Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-359/2024 08.07.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı, eləcə də digər iddiaçıların nümayəndəsi İddiaçı1 iştirakı ilə iddiaçılar İddiaçı1, Cəfərova (Əmirquliyeva) Türanə Elşən qızının və Binyətova (Əmirquliyeva) Vüsalə Elşən qızının Cavabdeh qarşı “payların müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, Cəfərova (Əmirquliyeva) Türanə Elşən qızı və Binyətova (Əmirquliyeva) Vüsalə Elşən qızı Cavabdeh qarşı “payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2380A nömrəli, 30501004 kodlu şəhadətnaməyə əsasən birgə mülkiyyətə verilmiş 0,03 ha həyətyanı torpaq sahəsindən 1/6 hissədə, 50 kv.m ölçüdə İddiaçı1, 1/6 hissədə, 50 kv.m ölçüdə İddiaçı2 və 1/6 hissədə, 50 kv.m ölçüdə İddiaçı3, vərəsəlik qaydasında isə 1/9 hissədə, 33,3 kv.m ölçüdə Cavabdeh və üçüncü şəxs X11, 1/6 payı da nəzərə alınmaqla 5/18 hissədə, 83,3 kv.m ölçüdə mərhum X12 paylarının müəyyən olunması, eyni zamanda mərhum X12 83,3 kv.m ölçüdə olan 5/18 payının vərəsələri, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 arasında bölünərək, sonuncuların 1/6 hissədə payları, 5/54 hissədə isə vərəsəlik payları nəzərə alınmaqla, 21/81 hissədə, 77,8 kv.m ölçüdə hər birinin payının təsbit edilməsi, yekun olaraq, sözügedən torpaq sahəsindən 1/9 hissədə, 33,3 kv.m ölçüdə Cavabdeh, 1/9 hissədə, 33,3 kv.m ölçüdə X11, 21/81 hissədə, 77,8 kv.m ölçüdə İddiaçı1, 21/81 hissədə, 77,8 kv.m ölçüdə İddiaçı2 və 21/81 hissədə, 77,8 kv.m ölçüdə isə İddiaçı3 paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, hazırda cavabdehə məxsus iki fərdi yaşayış evinin, üçüncü şəxsə məxsus bir fərdi yaşayış evinin və iddiaçıya məxsus bir otaqlı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi X1 istifadəsində olmuşdur. X1 istifadəsində olmuş bu torpaq sahəsi hələ onun sağlığında şərti olaraq üç qardaş arasında, o cümlədən X21 ilə birlikdə yaşayan kiçik oğlu mərhum X15 419 kv.m, üçüncü şəxs X16 253,6 kv.m və Cavabdeh 227,8 kv.m ölçülərdə olmaqla, bölünmüş, torpaq payları müəyyən olunmuşdur. Lakin, mərhum Elşən Əmirquliyevin 419 kv.m torpaq sahəsinin 119 kv.m hissəsi cavabdeh tərəfindən zəbt edildiyindən torpağın mülkiyyətə verilməsinə dair müvafiq şəhadətnaməyə əsasən həyətyanı torpaq sahəsi 0.03 ha, yəni 300 kv.m ölçüsündə qeyd edilmişdir. Bununla belə, cavabdeh hazırda bu torpaq sahəsini bütünlüklə valideynlərindən miras qalan torpaq sahəsi hesab edərək, tam ölçüdə torpaq sahəsini iddia edir. Lakin, sözügedən şəhadətnamə ilə mübahisəli torpaq sahəsi mərhumlar X13, X4, X12, iddiaçılar İddiaçı1, X6, X7 ümumbirgə mülkiyyətinə verilmiş, həmçinin onların hər birinin bu torpaq sahəsi üzrə 1/6 hissədə torpaq payları vardır. Birgə mülkiyyətçilərdən Qasım Əmirquliyev 09 avqust 2014-cü il tarixdə, Mənsurə Əmirquliyeva 24 may 2010-cü il tarixdə, Elşən Əmirquliyev isə 20 sentyabr 2021-ci il tarixdə ölmüşdür. Beləliklə, cavabdehə, üçüncü şəxsə və mərhum Elşən Əmirquliyevə münasibətdə miras kütləsinə qeyd edilən şəhadətnamə ilə 0,03 ha həyətyanı torpaq sahəsinin mərhum Qasım Əmirquliyevin və Mənsurə Əmirquliyevanın hər birinə çatacaq 1/6 hissəsi (50 kv.m) olmaqla, cəmi 2/6 hissəsi daxildir. Bu halda, miras kütləsinə daxil olan sözügedən torpaq sahəsinin 2/6 hissəsi üç qanuni vərəsə, yəni Cavabdeh, Səfər Əmirquliyev və miras qoyanlardan sonra öldüyünə görə Elşən Əmirquliyev arasında 1/3 hissədə bölünərək, hər birinin payı 1/9 hissədə, 33,3 kv.m ölçüdə müəyyən olunmalıdır. Ona görə də, 0.03 ha həyətyanı torpaq sahəsinin mərhum Elşən Əmirquliyevə çatacaq hissəsi ümumilikdə 5/18 hissədə, yəni 83,3 kv.m ölçüdə müəyyən olunmalıdır. Bundan başqa mərhum Elşən Əmirquliyevin müəyyən olunmuş cəmi 5/18 hissədə, 83,3 kv.m ölçüdə torpaq payı da, vərəsələri olan iddiaçılar arasında bərabər şəkildə bölünərək, hər birinin 1/6 hissədə payları da nəzərə alınmaqla, 21/81 hissədə, yəni 77,8 kv.m ölçüdə hesablanmalıdır. Beləliklə, müəyyən olunur ki, sözügedən torpaq sahəsinə hər biri ayrı-ayrılıqda 1/9 hissədə, yəni 33,3 kv.m ölçüdə olmaqla Cavabdeh və üçüncü şəxs X11, hər biri ayrıayrılıqda 21/81 hissədə, yəni 77,8 kv.m ölçüdə olmaqla isə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 payları müəyyən olunmalıdır. Eyni zamanda, notariat ofisində miras kütləsinin qəbulu zamanı, Səfər Əmirquliyev mirası qəbul etməklə yanaşı, həmin miras kütləsindən mərhum qardaşı qızının xeyrinə imtina etməsini bildirib, ona düşən 1/9 hissədə, 33,3 kv.m ölçüdə torpaq payını qəbul etməkdən imtina etmiş, cavabdeh birgə mülkiyyətdə olan 0,03 ha torpaq sahəsini bütünlükdə sahibliyinə keçirmək niyyətində olmasını ifadə edərək, hazırkı məhkəmə mübahisəsinə səbəb olmuşdur. Ona görə də mirasın qanunamüvafiq qaydada bölüşdürülməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəyə əlavə izahatı və dəqiqləşdirmələri olmayan iddiaçı, eləcə də digər iddiaçıların nümayəndəsi İddiaçı1 iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Siyəzən Rayon Dövlət Notariat Ofisi və X22 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, onlar (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, buna görə də məhkəmə işə üçüncü şəxslərin (səlahiyyətli nümayəndələrinin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayon Zaqs bürosu tərəfindən 14 noyabr 1960-cı il tarixdə verilmiş ИE seriyalı, 275606 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X10 14 noyabr 1960-cı il tarixdə, 111 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Əmirquliyeva” soyadı verilmişdir. İşdə olan keçmiş Dəvəçi rayon Zaqs bürosu tərəfindən 14 noyabr 1960-cı il tarixdə verilmiş İ-ИE seriyalı, 763728 nömrəli, keçmiş Dəvəçi rayon Siyəzən şəhər soveti tərəfindən 28 dekabr 1963-cü il tarixdə verilmiş АЗ seriyalı, 535452 nömrəli, 05 may 1966cı il tarixdə verilmiş АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq atası X21, anası X8 olan X22 30 oktyabr 1960-cı il tarixdə, Cavabdeh xx xxxxxx 1963-cü il tarixdə, X23 isə 01 aprel 1966-cı il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan keçmiş Dəvəçi rayon Siyəzən şəhər soveti tərəfindən 11 iyul 1990-cı il tarixdə verilmiş V-ЖГ seriyalı, 366208 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X28 11 iyul 1990-cı il tarixdə, 84 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Əmirquliyeva” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon VVAQ şöbəsi tərəfindən 18 may 1993-cü il tarixdə verilmiş XVİİ-ЖГ seriyalı, 342189 nömrəli, 19 mart 1996-cı il tarixdə verilmiş XİX-ЖГ seriyalı, 359278 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq atası X23, anası İddiaçı1 olan X17 xx xxx 1993-cü il tarixdə, X18 isə xx xxxxxx 1996-cı il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 03 may 2006-cı il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2380A nömrəli, 30501004 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,03 ha həyətyanı torpaq sahəsi X13, X3, X12, İddiaçı1, X9 və X7 mülkiyyətinə verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 01 iyun 2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 394401 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 24 may 2010-cu il tarixdə Siyəzən şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında, 01 iyun 2010-cu il tarixdə, 86 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən rayon İHB-nin Gilgilçay İƏD üzrə nümayəndəliyi tərəfindən 18 aprel 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 831170 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X27 ilə X17 18 aprel 2013-cü il tarixdə, 03 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Cəfərova” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon İHB-nin Həmyə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 24 iyun 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 928977 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X33 ilə X18 24 iyun 2014-cü il tarixdə, 17 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Binyətova” soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 14 avqust 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 665556 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 09 avqust 2014-cü il tarixdə Siyəzən şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında, 14 avqust 2014-cü il tarixdə, 124 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 29 sentyabr 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 174097 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 20 sentyabr 2021-ci il tarixdə Quba rayonunun Zərdabi kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında, 21 sentyabr 2021-ci il tarixdə, 549 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən RİHB-nin Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 yanvar 2024-cü il tarixli, 320 nömrəli arayışının surətindən görünür ki, X11 atası X26 09 avqust 2014-cü, anası X8 24 may 2010-cu, qardaşı X23 20 sentyabr 2021-ci il tarixlərdə vəfat etmişlər. Valideynləri vəfat edən günə kimi Siyəzən şəhərinin N.Nərimanov küçəsindəki 1 A nömrəli evdə yaşamışlar. Valideynlərinin vəfatından sonra Səfər Əmirquliyev təsərrüfatın idarə olunmasına nəzarət və rəhbərlik etmişdir. Hazırda Cavabdeh onun ailə üzvüdür. İşdə olan Siyəzən rayon Dövlət Notariat Ofisinin 07 fevral 2024-cü il tarixli, 74 nömrəli məktubundan görünür ki, mərhum qayınatası X26 mərhum əri X15 təmsilçilik qaydasında keçəcək, miras qalmış əmlakın bölüşdürülməsi ilə əlaqədar digər vərəsə Cavabdeh ilə arasında ixtilaflar olduğuna görə İddiaçı1 məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan İddiaçı1, İddiaçı2 və İddiaçı3 06 mart 2024-cü il tarixdə Siyəzən rayon notariat ofisinə ünvanlanmış ərizələrinin surətindən görünür ki, onlar X26 və X2 X15 irs qalmış bütün daşınar və daşınmaz əmlakları qəbul etmiş və miras tərkibinə daxil olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsindən onlara çatacaq hissəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. İşdə olan X11 04 mart 2024-cü il tarixdə Siyəzən rayon notariat ofisinə ünvanlanmış ərizəsinin surətindən görünür ki, o, miras tərkibinə daxil olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsindən ona çatacaq hissəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir İşdə olan 01 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı1 məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi vərəsəlik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür. Məhkəmə iclasında müəyyən edildi ki, mərhumlar Qasım Əmirquliyev ilə Mənsurə Əmirquliyevanın birgə nikahından Səfər Əmirquliyev, Cavabdeh və Elşən Əmirquliyev adlı övladları doğulmuşdur. Həmçinin, 20 sentyabr 2021-ci il tarixdə ölmüş mərhum Elşən Əmirquliyevin İddiaçı1 ilə 11 iyul 1990-cı il tarixli nikahından digər iddiaçılar Türanə və Vüsalə doğulmuşdur. Bundan başqa, Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhəri ərazisindən 0,03 ha həyətyanı torpaq sahəsi Qasım Əmirquliyevin, Mənsurə Əmirquliyevanın, Elşən Əmirquliyevin, eləcə də iddiaçıların mülkiyyətinə verilmişdir. Bu mülkiyyətçilərdən Mənsurə Əmirquliyeva 24 may 2010-cu il tarixdə, Qasım Əmirquliyev 09 avqust 2014-cü il tarixdə, Elşən Əmirquliyev isə 20 sentyabr 2021-ci il tarixdə ölmüş, habelə valideynlərinin vəfatından sonra Səfər Əmirquliyev, Cavabdeh və Elşən Əmirquliyev mərhumlar Qasım Əmirquliyev ilə Mənsurə Əmirquliyevanın sonuncuların, Elşən Əmirquliyevin ölümündən sonra isə onun arvadı İddiaçı1, eləcə də övladları, digər iddiaçılar Türanə və Vüsalə birinci növbədə vərəsə kimi bu mərhumun öldüyü məqamadək malik olduğu əmlak hüquqlarına, o cümlədən torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2380A nömrəli, 30501004 kodlu şəhadətnaməyə əsasən Siyəzən şəhəri ərazisində yerləşməklə, birgə mülkiyyətə verilmiş 0,03 ha həyətyanı torpaq sahəsindəki paylara münasibətdə vərəsəlik hüququ əldə etmişlər. Həmçinin, bu və ya digər şəxs qeyd olunan əmlakın mülkiyyətçisi kimi reyestrdə qeydiyyata alınmadığından şəhadətnamədə adları sadalanan şəxslər ümumiliyin iştirakçısına çevrilmişlər. Hazırda tərəflər və üçüncü şəxs Səfər Əmirquliyev miras əmlakı faktiki qəbul etdiklərini şəksiz nümayiş etdirməklə yanaşı, miras açıldığı andan qanun üzrə birinci növbədə vərəsələr olaraq bu hüquqlarını rəsmiləşdirilməsi, o cümlədən qanun üzrə vərəsəlik şəhadətnaməsinin əldə edilməsi üçün aidiyyəti notariat ofisinə müraciət etmişlər. Bundan əlavə, tərəflər miras qalmış əmlakın qəbulu ilə bağlı notariat ofisinə müraciət etsələr də, aralarında yaranmış ixtilafla əlaqədar əmlaka münasibətdə payları müəyyən edilməmişdir. Digər tərəfdən vərəsələrdən Cavabdeh, mərhum valideynlərindən miras qalmış əmlak kütləsindən ona çatası payı notariusa və ya məhkəməyə ərizə ilə müraciət edib, birbaşa tələb etməsə də, o, mirası qəbul etməkdən imtina etməmişdir. Bundan əlavə, məhkəmənin 08 iyul 2024-cü il tarixli iclasında iddiaçı tərəf birgə mülkiyyətə verilmiş 0,03 ha həyətyanı torpaq sahəsinin mərhumlar Qasım Əmirquliyev ilə Mənsurə Əmirquliyevaya çatası paylarının bütün birinci növbə vərəsələri arasında bərabər qaydada bölünməsinə etiraz etməmiş və bununla razılaşmışlar ki, sadalananlar işin mübahisələndirilməyən hallarına çevrilmişdir. Bu mənada, məhkəmə, birgə mülkiyyətə verilmiş 0,03 ha həyətyanı torpaq sahəsinin mərhumlar Qasım Əmirquliyev ilə Mənsurə Əmirquliyevaya çatası paylara münasibətdə qeyd edir ki, adları çəkilən mərhumların vərəsələri övladları Səfər Əmirquliyev və Cavabdeh, həmçinin sonuncuların mərhum qardaşları Elşən Əmirquliyev valideynlərinə çatan paya münasibətdə miras əmlakdan bərabər şəkildə pay hüquqları vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Beləliklə qeyd edilməlidir ki, işdə iştirak edən şəxslər arasında vərəsəliyə dair hüquq münasibətləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli məlum qərarına qədər Qasım Əmirquliyevin, Mənsurə Əmirquliyevanın və Elşən Əmirquliyevin ölümləri ilə yarandığından bu münasibətlərlə bağlı mübahisələr 26 dekabr 2023-cü il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin müvafiq normasının qaydalarına uyğun həll edilir. 26 dekabr 2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Sosial ədalət prinsipi özlüyündə ayrı-ayrı insanların, sosial qrupların maraqlarının qarşılıqlı güzəştidir, çünki məhz qarşılıqlı güzəşt və hüquq münasibətlərində subyektlərin imkanlarının nisbətən bərabərləşməsi müasir şəraitdə cəmiyyətin idarə edilməsinin mahiyyətini təşkil edir. Məhz buna görə cəmiyyətdə hüququn sosial ədalət funksiyası bütövlükdə ədalət prinsipinin təbiətinə uyğun gəlir. Vərəsələr daşınmaz əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun “zamansız” olması, başqa sözlə desək, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. “Mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Yəni, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin İ hissəsinin İ bəndinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Yuxarıda qeyd olunan normativ-hüquqi aktların tələblərindən də göründüyü kimi mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Beləliklə, Siyəzən şəhəri ərazisində yerləşməklə, birgə mülkiyyətinə verilmiş 0,03 ha həyətyanı torpaq sahəsindən mərhumlar Qasım Əmirquliyev ilə Mənsurə Əmirquliyevaya çatası paylardan Səfər Əmirquliyev, Cavabdeh və Elşən Əmirquliyevin (sağlığında), sonuncunun ölümündən sonra ondan miras qalmış əmlakdan (paylardan) isə iddiaçılar İddiaçı1, İddiaçı2 (Əmirquliyevanın) və İddiaçı3 (Əmirquliyevanın) fasiləsiz və etirazsız istifadə etmələri işin materialları ilə təkzib olunmur. Bundan əlavə, mübahisəli əmlak iddiaçıların, eləcə də mərhumların birgə mülkiyyətində olmaqla, yanaşı onların əmlaka dair payları müəyyənləşdirilməmiş, bu səbəbdən də mülkiyyətçilərin payları bərabər sayılmışdır. Çünki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213-cü maddəsinin İ, İİ, İV, V hissələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Yenə bu Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Qeyd olunan Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Bu mənada, ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləri olmuş mərhumların, eləcə də iddiaçıların mübahisəli əmlakda payları, yəni onların hər birinə düşən payın həcmi 1/6 hissə hesabı ilə müəyyən ediləcəkdir. Bundan sonra mübahisəli əmlakın mərhumlara çatası hissəsinin miras şərikləri tərəfindən qəbul edilməsi qaydasına qiymət verilməlidir. Bu zaman, mərhumlar Qasım Əmirquliyev, ilə X14 şəhəri ərazisində yerləşməklə, birgə mülkiyyətinə verilmiş 0,03 ha həyətyanı torpaq sahəsinə münasibətdə çatası payların həcmi cəmi 2/6 hissə təşkil etdiyindən, onların övladlarına, o cümlədən qanun üzrə birinci növbədə vərəsələrinə, Səfər Əmirquliyevə, Cavabdeh və mərhum Elşən Əmirquliyevə valideynlərinin ölümündən sonra bərabər pay hüquqlu vərəsələr kimi hər birinə düşən payın həcmi 2/18 hissə, ixtisarla, 1/9 hissə təşkil edəcəkdir. İddiaçılara gəldikdə isə mərhum Elşən Əmirquliyevə qeyd edilən torpaq sahəsinə münasibətdə çatası payın həcmi cəmi 5/18 (1/6 hissə ümumi mülkiyyətdə olan öz payı + 1/9 hissə sağlığında qanun üzrə birinci növbədə vərəsə olaraq əldə etdiyi pay) hissə təşkil etdiyindən, qanun üzrə birinci növbədə vərəsələrinə, o cümlədən arvadı İddiaçı1, övladları İddiaçı2 (Əmirquliyevaya) və İddiaçı3 (Əmirquliyevaya) onun ölümündən sonra bərabər pay hüquqlu vərəsələr kimi hər birinə düşən payın həcminin 5/54 hissə olduğu təsbit edilir. Bundan əlavə, iddiaçıların hər birinə ümumiliyin iştirakçısı kimi torpaq sahəsindən düşən payın həcmi 1/6 hissə olduğundan, onların qanun üzrə vərəsəlik qaydasında ayrı-ayrılıqda əldə etdikləri 5/54 hissə də həmin hissə ilə toplandığı zaman iddiaçılara torpaq sahəsindən ayrıca düşən payın həcmi ümumilikdə 14/54 hissə hesablanacaqdır. Beləliklə, miras əmlak miras şəriklərinin payı da daxil olmaqla, torpaq sahəsinə olan paylar yuvarlaq olaraq, ümumilikdə 27 pay həcmində qəbul edilsə, bu zaman İddiaçı1, övladları İddiaçı2 (Əmirquliyevaya) və İddiaçı3 (Əmirquliyevaya) torpaq sahəsindən düşən payın həcminin hər birinə ayrı-ayrılıqda 7/27 hissədə, eyni qaydada Cavabdeh və üçüncü şəxs Səfər Əmirquliyevə isə 3/27 hissədə olduğu müəyyən edilir. Bundan başqa, iddiaçı tərəf payları kv.m ölçüdə hesablamaqla, payların həmin ölçüdə də ayrılmasını xahiş etsə də, tələb bu hissədə təmin edilə bilməz. Belə ki, iddiaçıların sözügedən tələbdəki hüquqi marağı əmlakın real bölgüsündən ibarət olmaqla, yanaşı hazırda əmlak real olaraq, naturada tərəflər arasında bölünməmişdir. Bunun üçün ilk növbədə tərəflərin əmlak üzərindəki payları ayrılmalı, yəni ideal bölgü aparılmalı, daha sonra bu bölgü əsasında real, naturada bölgü həyata keçirilməlidir. Belə bölgü isə məhz ideal bölgüyə dair qətnamə qanuni qüvvəsini aldıqdan sonra aparıla bilər. Odur ki, iddia tələbin sözügedən hissəsinin qeyd hala görə təmin edilməsi istisna edilir. Belə ki, yuxarıda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normalarına istinad edilərkən ümumiliyin, paylı və birgə mülkiyyətin mahiyyəti açıqlansa da, əlavə olaraq qeyd olunur ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Mülki Məcəlləyə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (220.5). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220.6). Göründüyü kimi mülki qanunvericilik birgə və paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu riayət olunması zəruri olan bir neçə mərhələyə ayırmışdır. Lakin, iddiaçılar hazırda buna hüququ yaranmadığı halda, birbaşa paylı mülkiyyətində olmayan əmlakın naturada bölünməsini tələb etmişdir ki, bu da yolverilməzdir və belə olan təqdirdə, iddianın həmin hissədə təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı ilk iddia üzrə iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilsə də, qarşılıqlı iddia üzrə iddiaçı sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bununla da, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2380A nömrəli, 30501004 kodlu şəhadətnaməyə əsasən Siyəzən şəhəri ərazisində yerləşməklə, birgə mülkiyyətə verilmiş 0,03 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, Cəfərova (Əmirquliyeva) Türanə Elşən qızının və Binyətova (Əmirquliyeva) Vüsalə Elşən qızının, eləcə də mərhumlar X13, X3 və X12 hər birinə 1/6 hissədə olmaqla payları müəyyən edilməli, həmçinin sözügedən torpaq sahəsindən mərhum miras qoyanlar Qasım Əmirquliyeva və Mənsurə Əmirquliyevaya çatası cəmi 2/6 hissə paya münasibətdə vərəsələri Cavabdeh, müstəqil tələb irəli sürən üçüncü şəxs Səfər Əmirquliyevin və mərhum Elşən Əmirquliyevin bərabər (hər bir vərəsəyə 1/3 hissədə) şəkildə, ümumi 0,03 ha təşkil edən həmin həyətyanı torpaq sahəsinə münasibətdə isə 1/9 hissədə, yenə bu torpaq sahəsindən mərhum miras qoyan Elşən Əmirquliyevə çatası cəmi 5/18 hissə paya münasibətdə vərəsələri iddiaçıların bərabər (hər bir vərəsəyə 1/3 hissədə) şəkildə, ümumi 0,03 ha təşkil edən həmin həyətyanı torpaq sahəsinə münasibətdə isə 14/54 hissədə payları müəyyən edilməlidir. Eyni zamanda, bütövlükdə torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2380A nömrəli, 30501004 kodlu şəhadətnaməyə əsasən Siyəzən şəhəri ərazisində yerləşməklə, birgə mülkiyyətə verilmiş 0,03 ha həyətyanı torpaq sahəsinin 7/27 hissəsinə İddiaçı1, 7/27 hissəsinə Cəfərova (Əmirquliyeva) Türanə Elşən qızının, 7/27 hissəsinə Binyətova (Əmirquliyeva) Vüsalə Elşən qızının, 3/27 hissəsinə Cavabdeh, 3/27 hissəsinə isə X11 payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfdən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ İddiaçı1 özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2380A nömrəli, 30501004 kodlu şəhadətnaməyə əsasən Siyəzən şəhəri ərazisində yerləşməklə, birgə mülkiyyətə verilmiş 0,03 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, Cəfərova (Əmirquliyeva) Türanə Elşən qızının və Binyətova (Əmirquliyeva) Vüsalə Elşən qızının, eləcə də mərhumlar X13, X3 və X12 hər birinə 1/6 hissədə olmaqla payları müəyyən edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2380A nömrəli, 30501004 kodlu şəhadətnaməyə əsasən Siyəzən şəhəri ərazisində yerləşməklə, birgə mülkiyyətə verilmiş 0,03 ha həyətyanı torpaq sahəsindən mərhum miras qoyanlar X19 və X5 çatası cəmi 2/6 hissə paya münasibətdə vərəsələri Cavabdeh, müstəqil tələb irəli sürən üçüncü şəxs X11 və mərhum X12 bərabər (hər bir vərəsəyə 1/3 hissədə) şəkildə, ümumi 0,03 ha təşkil edən həmin həyətyanı torpaq sahəsinə münasibətdə isə 1/9 hissədə payları müəyyən edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2380A nömrəli, 30501004 kodlu şəhadətnaməyə əsasən Siyəzən şəhəri ərazisində yerləşməklə, birgə mülkiyyətə verilmiş 0,03 ha həyətyanı torpaq sahəsindən mərhum miras qoyan X15 çatası cəmi 5/18 hissə paya münasibətdə vərəsələri iddiaçılar İddiaçı1, Cəfərova (Əmirquliyeva) Türanə Elşən qızının və Binyətova (Əmirquliyeva) Vüsalə Elşən qızının bərabər (hər bir vərəsəyə 1/3 hissədə) şəkildə, ümumi 0,03 ha təşkil edən həmin həyətyanı torpaq sahəsinə münasibətdə isə 14/54 hissədə payları müəyyən edilsin. Bütövlükdə, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 2380A nömrəli, 30501004 kodlu şəhadətnaməyə əsasən Siyəzən şəhəri ərazisində yerləşməklə, birgə mülkiyyətə verilmiş 0,03 ha həyətyanı torpaq sahəsinin 7/27 hissəsinə İddiaçı1, 7/27 hissəsinə Cəfərova (Əmirquliyeva) Türanə Elşən qızının, 7/27 hissəsinə Binyətova (Əmirquliyeva) Vüsalə Elşən qızının, 3/27 hissəsinə Cavabdeh, 3/27 hissəsinə isə X11 payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-359/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-359/2024
08.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver