nümayiş etdirmiş, o cümlədən bu əmlaklara sahiblik etməklə, onu idarə, habelə təyinatı üzrə fasiləsiz və etirazsız istifadə etmişdir. Yəni, cavabdeh birinci növbədə vərəsə olaraq atasından miras qalmış sözgüdən əmlakları qəbul etməsini şəksiz nümayiş etdirmiş, habelə ona çatan paydan imtina etməmişdir. Lakin, iddiaçılar mirasın açıldığı vaxtdan vərəsə kimi mirasın açıldığı yer üzrə vərəsəliyə çağırıldıqlarını bildiyi gündən 3 ay ərzində notariat kontoruna mirası kütləsinin (mübahisə predmeti olan traktora, iribuynuzlu heyvana və 1 ədəd fərdi yaşayış evinə dair payların) qəbul edilməsi barədə ərizə verməmiş, əmlaklara sahiblik etməmiş, onları idarə etməyə faktik başlamış və bununla da mərhum valideynlərindən qalmış mirası qəbul etdiklərini şəksiz nümayiş etdirməmişlər. Eyni zamanda, iddiaçılar başqa ünvanlarda yaşamaqla, orada ailələri ilə birgə təsərrüfat idarə etmiş, bu miras əmlaklarla hər hansı bir formada bağlılıqları qalmamış, o cümlədən olmamışdır. Bundan əlavə, sözügedən hal iddiaçıların özləri tərəfindən də etiraf edilmişdir. Bundan başqa, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bu mənada, məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli “Qaz 31029” minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomaşın mərhum İsmayıl Ağamaliyevin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, habelə bu avtomobilin sahibi X16 tərəfindən X4 11 avqust 2014-cü il tarixdə verilmiş etibarnamə sonuncuya Əli Babayevi mübahisəli avtomaşınla bağlı təmsil etməyə səlahiyyət verdiyindən mülki qanunvericiliyin tələblərinə əsasən o, mübahisəli nəqliyyat vasitəsinə hər hansı bir formada əmlak hüquqları əldə edə bilməzdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçıların bu avtomobilin dəyərinin paylara bölünməsini tələb etməklə bağlı hüquqi səlahiyyətə (hüquqi ixtiyara) malik olmamış və öz hərəkətlərini əsaslandıran sübuta malik deyildir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki qanunvericiliyin qeyd edilən normaları rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlərin tətbiq edilməsini nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması” qaydalarının 1.1-ci bəndinə əsasən bu qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində mülkiyyət formasından asılı olmayaraq daşınar əmlakın rəsmi reyestrlərinin (bundan sonra-reyestrlər) tərkibini, onların tərtib edilməsi və aparılmasının ümumi qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” siyahısına əsasən hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modeli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən rəsmi reyestrlərdə qeydiyyata alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan əlavə, məhkəmə iddia tələbinin “müvafiq olaraq tərəflərin bu mülkiyyətdəki mövcud torpaq paylarına əlavə edilib hər kəsin cəmləşdirilmiş torpaq paylarının naturada ayrılması” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi iddia tələbinin ümumilikdə 3,97 hektar torpaq sahəsi barədə təmin edilməmiş hissəsi ilə əlaqəli olmaqla, yanaşı torpaq sahəsinin üzərində tərəflərin bərabər payları müəyyən edilsə belə, torpaq sahəsini onların payına mütənasib olaraq naturada ayırmaqla, tərəflərə verilməsi qeyrimümkündür. Belə ki, mütəxəssis arayışına əsasən ümumi mülkiyyətə verilmiş Siyəzən rayonunun inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 3,97 ha torpaq sahəsinin mülkiyyətçilər arasında hər birinin payına uyğun olaraq bölünməsinin mümkün olmadığı müəyyən edilmiş, eyni zamanda torpaq sahəsi kiçik ölçülü pay torpaq sahəsi olduğundan, payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacağından, qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan, həmin torpaq sahəsi üzrə bölgü aparılmasının və torpaq sahəsinin naturada müəyyən olunmasının mümkün olmaması qeyd edilmişdir. Bu halda isə torpaq sahəsinin naturada ayrılması, habelə iddia tələbinin bu hissədə də təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “miras kütləsinə daxil olan əmlakların bölünməsi, bölünmüş ümumi mülkiyyətdə olan miras qoyanların torpaq payları, müvafiq olaraq tərəflərin bu mülkiyyətdəki mövcud torpaq paylarına əlavə edilib hər kəsin cəmləşdirilmiş torpaq paylarının naturada ayrılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən tələb üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı2 özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “miras kütləsinə daxil olan əmlakların bölünməsi, bölünmüş ümumi mülkiyyətdə olan miras qoyanların torpaq payları, müvafiq olaraq tərəflərin bu mülkiyyətdəki mövcud torpaq paylarına əlavə edilib hər kəsin cəmləşdirilmiş torpaq paylarının naturada ayrılması” tələbinə dair iddiasıəsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-232/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-232/2021
15.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver