Məhkəmə qərarları › İş №2(059)-8/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-8/2024

22.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-8/2024 22.07.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı1, sonuncunun və digər iddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı “ümumi birgə mülkiyyətin naturada bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı “ümumi birgə mülkiyyətin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə onlara bərabər paylarla mülkiyyət hüququ əsasında məxsus olan Siyəzən rayonu Beşdam bələdiyyəsi ərazisində yerləşən torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0730 nömrəli, 30508018 kodlu dövlət aktına əsasən ümumi birgə paylı mülkiyyətlərindəki torpaq sahəsinin bütün mülkiyyətçilər arasında ideal və naturada bərabər paylara bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı1 iddia ərizəsində göstərilən tələbini onunla əsaslandırmışdır ki, ölkəmizdə keçirilmiş torpaq islahatı nəticəsində Siyəzən Rayon Dövlət Notariat Kontorunun 28 avqust 2005-ci il tarixli, 4Ə-154 nömrəli alqı-satqı müqaviləsi ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə bələdiyyənin ərazisindən ayrı-ayrı iki hissədən ibarət 67653,31 kv.m və 10869 kv.m olmaqla, cəmi 7,85 ha torpaq sahəsi ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin ümumi birgə paylı torpağa mülkiyyət hüquqları JN 730 nömrəli, 30508018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə tanınır. Sözügedən ümumi sahəsi cəmi 7,85 ha torpaq sahəsi iki hissədən ibarət olmaqla, ayrıayrı ərazilərdə, yəni bir hissəsi “Sərəki”, digər hissəsi isə “Kişkədar” adlanan ərazidə yerləşir. Cavabdeh onlarla razılaşmayaraq, ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsindən öz payına düşən hissəni yalnız “Kişkədar” adlanan ərazidən götürməklə ondan istifadə edir. Bu hal xeyli müddət olar davam edir və aralarında münaqişə yaranmasına səbəb olur. “Sərəki” adlanan ərazidə yerləşən torpaq sahəsi yaşadıqları Siyəzən rayonunun Beşdam kəndindən nisbətən uzaqda, Xızı rayonunun sərhədində yerləşdiyi üçün ondan istifadə etmək, “Kişkədar” adlanan digər ərazi ilə müqayisədə əlverişsizdir. Belə ki, məsafənin uzaqlığı ilə əlaqədar əlavə xərc tələb olunduğu üçün cavabdeh onlarla razılaşmayaraq öz bildiyini edir və əsassız olaraq aralarında mübahisə yaradır. Dəfələrlə, bu mübahisənin aralarında həll olunmasına çalışsalar da, cavabdeh inadkarlıq edərək onlarla razılaşmamış və bu torpaq üzərində bölgüləri öz istəyinə görə aparacağını bildirmişdir. Göründüyü kimi mülkiyyətçilər arasında torpaq paylarının bölünməsi ilə əlaqədar razılaşma yoxdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ona görə də, iddiaçılar iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatları və dəqiqləşdirmələri olmayan iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiq etməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Cavabdeh, o cümlədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X11, X6, X4, X7 və X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Həmçinin, digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məlum olan axırıncı yaşayış yerinə məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri göndərilsə də, sonuncu qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişlərini ona təqdim etmək mümkün olmamış və bildirişlər aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməklə geri qaytarılmışdır. Buna görə də məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin, eləcə də Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0730 nömrəli, 30508018 kodlu dövlət aktının surətindən görünür ki, Siyəzən rayon Dövlət notariat konturunun 28 avqust 2005-ci il tarixli 4Ə-154 nömrəli alqı-satqı müqaviləsinə əsasən kənd təsərrüfatı məsullarının istehsalı üçün 7,85 ha torpaq sahəsi İddiaçı2 Ağazadə oğlunun, İddiaçı3, Cavabdeh, İddiaçı1 və X12 mülkiyyətinə verilmişdir. İşdə olan Siyəzən rayon İHB-nin Beşdam kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 11 yanvar 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 776524 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 29 dekabr 2016-cı il tarixdə Siyəzən şəhərində ölmüş, habelə bu barədə ölüm haqqında akt qeydləri kitabında 11 yanvar 2017ci il tarixdə 01 nömrəli qeyd edilmişdir. İşdə olan Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının Beşdam kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 18 aprel 2023-cü il tarixli, 49 nömrəli arayışdan, habelə müvafiq doğum haqqında şəhadətnamənin surətindən görünür ki, həqiqətən 29 dekabr 2016-cı il tarixdə vəfat etmiş X2 Noğul Qədir qızının anasıdır. İşdə olan Siyəzən rayon dövlət notariat ofisinin İddiaçı3 ünvanlanmış 19 aprel 2024cü il tarixli, 121 nömrəli məktubunun surətindən görünür ki, 29 dekabr 2016-cı ildə vəfat etmiş mərhum anası X8 miras qalmış əmlaka dair 19 aprel 2023-cü il tarixli, 8V-53/2023 reyestr nömrəli vərəsəlik işi açılmış, lakin mirasın qəbulu ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində göstərilən müddətləri keçirdiyinə görə ona həmin məcəllənin 1248-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan Siyəzən rayon dövlət notariat ofisinin 02 iyul 2024-cü il tarixli məktubundan görünür ki, mərhum X12 adından 19 aprel 2023-cü il tarixdə 8V-53 reyestr nömrəli vərəsəlik işi açılmış, habelə İddiaçı3 mərhumun vərəsəsi kimi tanınmışdır. İşdə olan ərizələrin surətlərindən görünür ki, X11, X10, X9, X1, X7, X6 və X4 29 dekabr 2016-cı il tarixdə ölmüş X8 qalmış miras əmlakdan onlara çatan vərəsəlik paylarını qəbul etməmiş, öz vərəsəlik hüquqlarını rəsmiləşdirməmişlər. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 22 yanvar 2024-cü il tarixli, 3-21-3-31/2-204/2024 nömrəli məktubuna əlavə edilmiş bölgü sxemlərdən görünür ki, mübahisə predmeti olan, habelə Siyəzən rayonunun inzibati ərazisində yerləşən İddiaçı2, İddiaçı3, İddiaçı1, Cavabdeh və mərhum X12 ümumi birgə mülkiyyətdəki iki hissədən ibarət olan cəmi 7,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini naturada bölməklə, mütəxəssisin tərtib etdiyi bölgü sxeminə uyğun olaraq 1,09 ha torpaq sahəsini onların hər birinə 0,218 ha hissədə, 6,77 ha torpaq sahəsini isə hər birinə 1,354 ha hissədə olmaqla ayırmaq mümkündür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1115 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Siyəzən rayon şöbəsinin yerquruluşu üzrə mühəndisi K. Allahverdiyevin mütəxəssis rəyində qeyd edilir ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0730 nömrəli, 30508018 kodlu dövlət aktına əsasən Siyəzən rayonunun inzibati ərazisində yerləşməklə, ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 6,77 ha və 1,09 ha olmaqla, iki hissədən ibarət cəmi 7,85 ha torpaq sahəsinin 5 (beş) mülkiyyətçi arasında hər birinin payına uyğun olaraq (bərabər) naturada bölünməsi mümkündür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və eyni saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 manat təşkil edir. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, İddiaçı2 məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəməklə, yanaşı mütəxəssis rəyinin alınması üçün 121 manat vəsait sərf etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Bu Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin İ və İV hissələrinə əsasən Rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini təyin edir. Komissiya həmin vaxtdan fəaliyyətə başlayır. Komissiya: rayon aqrar islahat proqramını hazırlayır və Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının (Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının) təsdiqinə təqdim edir; rayon ərazisində aqrar islahatın aparılmasını təmin edir; islahatın maliyyə təminatı ilə əlaqədar təkliflərini aidiyyəti üzrə müvafiq orqanlara təqdim edir və ayrılan vəsaitin təyinatı üzrə istifadəsini təmin edir; bələdiyyə mülkiyyətinə veriləcək torpaq və əmlak haqqında təkliflərini (müvafiq nazirlik və baş idarələrin rəyləri ilə) Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına təqdim edir; yerli aqrar islahat komissiyalarına səlahiyyətinə aid məsələlər üzrə zəruri normativ sənədləri və təlimatları çatdırır, komissiyaların üzvlərinə məsləhətlər verir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s. Bu Qanunun 11-ci maddəsinin İ hissəsinə əsasən sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payı aşağıdakı qaydada müəyyənləşdirilir: əmlak inventarlaşdırılır və qiymətləndirilir; müəssisənin debitor və kreditorlarla haqq-hesabı aparılır və əmək haqqı üzrə borclar ödənilir; əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirilir; müəssisənin əmlakında bölünməyən və bölünən hissələr müəyyənləşdirilir. Ümumi istifadəsi zəruri hesab edilən əmlak bölünməyən, yerdə qalan əmlak bölünən əmlaka aiddir; əmlak payları əmək fəaliyyəti nəzərə alınmaqla müəyyənləşdirilir və mülkiyyətçilərə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinin İ hissəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. İş üzrə təqdim olunmuş sənədlər, habelə mötəbər sübutlarla müəyyən olunur ki, Siyəzən rayon Dövlət Notariat Kontorunun 28 avqust 2005-ci il tarixli, 4Ə-154 nömrəli alqısatqı müqaviləsi ilə 7,85 hektar torpaq sahəsi kənd təsərrüfatı məsullarının istehsalı üçün İddiaçı2 mülkiyyətinə verilmiş və bu dövlət aktında onunla yanaşı iddiaçılar İddiaçı3, İddiaçı1, Cavabdeh və X16 onun ailə üzvləri kimi göstərilmişlər. Göründüyü kimi əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirildikdən sonra torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilmişdir. Bu mənada, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213-cü maddəsinin İ, İİ, İV, V hissələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 223-cü maddəsinin İİİ və İV hissələrinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 220-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, yuxarıda qeyd olunan normativ hüquqi aktların hüquqi mənasından irəli gələrək məhkəmə qeyd edir ki, tərəflər, o cümlədən mərhum Xırda Həşimova birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları kimi torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0730 nömrəli, 30508018 kodlu dövlət aktına əsasən 7,85 ha torpaq sahəsi üzərində bərabər paylara malik olan mülkiyyətçilərdir. Bununla belə, tərəflər ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən, iddiaçılar torpaq sahəsi üzərində payının müəyyən edilməsi və bu payın naturada ayrılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Belə olan təqdirdə, iddiaçılar birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində payının müəyyən edilməsini tələb etməkdə haqlıdır və pozulmuş hüquqları məhkəmə qaydasında bərpa edilməlidir. Mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023-cü il tarixli qərarından görünür ki, Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsindən 22 yanvar 2024-cü il tarixli, 3-21-3-31/2- 204/2024 saylı məktubla məhkəməyə daxil olmuş mütəxəssisin tərtib etdiyi bölgü sxeminin əsasında mübahisəli torpaq sahələrinin texniki cəhətdən naturada bölünməsinin və tərəflərə ayrı-ayrılıqda bir pay şəklində ayrılmasının mümkün olduğu, habelə tərəflərin bu bölgü sxeminə hər hansı bir formada narazılıqlarının olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bu Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla da, məhkəmə təqdim edilmiş ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyi iş üçün əhəmiyyətli olan halları özündə əks etdirdiyindən əsaslı və mötəbər hesab edilməlidir. Belə ki, xüsusi bilik tələb edən sualların aydınlaşdırılması üçün aparılan ekspert tədqiqatı tikinti-texniki obyektlərin tədqiqi metodikasına əsaslanmaqla, nəticədə tərtib edilmiş rəy ekspertiza qarşısında qoyulan sualların kifayət qədər aydın və tam cavablandırılması ilə hazırlanmışdır. Bu isə ekspertin rəyi ilə məhkəmənin razılaşmamasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin aralarında olan münasibətini nəzərə alaraq, eyni zamanda toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0730 nömrəli, 30508018 kodlu dövlət aktına əsasən Siyəzən rayonunun inzibati ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 1,09 ha torpaq sahəsinə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və Cavabdeh 1/5 payı müəyyən edilməklə, həmin torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsindən 22 yanvar 2024-cü il tarixli, 3-21-3-31/2-204/2024 saylı məktubla məhkəməyə daxil olmuş mütəxəssisin tərtib etdiyi bölgü sxeminə uyğun olaraq onların hər birinə 0,218 ha hissədə naturada ayrılmalıdır. Həmçinin həmin dövlət aktına əsasən Siyəzən rayonunun inzibati ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 6,77 ha torpaq sahəsinə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və Cavabdeh 1/5 payı müəyyən edilməklə, həmin torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsindən 22 yanvar 2024-cü il tarixli, 3-21-3-31/2-204/2024 saylı məktubla məhkəməyə daxil olmuş mütəxəssisin tərtib etdiyi bölgü sxeminə uyğun olaraq onların hər birinə 1,354 ha hissədə naturada ayrılmalıdır. Həmçinin, məhkəmə iddia tələbinin “torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində mərhum Xırda Həşimovanın naturada payının müəyyən edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, sonuncunun sözügedən torpağına vərəsələrinin payları müəyyən edilmədiyinə və bu barədə tələb irəli sürülmədiyinə görə onun miras əmlakının naturada ayrılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mütəxəssis rəyinin alınması və iddia tələbi üzrə ödənilmiş cəmi 221 manat məhkəmə xərcinin 50%-i, yəni 110,50 manatı Cavabdeh tutularaq, İddiaçı1 xeyrinə ödənilməlidir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın 50 %-i, yəni 50 manatı iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 müştərək qaydada, qalan 50 %-i, yəni 50 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN seriyalı, 0730 nömrəli, 30508018 kodlu dövlət aktına əsasən Siyəzən rayonunun inzibati ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 1,09 ha torpaq sahəsinə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və Cavabdeh 1/5 payı müəyyən edilməklə, həmin torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsindən 22 yanvar 2024-cü il tarixli, 3-21-3-31/2-204/2024 saylı məktubla məhkəməyə daxil olmuş mütəxəssisin tərtib etdiyi bölgü sxeminə uyğun olaraq onların hər birinə 0,218 ha hissədə naturada ayrılsın. Həmin dövlət aktına əsasən Siyəzən rayonunun inzibati ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 6,77 ha torpaq sahəsinə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 və Cavabdeh 1/5 payı müəyyən edilməklə, həmin torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsindən 22 yanvar 2024-cü il tarixli, 3-21-3-31/2-204/2024 saylı məktubla məhkəməyə daxil olmuş mütəxəssisin tərtib etdiyi bölgü sxeminə uyğun olaraq onların hər birinə 1,354 ha hissədə naturada ayrılsın. İddia qalan hissədə təmin edilməsin. Mütəxəssis rəyinin alınması və iddia tələbi üzrə ödənilmiş cəmi 221 manat məhkəmə xərcinin 50%-i, yəni 110,50 (bir yüz on manat 50 qəpik) manatı Cavabdeh tutularaq, İddiaçı1 xeyrinə ödənilsin. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın 50 %-i, yəni 50 (əlli) manatı iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 müştərək qaydada, qalan 50 %-i, yəni 50 (əlli) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar