Məhkəmə qərarları › İş №2(059)-522/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-522/2024

04.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-522/2024 04.11.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəyən 562 manat maddi zərərin, 430 manat mənəvi zərərin, eləcə də, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, 18 yanvar 2024-ci il tarixdə təxminən saat 09:30 radələrində ona məxsus “Mersedes-Bens C200” markalı avtomobili yumaq məqsədi ilə kənddə fəaliyyət göstərən avtoyuma məntəqəsinin sahibi Cavabdeh təhvil verərək, özünün işi olduğunu və bir neçə saatdan sonra gələcəyini bildirməklə, Şabran şəhərinə getmişdir. O, öz işləri ilə məşğul olarkən telefona naməlum nömrədən zəng gəlmiş, danışan şəxs özünü müstəntiq kimi təqdim edərək, avtomobillə adam vurmasını bildirmiş, o, isə avtomobilsiz olmasını qeyd edərək qəza törətməsinin qeyri-mümkün olacağını demişdir. Bundan sonra, o, təcili yaşadığı kəndə gəlmiş və maşının müxtəlif yerlərində zədə olmasını, əsasən də, avtomobilin sağ tərəfinin zərbə alaraq əzilməsini görmüşdür. Bu zaman hadisə yerində müstəntiq də olmuşdur. Onlar birlikdə zərbə nəticəsində avtomobildən qopan hissələri, o, cümlədən güzgünü və digər plastmas hissələri toplamış, polis əməkdaşları avtomaşını götürüb polis şöbəsinə aparmışlar. Onun iş yeri Bakı şəhərində Böyük şor deyilən ərazidə yerləşdiyi üçün ora hər gün sözügedən maşınla gedir, habelə avtomobilində 4 nəfər sərnişin də onunla birgə getdiyi üçün onların hər biri 10 manat gediş-gəliş haqqı ödəyirdi. Beləliklə, o, hər gün əldə etdiyi 40 manat daşıma haqqından 20 manatı yanacağa sərf etdikdən sonra, özünə 20 manat qazanc qalırdı. Beləliklə, nəqliyyat vasitəsi 7 gün rayon Polis Şöbəsində qaldığına görə bu müddət ərzində ona 140 manat ziyan dəymişdir. Habelə, bu müddət ərzində özü taksi ilə işə gedib-gələrək hər gün 10 manat xərclədiyi üçün, cəmi 70 manat ziyana düşmüşdür. Beləliklə, o, hər gün əlavə xərc çəkdiyi üçün avtomobilini təcili düzəltməli olmuşdur. Odur ki, avtomobilini Polis Şöbəsindən təhvil alıb təmir etdirmiş, bu zaman dəyişilən hissələr və müvafiq təmir xərcləri 562 manat təşkil etmişdir. Beləliklə, cavabdehin hüquqazidd hərəkətləri nəticəsində ona 210 manat nəqliyyat xərci və 562 manat təmir xərci olmaqla, ona ümumilikdə 772 manat maddi ziyan dəymişdir. Lakin o, cavabdehdən yalnız nəqliyyat vasitəsinə vurulan real 562 manat maddi zərəri tələb etməsinə baxmayaraq, cavabdeh ziyanı ödəməkdən boyun qaçırır. Maddi zərərdən əlavə, cavabdehin onun əmlakına qarşı ehtiyatsız davranması nəticəsində ona fiziki iztirablar formasında da mənəvi zərər vurulmuşdur. Başqa sözlə, gözlənilmədən polis müstəntiqinin zəng edərək, yol-nəqliyyat hadisəsi törətməsi barədə ona xəbər verməsi, eləcə də, aparılmış araşdırma ilə əlaqədar, həmçinin Bakı şəhərinə işə getməsi üçün taksi gözlədiyindən psixi sarsıntı keçirib sarsılması səbəbindən ona 430 manat məbləğində mənəvi ziyan vurulmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, 18 yanvar 2024-cü il tarixdə, təxminən saat 10 radələrində etibarnamə əsasında idarə etdiyi “Mersedes-Bens C200” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh işlətdiyi Siyəzən rayonunun Yenikənd kəndində yerləşən avtoyuma məntəqəsinə apardıqda, məntəqənin qapısının bağlı olmaqla, qarşı tərəfin orada olmadığını görüb sonuncuya zəng etmişdir. Bu zaman Cavabdeh özünün işdə olmasını bildirməklə, orta məktəb şagirdi qardaşı Heydərin məktəbdən qayıtdıqdan sonra maşını yuyub təhvil verə biləcəyini demişdir. O, əvvəlcə cavabdehlə razılaşmasa da, sonra yenidən Cavabdeh zəng edib sonuncunun təklifi ilə razılaşmasını bildirmiş və sözügedən avtomobilin açarını maşının benzin bakının çöl qapağının alt, iç qapağının isə üst hissəsinə qoymaqla, oradan çıxıb Mirdadaş adlı tanışı ilə Şabran şəhərinə getmişdir. Lakin, bundan 5 saat sonra, Siyəzən rayon Polis Şöbəsindən ona zəng olunduğu üçün hadisə yerinə getdikdə, avtomobilin sağ güzgüsünün sınmış vəziyyətdə olmasını görmüş, sonradan isə sözügedən avtomobilə daha çox ziyan vurulması məlum olduğu üçün onu təmir etdirmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 18 yanvar 2024-cü il tarixdə həmkəndlisi İddiaçı təxminən saat 10 radələrində ona zəng edərək, etibarnamə əsasında idarə etdiyi Mersedes-Bens C200” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobili onun işlətdiyi Siyəzən rayonunun Yenikənd kəndində yerləşən avtoyuma məntəqəsinin qarşısına qoymasını bildirdikdə, o, özü Şabran şəhərində işdə olduğu üçün sözügedən avtomobili 2008-ci il təvəllüdlü qardaşı Heydər Həsənov məktəbdən qayıtdıqdan sonra maşını yuyub ona təhvil verə biləcəyini demişdir. Əvvəlcə bununla razılaşmayan İddiaçı bir qədər sonra ikinci dəfə ona zəng edərək, avtomobili məktəbli qardaşı Heydərin yuyub təhvil verməsi ilə razılaşmasını bildirmişdir. Beləliklə, o, atası Ramin Həsənova zəng edərək, qardaşı Heydər məktəbdən qayıtdıqdan sonra sözügedən avtomobili yuyub İddiaçı təhvil verməsini tapşırmışdır. Həmin tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində onun təqsiri olmamaqla, hadisəni hər iki valideyni sağ olan məktəbli qardaşı Heydər Həsənov törətmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, 24 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, sözügedən hadisədə cinayət olmadığına görə bununla bağlı toplanmış HK-1/64 və HK-1/90 nömrəli materiallar üzrə cinayət işinin başlanmasını rədd edilmişdir. İşdə olan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 tərəfindən “Mersedes-Bens C200” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın hesablanmasına dair 27 yanvar 2024-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, sözügedən avtomobilin 1 ədəd yan sağ güzgüsünə 70 manat, arxa sol çaşqasına 140 manat, arxa sol stupitsasına 30 manat, 1 dəst arxa sol razvalnısına 35 manat, 1 ədəd arxa sırğasına 12 manat ziyan dəyməklə, dəmirçiyə 50 manat, çilingərə 120 manat, rəngsaza 80 manat və razvala 25 manat zəhmət haqqı ödənilməklə, ümumi ziyanın məbləği 562 manat təşkil etmişdir. İşdə olan 17 may 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında şifahi formada bağlanmış tapşırıq müqaviləsinə əsasən İddiaçı Cavabdeh 18 yanvar 2024-ci il tarixdə, təxminən saat 10 radələrində həmin vaxt iddiaçının istifadə etdiyi “Mersedes-Bens C200” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh Siyəzən rayonu Yenikənd kəndində işlətdiyi avtoyuma məntəqəsinə təhvil verməsi, habelə tərəflər arasında sözügedən avtomobilin yuyulub təhvil verilməsinin cavabdehin tapşırığı əsasında sonuncunun 2008-ci il təvəllüdlü qardaşı Heydər Həsənov tərəfindən icra ediləcəyi barədə razılığa gəlmələri, eləcə də, həmin gün baş vermiş yol-nəqliyyat hadisəsinin sonuncu tərəfindən törədilməsi işin mübahisələndirilməyən hallarındadır. Həmçinin, iddiaçı cavabdehə sonuncu tərəfdən ona dəymiş zərəri aradan qaldırmaq üçün müraciət etsə də, bunun nəticəsi olmamış və nəticədə o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Sözügedən Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan, tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Sözügedən Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məhkəmə qeyd edir ki, cavabdehin tapşırığına əsasən sözügedən avtomobili yuyub təhvil verməli olan sonuncunun qardaşı Heydər Həsənov yüksək təhlükə mənbəyi sayılan avtomobili istismar etməyə hüququ olmayan şəxs kimi qiymətləndirilməlidir. Bunu əsas gətirərək, İddiaçı 18 yanvar 2024-cü il tarixdə idarəçiliyində olan “Mersedes-Benz C200” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh nəzarəti altında tapşırılan işi icra etməli olan qardaşı X1 təqsirli hərəkətləri nəticəsində sözügedən avtomobilə dəymiş ziyanı tələb etmək hüququ yaranmışdır. Belə ki, aparılmış araşdırma nəticəsində Cavabdeh 2008-ci il təvəllüdlü qardaşı Heydər Həsənovun 18 yanvar 2024-cü il tarixdə Siyəzən rayonunun Yenikənd kəndində sözügedən avtomobilə ziyan vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməsi müəyyən edilmiş, lakin göstərilən xüsusat üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasını rədd edilmişdir. Belə olan təqdirdə qeyd edilməlidir ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi 18 yanvar 2024-cü il tarixdə “Mersedes-Benz C200” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Heydər Həsənov avtomobili idarə etməyə hüququ olmayan şəxs statusunda olmuş, həmin şəxs mülki hüquq müqaviləsi əsasında cavabdehin tapşırığı ilə iş görmək, sonuncu isə həmin işin təhlükəsiz görülməsinə nəzarət etmək vəzifəsini daşımışdır. Bu səbəbdən İddiaçı şifahi tapşırığı əsasında Cavabdeh “Mersedes-Benz C200” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobili yuduzdurub sahibinə təhvil verməli olsa da, o, üzərinə götürdüyü öhdəliyi kifayət qədər vicdanla icra etməmiş, nəticədə sonuncunun iddiaçıya dəyən zərər üçün məsuliyyəti yaranmışdır. Belə olan halda, iddiaçı əmlakına dəymiş ziyanın əvəzini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə, iddiaçının mənəvi zərərin ödənilməsi tələbinə bu baxımdan yanaşaraq hesab edir ki, İddiaçıla Cavabdeh arasında bağlanmış şifahi tapşırıq müqaviləsinin şərtlərinə əsasən iddiaçıya məxsus avtomobilin yuyulub təhvil verilməsini öhdəsinə götürən, cavabdeh kifayət qədər ehtiyatlılıq göstərmədən işin təhlükəsiz aparılmasına nəzarət etməli olduğu halda, bunu etmədiyindən qarşı tərəfin əmlakına zərər vurulmasına səbəb olduğundan onun uzun sürən məhkəmə proseslərində tərəf qismində iştirak etməsi faktı özü-özlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi və buna müvafiq olaraq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Məhkəmə, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.” Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə” dair 31 may 2002-ci il tarixli Qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə, iddiaçının məruz qaldığı maddi zərərin ümumi məbləğini, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 100 manat məbləğində pul tutulması ədalətli və məqsədə müvafiqdir. Odur ki, mənəvi zərər tələbi həmin həcmdə təmin olunmalı, qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Qeyd olunan Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 562 manat məbləğində maddi, 100 manat məbləğində mənəvi zərərin əvəzi olmaqla, cəmi 662 manat məbləğində pul, eləcə də, ödənilmiş 30 manat dövlət rüsumunun 67%-i, yəni 20,10 manatı tutularaq ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 562 (beş yüz altmış iki) manat məbləğində maddi, 100 manat məbləğində mənəvi zərərin əvəzi olmaqla, cəmi 662 manat məbləğində pul, eləcə də, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 67%-i, yəni 20,10 (iyirmi manat 10 qəpik) manatı tutularaq ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov. İddiaçı Siyəzən rayonu Yenikənd kəndi Cavabdeh Siyəzən rayonu Yenikənd kəndi İş üzrə Siyəzən Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(059)-522/2024 saylı qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Q o ş m a: mətn üzrə Hakim : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar