Məhkəmə qərarları › İş №2(059)-485/2024

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-485/2024

24.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Ailə münasibətləri üzrə mübahisələr - Mənzilə istifadə hüququnun tanınması - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-485/2024 24.05.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə övladları ilə birlikdə istifadə hüququ tanınmaqla, bu evə köçürülmələri, eləcə də cehiz əşyalarının və ya onların dəyərinin geri qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə övladları ilə birlikdə istifadə hüququ tanınmaqla, bu evə köçürülmələri, eləcə də cehiz əşyalarının və ya onların dəyərinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizədəki siyahıda qeyd olunan cehiz əşyalarının və ya onların cəmi dəyərini təşkil edən 2940 manat pulun cavabdehdən alınaraq, ona qaytarılması, eləcə də onun və övladlarının birgə nikah dövründə əldə edilmiş Şabran rayonunun Baş Əmirxanlı kəndindəki 0,12 ha torpaq sahəsi üzərində inşa edilmiş 3 otaq və 1 mətbəxdən ibarət fərdi yaşayış evinə istifadə hüquqlarının tanınmaqla, həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddiaçı Şabran Rayon Məhkəməsinə ünvanlandığı iddia ərizəsini yanlışlıqla Siyəzən Rayon Məhkəməsinə göndərmişdir. Eyni zamanda, iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi cavabdeh Ağayev X1 rayonunun Əmirxanlı kəndində qeydiyyatda olmaqla, yanaşı iddiaçı tərəfindən istifadə hüququnun tanınması tələb edilən fərdi yaşayış evi (daşınmaz əşya) də, Şabran rayonunun inzibati ərazisində yerləşir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi həmin normalar imperativ xarakter daşımaqla iddia ərizəsinin cavabdehin qeydiyyata alındığı və daşınmaz əşyanın olduğu yerin məhkəməsinə verilmə qaydasını müəyyən edir. Beləliklə, məhkəməyə daxil olmuş iddia ərizəsindən görünür ki, iddiaçı hazırkı iddianı aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə göndərməli olduğu halda, Azərbaycan Respublikasının MPM-nin tələblərinə əməl etməyərək Siyəzən Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, yuxarıda göstərilən nöqsana görə iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. İddiaçı izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən çatışmazlıq aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən aidiyyəti üzrə Şabran Rayon Məhkəməsinə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə övladları ilə birlikdə istifadə hüququ tanınmaqla, bu evə köçürülmələri, eləcə də cehiz əşyalarının və ya onların dəyərinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar