Məhkəmə qərarları › İş №2(059)-240/2023

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-240/2023

10.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-240/2023 10.03.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin sərhədlərinin müəyyən olunması, qanunsuz müdaxilənin qadağan edilməsi və dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin sərhədlərinin müəyyən olunması, qanunsuz müdaxilənin qadağan edilməsi və dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fermer təsərrüfatı ilə məşğul olmaq üçün 05 sentyabr 2022-ci il tarixdə Siyəzən rayonu Beşdam bələdiyyəsi ilə arasında bağlanmış icarə müqaviləsi əsasında Beşdam inzibati ərazisində onun icarəsinə verilmiş 150 ha otlaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, cavabdehin həmin otlaq sahəsinə qanunsuz müdaxiləsinin qadağan olunması, sonuncudan 20000 manat məbləğində dəymiş zərərin əvəzinin və ödənilmiş 150 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddiaçı hazırda digər iddia tələbi ilə yanaşı, inzibati icraat qaydasında baxılmalı olan fermer təsərrüfatı ilə məşğul olmaq üçün 05 sentyabr 2022-ci il tarixdə Siyəzən rayonunun Beşdam bələdiyyəsi ilə arasında bağlanmış icarə müqaviləsi əsasında Beşdam inzibati ərazisində onun icarəsinə verilmiş 150 ha otlaq sahəsinin sərhədlərinin müəyyən edilməsini tələb etməklə, inzibati orqanın, yəni Siyəzən rayonu Beşdam bələdiyyəsinin hərəkətsizliyindən müdafiəyə, o cümlədən inzibati orqanın üzərinə inzibati qaydada öhdəliyin qoyulmasına dair tələb irəli sürsə də, cavabdehlər siyahısında müvafiq bələdiyyəni cavabdeh kimi göstərməmiş, həmçinin digər Cavabdeh adı, soyadı, ata adı göstərilsə də, sonuncunun, eləcə də iddiaçının şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, özünün və cavabdehin yaşayış yerinin (rəsmi qeydə alındığı ünvanı) ünvanı lazımi qaydada qeyd edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə əsasən tərəflər işdə iştirak edən şəxslərdir. Bu Məcəllənin 50.1-ci maddəsinə əsasən isə tərəflər dedikdə, iddiaçı və cavabdeh nəzərdə tutulur. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Bundan əlavə, iş materialları nəzərdən keçirilərkən hazırkı iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumunun 250 manat olmasına baxmayaraq, 150 manat ödənildiyi aşkar edilmişdir. Yəni, iddiaçı dəymiş zərərə görə 150 manat dövlət rüsumu ödəsə də, icarəsində olan torpaq sahəsi ilə bağlı tələbinə görə əlavə 100 manat dövlət rüsumu ödəməmişdir. Halbuki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.3-ci maddəsində iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizinin ödənilməsi nəzərdə tutulur. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.6-cı maddəsində fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edildikdə 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra torpaq sahəsinə qanunsuz müdaxiləsinin qadağan olunması və dəymiş maddi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar iddia icraatı qaydasında ümumi əsaslarla yenidən ümumi, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi üçün isə inzibati icraat qaydasında aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin sərhədlərinin müəyyən olunması, qanunsuz müdaxilənin qadağan edilməsi və dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu ilə birgə icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar