Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-49/2022 12.01.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Kia Optima” markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulan ziyanın əvəzində 5378,45 manat sığorta ödənişi məbləği və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 5408,85 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdeh 29 aprel 2014-cü il tarixdə idarə etdiyi “UAZ 315143-095” markalı, ** JO *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Quba-Dağıstan yolunun 138-ci km., hərəkət edərkən ara məsafəni düzgün saxlamadığından X2 məxsus və iddiaçı ASC-də sığortalanmış “Kia Optima” markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə həmin avtomaşına maddi ziyan dəymişdir. Bundan sonra, cavabdeh baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar 01 may 2014-cü il tarixdə Azərbaycan Respublikası İXMnin 151.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 40 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Daha sonra, sığorta müqaviləsi və sığorta aktına əsasən zərərçəkmiş şəxsə 5378,45 manat sığorta ödənişi həyata keçirilmiş, nəticədə iddiaçı ASC-nin həmin məbləği cavabdehdən tələb etmək hüququ yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, həmçinin iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, iddia tələbində göstərilən yol-nəqliyyat hadisəsi onun təqsiri səbəbindən baş versə də, iddiaçı ASC-də sığortalanmış “Kia Optima” markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomaşına tələb olunan məbləğdə deyil, 1030 manat həcmində ziyan dəymişdir. Bu səbəbdən də, iddia tələbinin qismən, yəni 1030 manat məbləğində təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 13 iyul 2013-cü il tarixdə verilmiş AB seriyalı, 965095 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, eləcə də eyni tarixli fiziki şəxslərin sahibliyində olan minik avtomobillərin sığortası şəhadətnaməsinin surətlərindən görünür ki, mülkiyyət hüququ ilə X2 məxsus olan “Kia Optima” markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC-də 13 iyul 2013-cü ildən 13 iyul 2016-cı il tarixədək sığortalanmışdır. İşdə olan mötəbər sübutlardan, o cümlədən 01 may 2014-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında, eləcə də 01 may 2014-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, 29 aprel 2014-ci il tarixdə, saat 11:30 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Şabran rayonu, Şahnəzərli kəndi ərazisindən keçən 138-cı kilometrliyində Cavabdeh buna qanuni əsaslarla hüququ olmaqla, idarə etdiyi “UAZ 315143-095” markalı, ** JO *** dövlət qeydiyyat nişanlı avtomaşınla Quba rayonu istiqamətinə doğru hərəkətdə olarkən qarşıda dayanmış X1 idarə etdiyi “Kia Optima” markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı və X3 idarə etdiyi Vaz- 2121 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə “Kia Optima” markalı avtomaşının sürücüsü Şəhriyar Məhərrəmov xəsarət almışdır. Bununla əlaqədar, Cavabdeh həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə əsasən təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan "xxxx" Firması tərəfindən 01 may 2014-cü il tarixdə tərtib edilmiş qüsur aktının surətindən, 007447 nömrəli sığorta aktından, eləcə də 06 iyun 2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC Şəhriyar Məhərrəmova sığortalanmış “Kia Optima” markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 392,15 manat franşiza (azadolma məbləğini) çıxılmaqla 5378,45 manat sığorta ödənişi ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2021-ci il tarixli, 9/7051-8/2458 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" Firmasının 01 may 2014-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2013-cü il buraxılışlı “Kia Optima” markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 5398 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və eyni saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 manat təşkil edir. İşdə olan 28 iyul 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, "ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur". Adı çəkilən Məcəllənin 1108.2-ci maddəsinə görə isə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İş materiallarından aydın olur ki, “UAZ 315143-095” markalı, ** JO *** dövlət qeydiyyat nişanlı avtomobil hadisə vaxtı, yəni 29 aprel 2014-cü il tarixdə Cavabdeh tərəfindən qanuni əsasla idarə edilmiş, habelə bu avtomobilin hüquqa zidd götürülmüş olması barəsində heç bir dəlil irəli sürülməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, ona qanuni əsaslarla sahib olan Cavabdeh daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara, o cümlədən müvafiq ekspert rəyinə əsasən məhkəmə iclasında müəyyən edildi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı “UAZ 315143-095” markalı, ** JO *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh qanuni əsaslarla sahiblik edərək idarə etmiş və onun təqsirli hərəkətləri nəticəsində "xxxx" Sığorta Şirkəti ASC-də sığortalanmış “Kia Optima” markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Həmçinin, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən azadolma məbləği 392,15 manat çıxılmaqla zərərçəkmiş şəxsə sığorta ödənişi həyata keçirilmişdir. Eyni zamanda, ekspert rəyindən də görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Kia Optima” markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilə 5398 manat zərər dəymişdir. Bu səbəbdən də, azadolma məbləği 392,15 manat nəzərə alınaraq dəymiş zərər 5005,85 manat miqdarında hesablanmalıdır. Belə olan halda, vurulmuş ziyana görə Cavabdeh iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-yə olan borcu 5005,85 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 5005,85 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun 93%-i, yəni 28,27 manatı, cəmi 5034,12 manat pul alınaraq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manatın 7 %, yəni 7 (yeddi) manatı "xxxx" Sığorta Şirkəti ASCdən, 93 %, yəni 93 (doxsan üç) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 5005,85 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun 93%-i, yəni 28,27 manatı, cəmi 5034,12 (beş min otuz dörd manat 12 qəpik) manat pul alınaraq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manatın 7 %, yəni 7 (yeddi) manatı "xxxx" Sığorta Şirkəti ASC-dən, 93 %, yəni 93 (doxsan üç) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-49/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-49/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver