Məhkəmə qərarları › İş №2(059)-862/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-862/2025

05.03.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-862/2025 05.03.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin iddiaçının mülkiyyətinə olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı iddia tələbi irəli sürərək keçmiş arvadı xx xxxx 1995-ci il təvəllüdlü Cavabdeh onun mülkiyyətində olan Siyəzən şəhəri, Həsən Seyidbəyli küçəsində yerləşən 33 nömrəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsini xahiş edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etmir, iddiaya hər hansı formada münasibət bildirmir. İddia tələbi İddiaçı Cavabdeh qarşı “cavabdehin iddiaçının mülkiyyətinə olan fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi və onun və qeydiyyatdan çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin fərdi yaşayış evindən istifadə hüquqi əsasları aradan qalxdığından xx xxxx 1995-ci il təvəllüdlü Cavabdeh Siyəzən şəhərində yerləşən Həsən Seyidbəyli küçəsindəki 33 nömrəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, habelə cavabdehi istifadə hüququ olmayan evdən qeydiyyatdan çıxmasına məcbur edən qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan Siyəzən şəhərində yerləşən Həsən Seyidbəyli küçəsindəki 33 nömrəli evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsində inşa edilən fərdi yaşayış evi daşınmaz əmlakın reyestr nömrəsi-**********00- 10301, qeydiyyat tarixi xx.xx.2017-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun şəxsi mülkiyyətidir. Cavabdeh ilə xx.xx.2019-cu ildə rəsmi nikah bağlayaraq ailə həyatı qurduqdan sonra cavabdeh hazır tikilmiş evə gəlin gəlmiş və burada onunla ər-arvad kimi yaşamağa başlamışdır. Cavabdehin fərdi yaşayış evindən istifadə hüququ, notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yarandığından fərdi yaşayış yeri üzrə mülkiyyətində olan ünvan 2 ünvanına qeydiyyata alınmışdır. Lakin, hazırda Fəridə ilə aralarında nikah, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə pozulmuş, keçmiş həyat yoldaşı Bakı şəhərində valideynlərinə məxsus mənzildə yaşasa da, formal olaraq onun mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda qalmışdır. Belə ki, Siyəzən RPŞQ və ŞV qrpunun yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışına əsasən müəyyən olunur ki, evin keçmiş ailə üzvü olmuş və nikah pozulduqdan sonra ailə üzvləri sırasından çıxmış, habelə etibarlı ailə əlaqələri qırılmış, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh, ünvan 4 ünvanında qeydiyyatdadır və könüllü qeydiyyatdan çıxmaq niyyətində deyildir. Cavabdeh fərdi yaşayış evinə onunla nikaha bağladığına görə ailə qanunvericiliyindən irəli gələn tələblərə görə qeydiyyata düşmüş və hazırda onunla nikahı məhkəmə qaydasında pozulduğuna görə Fəridə evdən istifadə hüququnu itirmişdir. Odur ki, cavabdehin evinə qeydiyyata düşməsinin hüquqi əsasları aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız hesab olunmalıdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Bütün bunalara baxmayaraq, Cavabdeh formal olaraq evdə qeydiyyatda qalmışdır. Bundan başqa qanunvericiliyə əsaslanaraq Siyəzən rayon Polis Şöbəsinə xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatdan çıxarlmalarına köməklik edilməsi’’ haqqında rəsmi müraciət edilmiş, lakin Siyəzən rayon Polis Şöbəsi tərəfindən yazlı imtina cavabı verilərək, "Posport qeydiyyatdan çıxmağın könüllü olması və bu səbəbdən mülki qaydada məhkəməyə müraciət etməyi bildirilmişdir. Bununla da, əmlak hüquqlarının, o cümlədən mülkiyyətini hər cür qəsdlərdən qorumaq məqsədi ilə məhkəmə müdafiə hüququndan istifadə etmək qərarına gələrək, iddia qaldırmışdır. iddia tələbinin hüquqi əsasları, o cümlədən əsaslandığı müvafiq hüquq normaları, düşüncələri və mülahizələri bunlardan ibarətdir. Tərəflərin izahatları Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsi”nə dair 08 oktyabr 2013-cü il tarixli qərarı Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

Məhkəmə, iş materiallarını iddiaçının izahatı ilə birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 27 may 2024-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhərində yerləşən Həsən Seyidbəyli küçəsindəki 33 nömrəli ev eyni tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına **********00-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Siyəzən RPŞ QvŞV qrupu tərəfindən 16 oktyabr 2025-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır. İşdə olan Siyəzən RPŞ-nin 25 oktyabr 2025-ci il tarixli, 3-13-106/2-H-128xx/xx/2025 saylı və 20 dekabr 2025-ci il tarixli 3-13-106/2-H-150xx/xx/2025 saylı məktubundan görünür ki, vətəndaşların qeydiyyata düşməsi və çıxarılması könüllülük prinsipi üzrə həyata keçirildiyindən Cavabdeh xx.xx.2024-cü ildən qeydiyyata düşdüyü ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması üçün iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2(006)- 3447/2025 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2019cu il tarixdə 1955 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Məhkəmə ilk nöbvədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsi”nə dair 08 oktyabr 2013-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh 14 avqust 2019cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin vaxt iddiaçıya məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş, həmin ev 27 may 2024-cü ildə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına rəsmiləşdirilmiş, 02 aprel 2024-cü ildə cavabdeh həmin mənzilə qeydiyyata düşmüş, 07 iyul 2025-ci ildə tərəflərin arasında bağlanmış nikah məhkəmə qaydasında pozularaq cavabdeh yaşamaq üçün Bakı şəhərinə köçmüşdür. Belə olan halda məhkəmə qeyd edir ki, tərəflər arasında münasibət 2009-cu il oktyabrın 1-dən sonra yarandığından hazırki mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələblərinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, mübahisəli Siyəzən şəhərində yerləşən Həsən Seyidbəyli küçəsindəki 33 nömrəli ev 27 may 2024-cü ildə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınsa da, həmin mənzil faktiki olaraq tərəflər arasında 14 avqust 2019-cu il tarixdə nikah bağlanılmasından əvvəl mövcud olmuşdur. Bunu Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş fərdi yaşayış evinin texniki pasportu və ona əlavə edilmiş sənədlər da sübut edir. Belə ki, həmin sənədlərdən görünür ki, Siyəzən şəhərində yerləşən sözügedən fərdi yaşayış evinin yerləşdiyi Siyəzən şəhərindəki 0,05 ha torpaq sahəsi 17 aprel 2015-ci il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına **********00 reyestr nömrəsi ilə qeydiyyata alınmış, həmçinin fərdi yaşayış evinin texniki pasportu İddiaçı adına xx.xx.2017-ci il tarixdə tərtib edilmişdir. Həmin texniki pasporta və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 27 may 2024-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa nəzər saldıqda fərdi yaşayış evinin xüsusiyyətləri, o cümlədən ölçülərinin eynilik təşkil etdiyi müəyyən edilmişdir. Belə olan halda mənzilin İddiaçı məxsusluğu iş materialları ilə təsdiq olunmaqla həmin mənzilin birgə mülkiyyət olması istisna edilir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının keçmiş arvadı olmaqla Mənzil Məcəlləsinin 30.1-ci maqddəsi ilə nəzərdə tutulmuş şəxslər kateqoriyasına aid olmuş və xx.xx.2019-cu ildə mənzilə köçərək iddiaçı ilə birlikdə mənzildən istifadə hüququ yaranmışdır. Tərəflər arasında nikah münasibətlərinə xx.xx.2025-ci ildə xitam verilməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməli, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə əsasən cavabdehin mənzilə istifadə hüquqlarına xitam verilməlidir.

Məhkəmə xərcləri

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İşdə olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 111 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 111 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində, həm də məhkəmə iclasında iddiaçı tərəfdən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Siyəzən şəhərində yerləşən Həsən Seyidbəyli küçəsindəki 33 nömrəli evdən istifadə hüquqlarına xitam verilməli, iddia üzrə ödənilmiş 111 (bir yüz on bir) manat məbləğində dövlət iddiaçıya aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

q ə t e t d i:

İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Siyəzən şəhəri, Həsən Seyidbəyli küçəsindəki 33 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. İddia üzrə ödənilmiş 111 (bir yüz on bir) manat məbləğində dövlət iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar