Məhkəmə qərarları › İş №2(059)-709/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-709/2024

28.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-709/2024 28.10.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “torpaq sahəsinə və onun üzərindəki evə mütəxəssislərin daxil olmasına cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “torpaq sahəsinə və onun üzərindəki evə mütəxəssislərin daxil olmasına cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən RİHB-nın Beşdam kənd Ərazi Vahidliyi üzrə nümayəndəliyinin 1996- 2000-ci illəri əhatə edən Beşdam kəndi üzrə 01 nömrəli təsərrüfatbaşına kitabında X3 xüsusi mülkiyyətində olmuş 0,24 ha torpaq sahəsinin və fərdi yaşayış evinin üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına, habelə müvafiq texniki sənədlərin tərtib edilməsinə və bu məqsədlə mütəxəssislərin həyətyanı torpaq sahəsinə daxil olaraq fəaliyyət göstərməsinə cavabdehlər tərəfindən edilən maneənin aradan qaldırılması və tələb üzrə qərarın icrasının müvafiq icra orqanına həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə miras qoyan mərhum Gülağa Bağırova məxsus olmuş mübahisəli 0,24 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bir divarına bitişik olan 1988-1992-ci illərdə inşa edilmiş 4 (dörd) otaqlı fərdi yaşayış evində yaşasa da, atasının vərəsələri arasında mübahisəli vəziyyət yarandıqdan sonra son illərdə həmin evi müvəqqəti tərk etmişdir. Belə ki, atası X5 01 mart 2011-ci il tarixdə vəfat etmiş və müvafiq olaraq adına 25 oktyabr 2023cü il tarixli, 8V-169/2023 reyestr nömrəli vərəsəlik işi açılmış, həmçinin notariat ofisi tərəfindən mərhumun adına hər hansı əmlakın olub-olmamasına dair məlumat verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə 19 dekabr 2023-cü il tarixli, 416 nömrəli məktub verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, mərhumun adına daşınmaz əmlakın dövlət reyestrində hər hansı əmlak hüquqları qeydə alınmamış, lakin ona Siyəzən rayon Dövlət Arxivi tərəfindən verilən 30 dekabr 2023-cü il tarixli arxiv çıxarışına əsasən Siyəzən RİHBnın Beşdam kənd Ərazi Vahidliyi üzrə nümayəndəliyinin 1996-2000-ci illəri əhatə edən Beşdam kəndi üzrə 01 nömrəli təsərrüfatbaşına kitabında X5 ailə başçısı kimi göstərilmiş və sonuncunun xüsusi mülkiyyətində 0,24 ha torpaq sahəsinin olması qeyd edilmişdir. 16 iyul 1996-cı il tarixli "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun, eləcə də, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanının tətbiqi zamanı mərhum və iddiaçının ailəsi mübahisəli 0,24 ha həyətyanı torpaq sahəsində yaşadıqlarına görə həmin həyətyanı torpaq sahəsi qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməli idi. Lakin, "Torpaq islahatı haqqında" qanunun tələblərini yerinə yetirməli olan aidiyyəti orqanın əməkdaşlarının işlərinə səhlənkar yanaşmaları səbəbindən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilməmiş və nəticədə hazırki mübahisə yaranmışdır. Belə ki, atası X3 vəfatından sonra Siyəzən rayon Dövlət Arxivi tərəfindən verilən 30 dekabr 2023-cü il tarixli arxiv çıxarışına əsasən, sonuncunun mülkiyyətində olmuş 0,24 ha həyətyanı torpaq sahəsinin və üzərində tikilmiş fərdi yaşayış evinin vərəsələr arasında bölgüsü zamanı sözügedən əmlaka dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması və müvafiq çıxarışların mövcud olmaması müəyyən edilmişdir. Daha doğrusu, əvvəlki məhkəmə işlərində mövcud olan bu sənədlər əsasında mirasın vərəsələr arasında bölgüsünün mümkünsüzlüyü iddiaçının nəzərinə çatdırılmış və ona miras qalmış daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə (fərdi yaşayış evinin və torpaq sahəsinin planı və ölçülərinin) və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtib edilməsi üçün aidiyyəti orqana müraciət edilməsi tövsiyə edilmişdir. Bundan sonra, sözügedən İdarəyə müraciət edilmiş və aidiyyəti mütəxəssislər dəfələrlə Siyəzən rayonu Beşdam kəndinə gələrək miras qalmış 0,24 ha həyətyanı torpaq sahəsinin və üzərində tikilmiş fərdi yaşayış evinin üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə (fərdi yaşayış evinin və torpaq sahəsinin planı və ölçülərinin) və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtib edilməsinə səy göstərsələr də, cavabdehlərin əsassız müdaxiləsi, habelə maneə olmaları səbəbindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin əməkdaşları həyətyanı sahəyə buraxılmamış və bu səbəbdən 0,24 ha həyətyanı torpaq sahəsinin və üzərində tikilmiş fərdi yaşayış evinin üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün zəruri olan hərəkətlər aparılması mümkün olmamışdır. Bu fakt, yəni tələbin əsasları 16 iyul 2024-cü il tarixli məktubu ilə təsdiq edilir. Belə ki, məktubda qeyd edilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığından müraciətin icrasını təmin etmək mümiıkün olmamışdır”. Beləliklə, yuxarıda qeyd edilənlərlə müəyyən olunur ki, iddiaçının atası X5 01 mart 2011-ci il tarixdə ölmüş və müraciəti əsasında Siyəzən rayon dövlət notariat ofisində 25 oktyabr 2023-cü il tarixli, 8V-169/2023 reyestr nömrəli vərəsəlik işi açılmış və sonuncu tərəfindən mərhumun adında hər hansı əmlakın olub-olmamasına dair vərəsəsi İddiaçı məlumat verilməsi üçün ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə 19 dekabr 2023-cü il tarixli məktub göndərilmişdir. Bundan sonra, miras əmlakın bölgüsünün aparılması məqsədi ilə müvafiq sənədlər toplanması zamanı miras əmlaka dair yalnız 1996-2000-ci illəri əhatə edən Beşdam kəndi üzrə 01 nömrəli təsərrüfatbaşına kitabında X3 xüsusi mülkiyyətində 0,24 ha torpaq sahəsinin olması müəyyən olunmuşdur. Başqa sözlə, X2 xüsusi mülkiyyətində 0,24 ha torpaq sahəsinin olmasına dair yalnız sözügedən təsərrüfatbaşına kitabın mövcud olması müəyyən edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, 2023-cü ilin noyabr ayında sözügedən evin arxa hissəsində cavabdehlər tərəfindən tövlə inşa edildiyi və evdə normal yaşayış qeyri – mümkün olduğu üçün həmin evi və torpaq sahəsini tərk etmişdir. Habelə, cavabdehlərin hər üçü texniki sənədlərin tərtib edilməsi üçün mütəxəssislərin mübahisəli əraziyə daxil olmasına mane olmaqla, onu nalayiq söyüşlərlə təhqir etmişlər. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Siyəzən rayon şöbəsinin nümayəndələri zəruri ölçmə işlərinin aparılması üçün cari ilin iyul və avqust aylarında cəmi üç dəfə olmaqla sözügedən daşınmaz əmlaka baxış keçirməkdən ötrü gəlsələr də, cavabdehlər müxtəlif vasitələrlə buna maneə olmuş, nəticədə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Həmçinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin İdarə nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin, eləcə də Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Bununla belə, Cavabdeh1 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında göstərmişdir ki, 01 mart 2011-ci il tarixdə vəfat etmiş qayınatası mərhum X5 70 il bundan əvvəl Siyəzən rayonu Beşdam kəndində 0,24 ha torpaq sahəsi üzərində birmərtəbəli, 4 otaqlı fərdi yaşayış evi inşa etdirmişdir. O, 1996-cı ildə mübahisəli evə gəlin köçmüş, habelə həmin il mərhum qayınatası Gülağa Bağırov fərdi yaşayış evinin iki otağını ayıraraq onlara, digər iki otağı isə qaynı İddiaçı vermişdir. O, iddiaçının əsassız və həqiqəti əks etdirməyən iddialarını rədd edir. Belə ki, iddiaçı qeyd edir ki, guya vərəsələr arasında mübahisə yarandığına görə ona verilən evi müvəqqəti tərk etmişdir. Lakin, qaynı Gülağa Bağırov həmin evi özü tərk etmiş, əri və oğlu onunla heç bir mübahisə etməmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdəki sənədləri tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 18 oktyabr 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 354236 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 01 mart 2011-ci il tarixdə Siyəzən şəhərində vəfat etmiş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 mart 2011-ci il tarixdə 02 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 18 oktyabr 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 354237 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 11 mart 2011-ci il tarixdə Siyəzən şəhərində vəfat etmiş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 aprel 2011-ci il tarixdə 03 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən Rayon Dövlət Arxivi tərəfindən 30 dekabr 2023-cü il tarixdə verilmiş 3-48-40/RA/2-B-1xx-xx/2023 nömrəli arxiv çıxarışından görünür ki, Siyəzən RİHBnın Beşdam kənd İƏD üzrə nümayəndəliyinin 1991-1995-ci, eləcə də 1996-2000-ci illəri əhatə edən Beşdam kəndi üzrə 01 nömrəli təsərrüfatbaşına kitablarında X5 ailə başçısı kimi göstərilmiş, sonuncunun mülkiyyətində ümumi sahəsi 0,01 ha evin, tikililərin, kolluqların, meşələrin, yarğanların, qobuların və ictimai yolların altında 0,24 ha torpaq sahəsinin olması qeyd edilmişdir. Həmçinin, həmin nümayəndəliyinin 1996-2000-ci illəri əhatə edən Beşdam kəndi üzrə 02 nömrəli təsərrüfatbaşına kitabında İddiaçı ailə başçısı kimi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 16 iyul 2024-cü il tarixli, 3-21-3-31/2-2551/2024 nömrəli məktubun surətindən görünür ki, “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanununun 7.1-ci maddəsinə əsasən sözügedən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığından müraciətin icrasını təmin etmək mümkün olmamışdır. Bundan əlavə, əmlak üzərində mübahisə halı olduğu aşkar edilmişdir. Bildirilir ki, həmin qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, adı qeyd edilən qanunun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. İşdə olan 05 avqust 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100,40 manat vəsait ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Sözügedən Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bu Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Yenə həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin tələblərinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikasının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 15 aprel 2002-ci il tarixdən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məcəllələri üzrə Avropa məhkəməsinin yuridiksiyasının məcburliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında qeyd edilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə hər hansı müdaxilə qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Yuxarıda sadalanan normaların mahiyyəti və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvericilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yenə bu Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında işin faktiki halları, habelə tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, mərhum X1 və istifadəsində Siyəzən rayonunun Beşdam kəndi ərazisində 0,24 ha torpaq sahəsinin, eləcə də, bu torpaq sahəsi üzərində fərdi yaşayış evinin mövcud olması, habelə qeyd edilən ünvanda mərhum Gülağa Bağırovun vəfatınadək və bundan sonra 2023-cü ilin noyabr ayına qədər sonuncunun oğlu olan İddiaçı, hazıradək isə cavabdehlərin yaşaması işin mübahisələndirilməyən hallarıdır. Qeyd edilən əmlak üzərində “gözlənilən” mülkiyyət hüquqlarına malik olan iddiaçının sözügedən əmlakın mərhum atası Gülağa Bağırovun adına dövlət qeydiyyatına alınmasına dair müraciəti daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər tərəfindən şərait yaradılmadığından təmin edilməmiş, bu səbəbdən də, iddiaçı məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının gələcək mülkiyyətçi kimi qanuni gözləntiyə malik olduğu Siyəzən rayonunun Beşdam kəndində yerləşən 0,24 ha torpaq sahəsində və üzərindəki fərdi yaşayış evində mərzçəkmə işlərinin aparılması və bu əmlaka dair texniki sənədlərin tərtib edilməsi məqsədilə mütəxəssislərin sözügedən torpaq sahəsinə daxil olaraq fəaliyyət göstərmələrinə cavabdehlər tərəfindən edilən hər hansı müdaxilə qanunsuz hesab edilməklə, hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin “tələb üzrə qərarın icrasının müvafiq icra orqanına həvalə edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin məsələ məhkəmə qərarının icrası qaydasında həll edilməli olduğundan iddia tələbi bu hissədə əsaslı hesab edilməməli və təmin olunmamalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, X2 istifadəsində və sahibliyində olmuş Siyəzən rayonunun Beşdam kəndində yerləşən 0,24 ha torpaq sahəsində və üzərindəki fərdi yaşayış evində mərzçəkmə işlərinin aparılması və bu əmlaka dair texniki sənədlərin tərtib edilməsi məqsədilə mütəxəssislərin sözügedən torpaq sahəsinə daxil olaraq fəaliyyət göstərmələrinə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən edilən maneələr aradan qaldırılmalıdır. .Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, bank xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 100,40 manat məhkəmə xərci iddia ərizəsində və məhkəmə baxışında cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X2 istifadəsində və sahibliyində olmuş Siyəzən rayonunun Beşdam kəndində yerləşən 0,24 ha torpaq sahəsində və üzərindəki fərdi yaşayış evində mərzçəkmə işlərinin aparılması və bu əmlaka dair texniki sənədlərin tərtib edilməsi məqsədilə mütəxəssislərin sözügedən torpaq sahəsinə daxil olaraq fəaliyyət göstərmələrinə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən edilən maneələr aradan qaldırılsın. Bank xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 100, 40 (bir yüz manat 40 qəpik) manat məhkəmə xərci İddiaçı aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar