Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-26/2022 17.01.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən evin tikintisinə sərf etdiyi 10985 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, 1990-cı ildə bünövrəsi qoyulmuş mübahisə predmeti olan bir mərtəbəli, səkili evin ölçüsü 160 kv.m olan divarlarını böyük qardaşı Soltanla birgə hörsələr də, (Soltan evin bünövrəsini qoymuş, o isə qardaşının yanında fəhləlik etmişdir) maddi imkansızlıq səbəbindən bu işi dayandırmışlar. Sonradan, yəni 2006-cı ildə qardaşı Soltan ailəsi ilə birgə Siyəzən şəhəri, Gənclik qəsəbəsində özünə fərdi yaşayış evi tikərək həmin evə köçmüş, 2008-ci ilin yanvar ayında isə o, X2 ilə evlənməklə, ünvan 1 ünvanda olan yarımçıq tikilinin bir otağını yaşayış üçün düzəldərək ailəsi ilə birgə ora köçmüş, habelə həmin tarixdən hazırkı vaxtadək qeyd olunan ünvanda yaşamağa başlamışdır. Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 27 fevral 2013-cü il tarixli qətnaməsinə əsasən o, mübahisə predmeti olan evi ailə üzvləri ilə birlikdə boşaldaraq bacısı Cavabdeh2 təhvil verməli idi. Halbuki, hazırkı iş üzrə cavabdehlər olan bacısı Tərgül və anası Ədilə mübahisəli evin onun vəsaiti hesabına tikilməsini bilmişlər. Hətta, anası Cavabdeh1 hər zaman bu evin ona məxsus olduğunu qeyd etsə də, sonradan bu evi hazırkı iş üzrə cavabdeh olan bacısı Tərgülə bağışlamışdır. Sözügedən qətnamə qəbul edildikdən sonra, o, xəstəliyi ilə əlaqədar yuxarı instansiya məhkəmələrinə şikayət edə bilməmişdir. Bundan əlavə, anasına məxsus torpaq sahəsində ev tiksə də, ünvan 3 ünvanında qeydiyyatda olduğu üçün tikdiyi evi öz adına özəlləşdirmək imkanı olmamışdır. Bundan başqa, yuxarıda qeyd etdiyi qətnamə qüvvəyə mindikdən sonra cavabdehlər onu aldadaraq sonradan bağışlama yolu ilə mübahisəli evin onun adına keçiriləcəyini bildirmişlər. Buna sübut kimi, 2013-cü ildən 2020-ci ilədək sözügedən evdə yaşamasını göstərə bilər. Cavabdehlər isə verdikləri sözə əməl etməmişlər. Belə ki, 18 noyabr 2020-ci il tarixdə bacısı Cavabdeh2, 27 fevral 2013-cü il tarixli işin icraya yönəldilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, o da öz növbəsində hazırda yaşadığı evin tikintisinə xərclədiyi vəsaiti cavabdehlərdən tələb etməkdən ötrü məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edir ki, bir mərtəbəli, üç otaqdan ibarət olan bu evin uzunluğu 9, eni 4,5 metr olan 1 otağını özü təmir etdirmiş, həmçinin, bu otağın dam örtüyü və evin həyətinin hasarı onun öz vəsaiti hesabına tikilmişdir. Ümumilikdə, bu evə 70 kisə sementə görə 455 manat, 50 ədəd stropilə görə 400 manat, 200 metr taxtaya görə 100 manat, 1000 ədəd kubikə görə 500 manat, 3 ədəd pəncərəyə görə 450 manat, 2 ədəd qapıya görə 250 manat, 1 maşın suvaq qumuna görə 100 manat, 1 maşın çınqıla görə 100 manat, 10x7 m ölçüləri olan dikin alınmasına görə 70 manat, 1 kub metr dəmir dam örtüyü altının qoyulmasına görə 100 manat, telefon çəkilişinə və 1 il yarım ödənişə görə 260 manat, 1 ədəd unitaza görə 150 manat, hamam, tualet və pilləkən tikintisinə görə 400 manat, hasarın tikintisi üçün bankdan götürülmüş 650 manat pul, usta haqqı 5300 manat və fəhlənin zəhmət haqqı 1700 manat olmaqla, ümumilikdə 10985 manat pul sərf edilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbi əsassızdır. Belə ki, mübahisə predmetini təşkil edən Siyəzən şəhəri, Ə.Cabbarov küçəsində yerləşən 35 nömrəli fərdi yaşayış evi 27 oktyabr 2012-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. O, qardaşı, İddiaçı ailəsi ilə birlikdə mübahisəli evdə yaşamağa icazə vermiş, eyni zamanda sonuncu ilə aralarındakı razılaşmaya əsasən, o, qardaşından kirayə haqqı istəməmiş, iddiaçı isə bunun müqabilində ona verəcəyi kirayə haqqı ilə mübahisəli evi təmir-bərpa etməli olmuşdur. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini ona münasibətdə qəbul etməyərək izahatında göstərdi ki, oğlu, İddiaçı sözügedən evin həyət hasarını tikdirmiş, həmçinin bu evin uzunluğu 9 metr, eni isə 4,5 metr olan 1 otağını təmir etdirməklə, bu otağın dam örtüyünü də öz vəsaiti hesabına quraşdırmışdır. Lakin, hasarın tikintisinə iddiaçı tərəfindən bankdan kredit götürülərək xərclənmiş 650 manat kreditin 66 manatını o, öz pensiyasından ödəmişdir. Bundan başqa, iddiaçının mübahisəli evdə qeyd etdiyi tikinti və təmir işlərini aparmasına baxmayaraq, sonuncu uzun müddət olar, qızı Cavabdeh2 məxsus olan evdə yaşamış, bunun müqabilində evin mülkiyyətçisinə hər hansı məbləğdə pul ödəməmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, keçmiş Dəvəçi rayonu Dövlət Arxivi tərəfindən 25 may 2007-ci il tarixdə verilmiş 85 nömrəli arxiv çıxarışından görünür ki, Siyəzən şəhər XDS icraiyyə komitəsinin 17 avqust 1990-cı il tarixli, 9 nömrəli qərarına əsasən Siyəzən şəhər sovetində ehtiyatda olan həyətyanı fonddan fərdi mənzil tikintisinə ehtiyacı olan və Siyəzən şəhər soveti üzrə növbədə olan X4 0,05 ha torpaq sahəsinin verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən 27 oktyabr 2012-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, eləcə də həmin evin texniki pasportunun surətlərindən görünür ki, ünvan 4 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinin üzərindəki 97,2 kv.m sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına həmin tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində **********33-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 27 fevral 2013-cü il tarixli, 2(059)-60/2013 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı, X1 ailə üzvləri ilə birlikdə özünün və ailə üzvlərinin qeydiyyatda olmadığı, Azərbaycan Respublikası DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışla Cavabdeh2 mülkiyyətində olan Siyəzən şəhəri, Ə.Cabbarov küçəsində yerləşən 35 saylı mənzildən çıxarılmaları qət edilmişdir. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 12 iyun 2013-cü il tarixli, 2(059)-143/2013 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 147 saylı evin 6-cı mənzilinə istifadə hüququ tanınmaqla, onun ailə üzvləri, arvadı X3 və 15 dekabr 2011-ci il təvəllüdlü oğlu X7 ilə birlikdə bu mənzilə köçürülmələri qət edilmişdir. İşdə olan “X8” MMC-nin 06 oktyabr 2021-ci il tarixli, 444 nömrəli məhkəmə mühəndis-tikinti və əmtəəşünaslıq ekspertizasına dair qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Siyəzən şəhərinin Ə.Cabbarov küçəsindəki 35 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin ölçüləri 9x4,5m olan 1 otağının təmirinə və dam örtüyünün qoyulmasına, eləcə də bu evin həyətyanı hasarının tikintisinə çəkilən xərcin (təmir işləri zamanı istifadə edilən malmaterialın təmir zamanına orta bazar dəyəri və görüləcək işlərə görə usta xərci nəzərə alınmaqla) dəyəri 6489 manat təşkil edir. Eyni zamanda, Cavabdeh2 mülkiyyətində olan sözügedən fərdi yaşayış evinin ölçüləri 9x4,5m olan 1 otağının təmirinə və dam örtüyünün qoyulmasına, eləcə də bu evin həyətyanı hasarının tikintisinə çəkilən xərclə yanaşı həyətyanı sahədə cavabdeh tərəfindən inşa edilmiş köməkçi (hamam və pilləkən) tikiliyə də çəkilmiş xərc qiymətləndirilmiş, habelə bu xərc 1300 manat miqdarında hesablanmışdır. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmiş, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza (müstəqil qiymətləndirici) tədqiqatının dəyəri isə 300 (üç yüz) manat təşkil etmişdir. Beləliklə, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edildi ki, İddiaçı 2008-ci ilin yanvar ayında Gülbahar Rzaquliyeva ilə evlənmiş, habelə həmin ərəfədə ailə üzvləri ilə mübahisələri yarandığına görə 1977-ci ildən 2010-cu ilədək yaşamış olduğu Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 147 saylı evin 6-cı mənzili tərk etmiş, o cümlədən 2010-cu ildən bacısı Cavabdeh2 razılığı ilə ünvan 4 ünvana köçmüş və orada yaşamağa başlamışdır. Bundan sonra, tərəflər arasında yaranmış başqa mübahisə nəticəsində, habelə Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 27 fevral 2013-cü il tarixli qətnaməsi əsasında İddiaçı və onun ailə üzvlərinin Cavabdeh2 mülkiyyətində olan Siyəzən şəhəri, Ə.Cabbarov küçəsində yerləşən 35 saylı mənzildən çıxarılmaları qət edilmişdir. Bundan sonra, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 12 iyun 2013-cü il tarixli qətnaməsi əsasında İddiaçı Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 147 saylı evin 6-cı mənzilinə istifadə hüququ tanınmaqla, onun ailə üzvləri, arvadı X3 və 15 dekabr 2011-ci il təvəllüdlü oğlu X7 ilə birlikdə bu mənzilə köçürülmələri qət edilmişdir. Məhkəmə qətnamələrinin qanuni qüvvədə olmasına, habelə icraya yönəldilmələrinə baxmayaraq, İddiaçı və onun ailə üzvlərinin ünvan 4 fərdi yaşayış evində 2010-cu ildən yaşayaraq oradan hazırkı vaxtadək fasiləsiz və etirazsız istifadə etməsi işin materialları, o cümlədən tərəflərin izahatları ilə tam təsdiq olunur. Bundan əlavə, İddiaçı mübahisə predmeti olmaqla, Siyəzən şəhərinin Ə.Cabbarov küçəsində yerləşən 35 saylı fərdi yaşayış evinin bünövrəsini 1990-cı ildə böyük qardaşı Soltanın qoyduğunu, sonuncu ilə evin divarlarını birgə hördüklərini qeyd etsə də, o, bunu təsdiq edəcək mötəbər sübut və ya sənədi məhkəməyə təqdim edə bilməmiş, habelə təqdim olunmuş mötəbər sübutlarla bu hal təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinin İ hissəsinin İİİ, İV və Vİİ bəndlərinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. İşin faktiki hallarından, o cümlədən tədqiq olunmuş mötəbər sübutlardan da göründüyü kimi 2010-cu ildə bacısı Cavabdeh2 razılığı əsasında sonuncuya mülkiyyət hüququ ilə məxsus olan ünvan 4 fərdi yaşayış evinə köçmüş iddiaçı tərəf oradakı yaşayış şəraitini yaxşılaşdırmaq üçün öz iradəsindən sərbəst şəkildə istifadə etməklə, mülkiyyətçinin hüquqlarını çətinləşdirməmək şərti ilə sərbəst surətdə, gələcəkdə uzun müddət istifadə edə bilmələri üçün mübahisəli ünvanda bəzək-tamamlama, təmir işləri aparmış, bu zaman kiminsə təsirinə məruz qalmamış, öz sərbəst iradəsini ifadə etməklə, istəyini icra etmişdir. Hazırda tərəflər arasında mübahisə olduğundan iddiaçı tikinti-təmir zamanı çəkmiş olduğu xərclərin əvəzini tələb edir. Lakin, qeyd olunan hal birgəyaşayış qaydalarına zidd olmaqla, mülki qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Bundan əlavə, Cavabdeh2 Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 27 fevral 2013-cü il tarixli qətnaməsi əsasında İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Siyəzən şəhəri, Ə.Cabbarov küçəsində yerləşən 35 saylı fərdi yaşayış evindən çıxarılmalarına nail olmasına, habelə sonuncuların məhkəmənin digər qanuni qüvvəsini almış 12 iyun 2013-cü il tarixli qətnaməsi əsasında Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 147 saylı evin 6-cı mənzilinə köçürülmələrini bilməsinə baxmayaraq, hər hansı bir qeydşərt bildirmədən onların uzun müddət normal yaşayış sahəsi ilə təmin olunması üçün şərait yaratmış, habelə iddiaçının ailə üzvləri ilə birgə 2010-cu ildən hazırkı vaxtadək mübahisəli evdən istifadə etməsinin əvəzində hər hansı təmənna güdməməklə, humanistlik nümayiş etdirmiş, onları yaşayış sahəsinə olan ehtiyaclarını on ildən arıq müddətə qarşılamışdır. Belə olan halda, hətta, bu və ya digər şəkildə iddiaçı tərəfindən mübahisəli evə müəyyən məbləğdə xərcin çəkilməsi təsdiq olunsa belə, bu xərcin iddiaçının xeyrinə Cavabdeh2 tutulması sonuncunun əmlak müstəqilliyinə, mülkiyyət toxunulmazlığına və mülkiyyətindən maneəsiz istifadə etməsinə xələl gətirməklə, nəhayət mülki qanunvericiliyin prinsiplərinin tənasübsüz pozulması, eləcə də ədalətin təməlinin sarsılması ilə nəticələnəcəkdir. İddia tələbinin digər Cavabdeh1 aid hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, sonuncunun iddiaçının təmir-tikinti işləri apardığını iddia etdiyi mübahisə predmeti olan evlə hər hansı bir hüquqi bağlılığı (mülkiyyətində) olmadığına və o, bu iddiaya münasibətdə cavab verməli şəxs sayılmadığına görə tələb ona aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qeyd olunan Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qiymətləndiricinin rəyinə qiymət verərək hesab edir ki, bu rəy işin faktiki hallarına münasibətdə mühüm sübut kimi əhəmiyyət kəsb etməməklə, istifadə zəruriliyini itirdiyindən onun əsaslı hesab edilməsi və mötəbər sübut kimi qəbul edilməsi istisna edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilməli, eyni zamanda, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza (müstəqil qiymətləndirici) tədqiqatının dəyəri 300 (üç yüz) manat iddiaçıdan tutularaq "xxxx" MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sahil filialındakı hesablaşma hesabına ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza (müstəqil qiymətləndirici) tədqiqatının dəyəri 300 (üç yüz) manat İddiaçı tutularaq "xxxx" MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sahil filialındakı (kod-201218, VÖEN(bank) **********, m/hAZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ64AİİB400900C**********208) hesablaşma hesabına keçirilsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-26/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-26/2022
17.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver