Məhkəmə qərarları › İş №2(059)-32/2022

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-32/2022

18.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-32/2022 18.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, cavabdeh X1 iştirakı ilə İddiaçı cavabdeh X2 qarşı “əmlak” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1100 manat dəyərində yataq mebel dəstinin, cəmi 200 manat dəyərində 2 ədəd xalçanın, 500 manat dəyərində “Nord” markalı soyuducunun, 400 manat dəyərində yemək servisinin, 100 manat dəyərində tozsoranın, 50 manat dəyərində ütü taxtasının, 200 manat dəyərində qaşıq dəstinin (sandıq), 80 manat dəyərində 2 ədəd böyük güldanın, 40 manat dəyərində televizor altı şkafın, 500 manat dəyərində paltaryuyan maşının, 80 manat dəyərində 2 ədəd büllur meyvə qabının və 200 manat dəyərində tefal qazan dəstinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qərardadına əsasən hazırkı mülki iş üzrə Cavabdeh öldüyünə və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdiyinə görə onun hüquq varisi müəyyən edilənədək mülki iş üzrə icraat dayandırılmışdır Bundan sonra, Cavabdeh vərəsəsi X3 tərəfindən Siyəzən Rayon Dövlət Notariat Ofisinin 21 dekabr 2021-ci il tarixli məktubu məhkəməyə təqdim edilmişdir. Cavabdeh miras qalmış əmlaka dair 07 iyul 2021-ci il tarixdə vərəsəlik işi açılmış, vəsiyyət üzrə vərəsəsi kimi Bəsti Mustafayeva tanındığına görə, məhkəmənin 06 yanvar 2022-ci il tarixli qərardadına əsasən mülki iş üzrə icraat təzələnmişdir. Həmçinin, 21 fevral 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında X3 Azərbaycan Respublikasının MPM-nin 58.1-ci maddəsinin tələbləri qaydasında Cavabdeh hüquqi varisi qismində işə cəlb edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. İşin məhkəmə baxış iclası əvvəl 28 mart 2022-ci il tarixə, saat 15:30-a, sonuncu dəfə isə 18 aprel 2022-ci il tarixə, saat 16:00-a təyin edilmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Eyni zamanda, sonuncu məhkəmə iclasında iştirak edən cavabdeh X3 iddiaçı tərəf məhkəmədə iştirak etmədiyinə görə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı məhkəmədə iştirak etmədiyindən, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiyindən, həmçinin cavabdeh X3 işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X2 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.7-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar