Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1130/2021 20.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili X6 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh maddi ziyana görə 1000 manat, mənəvi ziyana görə 50.000 manat məbləğində pulun tutulması və yayılməş məlumatların təkzib olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 2011-ci ildən hal-hazırkı tarixə qədər müxtəlif dövlət orqanlarına, inzibati orqanlara barəsində böhtan xarakterli qərəzli yazılarla müraciət etmiş, şərəf və layəqətini nəlayiq formada alçaltmışdır. Belə ki, Cavabdeh 2011-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısına, Sumqayıt şəhər Prokurorluğuna ərizələrlə müraciət edərək onu korrupsiya ilə bağlı ağır cinayətlərdə ittiham etmişdir. Onunla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırmalar aparılmış və 07 mart 2011-ci ildə Sumqayıt şəhər Prokurorluğu cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul etmişdir. Qərar Cavabdeh göndərilsə də, o, yenidən 2018-ci ilin əvvəlində Sumqayıt şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Həmin müraciətlər yoxlanaraq ərizədəkilərin böhtan və şər olmasını müəyyən etmişdir. Cavabdeh 2020-ci ilin iyul ayında yenidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, X2 rəisi cənab Əli Nağıyevə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova, bütün informasiya vasitələrinə ərizə ilə müraciət etmişdir. Ərizənin bir hissəsi X3 işi ilə bağlıdır. Digər hissəsi isə ona qarşı böhtan xarakterli məlumatlardır. Ərizədə qeyd olunur: “Azərbaycan Dövləti əleyhinə separat fəaliyyət göstərən “Tolişi Sədo” qəzetinin Baş redaktoru Hilal Məmmədovun yaxın qohumu, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma İdarəsinin işçisi Mehtiyev İmran Məhərrəməli oğlunun sifarişi və özlərinin maddi və ya digər maraqları naminə Sumqayıt şəhər İcra şöbəsi 28 avqust 2017ci il tarixli qanuni qüvvəsini almış Ali Məhkəmənin qərarını icra etmir. O, heç vaxt Hilal Məmmədovun qohumu olmamış və həmin şəxsi ümumiyyətlə tanımır. Heç vaxtda təmasda olmamışdır. Ağlı kəsdiyi gündən Azərbaycan Dövlətinin maraqları uğrunda mübarizə aparmışdır. Əvvəlki ərizələrində Cavabdeh onun guya Əlikram Hümbətovun yaxın qohumu olmasını qeyd etmişdir. Deməli onun Cavabdeh məntiqi ilə cənub zonasından olan separatçılarla qohumluğu var. Bundan başqa qeyd edir ki, guya o, Sumqayıt şəhəri üzrə İcra Şöbəsinə təsir edib Ali Məhkəmənin qərarının icrasını dayandırmışdır. Absurd, qansız yalandır. Ərizədə qeyd edib ki, “İmran Mehtiyev kiçik oliqarxdır. İlqar Rəciyev onun əli ilə mənə bu dələduzluq əməlini törədib və onun himayəsi sayəsində bu günə qədər məsuliyyətdən kənarda qala bilib.” O, heç vaxt oliqarx olmamışdır, əksinə İİ qrup Əfqanistan müharibəsi əlildir. Bu baxımdan Hümbətov Nizami müxtəlif şəxslərin mülkiyyətində olan əmlakları onun ayağına yazmaqla hesab edir ki, o, oliqarx və korrupsiya uğramış məmurdur. Bununla bağlı Cavabdeh ərizələrinə hər hansı bir tutarlı sənəd əlavə etməmişdir. Ərizənin sonrakı hissəsində hələ 2011-ci ildə cinayət işinin başlanması rədd olunmuş faktı guya Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsinin işçisi kimi əvvəllər 8000 ABŞ dolları, hal-hazırki ərizədə isə 8000 manat rüşvət aldığını qeyd edir. Bu fakta artıq qiymət verilmişdir. Ərizədə qeyd olunur ki, “Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinin Tikintiyə Nəzarət şöbəsinin işçisi Mehtiyev İmran Məhərrəməli oğlunun ona məlum olan əmlakının siyahısı təqdim edirəm: Qurd dərəsi adlanan bağlar massivində 20 sot ərazidə dəyəri 300000 manat olan 3 mərtəbəli bağ evi; Sumqayıt şəhəri, 1-ci mkr. 5 saylı məktəbin stadionunda tikilmiş yeni binada hər birinin dəyəri 150000 manat olan 2 ədəd 3 otaqlı mənzil; Sumqayıt şəhər İcra Hakimiyyətinin arxasında dəyəri 200000 manat olan 4 metr enində 7 metr uzunluğunda qanunsuz artırılmış eyvanı olan mənzil; Sumqayıt şəhəri, 5-ci məhəllədə dəyəri 180.000 manat olan kafe; Sumqayıt şəhərində 32 saylı marşurut; Sumqayıt şəhəri 10-cu mkr ərazisində 11 dənə hər birinin dəyəri 100000 manat olan avtomobil təmiri sexi, 1 dənə ehtiyat hissələri dükanı; elə həmin ərazidə dəyəri 180000 manat olan bir kafe, dəyəri 300000 manat olan bir restoran” yuxarıda göstərilən əmlaklarla bağlı sənədləri məhkəməyə təqdim edəcəkdir. Ərizədə göstərilən 32 saylı marşurut ona deyil, Əlillərin Sosial Problemlərinə X9 verilmişdir. Göstərilən ictimai birlik hal-hazırda da, fəaliyyət göstərir. Təqdim olunmuş sənədlərdən də, görünür ki, cavabdeh reallıqda olan vəziyyət ilə beynində tutduğu vəziyyəti eyniləşdirir. Bu da nəticə etibarı ilə onun şərəf və ləyaqətini, nüfusunu, Sumqayıt ictimaiyyəti qarşısında alçalmasına səbəb olur. Onun yazdığı ərizəni oxuduqdan sonra ona qarşı mənfi hisslər yaranır. Hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ona vurulmuş maddi ziyana görə 5.000 manat, mənəvi ziyana görə 100.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ona mənəvi, psixoloji zərər vurmqala şərəf və ləyaqətini nalayiq formada alçatmışdır. Belə ki, İddiaçı xüssui ittiham qaydasında Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək onun Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh 2011-ci ildən hal-hazırki vaxtadək müxtəlif dövlət orqanlarına və inzibati orqanlara onun barəsində böhan xarakterli yazılarla müraciət etmiş, şərəf və ləyaqətini nalayiq formada alçatmışdır. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmışdı. Ərizənin məzmunu iddia ərizəsinin məzmunu ilə eynidir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, xüsusi ittaham qaydasında şikayət edən Mehtiyev İmran tərəfindən qanunvericiliyin tələblərinə riyayət edilməmişdir. Belə ki, şikayətdə onun barəsində Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, onun CM-nin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan əməli törətməsini müxtəlif orqanlara yazdığı ərizə və şikayətlərdən başqa hansı sübutlarla təstiq edilməsi, hansı kütləvi çıxışda, KİV-də törədilməsi göstərilməmiş, məhkəməyə belə sübutlar təqdim edilməmişdir. O, müharibə veteranı, 2-ci qrup əlildir, döyüşdə göstərdiyi igidlik və şücayətə görə bir orden, 8 medalla təltif olunmuşdur. Eləcə də Dövlətin çətin günlərində ictimai asayişin qorunub saxlanılmasında fəal iştirak etmişdir. Sumqayıt şəhərinin ictimai həyatında fəal iştrak etdiyindən və uzun müddət ictimai təşkilatın rəhbəri olduğundan ictimaiyət tərəfindən tanınan bir şəxsdir. Mehtiyev İmranın açıq məhkəmə iclaslarında iştrak edən şəxslərin gözü qarşısında onu bilə-bilə, qəsdən öz vəkili və nümayəndəsi vasitəsi ilə cinayətlərdə ittiham etməklə şərəf və ləyaqətini ləkələyən məlumatları yayaraq nüfuzuna ciddi ziyan vurmuşdur. Qanunsuz məhkəmə qərarı nəticəsində həbs olunacağı təhlükəsi altında aylarla davam edən məhkəmələr zamanı iztirab və mənəvi sarsıntı keçirmişdir. Nəticədə sağlamlığına ciddi zərər dəymişdi. Sağlamlığının bərpasına xeyli məbləğdə pul xərcləyərək onu bərpa etdirdiyi üçün ona maddi ziyan vurulub. Özü kimi övladları da Dövlətinə, Prezidentinə və millətinə sədaqətlə xidmət edirlər. Oğlu Xüsusi Təyinatlı Qoşunda Baş Leytenant rütbəsində Dövlətinə, Millətinə və Prezidentinə sədaqətlə xidmət edir. 44 günlük Vətən müharibəsinin getdiyi qızğın dövürdə Mehtiyev İmran Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verməsini bilən səngərdə raket zərbələri altında Dövlətin ərazi bütövlüyü uğrunda döyüşən bir zabitin müharibə veteranı, əlil atasını dövlətin məmuru yalan olduğunu bilə-bilə qanunsuz yolla həbs etdirməklə təhdid etməsi onunla bərabər oğluna da mənəvi və pisxoloji sarsıntı yaşatmışdı. Bir fikri atasının şərlənərək həbs olunacağında, bir fikri isə raket zərbələri altında düşmənlə döyüşdə olduğundan nəticədə oğlu X7 düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində "Barotravma" xəsarəti almışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin işçisi Mehtiyev İmran Məhərrəməli oğlu reallıqda olan vəziyyət ilə beynində tutduğu vəziyyəti eyniləşdirir. Bu da nəticə etibarilə Vətənin ərazi birliyi uğrunda döyüşən zabitin müharibə veteranı, 2-ci qrup əlil atası olaraq onun şərəf və ləyaqətini, nüfuzunu Sumqayıt ictimaiyyəti qarşısında alçalmasına səbəb olur. Onun ittihamlarını iddialarını oxuduqdan və dinlədikdən sonra ona qarşı mənfi hislər yaranır. Odur ki, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. İlkin iddia üzrə iddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdehin hüquqazidd hərəkətlərindən müdafiəsi ilə ədaqədar hüquqi xidmətlərin göstərilməsi ilə bağlı onun tərəfindən vəkilə 1100 manat ödənilmişdir. Maddi zərərin əvəzinin tutulması dedikdə o, həmin xidmətə görə ödənilmiş pul vəsaitinin cavabdeh tərəfindən ödənilməsi tələb edir. Qarşılıqlı iddia əsassız olduğundan rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili iddiaçının göstərdiklərini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh ilkin iddia tələbini qəbul etmədiyini göstərdi. Qarşılıqlı iddia ərizəsinin şərh olunan məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili cavabdehin göstərdiklərini müdafiə edərək ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Cavabdeh tərəfindən müxtəlif dövlət orqanlarına ünvanlanmış ərizəsinin məzmunundan görünür ki, müraciətində göstərmişdir: “Nəzərinizə çatdırmaq istəyirəm ki, X4 adlı şəxs onun mülki ətində olan “BMW-318” mart at, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili 09 iyun 2009-cu il tarixdə altı min ABŞ dolları müqbilində etibarnamə ilə mənə satmış və alqı-satqı barədə öz xətti ilə qəbz yazaraq vermişdi. Lakin sonradan aramızda “BMW-318” markalı ** BT *** dövlət nömrə nişanlı avtomobilə dair alqı-satqı baş tutmamış, İ.Rəciyev aldığı altı min ABŞ dolları məbləğində pulun müqabilində mənə 30 il müddətinə etibarnamə vermiş, avtomobili rəsmi olaraq satmamışdı. Avtomobil İ.Rəciyevin mülkiyyətində qalmışdı. Hansı ki, o, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinin işçisi Mehtiyev İmran Məhərrəməli oğlu ilə əlbir olaraq mənə qarşı dələduzluq edərək mülkiyyət hüququndan istifadə etməklə mübahisə predmetı olan avtomobili 17.02.2012-ci il tarixdə X5 alqı-satqı müqaviləsi əsasında satmışdı” “Onların mənə qarşı törətdiyi bu dələduzluq əməli barədə hüquq mühafizə orqanlarına etdiyi çoxsaylı şikayətlərə baxılaraq hüquqi qiymət verilməsinə isə Mehtiyev İmran Məhərrəməli oğlunun pulu və əlaqələri imkan verməmişdi.” “Azərbaycan Dövləti əlehinə separat fəaliyyət göstərən “Tolışi Sədo“ qəzetinin Baş redaktoru Hilal Məmmədovun yaxın qohumu, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin işçisi Mehtiyev İmran Məhərrəməli oğlunun sifarişi və özlərinin maddi və ya digər maraqları naminə Sumqayıt şəhər İcra Şöbəsi 28 avqust 2017ci il tarixli qanuni qüvvəsini almış Ali Məhkəmənin qərarını icra etmir” «İmran Mehtiyev kiçik oliqarxdı. İlqar Rəciyev onun əli ilə mənə qarşı bu dələduzluq əməlini törədib və onun himayəsi sayəsində bu günə qədər məsuliyyətdən kənarda qala bilib». “İmran Mehtiyev məni şantaj edərək Sumqayıt şəhər Bələdiyyəsinin keçirdiyi hərracda aldığım torpaq sayəsinə tikintiyə icazə verilməsi üçün məndən 8000 manat rüşvət almış, pulu məndən alması barədə öz xətti ilə yazdığı yazılı qəbz vermişdi. “ “ Nəzərinizə çatdırım ki, 32 salı marşrut 20 ildir qanunsuz faliyət göstərir: İmran Mehtiyev heç bir vergi ödəmədən tək 32 saylı marşrutdan ******* manat cinayət yolu ilə əldə edib.” “Qanunsuz tikililərə görə küllü miqdarda rüşvət alır. Onun əmlakı həbs olunan məmurlann əmlakından dəfələrlə çoxdur. İşdən aldığı 500-600 manat əmək haqqı ilə bu boyda əmlaka sahib olmaq mümkün deyil. 20 ildir ki, 32 saylı marşrut qanunsuz fəaliyyət göstərir. Obyetktlərə görə dövlətə vergi vermir. Pulu və əlaqələr vasitəsi ilə məhkəmə qətnamələrinin icra olunmasına imkan vermir. Çox yüksək vəzifəli məmurlar həbs edilir, əmlakı müsadirə olunur, İmran Mehtiyevə dur deyən yoxdur, öz cinayət əməllərini açıqaşkar nümayişyana davam etdirir”. “Mehtiyev İmran Məhərrəm oğlu tikintiyə icazə verilməsi adı ilə məndən 8000 ABŞ dolları alıb mənimsəmişdir “ Sumqayıt Şəhər Prokurorluğunun 07 mart 2011-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı Cavabdeh rüşvət alması faktı təsdiq olunmadığından həmin xüsusat üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Polis İdarəsinin 16 dekabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı ona qarşı dələduzluq edərək 8000 ABŞ dolları alması barədə Cavabdeh ərizəsi üzrə araşdırma aparılaraq cinayət işinin başlanmasının rədd edilmişdir. Məhkəmə, istər ilkin iddia üzrə, istərsə də qarşlıqlşı iddia üzrə cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətini ləkələyən, təhqir xarakterli ifadələrin işlədilməsi halının mübahisələndirildiyini nəzərə alaraq, əvvəlcə bu hala mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, qeyd edilən mübahisəli hala məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh tərəfindən iddiaçının ünvanına həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələn ifadələr işlədilməsi araşdırılan sübutlarla öz təsdiqini tapır. Belə ki, iddiaçının iddianın əsası olaraq təqdim etdiyi sübutlar əsasında məhkəmə tərəfindən məhkəmə-linqivistik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2021-ci il tarixli 4/617 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki iş materiallarındakı Cavabdeh adından müxtəlif dövlət orqanlarına ünvanlanan ərizələrdə istifadə edilən “...Mehtiyev İmran Məhərrəməli oğlu ilə əlbir olaraq mənə qarşı dələduzluq edərək... “Onların mənə qarşı törətdiyi bu dələduzluq əməli barədə...”, “İmran Mehtiyev məni şantaj edərək...”, “...məndən 8000 manat rüşvət almış...”, “İmran Mehtiyev heç bir vergi ödəmədən tək 32 saylı marşrutdan ******* manat cinayət yolu ilə əldə edib”, “Qanunsuz tikililərə görə küllü miqdarda rüşvət alır”, “öz cinayət əməllərin açıq-aşkar nümayişyana davam etdirir”, “İddiaçı da bunu bilərək qəsdən mənə qarşı dələduzluq edərək...”, “Mehtiyev İmran Məhərrəməli oğlu Sumqayıt şəhər Bələdiyyəsinin keçirdiyi hərracda 61 manata aldığım torpaq sahəsində tikinti tikməyimə icazə almaq adı ilə məni aldadaraq 8000 ABŞ dolları məbləğində pulumu alaraq mənimsəmişdi”, “...min bir zillətlə topladığım vəsaitimin dələduzlar tərəfindən mənimsənilməsi”, “...mənə qarşı dələduzluq əməlləri törətmiş İmran Mehtiyevin...”, “...8000 ABŞ dolları məbləğində pulumu alaraq mənimsəmişdi”, “Mehtiyev İmran Məhərrəməli oğlunun pulu və korubsoner əlaqələri imkan vermir”, “Mehtiyev İmran tərəfindən törədilmiş mənə məlum olan bütün cinayət əməllərini...”, “Mehtiyev İmranın cinayət əməlləri bununla bitmir” cümlələrində İddiaçı rüşvət alması, dələduzluq, şantaj və cinayət xarakterli əməllərlə məşğul olması fikirləri həqiqəti əks etdirmədiyi və həmin ərizələr yayılmış hesab edildiyi təqdirdə İddiaçı şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən məlumatlardır. Həmin ifadələrin həqiqəti əks etdirib-etdirməməsi və tədqiq olunan ərizələrin yayılmış hesab edilib-edilməməsi ekspert-linqivistin səlahiyyətlərinə aid olmayıb, hüquqi araşdırma tələb edən məsələlərdir. Məhkəmə qeyd edilən ekpert rəyini iş üzrə toplanmış digər sübutlarla birlikdə araşdırıb hesab edir ki, Mülki Prosessual Məcəllənin 76 və 88-ci maddələrinə müvafiq olaraq mötəbər sübut növü kimi qəbul edilməlidir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7№-li qərarında göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: 1) məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; 2) həmin məlumatların doğru olmaması; 3) bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır (qərarın 3-cü bəndi). Qeyd olunan hallar üzrə məhkəmə iddianın əsaslığını yoxlayaraq aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir : Birinci - göründüyü kimi iddiaçının istinad etdiyi məlumatlar müvafiq ekspert rəyinə əsasən vətəndaşların şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab olunur. İkinci - iddiaçının istinad etdiyi ərizə və şikayətlər formasında cavabdeh müvafiq orqanlara müraciət etmişdir ki, məlumatların bu formada ifadə olunması yayılma hesab olunur. Üçüncü - həmin məlumatların doğru olması cavabdeh tərəfindən məhkəmədə sübuta yetirilə bilmədi. Adı çəkilən Plenum qərarında qeyd olunmuşdur ki, başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür(qərarın 6-cı bəndi). Məhkəmə həmçinin qeyd edir ki, toplanmış sübutlardan göründüyü kimi cavabdehin müxtəlif orqanları şikayətləri nəticəsində araşdırma aparılmış, 07 mart 2011-ci il və 16 dekabr 2020-ci il tarixli qərarlarla cinayət işinin başlanılması rədd edilmişdir. Göründüyü kimi, qanunvericilik araşdırılan mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan hallların hər birinin məhkəmə tərəfindən müəyyən edilməsini şərtləndirir və qeyd edilən elementlərdən birinin olmaması mülki-hüquqi məsuliyyət öhdəliyinin yaranmasını istisna edir. Məhkəmə hazırkı mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu aspektindən yanaşaraq qeyd edir ki, ilkin iddia üzrə cavabdehin iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Beləliklə, məhkəmə şərh olunanları nəzərə alaraq, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq 16 iyun 2021-ci il tarixli 4/617 saylı ekspert rəyini sübut növü kimi qiymətləndirərək hesab edir ki, İddiaçı şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatların cavabdeh tərəfindən yayılması barədə ilkin iddia üzrə iddiaçının əsasları məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından ilkin iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, qeyd edilən davranış şəxsiyyət haqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən qanun normalarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. İddiaçı göstərilən əsaslara istinad edərək ona cavabdehin hərəkətləri nəticəsində maddi və mənəvi zərər vurulduğunu iddia edir, maddi zərər olaraq 1000 manat və mənəvi zərərin əvəzi olaraq 50.000 manat tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqazidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə, hazırkı iddia tələbinə də bu baxımdan yanaşaraq hesab edir ki, iddiaçının şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatların yayılması iddiaçıya mənəvi zərər vurması qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Məhkəmə, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenum qərarlarında qeyd olunmuş hüquqi mövqeyə görə mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə, iddiaçının şərəf və ləyaqətinin alçaldılması ilə mənəvi iztirab və sarsıntılar keçirməsinin real olması ehtimalını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb, hesab edir ki, iddiaçının xeyrinə mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pul tutulması məqsədəmüvafiqdir. Maddi zərərin tutulması hissədə də məhkəmə tələbi qismən əsaslı hesab edir. Mülki iş materiallarından göründüyü kimi ilkin iddia üzrə iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi ilə bağlı 1100 manat ödəmişdir. MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması barədə qanunvericiliyn göstərişinə əsaslanarq məhkəmə hesab edir ki, maddi zərərin əvəzi olaraq 300 manat ağlabatan məbləğ olmaqla ilkin iddia üzrə üzrə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə ilkin iddianı «yayılmış məlumatların təkzib olunması» hissədə əsaslı hesab etmir. Belə ki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7№-li qərarında qeyd olunmuş hüquqi mövqeyə görə vətəndaşın şərəf və və ləyaqətini ləkələyən məlumatlar kütləvi informasiya vasitələrində yayıldıqda, kütləvi informasiya vasitəsində təkzib edilməlidir. Araşdırılan mübahisədən göründüyü kimi ilkin iddia üzrə iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar ərizə və şikayətlərdə yazılmaqla müxtəlif orqanlara göndərilmiş müraciətlərdə ifadə olunmuşdur. İlkin iddia üzrə iddiaçı həmin məlumatların kütləvi informasiya vasitələrində yayılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, qeyd olunan hissədə ilkin iddia təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinə gəlincə isə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia ilkin iddia tələbi ilə əlaqəli olmaqla, ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi nəticəsinə gəlməyə əsas verir. Məhkəmə hesab edir ki, qarşılıqı iddia əsassız olduğundan rədd edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu tələflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 300 (üç yüz) manat, İddiaçı şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatların yayılmasına görə mənəvi zərərin əvəzi olaraq 500 (beş) manat İddiaçı xeyrinə tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1130/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1130/2021
20.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver