Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-338/2023 28.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Bəylər Ramiz oğlu Ələkbərov, İddiaçı ərizəsini nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası vətəndaşlığından çıxarılaraq, X1 təxliyə edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizədən görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığından çıxarılması ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanına-Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etməmişdir. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanun”un 17-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli, 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə"nin 3-cü bəndinə əsasən, vətəndaşlığa qəbul və ya bərpa olunmaq, vətəndaşlıqdan çıxma barədə vəsatət qaldıran şəxsin təqdim etdiyi sənədləri icraata qəbul edən Dövlət Miqrasiya Xidməti təqdim olunmuş sənədləri rəy verilmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir. Həmin Əsasnamənin 19-cu bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketlə Dövlət Miqrasiya Xidmətinə və ya Xarici İşlər Nazirliyinə müraciət edir. Bu Əsasnamənin 20-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketi Azərbaycan Respublikası ərazisində yaşayan vətəndaşlar Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan vətəndaşlar isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə təqdim edirlər. Göründüyü kimi, şəxs Azərbaycan Respublikası vətəndaşlığından çıxarılması üçün məhkəməyə deyil, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələbinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi iddiaçı mahiyyəti etibarilə məcburetmə haqqında iddia irəli sürmüşdür. Göstərilən Məcəllənin 2.2.2-ci maddəsinin tələbinə əsasən həmin öhdəliyin cavabdehin üzərinə qoyulması inzibati məhkəmə icraatı qaydasında mümkündür. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabineti “İnzibati orqanların Təsnifat”nın təsdiq edilməsi haqqında 136 saylı qərarının 38-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti inzibati orqan hesab edilmişdir. Bununla da, hesab edirəm ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina edilməli və ərizə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Eyni zamanda iddiaçı tərəfə izah olunmalıdır ki, qeyd olunan tələblə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə, həmin orqan imtina etdikdə isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin inzibati məhkəməsinə aidiyyəti üzrə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı ərizəsinin qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina edilsin və ərizə iddiaçıya geri qaytarılsın. İddiaçıya qeyd olunan tələblə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə, həmin orqan imtina etdikdə isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq, inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin inzibati məhkəməsinə aidiyyəti üzrə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-338/2023
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-338/2023
28.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver