Məhkəmə qərarları › İş №2(060)-1153/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1153/2021

09.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1153/2021 09.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçıların nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı və X3 cavabdeh «xxxx» ASC-yə qarşı “su xəttinə qanunsuz qoşulmanın aradan qaldırılması və s.” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Sukanal İdarəsinə qarşı “su xəttinə qanunsuz qoşulmanın aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Koroğlu prospektində (avtovağzal ərazisi) və ünvan 1 ünvanına aid olan su xəttinə qanunsuz qoşulmuş xətlərin həmin xəttdən ayrılması və cavabdehin öz vəsaiti hesabına zədələnmiş borunun yenisi ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, vurulmuş maddi zərərə görə 10.000 manatın, mənəvi zərərə görə 10.000 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının razılığı ilə cavabdeh qismində işə cəlb edilmiş Sumqayıt Sukanal İdarəsi əsl cavabdeh «xxxx» ASC ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi vəsatət verərək ünvan 1 ünvanının X3 adına olduğundan həmin hissədə iddiaçının əsl iddiaçı X4 ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Sumqayıt şəhəri Koroğlu prospektində (aftovağzal ərazisi) və Sumqayıt şəhəri 20 məhəllə ev 101-də su ilə təchiz edən su xəttinə iddiaçının hər hansı icazəsi olmadan əlavə obyektlər qoşulmuşdur. Digər obyektlərin iddiaçıların şəxsi mülkiyyəti hesab olunan su xəttinə qoşulmasından sonra su təchizatında ciddi problemlər yaranmış və bunun nəticəsində su nasosu quraşdırmaq məcburiyyəti yaratmışdır. Uzun müddət ərzində isə işlədilən su nasosları tez-tez sıradan çıxmış və bunun nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Bundan əlavə həmin nasosların istismarı nəticəsində iddiaçı izafi elektrik enerjisi işlətmək məcburiyyətində qalmış, buna görə əlavə vəsait ödəməli olmuşdur. Nəticədə iddiaçıya xeyli miqdarda maddi ziyan dəymişdir. Sözügedən qanunsuzluğun aradan qaldırılması üçün cavabdehə dəfələrlə edilən şifahi və yazılı müraciətlər heç bir müsbət nəticəyə gətirməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddianı qəbul etmir, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi həmçinin göstərdi ki, cavabdeh hazırda cavab verməli olan şəxs deyildir, çünki nümayəndəsi olduğu təşkilat tərəfindən yalnız vətəndaşlar tərəfindən istifadə edilən su xətlərinin sərfiyyətının hesablanması üçün sayğac quraşdırılmışdır. Qeyd olunan su boru xətlərinə qoşulması cavabdeh təşkilat həyata keçirməyi. İddiaçının öz vəsaiti hesabına çəkdirdiyi su xəttinə əlavə xətlərin qoşulması cavabdeh təşkilatın məsuliyyətinə aid deyildir. Eləcə də göstərdi ki, iddiaçı tərəfindən həmin su xətlərinin çəkilməsi ilə bağlı icazə verilməsi barədə heç bir sənəd cavabdeh təşkilatda müəyyən edilməmişdir. Odur ki, göstərilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Məhkəmə hesab edir ki, işin hallarından göründüyü kimi, iddiaçının iddianın əsası kimi göstərdikləri hazırkı cavabdeh qismində qoyulan təşkilatın hərəkətləri nəticəsində baş verməmişdir. İddiaçı iddia tələbini əsaslandığı hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etmədi. Cavabdehin nümayəndəsi isə mübahisə predmeti olan su boru xətlərinə cavabdeh tərəfindən qoşulmanın həyata keçirilmədiyini göstərdi. MPM-nin 54-cü maddəsinə əsasən iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaının razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı və X3 cavabdeh «xxxx» ASC-yə qarşı “su xəttinə qanunsuz qoşulmanın aradan qaldırılması və s.” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar