Məhkəmə qərarları › İş №2(059)-45/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-45/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-45/2021 22.02.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Mitsubishi Pajero» markalı, H 022 195 dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində ödənilmiş 4115 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun, cəmi 4145,40 manat pulun Cavabdeh tutularaq iddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdeh idarə etdiyi "Hyundai Santafe" markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomobillə xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsində yol hərəkəti qaydasının pozaraq yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində sığortalı «Mitsubishi Pajero» markalı, H 022 195 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilə maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli olması Bakı şəhəri Nərimanov RPİ-in DYPŞ-nin xx xxxxxx 2016-cı il tarixli, KYP 142728 nömrəli inzibati xəta haqqında protokolunda və qərarında öz əksini tapmışdır. Həmin protokola və qərara əsasən Cavabdeh hadisə yerindən yayanındığına görə Azərbaycan Respublikası İXM-nin 151.3-cü maddəsinə əsasən təqsirli bilinərək, 80 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra, xx xxxxxx 2016-cı il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, «Mitsubishi Pajero» markalı, H 022 195 dövlət qeydiyyat nişanlı avtomobilə 4115 manat ziyanın dəyməsi müəyyən edilmiş və **********1 saylı sığorta müqaviləsinə və 024251 saylı sığorta aktına əsasən "İddiaçı" Sığorta Şirkəti «Mitsubishi Pajero» markalı, H 022 195 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə sığorta müqaviləsində nəzərdə tutulmuş 150 ABŞ dolları franşiza (azadolma məbləği) nəzərə alınmaqla, 4115 manat sığorta ödənişi həyata keçirmişdir. Belə olan halda, yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC-yə dəymiş 4115 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə, iclasın İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, ekspert rəyinin ikinci hissəsində göstərilən məbləğlə, yəni tələb edilən 2839 manat məbləğində sığorta ödənişi ilə, 240,12 manat azad olunma məbləğinin də həmin məbləğdən çıxılmaqla razı olsa da, iddia tələbini qalan hissədə qəbul etmir. Bu səbəbdən də, iddia tələbinin qismən, yəni 2598,88 manat məbləğində təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx xxxxx 2009cu il tarixli, AB seriyalı, 304909 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də xx xxxxx 2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, ** FC *** dövlət qeydiyyat nişanlı, "Hyundai Santafe" markalı avtomaşının sahibi X3r və sonuncu mülkiyyətində olan qeyd edilən avtomaşını xx xxxxx 2013-ci il tarixdə 6 il, 10 ay müddətə, yəni xx xxxxxx 2020-ci il tarixə kimi idarə etmək üçün Cavabdeh etibar etmişdir. İşdə olan AB seriyalı, 247324 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2010-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək “B” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx xxxxxxxx 2011-ci il tarixli, AB seriyalı, 742766 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də etibarnamənin surətindən görünür ki, 2011-ci il buraxılışlı, 6G74XK7837 mühərrik, JMYRV95WBJ710074 ban nömrəli, boz rəngli, H 022 195 dövlət qeydiyyat nişanlı, «Mitsubishi Pajero» markalı avtomaşının sahibi “BP Exploration (Caspian Sea) Ltd” şirkətidir və sonuncu mülkiyyətində olan qeyd edilən avtomaşını xx xxxx 2015-ci il tarixdə xx xxxx 2017-ci il tarixə kimi idarə etmək üçün X7 etibar etmişdir. İşdə olan "İddiaçı" Sığorta Şirkəti ASC ilə X5 arasında bağlanmış avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, Vüqar Əliyeva məxsus "Hyundai Santafe" markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomobil "İddiaçı" Sığorta Şirkəti ASC-də xx xxxx 2015-ci il tarixdən xx xxxx 2016cı il tarixədək 5000 manat məbləğində sığortalanmışdır. İşdə olan mötəbər sübutlardan, o cümlədən izahatlardan, yol-nəqliyyat hadisəsinə dair tərtib edilmiş arayışdan, həmçinin Nərimanov RPŞ-nin DYPB-nin əməkdaşı tərəfindən xx xxxxxx 2016-cı il tarixdə tərtib olunmuş KYP seriyalı, 142728 saylı inzibati xəta haqqında protokolun və qərarın surətindən görünür ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində xx xxxxxx 2016-cı il tarixdə, saat 07.35 radələrində yol-nəqliyyat hadisəsi baş vermiş və sonuncu idarə etdiyi Hyundai Santafe" markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsində yol hərəkəti qaydalarını pozub yol-nəqliyyat hadisəsi törətməklə, X6 idarə etdiyi «Mitsubishi Pajero» markalı, H 022 195 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurduğuna görə Azərbaycan Respublikası İXM-nin 151.3-cü maddəsi ilə təqsirli bilinərək, 80 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan xx xxxxxx 2016-cı il tarixli nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə aktdan, xx xxxxxx 2016-cı il tarixli, 024251 nömrəli sığorta aktından və xx xxxxxx 2016-cı il tarixli ödəniş tapşırığının surətindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində «Mitsubishi Pajero» markalı, H 022 195 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər «Euro Style» firması tərəfindən 4115 manat məbləğində hesablanmış və bu məbləğdən azadolma məbləği 150 ABŞ dolları, yəni 240,12 manat çıxılmadan həmin məbləğ, yəni 4115 manat miqdarında pul təmir-bərpa xərclərinin əvəzinə "İddiaçı" Sığorta Şirkəti ASC tərəfindən «Euro Style» firmasına ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/5290 8/2145 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan qüsur aktı məlumatlarına əsasən 2011-ci il buraxılışlı, «Mitsubishi Pajero» markalı, H 022 195 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci xx xxxxxx 2016-cı il tarixə təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 3330 manat, o cümlədən dəyişilməli hissələrin dəyəri 2660 manat, təmir-bərpa işlərinin qiyməti 670 manat, dəyişiməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 2839 manat, o cümlədən dəyişilməli hissələrin dəyəri 2169 manat, təmir-bərpa işlərinin qiyməti 670 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/5290 8/2145 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC məhkəməyə müraciət edərkən iddia tələbi üzrə 30,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, "ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur". Adı çəkilən Məcəllənin 1108.2-ci maddəsinə görə isə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş materiallarından aydın olur ki, "Hyundai Santafe" markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsus olsa da, hadisə vaxtı, yəni 06 yanvar 2016-cı il tarixdə Cavabdeh tərəfindən qanuni əsasla idarə edilmişdir. Belə ki, "Hyundai Santafe" markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək üçün Cavabdeh verilmiş və həmin avtomobilin X1 hüquqa zidd götürülmüş olması barəsində heç bir dəlil irəli sürülməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, ona qanuni əsaslarla sahib olan Cavabdeh daşımalıdır. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara, o cümlədən müvafiq ekspert rəyinə əsasən məhkəmə iclasında müəyyən edildi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı "Hyundai Santafe" markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh qanuni əsaslarla sahiblik edərək idarə etmiş və onun təqsirli hərəkətləri nəticəsində "İddiaçı" Sığorta Şirkəti ASC-də sığortalanmış «Mitsubishi Pajero» markalı, H 022 195 dövlət qeydiyyat nişanlı avtomobilə 2839 manat məbləğində zərər dəymişdir. Həmçinin, zərərçəkmiş şəxs tərəfindən azadolma məbləği 150 ABŞ dolları, yəni 240,12 manat "İddiaçı" Sığorta Şirkəti ASC-yə ödənilmişdir. Bu səbəbdən də, azadolma məbləği 150 ABŞ dolları, yəni 240,12 manatın ödənilməsi nəzərə alınaraq dəymiş zərər 2598,88 manat miqdarında hesablanmalıdır. Belə olan halda, vurulmuş ziyana görə Cavabdeh iddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC-yə olan borcu 2598,88 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "Mitsubishi" markalı, H 022 195 dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində ödənilmiş 2598,88 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun 63%-i, yəni 19,15 manatı, cəmi 2618,03 manat pul Cavabdeh tutularaq iddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manatın 37 %, yəni 18,50 (on səkkiz manat 50 qəpik) manatı "İddiaçı" Sığorta Şirkəti ASC-dən, 63 %, yəni 31,50 (otuz bir manat 50 qəpik) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2598,88 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun 63%-i, yəni 19,15 manatı, cəmi 2618,03 (iki min altı yüz on səkkiz manat 03 qəpik) manat pul alınaraq iddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manatın 37 %, yəni 18,50 (on səkkiz manat 50 qəpik) manatı "İddiaçı" Sığorta Şirkəti ASC-dən, 63 %, yəni 31,50 (otuz bir manat 50 qəpik) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar