Məhkəmə qərarları › İş №2(059)-75/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-75/2022

07.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-75/2022 07.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 xeyrinə 5140 manat mənəvi və 4460 manat maddi zərərin, İddiaçı2 xeyrinə 3000 manat mənəvi zərərin, eləcə də 200 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, 05 may 2017-ci il tarixdən yeznəsi Tair Rzayevlə birlikdə yaşadıqları Yenikənd kəndinin şimal tərəfində həmkəndlisi Cavabdeh məxsus toyuq sexlərində işləməyə başlamışdır. Bir müddət sonra yeznəsi Tair işin çətinliyinə və əmək haqqının azlığına görə haqsızlığa dözməyib işə gəlməsə də, onun tələbə övladı olduğundan məcbur olub 25 iyul 2017-ci il tarixdən etibarən əri Fərhadla birgə işləməyə davam etmişdir. Həqiqətən, cavabdehin sexlərində işin həcmi çox, işçi sayı az olduğundan burada işləmək əzabəziyyətli və məşəqqətli olmuşdur. Belə ki, sexlər neft sobası ilə qızdırıldığından bu sobaları yanıcı materiallarla təmin etmək də onların öhdəsinə düşmüşdür. Bu minvalla 28 iyul 2017-ci il tarixdə, gecə vaxtı sexdə Fərhad özü tək neft sobasını neftlə doldurarkən nərdivandan sürüşərək yıxılmış, nəticədə zərbədən çiyni sınmışdır. Bundan sonra, digər iddiaçı olan, əri İddiaçı1 həmin gün gecə saat 2-3 radələrində evə gəlmiş, nərdivandan yıxılaraq çiyninin çıxdığını bildirdikdən sonra qonşusu Sədaqəti evə dəvət etmiş, sonuncu ərinin çiyninin sınmasını, hətta sınan sümüklərin dərini yuxarı qaldırmasını ona demişdir. Səhəri gün əri X10 X4 aparmış, Cavabdeh problem yaratmamaq üçün cərrah Səttar Zeynalova ərinin evinin həyətində yıxılmasını bildirmiş, həkim buna inanmasa da, cavabdehin onlara maddi yardım edəcəyini düşünərək, sonuncunu ciddi məsuliyyətdən müdafiə etmişlər. Qeyd edilənlərə, o cümlədən xəsarətin ciddiliyinə baxmayaraq, cavabdeh bir dəfə də olsun xəstə ilə maraqlanmamış, bütün müayinə və müalicə xərclərini öz hesablarına çəkmişlər. O maddi imkansızlıqdan susmağı üstün tutaraq işinə davam etmiş, heç bir iş görə bilməyən Fərhad isə yol yoldaşı kimi onun yanında hərlənərək, gecələr qorxmasın deyə ona təsəlli vermişdir. Cavabdeh isə 24 iyun 2020-ci il tarixdə Fərhadla mübahisə edərək, ərinə diri cücələri oğurlaması, əvəzinə sexə ölü cücələr atmasını deyərək, sonuncunu şərləmişdir. Bu haqsızlıqdan sonra əri üz iflici keçirmiş, nəticədə gözü yumulmuş, ağzı əyilmiş və nitqi tutulmuş, hətta danışmaqda çətinlik çəkmişdir. Səhəri gün, 25 iyun 2020-ci il tarixdə Fərhadı Qusar Rayon Mərkəzi Xəstəxanasına aparıb başını maqnit rezonans aparatına salaraq müalicəyə başlamış və buna görə həmin xəstəxanada cəmi 210 manat ödəniş etmişlər. Beləliklə, bir tərəfdən əri Fərhadın işləməməsi, digər tərəfdən tələbə övladının təhsilinə vəsaitin lazım olması, habelə başqa sexlərdə iş yeri olmaması səbəbindən məcburən cavabdehin sexində işləməyə davam etməklə, qonşusu və ataları dost olan cavabdehin onlara işə və ya ərinin pensiyaya çıxmasına köməklik edəcəyinə ümid etmişdir. Lakin ümid etdiyi kimi olmamış, fikirlərində yanılmışdır. Belə ki, 21 oktyabr 2021-ci il tarixdə, satışdan sonra saat 16:30 radələrində evə gəlmiş, bundan bir saat sonra 17:30 radələrində Teyfur ona zəng edib, onu təhqir edərək 160 ədəd toyuğunu oğurlamasını bildirmişdir. Sexin hər tərəfində kamera olmasını və təkbaşına 160 ədəd toyuğu oğurlamasının mümkün olmamasını dedikdə Teyfur onu təhqir etmiş və aralarında böyük mübahisə başlanmışdır. Bundan sonra, Siyəzən rayon prokurorluğuna müraciət etsələr də, onlara mülki qaydada məhkəməyə iddia ərizəsi vermələri tövsiyə olunmuşdur. Beləliklə, cavabdehə məxsus quş sexində iş fəaliyyəti düzgün təşkil edilmədiyinə görə əri İddiaçı1 nərdivandan yıxılaraq çiyninin sınması, daha sonra üzünün bir hissəsinin iflic olması, cavabdeh tərəfindən toyuq oğurluğu ilə üzərlərinə böhtan atılaraq şərəf və ləyaqətlərinə ləkə vurulması, kənd sakinlərinin hafizəsində onların oğru olması fikrinin formalaşdırılması, bununla da camaat arasında rüsvay olmaları ilə əlaqədar onların hər ikisinə mənəvi, əri Fərhada isə maddi ziyan da vurulmuşdur. Nəticədə, cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 3000 manat, əri İddiaçı1 vurulan mənəvi zərər isə 5140 manat dəyərində qiymətləndirirlər. Bundan başqa, hazırda da aldığı xəsarətlərdən əziyyət çəkən əri İddiaçı1 vurulan maddi zərər, onun müalicəsinə çəkilən 210 manat və 25 iyun 2020-ci il tarixdən 25 noyabr 2021ci il tarixədək 17 ay müddətində 250 manat minimum əmək haqqı hesablanmaqla, cəmi 4460 manat ziyan edir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı1 İddiaçı2 izahatını təsdiq edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 2017-ci ilin may ayında həmkəndlisi X9 ilə birlikdə olarkən İddiaçı2 onlara yaxınlaşıb sexdə işləmək istədiyini bildirmiş, o, ali təhsilli iqtisadçı olmaqla, qanunvericiliyi müəyyən qədər bildiyi üçün iddiaçıya əmək müqaviləsinin bağlanması və dövlətə vergi və sosial ödənişlərinin olunması barədə məlumat verdikdə, sonuncu ona müqavilə bağlamadan hər cücə qurtardıqdan sonra ayda 600 manat ödəniş edilməsini təklif etmişdir. İddiaçı2 kiminlə işləyəcəyini soruşduqda sonuncu bunun öz işi olmasını bildirmiş, o, gələcəkdə həmin insanlarla problem yaranarsa, xidməti müqavilə bağlanmamasının nəticələrini izah etdikdə, iddiaçı hər məsələni özü həll edəcəyini demişdir. O, hər dəfə xeyri olub-olmamasından asılı olmayaraq, toyuğun satışından sonra 600 manat pulu İddiaçı2 özünə təqdim etmiş, sonuncu da pulu alaraq xidməti müqavilə bağlamadığı insanlara verməklə, dövlət vergilərini və sosial ödənişləri ödəməkdən yayınmışdır. İddiaçı2 hərdən özü ilə bacısı Pərvanə Rzayevanı, sonuncunun əri Tair Rzayevi və öz əri İddiaçı1, eləcə də oğulları Firudini həmin sexdə işlətmişdir. Digər İddiaçı1 yıxılmasından isə onun ümumiyyətlə məlumatı olmamış, bir müddət sonra bu barədə İddiaçı2 ona məlumat vermişdir. Lakin, bu hal həqiqəti əks etdirmir. Belə ki, o, İddiaçı2 neft məhsulunu sexdə qablara tökməsini bilməmişdir. Habelə hadisənin gecə vaxtı baş verməsi barədə deyilənlər də doğru deyildir. Çünki sexdə gecələr həmişə İddiaçı2 özü qalmışdır. Bundan başqa, dəfələrlə sexdə cücənin əksik gəlməsi (bəzi vaxtlarda 40-60 toyuq az olurdu) məlum olmuş, bunu İddiaçı2 bildirsə də, sonuncu buna məhəl qoymamışdır. Eyni zamanda, Fərhadın üz iflici keçirməsinin ona heç bir aidiyyəti yoxdur. Bunu hər insan hər an keçirə bilər. İddiaçılar bu hadisədə onu əsassız olaraq təqsirli bilirlər. Hadisədə onun hər hansı formada təqsiri olmamış, bu hal hüquq müəyyənedici sənədlərlə də təsdiqini tapmamışdır. Habelə, cavabdeh İddiaçı1 qayıqla dənizə balıq ovuna gedərək, bu zaman dəfələrlə xəsarət almasını bir kənd sakini kimi eşitmişdir. Bundan başqa, iddiaçı 21 oktyabr 2021-ci il tarixdə onu təhqir etsə də, o, heç vaxt nalayiq söz işlətməmiş, heç vaxt heç kimi təhqir etməmişdir. Cavabdeh İddiaçı2 isə danışığında hansı nalayiq ifadələr işlətməsini bütün kənd sakinləri bilir. İddiaçı2 işin çətin olmasından gileylənsə də, sonuncuya dəfələrlə kənd sakini X2 etməsini təklif etmişdir. Ancaq iddiaçı Tehranı söyüb təhqir edərək oradan qovmuşdur. Hesab edir ki, İddiaçı2 ilə iş münasibətlərinə son qoyduğuna görə iddiaçılar qərəzli şəkildə onu məhkəməyə vermişlər. Beləliklə, iddia tələbinin heç bir hüquqi əsası olmadığı üçün iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil cavabdehin izahatına uyğun, eyni məzmunlu izahat verməklə, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin, cavabdehin vəkilinin izahatlarını, eləcə də şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid X13 ifadəsində göstərdi ki, İddiaçı2 baldızı, digər İddiaçı1 isə bacanağıdır. Bacanağı İddiaçı1 təxminən 5 il bundan əvvəl həmkəndlisi Cavabdeh sexində yıxılaraq, qolunun sınmasını hadisədən 1 gün sonra baldızı Rəhilədən eşitsə də, hansı şəraitdə, harada yıxılmasını gözləri ilə görməmiş, baş vermiş hadisənin birbaşa şahidi olmamışdır. Eyni zamanda, bacanağı Fərhadın bu hadisədən (sexdə yıxılandan) təxminən 3-4 il əvvəl sözügedən sexdə işləməsini bilmişdir. Həmçinin, baldızı Rəhilə ona Fərhadın xəsarət alması ilə bağlı kənd sakini Sədaqət adlı qadına müraciət etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərdi ki, təxminən 4 il əvvəl, yay fəslində yeznələri Fərhadın qolunun sınmasını qonşuluqda yaşayan, bacısı Rəhilədən hadisənin səhəri günü eşitmişdir. Həmçinin, həmin vaxt bacısı Rəhilə əri Fərhadın kənd sakini Cavabdeh məxsus sexdə gecə saatlarında yıxılmasını, lakin hadisə barədə həkimə məlumat vermədiklərini bildirmişdir. Məhkəmə iclasında şahid X14 ifadəsində göstərdi ki, maddi imkansızlığı səbəbindən evində qaz xətti olmadığına görə soba yandırmaq üçün bütün fəsillərdə quru odunlardan istifadə etmişdir. Bu minvalla təxminən 3-4 il əvvəl qonşusu Rəhilə onu evinə çağıraraq, odun aparmasını təklif etmişdir. Həmin vaxt iddiaçıların evində olarkən Rəhilənin əri Fərhadın iniltili səsini eşitmiş, səbəbini soruşduqda sonuncu sexdə yıxılmasını, sınıqçının yanına aparılmasını, lakin sınıqçının həkimə getməsini tövsiyə etdiyini demişdir. Hadisənin birbaşa şahidi olmasa da, həmin vaxt iddiaçıların kənd sakini Teyfurun sexində işləməsini bilirdi. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərdi ki, sözügedən sex həmkəndlisi və tanışı Cavabdeh məxsusdur. O, 2014-cü ildən hazıradək bu sexdə işləyərək, cücələrin suyuna dərman qatmaqla məşğul olmuş, İddiaçı2 isə bu sexdə 2017-ci ilin may ayından 21 oktyabr 2021-ci il tarixədək cücələri 33-35 gün ərzində 600 manata bəsləyib böyütməklə Teyfura təhvil vermişdir. İddiaçı1 ara-sıra bu sexdə görsə də, sonuncu ilə iş münasibətləri olmamış, hesablaşma Rəhilə ilə aparılmışdır. Əgər hər gün baş çəkdiyi bu sexdə belə bir hadisə, yəni Fərhadın yıxılması baş versəydi, o, mütləq bunu bilərdi. Lakin, o, sözügedən məsələ ilə bağlı hazırkı məhkəmə çəkişməsi başlayanadək heç nə eşitməmiş və bir mənalı şəkildə İddiaçı1 Cavabdeh məxsus sexdə yıxılmamışdır. İşdə olan 25 noyabr 2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı2 hazırkı tələblə məhkəməyə müraciət edərkən 199 (bir yüz doxsan doqquz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə şahidlərin ifadələrinə qiymət verərək qeyd edir ki, şahidlər iddiaçı tərəfin qohumları və tanışı olmaqla sonuncuların cavabdehlə olan münasibətlərini bildiklərindən, iş üzrə iddiaçı tərəfindən ifadə vermələri baxımından və beləliklə də, şahidlər dəvət edildikləri tərəf baxımından işin nəticəsi ilə bağlı maraqlı olduqlarından, eyni zamanda şahid qismində dəvət edilmiş şəxslər hadisəni bilavasitə görmədiklərindən onların ifadələri hadisənin müqəddəratına kifayət qədər aydınlıq gətirmədiyindən əsaslı hesab edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Həmçinin, şahidlərdən Tair Rzayevin ifadəsinin əsaslı və mötəbər olmamasına dəlalət edən hallardan biri də onun ifadə verən zamanı İddiaçı1 cavabdehə məxsus sexdə yıxılmasından, yəni 28 iyul 2017-ci il tarixdən 3-4 il əvvəl həmin sexdə işləməsini qeyd etdməklə, sonuncunun işlədiyi dövrləri dəqiq göstərə bilməməsidir. Belə ki, şahid Tair Rzayev ifadəsində İddiaçı1 2017-ci ildən 3-4 il qabaq sözügedən sexdə işləməsini, daha sonra Fərhadın işə başlama tarixini dəqiq bilməməsini qeyd etməklə ifadəsində ziddiyyətli məqamlar ortaya çıxarmışdır ki, bu da sonda onun ifadəsinə daxili inamın yaranmaması ilə nəticələnmişdir. Belə olan təqdirdə isə verilən şahid ifadəsinin əsaslı və mötəbər sübut kimi qəbul edilməsi istisna edilir. Bundan başqa, İddiaçı2 izahatında iddianın əsasını təşkil edən hadisənin baş verməsi ilə əlaqədar Siyəzən X1rkən digər iddiaçı olan əri İddiaçı1 evinin həyətində yıxılmasını etiraf etməsi və hadisənin cavabdehə aid sexdə baş verməsi ilə bağlı aidiyyəti üzrə müvafiq orqanlara məlumatın verilməməsi və bununla bağlı mötəbər sübutların toplanıb məhkəməyə təqdim edilməməsi işin mübahisəsiz halları olmaqla iddia tələbini təkzib edən digər faktiki hallardır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı1 cavabdehdən ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməsinin heç bir qanuni əsası yoxdur və ya hər hansı müqavilə şərtlərinə əsaslanmır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Eyni zamanda, İddiaçı1 5140, iddiaçı Rəhilə Zeynalov isə 3000 manat mənəvi ziyanın cavabdehdən tutularaq onlara ödənilməsini tələb edirlər. Məhkəmə qeyd edir ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Sübutların tədqiqi zamanı iddiaçılar cavabdehin hərəkətləri nəticəsində onların hər hansı mənəvi sarsıntı, iztirablar keçirməsi halları barədə sübut təqdim etməmişlər, habelə iddia tələbində mənəvi zərərlə əlaqədar göstərilən hallar məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 199 (bir yüz doxsan doqquz) manat dövlət rüsumu İddiaçı2 özünə aid edilməli və tələb edilən qalıq 1(bir) manat dövlət rüsumu ödənilmədiyindən iddia bu hissədə də rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 199 (bir yüz doxsan doqquz) manat dövlət rüsumu İddiaçı2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar