Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-24/2021 15.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “payların naturada ayrılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “payların naturada ayrılması, bu mümkün olmadığı təqdirdə, payın dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi paylı mülkiyyətdə olan Siyəzən şəhəri Xətai küçəsində yerləşən evin və torpağın ona düşən payının naturada bölünməsi mümkün olmadığı təqdirdə, onun payının dəyəri müəyyən edilməklə, digər mülkiyyətçi cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(059)-24/2021 qətnaməsi ilə iddia qismən təmin edilməklə, tərəflərin bərabər paylarla, ümumi paylı mülkiyyətində olan, qiyməti 2500 manat təşkil edən Siyəzən şəhəri, Xətai küçəsində yerləşən, əvvəllər Cavabdeh adına sənədləşdirilmiş 0,05 ha torpaq sahəsindəki ½ hissə payının dəyəri, yəni 1250 (bir min iki yüz əlli) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edildiyi halda, eyni tarixli qərardadla tələbin “payların naturada ayrılması” hissəsi üzrə icraata xitam verilmişdir. Bundan sonra, İddiaçı Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərardadından verdiyi apelyasiya şikayəti əsasında mülki iş bu məhkəmənin 02 mart 2021-ci il tarixli qərardadı əsasında baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2(105)-1418/2021 saylı qərardadı ilə Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 02 mart 2021-ci il tarixli qərardadları ləğv edilməklə, İddiaçı Cavabdeh qarşı “payların uyğun olaraq naturada ayrılması, bu mümkün olmadığı təqdirdə, payın dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi” tələbinə dair iddiasının “payların uyğun olaraq naturada ayrılması” hissəsi üzrə yenidən baxılması üçün mülki iş bu məhkəməyə qaytarılmışdır. Həmçinin, qərardadda göstərilmişdir ki, iş materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(059)-110/2018 saylı qətnaməsi ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin və üzərindəki tikilidəki payının naturada bölgüsünün həyata keçrilməsi, himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olması nəzərə alınmaqla, torpaq sahəsinin naturada bölgüsü həyata keçirilərkən torpaq sahəsinin üzərində birgə nikah dövründə inşa edilmiş evin 3/4 hissəsi üzərində payın tanınması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən olur ki, həmin vaxt İddiaçı Cavabdeh qarşı iddia tələbinin əsasını “torpaq sahəsinin və üzərindəki tikilidəki payının naturada bölgüsünün həyata keçrilməsi, himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olması nəzərə alınmaqla, torpaq sahəsinin naturada bölgüsü həyata keçirilərkən torpaq sahəsinin üzərində birgə nikah dövründə inşa edilmiş evin 3/4 hissəsi üzərində payın tanınması” təşkil etdiyi halda, hazırkı iddia tələbinin əsasını “payların uyğun olaraq naturada ayrılması, bu mümkün olmadığı təqdirdə, payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi” təşkil edir. Göründüyü kimi iddia tələbləri eyni tərəflər arasında və eyni predmet üzrə mübahisə olduğu halda, hər iki iş üzrə mülki mübahisənin tələb və əsası ayrı-ayrı olub, eynilik təşkil etmir. Belə olduğu halda hazırkı iddia tələbi Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə iclasında iştirak edən İddiaçı əvvəlki məhkəmə iclasında verdiyi izahatını müdafiə etməklə, yanaşı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasına dair 02 avqust 2021-ci il tarixli, 10/2729 nömrəli rəyi ilə razı olmadığını, habelə, “payların naturada ayrılması” barədə tələbinin təmin olunması barədə əlavə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh əvvəlki məhkəmə iclasında verdiyi izahatını müdafiə etməklə, yanaşı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasına dair 02 avqust 2021-ci il tarixli, 10/2729 nömrəli rəyi ilə razı olduğunu, habelə, iddiaçının “payların naturada ayrılması” barədə tələbinin təmin olunmaması barədə əlavə qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və etməmə səbəbləri haqqında məlumat verməmiş, habelə, məhkəmə iclasın üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən işə üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə işin mahiyyəti üzrə həlli baxımından mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından 24 may 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasına dair 02 avqust 2021-ci il tarixli, 10/2729 nömrəli rəyindən görünür ki, Siyəzən şəhəri, Xətai küçəsində yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin ½ hissədə naturada bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Müəyyən olunmuşdur ki, Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(059)-24/2021 saylı qətnaməsində tərəflərin bərabər paylarla, ümumi paylı mülkiyyətində olan, qiyməti 2500 manat təşkil edən Siyəzən şəhəri, Xətai küçəsində yerləşən, əvvəllər Cavabdeh adına sənədləşdirilmiş 0,05 ha torpaq sahəsindəki ½ hissə payının dəyərinin, yəni 1250 (bir min iki yüz əlli) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi müəyyən edilsə də, ümumi paylı mülkiyyətdə olan Siyəzən şəhəri Xətai küçəsində yerləşən evin və torpağın iddiaçıya düşən payının naturada bölünməsi tələbi məhkəmə iclasında mahiyyəti üzrə araşdırılmış, lakin, tələbin qeyd olunan hissəsi ilə bağlı tərəflərin izahatı alınmışdır. Buna baxmayaraq, qətnamə çıxarılarkən qətnamədə həmin tələbə hüquqi qiymət verilməmişdir. Həmçinin, məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evinin faktiki vəziyyəti, ora yalnız bir giriş-çıxış yolunun olduğu və tərkibində olan kommunal xidmətli sahələrin (mətbəx, dəhliz, hamam, ayaqyolu və s.) yeganə olduğu nəzərə almaqla, tədqiq olunan fərdi yaşayış evinin naturada ½ hissədə bölünməsinin, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9-cu bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı aşkar edilmişdir. Bundan əlavə, torpaq sahələrinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı, tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Mübahisəli həyətyanı torpaq sahəsinin yalnız bir tərəfdən küçə ilə əhatə olunduğu və həmin torpaq sahəsində tikililərin mövcud olduğu nəzərə alınaraq mübahisə predmeti olan torpaq sahəsinin də ½ hissədə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Bunları iş materiallarına əlavə edilmiş ekspert rəyi də təsdiq edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu Məcəllənin 229-cu maddəsinin İ hissəsinin İ bəndinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə çıxara bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 15-ci bəndinin İ, İİ və İİİ bəndlərinə əsasən əlavə qətnamənin çıxarılmasına yalnız Azərbaycan Respublikası MPMnin 229-cu maddəsində müəyyən edilmiş hallarda yol verilir. Bu halların siyahısı qətidir və genişləndirilə bilməz. Qeyd etmək lazımdır ki, əlavə qətnamənin çıxarılması barədə məsələyə əsas qətnamə qanuni qüvvəyə minənə kimi baxıla bilər. Məhkəmə baxışında müəyyən edilməmiş hallar barədə əlavə qətnamənin çıxarılmasına yol verilmir. Əlavə qətnamənin çıxarılması mülki mühakimə icraatının ümumi qaydalarına əsasən həyata keçirilir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “payların naturada ayrılması” tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(059)-24/2021 saylı qətnaməsi ilə müəyyən edildiyindən qeyd edilən bu hal dövlət rüsumuna münasibətdə nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Eyni zamanda, məhkəmə belə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 229, 315, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı Cavabdeh qarşı “payların naturada ayrılması” tələbi əsassız olduğundan təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Əlavə qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Əlavə qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-24/2021
Siyəzən Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(059)-24/2021
15.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver