Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-60/2025 22.01.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “payların naturada bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı "payların naturada bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 26 may 2004-cü il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 416F nömrəli, 30505018 kodlu şəhadətnamə ilə onun və mərhum X1 ümumi birgə mülkiyyətlərinə verilmiş Siyəzən rayonunun Yenikənd kəndindəki 0,12 ha torpaq sahəsinin ona düşən ½ hissədə payının, həmin torpaq sahəsinin üzərində 1987-ci il tarixdə tərəfində inşa edilmiş fərdi yaşayış evinin iddiaçıya aid hissədə yerləşməsi şərti ilə naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddia ərizəsində göstərilən tələbini onunla əsaslandırmışdır ki, keçmiş Dəvəçi rayon X6 İcraiyyə Komitəsinin 24 iyul 1990-cı il tarixli, 11 nömrəli iclas protokolunun çıxarışından göründüyü kimi fərdi mənzil tikintisinin aparılması üçün 700 kv.m torpaq sahəsinin ona ayrılması barədə Yenikənd kənd X5 icraiyyə komitəsinin 25 may 1990-cı il tarixli, 05 nömrəli qərarı nəzərə alınmış və iddiaçıya ayrılmış sahədə layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bundan sonra, 14 avqust 1990-cu il tarixli müqavilənaməyə əsasən, keçmiş Dəvəçi rayon XDS İcraiyyə Komitəsinin 24 iyul 1990-cı il tarixli qərarına müvafiq olaraq, layihələndirmə işi Dəvəçi ZDS KTŞ tərəfindən təsdiqlənmişdir. Sonradan, həmin layihə əsasında Yenikənd kəndində öz vəsaiti hesabına yaşayışa tam yararlı fərdi ev inşa etmişdir. Belə ki, aidiyyəti orqanlardan yuxarıda qeyd olunan rəsmi icazə alınmazdan daha əvvəl, yəni artıq 1987-ci ildə sözügedən evi öz şəxsi vəsaiti hesabına inşa və təmir etdirmiş, həmçinin ev yaşayış üçün tam yararlı vəziyyətdə olmuşdur. Bundan sonra, 1988-2001-ci illərdə mərhum əri Nüsrəddin Ramazanovla rəsmi nikahda olmuş, övladları olmadığı üçün 2001-ci ildə nikahları rəsmi qaydada pozulmuşdur. Mərhum əri Nüsrəddin Ramazanovla nikahları pozulandan sonra da birgə yaşamışlar. Habelə, onlar münasibətlərini rəsmiləşdirməsələr də, birgə təsərrüfat idarə etmişlər. Həmçinin, 03 iyun 2021-ci il tarixdə ölmüş Nüsrəddin Ramazanovla istər rəsmi, istərsə qeyri-rəsmi nikah münasibətləri dövründə ona məxsus fərdi yaşayış evində yaşamışlar. Nikahları 2001-ci ildən sonra rəsmiləşdirilməsə də, birgə təsərrüfat idarə etdikləri üçün Siyəzən rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998ci il tarixli, 34-11 saylı qərarına əsasən, 0,12 ha həyətyanı torpaq sahəsi onun və mərhum X1 mülkiyyətinə verilmişdir. X4 övladı olmamış, ölümündən sonra təkcə cavabdehlər olan qardaşları vərəsələridir. Bundan başqa, Siyəzən Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə sözügedən şəhadətnamədə olan ad, soyad və ata adına düzəliş olunmuşdur. Habelə, X4 vərəsələri olan, iddia ərizəsində cavabdeh qismində göstərilən şəxslərin heç biri ona məxsus fərdi yaşayış evində yaşamamış, orada yalnız özü yaşayır. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 iddia tələbini qəbul edərək izahatında göstərdi ki, İddiaçı və mərhum qardaşları Nüsrəddin Ramazanovun ümumi birgə mülkiyyətlərinə verilmiş Siyəzən rayonunun Yenikənd kəndində yerləşən 0,12 ha torpaq sahəsinin iddiaçıya düşən ½ hissədə payının, həmin torpaq sahəsinin üzərində 1987-ci il tarixdə inşa edilmiş fərdi yaşayış evinin iddiaçıya aid hissədə yerləşməsi şərti ilə naturada bölünməsinə razıdır və bu barədə qətnamə qəbul edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 da iddia tələbini qəbul edərək, digər Cavabdeh2 izahatına uyğun, eyni məzmunlu izahat verməklə, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Digər Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla da, məhkəmə işə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 və həmin Məcəllənin 185.6-cı maddəsinə əsasən isə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən 26 may 2004-cü il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 416F nömrəli, 30508018 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34-11 nömrəli qərarı ilə Siyəzən rayonu ərazisindən 0,12 ha torpaq sahəsi Siyəzən rayonu Yenikənd kənd sakini Nüsrəddin Ramazanovun və onun ailə üzvü Bəsti Ramazanovanın birgə mülkiyyətinə verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 14 iyun 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 174014 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 03 iyun 2021-cı il tarixdə Siyəzən rayonunun Yenikənd kəndində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 iyun 2021-ci il tarixdə 140 nömrəli qeyd edilmişdir. İşdə olan 19 sentyabr 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213-cü maddəsinin İ, İİ, İV, V hissələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) birgə mülkiyyətdə olan əmlakdan (əşyadan) payların ayrılması onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) birgə mülkiyyətin mülkiyyətçisi ümumi əmlaka birgə sahiblik və istifadə hüququna malikdir. Birgə mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və birgə mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının əvvəl ideal, sonra isə naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq ümumi mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi mülkiyyətdə olan əmlaka sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi birgə mülkiyyətdə olan əmlakdan payın ayrılması aşağıdakı ardıcıllıqla həyata keçirilə bilər: 1) Ümumi birgə mülkiyyətdə olan əmlakın ideal bölgüsünün aparılması; 2) Mülkiyyətçinin payının naturada ayrılması; 3) Pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 223-cü maddəsinin İİİ və İV hissələrinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 220-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, yuxarıda qeyd olunan normativ hüquqi aktların tətbiq olunmalı hüquq normalarına müvafiq məcmu halında qiymət verərək məhkəmə qeyd edir ki, İddiaçı və mərhum Nüsrəddin Ramazanov birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları kimi 26 may 2004-cü il tarixli, JN seriyalı 416F nömrəli 30505018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Siyəzən rayonunun inzibati ərazisində verilmiş 0,12 ha torpaq sahəsi üzərində bərabər paylara hüququ olan birgə mülkiyyətçilərdir. Bununla da göründüyü kimi mübahisəli torpaq sahəsi ideal bölgü əsasında bölünməklə, paylara ayrılmamış, bu payların real bölgüsü aparılmamış, habelə tərəflər payların real ayrılmasını təsdiq edən hüquqmüəyyənedici sənədə, mötəbər sübuta malik olmamışlar. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən, mülki qanunvericiliyin tələblərinə əməl etməmiş, habelə birgə mülkiyyətdə olan əmlakın bölünməsi ilə əlaqədar müəyyən edilmiş mərhələlilik prinsipini pozmuşdur. Belə ki, ilk növbədə əmlakdakı payların bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Yəni, əvvəlcə birgə mülkiyyətçi paylı mülkiyyətçiyə çevrilməli, bundan sonra ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Lakin, İddiaçı hazırda buna hüququ olmadığı halda, birbaşa mərhum Nüsrəddin Ramazanov ilə birgə mülkiyyətində olan əmlakın sonuncunun qanun üzrə vərəsələri olan cavabdehlərlə onun arasında naturada bölünməsini tələb etmişdir ki, bu da yolverilməzdir və belə olan təqdirdə, iddianın təmin edilməsi istisna edilir. Bununla da, məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “payların naturada bölünməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa, cavabdehlər Xanlar və Cavabdeh3ların iddia tələbini etiraf (qəbul) etmələrinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bu mənada Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə istinadən məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olmaqla, onların bu etirafının qəbul edilməsi, o cümlədən mötəbər sübut kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “payların naturada bölünməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-60/2025
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-60/2025
22.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver