Məhkəmə qərarları › İş №2(059)-71/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-71/2022

14.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-71/2022 14.03.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, ərizəçi İddiaçı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması və torpaq sahəsinin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi, faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması və torpaq sahəsinin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi, faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair 09 yanvar 2001-ci il tarixli, JN seriyalı 074A nömrəli, 30505028 kodlu şəhadətnamədə 3-cü sırada qeyd edilən “Hüseynov” soyadının “Hüseynbəyli”, “Əlövsət” ata adının “Fikrət”, beləliklə 3-cü sıradakı X4 İddiaçı olması (oxunması) və Siyəzən rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 32- 11 saylı qərarı ilə ayrılmış 0,13 ha torpaq sahəsinin bu şəhadətnamənin 3-cü sırada qeyd edilən İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizəni müdafiə edərək izahatında bildirdi ki, Siyəzən rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 32-11 saylı qərarı ilə 0,13 ha torpaq sahəsi 09 yanvar 2001-ci il tarixdə babası Nüsrət Hüseynovun, bacısı Nigar Hüseynovanın və onun mülkiyyətinə verilmiş və müvafiq olaraq torpağa mülkiyyət hüququna dair JN seriyalı 074A nömrəli, 30505028 kodlu şəhadətnamə tərtib edilsə də, bu şəhadətnamənin ona aid hissəsində soyadı və ata adı yanlış qeyd edilmişdir. Belə ki, onun soyadı “Hüseynbəyli” əvəzinə yanlışlıqla “Hüseynov”, ata adı “Fikrət” əvəzinə səhvən “Əlövsət” kimi qeyd edilmiş, bununla da, torpağa mülkiyyət hüququna dair müvafiq şəhadətnamədə yanlışlığa yol verilmişdir. O, babası Nüsrət Hüseynov öldükdən sonra sonuncuya məxsus torpaq sahəsinin vərəsələr arasında bölünməsi üçün Siyəzən rayon Dövlət Notariat ofisinə müraciət etsə də, şəhadətnamədə qeyd olunan mexaniki yanlışlığa görə vərəsəlik hüququnu həyata keçirə bilməmişdir. Qeyd olunan mexaniki yanlışlığa görə onun, digər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan və ona çatan torpaq sahəsi üzərində mülkiyyət hüququnu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-də qeydiyyatdan keçirə bilmir və bununla da mülkiyyət hüquqları məhdudlaşmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsə də, müraciətinə müsbət cavab verilməmişdir. Bununla da, hazırda ona çatan torpaq payı üzərində mülkiyyət hüquqlarının təsdiqi üçün soyadında və ata adında olan yanlışlığın düzəldilməsi və torpağa mülkiyyət hüququna dair şəhadətnamədə özünün X8 olması faktının müəyyən edilməsi üçün qətnamə çıxarılmasını xahiş etməklə, eyni zamanda ödənilmiş dövlət rüsumunun özünə aid edilməsini rica edir. Maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin Siyəzən rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Siyəzən şəhər nikah evi tərəfindən 28 aprel 1990-cı il tarixdə verilmiş V-ЖГ seriyalı, 351551 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X13 28 aprel 1990-cı il tarixdə nikahlarını bağlamış və bu barədə həmin gün nikahın bağlanması haqqında akt qeydləri kitabında 439 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Hüseynova” soyadı verilmişdir. İşdə olan Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən 02 iyul 1996-cı il tarixdə verilmiş XİX-ЖГ seriyalı, 447965 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X9, anası X10 olan İddiaçı xx xxx 1996-cı il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. İşdə olan torpağa mülkiyyətə verilməsinə dair JN seriyalı 074A nömrəli, 30505028 kodlu şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahatı Komissiyasının 24 dekabr 1997-ci il tarixli, 32-11 saylı qərarı ilə 0,13 ha torpaq sahəsi X6, X5 və X4 mülkiyyətinə verilmişdir. İşdə olan Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 sentyabr 2021-ci il tarixli, 593 nömrəli arayışından və müvafiq şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, JN seriyalı 074A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X2 Bəhruz Fikrət oğlu kimi oxunmalıdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 08 oktyabr 2021-ci il tarixli bildirişindən görünür ki, JN seriyalı 074A nömrəli, 09 yanvar 2001-ci il tarixli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin İddiaçı məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilir. İşdə olan 16 noyabr 2021-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Adı qeyd edilən Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İşin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, ərizəçiyə məxsus olan bütün sənədlərdə onun soyadı “Hüseynbəyli”, ata adı “Fikrət” kimi qeyd edilmişdir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair 09 yanvar 2001-ci il tarixli, JN seriyalı 074A nömrəli, 30505028 kodlu şəhadətnamədə 3-cü sırada qeyd edilməli olan İddiaçı əvəzinə yanlış olaraq, X7 qeyd edilmiş, nəticədə, bu hal ərizəçinin gələcəkdə yarana biləcək hüquqlarının pozulmasını istisna etmir. Ərizəçinin yaranmış bu halı, yəni ziddiyyəti aradan qaldırması başqa qaydada mümkün deyildir, ona görə də bu faktın müəyyən edilməsi məhkəmə qaydasında olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair 09 yanvar 2001-ci il tarixli, JN seriyalı 074A nömrəli, 30505028 kodlu şəhadətnamədə 3-cü sırada qeyd edilən X1 “Hüseynbəyli”, atasının adının “Fikrət” olması və həmin aktda 3-cü sırada qeyd edilən mülkiyyətçinin İddiaçı olması faktı müəyyən edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, ərizənin “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,13 ha torpaq sahəsinin ərizəçi İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə məxsus olması faktının müəyyən edilməsi”nə dair hissəsi hüquqi fakt əhəmiyyəti kəsb etmədiyinə və bu hal şəhadətnamə ilə müəyyən edildiyinə görə təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçi İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə” dair 09 yanvar 2001-ci il tarixli, JN seriyalı 074A nömrəli, 30505028 kodlu şəhadətnamədə 3-cü sırada qeyd edilən X1 “Hüseynbəyli”, atasının adının “Fikrət” olması və həmin şəhadətnamədə 3-cü sırada qeyd edilən ümumi birgə mülkiyyətçinin İddiaçı olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçi İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar