Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1034/2021 26.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya tələbinin təmin edilməsi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, X2 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Hyundai Elantra” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 776 manat sığorta ödənişi məbləği və bu ərizənin verilməsi ilə bağlı 30.40 manat dövlət rüsumu, cəmi 806.40 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixdə etibarnaməsi olmadan idarə etdiyi Cavabdeh1 məxsus “Vaz 21063” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu, Binə qəsəbəsində ara məsafə saxlanılması qaydasını pozaraq X1 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Hyundai Elantra” markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, “Vaz 21063” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə tarixində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsi mövcud olmamış və Cavabdeh2 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. İcbari sığortalar haqqında qanununa əsasən, “Vaz 21063” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı, eyni zamanda Cavabdeh2 səlahiyyəti olmadan qeyd edilən nəqliyyat vasitəsini idarə etdiyi və Cavabdeh1n nəqliyyat vasitəsini Cavabdeh2 idarə etməyə verdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Belə ki həmin qanunun 53.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması DYPİ-nin CYP 825305 nömrəli X4 Protokolunda öz əksini tapmışdır. “xxxx” MMCnin təqdim etdiyi xx.xx.2014-cü il tarixli Akta uyğun olaraq, “Hyundai Elantra” markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobilə 1765 manat zərər təyin edilmişdir. **********6 saylı sığorta Müqaviləsinin 012591 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 100 (bir yüz manat sıfır qəpik) manat azadolma məbləği çıxmaqla 1665 (bir min altı yüz altmış beş manat sıfır qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh2 ilə aparılan danışıqlar əsasında cavabdeh ayrı-ayrı vaxtlarda ümumilikdə 889 (səkkiz yüz səksən doqquz manat sıfır qəpik) manat ödəniş həyata keçirmiş, sonradan razılaşma qalan hissədə pozulmuş və yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması məhkəmədən xahiş edilir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən, Cavabdeh2 aid hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli sığorta aktının surətindən görünür ki, “Hyundai Elantra” markal, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobilə 1765 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş CYP 825305 saylı X4 iş üzrə qərarın surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 151.1-ci maddəsii ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 82490-1220 nömrəli məktubun surətindən görünür ki, **-BA- *** dövlət qeydiyyat nişanlı “VAZ-21063” markalı avtomobil Cavabdeh1 adına qeydiyyatdan keçmiş və xx.xx.2009-cu il tarixdən etibarən ayrı-ayrı şəxslərə, o cümlədən Cavabdeh2 etibarnamələr verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, P3996/20 saylı pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh2 iddiaçıya olan borcunu ödəməsi üçün İddiaçı Sığorta Şirkəti ASC tərəfindən lazımı qaydada xəbərdar edilmişdir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, mülki hüqüq pozuntusu (delikt) Cavabdeh2 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində digər avtomobilin sahibinə maddi zərər yetirilmişdir. İşin araşdırılan halları və iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən iddiaçıya 889 manat ödənilsə də, 776 manat ödənilməmiş qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1. maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1. maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1. maddəsinin mahiyyətinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş ziyanın əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə ziyanın əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən ziyan dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real ziyan), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddia tələbinin digər Cavabdeh1 aid olan hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, bu hissədə iddia əsassızdır. Belə ki, iddiaçı, Cavabdeh1 qarşı iddia tələbini yalnız bir halla, yəni Cavabdeh2 idarə etdiyi “Vaz 21063” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 mülkiyyətində olması ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinin mənasına görə isə bu hal mülki hüquq məsuliyyətini yaratmır. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı Cavabdeh2 aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh2 776 manat məbləğində pul vəsaiti, 30 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 776 (yeddi yüz yetmiş altı) manat məbləğində pul vəsaiti, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-1034/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1034/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver