Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-417/2021 06.07.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilməklə, cavabdehin mülkiyyətindəki daşınmaz əmlakların, o cümlədən torpaq sahələrinin dəyərinin müəyyən edilməklə, bölünməsi və ½ hissədə pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilməklə, cavabdehin mülkiyyətindəki daşınmaz əmlakların, o cümlədən torpaq sahələrinin dəyərinin müəyyən edilməklə, bölünməsi və ½ hissədə pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir Nəzərə alınmalıdır ki, daşınmaz əşya üzərində ər-arvadın ümumi birgə mülkiyyət hüquqları ailə qanunvericiliyi ilə müəyyən edildiyinə görə, məhkəmələr tərəfindən, ərarvadın ümumi birgə mülkiyyətini təşkil edən əmlak bölündükdə məhkəmə əmlak üzərində onların mülkiyyət hüquqlarının tanınması məsələsini deyil, ümumi əmlak üzərində mülkiyyətin növünün, başqa sözlə əmlakın hüquqi rejiminin dəyişdirilməsi məsələsini həll etmiş olur. Bu zaman əmlak üzərində ər-arvadın ümumi birgə mülkiyyəti ümumi əmlak üzərində onların hər birinin payı müəyyənləşdirilməklə paylı mülkiyyətə keçirilir. Lakin Mülki Prosessual Məcəllənin 39-cu maddəsində ər-arvadın ümumi əmlakının bölünməsi barədə tələblərə müstəsna aidiyyət üzrə əmlakın olduğu yerin məhkəməsində baxılması nəzərdə tutulmamışdır. Beləliklə, ər-arvadın birgə nikah dövründə əldə etdiyi daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətin bölünməsi ilə bağlı tələblərə müstəsna aidiyyət qaydasında əşyanın olduğu ərazidə yerləşən məhkəmələr tərəfindən baxılması istisna edilir. Qeyd olunan bu hala Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 iyun 2021-ci il tarixli qərarında hüquqi qiymət vermiş, o cümlədən mövqeyini əsaslandırmaqla, ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməli olması göstərilmişdir. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən də göründüyü kimi Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi həmin normalar imperativ xarakter daşımaqla iddia ərizəsinin cavabdehin qeydə alındığı yerin məhkəməsinə verilmə qaydasını müəyyən edir. Beləliklə, məhkəməyə ünvanlanmış iddia ərizəsindən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə aidiyyəti üzrə Cavabdeh rəsmi qeydiyyatda olduğu yer üzrə müvafiq olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, Azərbaycan Respublikasının MPM-nin tələblərinə əməl etməyərək Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı m: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilməklə, cavabdehin mülkiyyətindəki daşınmaz əmlakların, o cümlədən torpaq sahələrinin dəyərinin müəyyən edilməklə, bölünməsi və ½ hissədə pay hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-417/2021
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-417/2021
06.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver