Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-609/2021 22.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Bəylər Ramiz oğlu Ələkbərov, ərizəçi İddiaçı ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən e t d i m: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş oğlu X1 qəbrinin Siyəzən rayonu, Qərəh kəndindən Siyəzən şəhərindəki Şəhidlər Xiyabanına köçürülməsində köməklik göstərilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə yolverilməzliyinə görə qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, əvvəla, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin şəxslər mövcud qanunvericiliyə uyğun olaraq ərizə və ya şikayət əsasında iş başlaya bilərlər. Hazırkı ərizədən də göründüyü kimi ərizədə cavabdeh (maraqlı şəxs) müəyyən edilməmiş, tələb hər hansı bir mübahisədən deyil, sadəcə ərizəçinin hüquq və azadlıqlarının həyata keçirilməsində köməklik edilməsindən ibarət olmuşdur. Məhkəmə isə pozulmuş hüquqların bərpası, o cümlədən onların məhkəmə müdafiəsini təmin edir. Yəni, hazırkı ərizə ilə ərizəçinin hansı hüquqlarının və maraqlarının pozulması halı müəyyən edilmir. Bundan əlavə, “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli, 522 nömrəli qərarının 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, “Bələdiyyələrin statusu haqqında”, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla hazırlanmışdır, qəbiristanlıqların salınmasına, idarə olunmasına, qorunmasına, köçürülməsinə və bağlı elan edilməsinə, həmçinin dəfnlərin vahid dövlət reyestrinin aparılmasına, meyitlərin ekshumasiyasına və cənazələrin daşınmasına dair tələbləri müəyyən edir. Sözügedən Qaydaların 10.1-ci bəndinə əsasən qəbiristanlıqlar bələdiyyə tərəfindən bu Qaydaların tələbləri gözlənilməklə ayrılmış torpaq sahələrində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qeyri-kommersiya qurumu statusunda yaradılır. Bu Qaydaların 25.2.3 və 25.2.4-cü yarımbəndlərinə əsasən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dəfn olunmuş hərbi qulluqçuya və toplanışa çağırılmış hərbi vəzifəliyə “Şəhid” adı verildikdən sonra onun Şəhidlər xiyabanında basdırılmasına dair valideynlərinin, habelə digər yaxın qohumlarının və ya qanuni nümayəndələrinin müraciəti olduqda; ölmüş şəxsin qohumlarının, qanuni nümayəndələrinin və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslərin arzusu ilə ölmüş şəxsin qeyri-prosessual ekshumasiyasına yol verilir. Həmin Qaydaların 26.1-ci bəndinə əsasən bu Qaydaların tələblərinə riayət olunmasına nəzarət əsasnamələrinə uyğun olaraq aidiyyəti dövlət orqanları və müvafiq bələdiyyələr tərəfindən həyata keçirilir. Eyni zamanda, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin İİ hissəsinin İİ cümləsinə əsasən yerli sosial müdafiə və sosial inkişaf proqramlarında mütəmadi olaraq mövcud qəbiristanlıqların qorunması, saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, yeni qəbiristanlıq sahələrinin ayrılması, yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş tikililərin təmiri və yenilərinin inşası, mərasim və dəfn xidmətlərinin, o cümlədən bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım göstərilməsi nəzərdə tutulmalıdır. Göründüyü kimi ərizəçi hazırkı müraciəti ilə bağlı hüquqi marağının təmin edilməsi üçün ilk növbədə aidiyyəti üzrə yerli özünüidarəni həyata keçirən bələdiyyəyə müraciət etməli olduğu halda, yuxarıda sadalanan normativ hüquqi aktların tələblərini pozaraq mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmişdir. Çünki, məhkəmənin qərarı əsasında yalnız ölmüş şəxsin prosessual ekshumasiyası ancaq Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilir. Ölmüş şəxsin qeyri-prosessual ekshumasiyası isə aidiyyəti üzrə yerli özünüidarəni həyata keçirən bələdiyyələr, yəni inzibati orqan tərəfindən həyata keçirilir. Bu mənada qeyd olunur ki, ərizəçi əvvəlcə müvafiq bələdiyyəyə müraciət etməli, bu müraciətin nəticəsinə uyğun olaraq isə məhkəmədə iddia qaldırmalıdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Bu Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. "İnzibati orqanların Təsnifatı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarının İV bölməsində Azərbaycan Respublikasının bələdiyyələri inzibati orqanlar kimi müəyyən edilmişdir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 16.3-cü bəndinə əsasən ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, ərizəsində göstərilən müraciətlə aidiyyəti üzrə müvafiq orqana (bələdiyyəyə) müraciət etməli, həmin orqan tərəfindən müraciəti təmin edilmədiyi, yaxud digər hərəkət və ya hərəkətsizliyindən müvafiq İnzibati Məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, ərizənin yolverilməzliyinə görə, yəni ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi İddiaçı, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş oğlu X1 qəbrinin Siyəzən rayonu, Qərəh kəndindən Siyəzən şəhərindəki Şəhidlər Xiyabanına köçürülməsində köməklik göstərilməsinə dair ərizəsinin qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə ölmüş şəxsin qeyri-prosessual ekshumasiyasının həyata keçirilməsi ilə bağlı yerli özünüidarəni həyata keçirən müvafiq bələdiyyələrə müraciət etmək, həmin orqan imtina etdikdə isə aidiyyəti üzrə İnzibati Məhkəməyə şikayət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-609/2021
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-609/2021
22.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver