Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-474/2022 26.09.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh1 iştirakı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1070 manat sığorta ödənişi məbləğinin, 30,70 manat məbləğində dövlət rüsumunun, eləcə də 0,40 manat bank xidmət haqqının əvəzinin cavabdehlərdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 01 fevral 2022-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "İsuzu NKR55L" markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 18 mart 2022-ci il tarixdə Siyəzən rayonunun ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 tərəfindən etibarnamə əsasında idarə olunan "Kia Forte" markalı, ** NK *** dövlət qeydiyyatlı nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Qəbul edilmiş qərara əsasən Cavabdeh1 təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 avtomobili sürücülük hüququ olmadan, yəni avtomobili etibarnaməsi olmadan idarə etmişdir. "Kia Forte" markalı, ** NK *** dövlət qeydiyyat avtomobilə dəymiş zərər görə 1070 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ ... icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, həmin şəxsə qarşı yaranır. Göründüyü kimi bu maddəyə əsasən Cavabdeh1 qarşı subroqasiya hüquqları yaranmışdır. Zərərçəkənin ona vurulmuş zərərin əvəzini zərəri vurandan tələb etmək hüququ, zərərvuranın isə başqasının əmlakına vurulmuş zərərin əvəzini tam ödəmək öhdəliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələri ilə müəyyən olunmuşdur. Bu normaların mənasına görə hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt nəticəsində fiziki və ya hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Bundan əlavə, "İsuzu NKR55L" markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki mülkiyyətçisi Cavabdeh2 olmaqla, hadisə zamanı avtomobili sürücülük hüququ olmadan (etibarnaməsiz) Cavabdeh1 idarə etdiyindən, zərərin əvəzi onlardan tutulmalıdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək izahatında göstərdi ki, yol-nəqliyyat hadisəsi baş verməzdən bir gün öncə işə düzəlmiş, lakin 18 mart 2022-ci il tarixdə sözügedən qəza hadisəsi baş verdiyi üçün işdən çıxmışdır. Həmin gün, avtomobilin mülkiyyətçisi tərəfindən ona etibarnamə verilməli olsa da, hadisədən baş verən zaman avtomobili etibarnaməsiz, yəni sürücülük hüququ olmadan idarə etmişdir. Hazırda işsiz olduğundan iddia tələbində qeyd olunan məbləği ödəmək imkanı yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası DİN Sumqayıt RQİ və TBŞ tərəfindən 12 avqust 2020-ci il tarixdə verilmiş AD seriyalı, 917000 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan “İsuzu NKR 55 L yük” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də 01 fevral 2022-ci ildən 01 fevral 2023-cü il tarixədək sığortalanmışdır. İşdə olan mötəbər sübutlardan, o cümlədən izahatlardan, yol-nəqliyyat hadisəsinə dair tərtib edilmiş arayışdan, həmçinin Siyəzən rayon DYPB-nin əməkdaşı tərəfindən 19 mart 2022-ci il tarixdə tərtib olunmuş TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində 18 mart 2022-ci il tarixdə, saat 15.00 radələrində Siyəzən rayonunun Beşdam kəndinə gedən yolda yol-nəqliyyat hadisəsi baş vermiş və sonuncu etibarnamə olmadan idarə etdiyi “İsuzu NKR 55 L yük” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozub, yol-nəqliyyat hadisəsi törətməklə, X1 idarə etdiyi "Kia Forte" markalı, ** NK *** dövlət qeydiyyatlı nişanlı avtomobilə zərər vurduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinib, 40 manat inzibati cərimə edilmişdir. İş materiallarında olan 29 mart 2022-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair yekun aktdan görünür ki, "Kia Forte" markalı, ** NK *** dövlət qeydiyyatlı nişanlı avtomobilə 1070 manat məbləğində ziyan dəymişdir. İşdə olan 22 aprel 2022-ci il tarixli sığorta aktının surətindən görünür ki, "Kia Forte" markalı, ** NK *** dövlət qeydiyyatlı nişanlı avtomobilə dəymiş zərərə görə 1070 manat sığorta ödənişinin "xxxx" ASC tərəfindən X2 ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığının surətindən görünür ki, yuxarıda adı qeyd edilən sığorta aktına əsasən 26 aprel 2022-ci il tarixdə sığortaçı "xxxx" ASC X2 1070 manat sığorta ödənişi etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 31,10 (otuz manat 70 qəpik dövlət rüsumu və 0,40 manat bank xidmət xərci) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə, “yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh2 mülkiyyətindəki “İsuzu NKR 55 L yük” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 idarə etmiş və onun təqsirli hərəkətləri nəticəsində 18 mart 2022-ci il tarixdə, saat 15.00 radələrində Siyəzən rayonunun Beşdam kəndinə gedən yolda yol-nəqliyyat hadisəsi baş vermiş və sonuncu etibarnamə olmadan idarə etdiyi “İsuzu NKR 55 L yük” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozub, yol-nəqliyyat hadisəsi törətməklə, X1 idarə etdiyi "Kia Forte" markalı, ** NK *** dövlət qeydiyyatlı nişanlı avtomobilə zərər vurmuşdur. Bu səbəbdən də, iddiaçı ASC tərəfindən zərərçəkmiş şəxsə 1070 manat sığorta ödənişi verilmişdir. İddiaçı "xxxx" ASC “İsuzu NKR 55 L yük” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobilin hüququ olmayan şəxs tərəfindən istismar edilməsi nəticəsində idarə edildiyini əsas gətirərək, subroqasiya hüququnun yarandığını qeyd etmiş və bu hüquqdan istifadə edərək cavabdehlərə qarşı iddia qaldırmışdır. Həmçinin, Cavabdeh2 mülkiyyətindəki, təhlükə mənbəyi sayılan avtomobili hüquqi əsaslarla Cavabdeh1 verməsi sübutların tədqiqi zamanı öz təsdiqini tapmamışdır. Beləliklə təhlükə mənbəyi sayılan avtomobillə törədilmiş sığorta hadisəsinə görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər ikisi birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, subroqasiya qaydasında öhdəliklərini icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə cavabdehlərdən 1070 manat məbləğində sığorta ödənişinin, 30,70 manat dövlət rüsumunun, eləcə də 0,40 manat məbləğində bank xidmət haqqının əvəzi alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1070 (bir min yetmiş) manat məbləğində sığorta ödənişinin, 30,70 (otuz manat 70 qəpik) manat dövlət rüsumunun, eləcə də 0,40 (40 qəpik) manat məbləğində bank xidmət haqqının əvəzi alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-474/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-474/2022
26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver