Məhkəmə qərarları › İş №2(060)-101/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-101/2022

29.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-101/2022 29.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bağlanmış 23 fevral 2021-ci il tarixli icarə müqaviləsi əsasinda ünvan 1 ünvanında yerləşən yeni təmir olunmuş mənzili bütün şəraiti ilə stol-stul, mebellər, divan, tozsoran, soyuducu, şəhər telefonu, açıq internet xətti (modemlə birlikdə) və s. tam yararlı vəziyyətdə bir il müddətinə 23 fevral 2022-ci il tarixinədək icarəy vermişdir. 02 aprel 2021ci il tarixində evə baxış keçirərkən, evin ümumi natəmizliyin görmüş (mətbəx mebeli natəmiz,y erdə siqaret kötükləri, tum qabıqları və s.) və bu zaman evdə olan əşyalara mebellərə ətraflı baxış keçirməyə qərər vermişdir. Aşkar olunmuşdur ki, evdə olan bir çox qab-qacaq dəsti natamam vəziyətə gətirilmiş, 3 (üç) ədəd klassik naxış kasa, 1 (bir) ədəd xrustal meyvə qabı, 2 (iki) ədəd sədə stəkan, 2 (iki) ədəd klassik naxışlı çay stəkanı, 1 (bir) ədəd yastı yemək qabı, 1 (bir) ədəd mətbəx bıçağı (toplam 10 ədəd qab-qacaq bir ay ərzində yoxa çıxmış, toplam təxmini dəyəri 60 manat) Bunlardan ələvə əsas giriş qapısının qıılı yararsız (artıq təmir olunub 20 manat), yeni qoyulmuş otaq qapısının qıfılı yerində aşkar olunmamışdır (10 manat alınıb və artıq yerinə qoyulub) və həmin qapı zədəli olmuşdur. Qonaq otağına keçərkən sağda yerdə divar kağızı natəmiz hala salınmış (daha sonra təmizlik işi aparılsa da, həmin ləkələr getməmişdir). Mətbəxdə olan stolun ayağı sındırılmış və qeyri-peşəkarcasına bərkidilmişdir (70 manat smetaya əsasən). Qonaq otağında yerləşə künc divanı bir neçə yerdən siqaret ilə yandırılmış, iki ədəd yastıqdan biri qalmış və ümumi bir neçə yerdə zədalənmişdir. (480 manat təmir və 120 manat daşınma xərcləri smetaya əsasən), həmin otaqda olan karniz sındırılmışdır. (təxmini alış qiyməti 20 manat, quraşdırma daxil deyil). Yataq otağında olan çarpayının yan hissələri zədələnmiş və hər iki tərəfdən qeyri-peşəkarcasına bərkidilmişdir (50 manat smetaya əsasən). Unitaz pistoleti ümumiyyətlə yerində yoxdur (10 manat, artıq alınmışdır). Bunları aşkər etdikdən sonra cavabdeh şəxslə aprel ayının 7-si üçün yaranmış problemlərin bir hissəsinin aradan qaldırılması barədə razılaşmışlar. Amma ayın 7-si mənzil gələrkən heç bir iş görülməmişdi, evin təmizliyini də özü ödəmişdir (60 manat xidmət haqqı və 20 manat təmizləyici vasitələr). Həmin gün cavabdeh şəxslə mübahisə edərkən Azərbaycan Respublika Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 39-cu X7 X8 mənzilə baxış üçün dəvət etmək qərarına gəlmişdir. Tehran Sadixov yaranmış problemi yerində həll etmək istəsə də yaranmış problem öz həllini tapmamış və ona ilk öncə 39-cu polis şöbəsinə yazılı ərizə ilə müraciət etməsi və sonra bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun mənzilində olan əmlaka zərər vurulmuşdur. Korlanmış əşyalar onun tərəfindən saxlanılmışdır və sübut kimi təqdim oluna bilər. Yararsız vəziyyətə düşmüş əmlakın ümumi təmiri, təmizliyi və bərpası dəyəri 920 (doqquz yüz iyirmi) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmədən yararsız vəziyyətə düşmüş əmlakm ümumi təmir, təmizlik ve bərpa işləri dəyəri olan cəmi 920 manat pul cavabdehdən onun xeyrinə tutulması, həmçininn 30 manat dövlət rüsumu və bundan sonra yarana biləcək məhkəmə xərclərin onun xeyrinə tutulması, ona dəymiş 500 manat məbləğində mənəvi ziyanın cavabdehdən onun xeyrinə tutulması, ümumilikdə 1450 manat pul (min dordüz əlli) məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı ilə bir illik icarə müqaviləsi bağlanmasına baxmayaraq o, bir ay sonra gələrək evə baxış keçirmişdir. Qab-qaşıq, boşqablar yerində olmamışdır. Onlar işlənən əşyalardır, qırılması normaldır. Stolda qırıq olmuş, divanda siqaret közündən yanlıqlar əmələ gəlmişdir. O, iddiaçıya bu halları aradan qaldıra biləcəyini bildirsə də, iddiaçı polis çağırmışdır. Evdə heç 1400-1500 manatlı əşya olmayıb ki, o məbləğdə də zərər dəysin. O, müqaviləni 1 aylıq bağlamamış, müqavilə bağlanarkən pul ödəmişdir. Lakin buna baxmayaraq iddiaçı müqaviləyə xitam verilmədən evi başqasına icrarəyə vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı X3 əvəzinə (Bakı şəhəri 32 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə verilmiş 7E-2290 nömrəli etibarnamə əsasında) ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh icarəyə vermişdir. İş materiallarında olan AR DİN Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının Sumqayıt Səbail Rayon Polis İdarəsinin 39-cu PB-nə edilmiş şikayətinə baxılmış, ona qeyd etdiyi xüsusatlarla əlaqədar aidiyyatı üzrə məhkəmə orqanına müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanı X1 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/2753 saylı rəyindən görünür ki, iddia ərzəsində qeyd edilən və ekspert baxışına təqdim olunmuş (eləcə də təqdim olnmamış) malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin aprel ayına dəymiş zərərin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1298,5 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, iddiaçı müqavilə bağlandıqdan bir ay sonra mənzilə baxış jeçirərkən məişət əşyalarında, o cümlədən evin ümumi vəziyyətində çatışmazlıqlar və natəmizlik, həmçinin ev əşyalarının korlanmasını müəyyən etmiş, cavabdehlə aralarında yaranan mübahisə ilə bağlı Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə müraciət etmişdir. Polis Bölməsi tərəfindən iddiaçıya ünvanlanan məktubda ona məhkəməyə müraciət etməsi tövsiyə olunduğundan iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş maddi və mənəvi zərərin cavabdehdən tutulmasını tələb etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, keçirilmiş ekspertizanın nəticəsi olaraq ekspert rəyi nəzərə alınmaqla iddiaçıya məxsus əmlaka zərər yetirilməsi ilə bağlı məbləğ cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbini iş materiallarında olan sübutlar əsasında qiymətləndirərək hesab edir ki, İddiaçı tələbində avabehin hərəkətləri nəticəsində ona mənəvi zərə dəydiyini qeyd etsə də, bununla bağlı əsaslı sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin mənəvi zərər tələb edərkən, onun əsasının hansı hüquqlarının pozulması nəticəsində onda mənəvi sarsıntı keçirməsi və bununla bağlı dəlilləri məhkəmədə öz təsdiqini tapmamışdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh maddi ziyana görə 920 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 920 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar