Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1131/2023 17.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı Cavabdeh MMC-nin rəhbəri X1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-nin rəhbəri X1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona Cavabdeh MMC tərəfindən dəymiş 10990 manatın və mənəvi zərərin pulla ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi imzalanmadığından geri qaytarılmalıdır. Belə ki, hazırkı iddia ərizəsi İddiaçı tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini geri qaytarır. Eyni zamanda məhkəmə işlərə məhkəmədə baxılmasının tezliyinin təmin olunması, yəni iddiaçı mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun məhkəməyə müraciət edəcəyi təqdirdə digər əsaslara görə yenidən iddia ərizəsinin geri qaytarılmasının qarşısının alınması məqsədilə onu da qeyd edir ki, iddiaçı iddia ərizəsinin “giriş” hissəsində cavabdeh kimi Cavabdeh MMC-nin rəhbəri X2 qeyd etsə də, ərizənin “xahiş etdi” hissəsində ona dəymiş zərərin Cavabdeh MMC-dən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərməlidir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini yönəltdiyi cavabdehi ərizəsində dəqiq müəyyən etməli və cavabdehin yuxarıda qeyd edilən məlumatlarını iddia ərizəsinin giriş hissəsində göstərməlidir. Belə ki, cavabdehin dəqiq müəyyən edilməsi iddia ərizəsinin ərazi aidiyyatı üzrə hansı məhkəməyə aid olması məsələsinin həlli üçün də zəruridir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində mənəvi zərərin pulla ödənilməsini xahiş etsə də, iddia ərizəsinin xahiş hissəsində vurulan mənəvi zərərə görə hansı məbləğdə pul tutulmasını xahiş etdiyini qeyd etməmişdir. Halbuki, iddia ərizəsində iddiaçının tələbi konkret olmalıdır. Lakin hazırki halda isə iddia tələbi mənəvi zərər hissəsində konkret deyildir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-nin rəhbəri X1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.2, 152.2, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh MMC-nin rəhbəri X1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-1131/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1131/2023
17.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver