Məhkəmə qərarları › İş №2(059)-48/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-48/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-48/2022 10.01.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3642 manar zərər və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3672 manat pulun cavabdehdən iddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdehin idarə etdiyi “VAZ 2107” markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobil 31 yanvar 2019-cu il tarixdən 31 yanvar 2020-ci il tarixədək "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 02 noyabr 2019-cu il tarixdə cavabdeh idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “Forland yük” markalı, **-HU-***, “Mazda CX5” markalı, **-SV-*** və “VAZ 21723” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomaşınlara zərər vurmuş, habelə yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı Nəsimi RPİ-nin DYPŞ əməkdaşı tərəfindən 02 noyabr 2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. 05 və 12 noyabr 2019-cu il tarixli qüsur aktlarına, eləcə də 26 noyabr 2019-cu il tarixli qiymətləndirmə aktına əsasən müvafiq olaraq “VAZ 21723” markalı avtomobilin təmiri üçün dəymiş ziyanın miqdarı 150 manat, “Forland yük” markalı avtomobilin təmiri üçün dəymiş ziyanın miqdarı 1600 manat, “Mazda CX5” markalı avtomobilin təmiri üçün dəymiş ziyanın miqdarı isə 1892 manat məbləğində müəyyən edilmiş, habelə həmin məbləğlər zərərçəkmiş şəxslərin plastik kartlarına ödənilmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 01 fevral 2019-cu il tarixdə verilmiş AD seriyalı, 453134 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, 01 fevral 2019-cu il tarixli nəqliyyat vasitəsini idarə etmək haqqında ƏN-İV seriyalı, 692738 nömrəli etibarnamənin və icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, mülkiyyət hüququ ilə X2 məxsus olmaqla, Cavabdeh etibarnaməli idarəçiliyindəki “VAZ 2107” markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də 31 yanvar 2019-cu ildən 31 yanvar 2020-ci il tarixədək sığortalanmışdır. İşdə olan mötəbər sübutlardan, o cümlədən Bakı şəhəri Nəsimi RPİ-in DYPŞ-nin nümayəndəsi X6 tərəfindən 02 noyabr 2019-cu il tarixdə tərtib olunmuş AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolunun və həmin şöbənin başqa bir əməkdaşının sözügedən tarixdə tərtib etdiyi TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində 02 noyabr 2019cu il tarixdə, saat 08:00 radələrində yol-nəqliyyat hadisəsi baş vermiş və sonuncu idarə etdiyi “VAZ 2107” markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərinin Cavadxan küçəsində yol-nəqliyyat hadisəsi törətməklə, “Forland yük” markalı, **-HU-***, “Mazda CX5” markalı, **-SV-*** və “VAZ 21723” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomaşınlara zərər vurmuş, həmçinin Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrinə əsasən təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan “Avtomobillərin Texniki Xidmət Mərkəzi” tərəfindən 05 noyabr və 12 noyabr 2019-cu il tarixlərdə tərtib edilmiş qüsur aktlarından görünür ki, müvafiq olaraq 2010-cu il buraxılışlı, “VAZ 21723” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 150 manat, 2005-ci il buraxılışlı “Forland yük” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə 1600 manat məbləğində ziyan dəymişdir. İşdə olan "xxxx" MMC tərəfindən 26 noyabr 2019-cu il tarixdə tərtib edilmiş qiymətləndirmə aktından görünür ki, 2015-ci il buraxılışlı “Mazda CX5” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1892 manat məbləğində ziyan dəymişdir. İşdə olan 28 noyabr 2019-cu il tarixli PXA seriyalı, 54220 nömrəli sığorta aktının surətindən görünür ki, bu akta əsasən "xxxx" ASC X3 1600 manat sığorta ödənişi etmişdir. İşdə olan 03 dekabr 2019-cu il tarixli PXA seriyalı, 54223 nömrəli sığorta aktının surətindən görünür ki, bu akta əsasən "xxxx" ASC X5 150 manat sığorta ödənişi etmişdir. İşdə olan 29 dekabr 2019-cu il tarixli PXA seriyalı, 54222 nömrəli sığorta aktının surətindən görünür ki, bu akta əsasən "xxxx" ASC X1 1892 manat sığorta ödənişi etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 noyabr 2021-ci il tarixli, 9/7050-8/2457 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Avtomobillərin Texniki Xidmət Mərkəzi”nin təqdim etdiyi 12 noyabr 2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən 2005-ci il buraxılışlı “Forland yük” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1500 manat müəyyən edilmişdir. Eyni zamanda rəydən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin 26 noyabr 2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2015-ci il buraxılışlı “Mazda CX5” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 1779 manat müəyyən edilmişdir. Həmçinin, rəydən görünür ki, “Avtomobillərin Texniki Xidmət Mərkəzi”nin təqdim etdiyi 05 noyabr 2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2010-cu il buraxılışlı, “VAZ 21723” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 150 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və eyni saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 manat təşkil edir. İşdə olan 09 iyul 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, "ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur". "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara, o cümlədən müvafiq ekspert rəyinə əsasən məhkəmə iclasında müəyyən edildi ki, “VAZ 2107” markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalı olmuş və bununla da, həmin avtomaşını idarə edən şəxsin üçüncü şəxslərə vurduğu zərərə görə mülki məsuliyyəti mövcud olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh "xxxx" ASC-də sığortalanmış “VAZ 2107” markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsasla idarə etmiş və onun təqsirli hərəkətləri nəticəsində “Forland yük” markalı, **-HU-***, “Mazda CX5” markalı, **-SV-*** və “VAZ 21723” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomaşınlara zərər dəymiş, o cümlədən zərər məbləğlərinə müvafiq olaraq zərərçəkmiş şəxslərə sığorta ödənişləri həyata keçirilmişdir. Sığorta ödənişləri "xxxx" ASC tərəfindən ödənildiyinə görə şirkətin yol nəqliyyat hadisəsini törətmiş və bundan sonra hadisə yerindən yayınmış Cavabdeh qarşı subroqasiya qaydasında iddia irəli sürmək hüququ yaranmışdır. Eyni zamanda, ekspert rəyindən də görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Forland yük” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1500 manat, “Mazda CX5” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1779 manat, “VAZ 21723” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə 150 manat zərər dəymişdir. Hazırda vurulmuş ziyana görə Cavabdeh iddiaçı "xxxx" ASC-yə cəmi 3429 manat borcu vardır. Həmin zərər sığorta şirkəti tərəfindən zərərçəkmiş şəxslərə ödənildiyi üçün şirkət cavabdehə qarşı subroqasiya qaydasında iddia irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, ödənilmiş 3429 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 94%-i, yəni 28,20 manatı, cəmi 3457,20 manat pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manatın 6 %, yəni 6 (altı) manatı "xxxx" ASC-dən, 94 %, yəni 94 (doxsan dörd) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 3429 manat və 30 manat məbləğində dövlət rüsumunun 94%-i, yəni 28,20 manatı olmaqla, cəmi 3457,20 (üç min dörd yüz əlli yeddi manat 20 qəpik) manat pul vəsaiti tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manatın 6 %, yəni 6 (altı) manatı "xxxx" ASC-dən, 94 %, yəni 94 (doxsan dörd) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar