Məhkəmə qərarları › İş №2(060)-1165/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1165/2021

06.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1165/2021 06.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən mənəvi zərərə görə 5000 manat məbləğində pulun və ona dəymiş maddi ziyanın əvəzi olaraq 1000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhəri “Pioner” marketin yaxınlığında yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. Həmin tarixdə Sumqayıt-Lənkəran xətti üzrə hərəkət edən “Ford” markalı mikroavtobusa minmiş, günorta saatlarında Sumqayıt şəhərinə çatmışdır. Sürücüdən “Pioner” mağazasının yanında saxlamasını xahiş etmişdir. Sürücü tələsdiyindən, həm də məsuliyyətsizlik etdiyindən iddiaçı avtobusdan düşməmiş avtobusu tərpətmişdir. Bu səbəbdən də iddiaçı avtobusdan yerə yıxılmışdır. Sürücü dərhal onu Sumqayıt şəhər TTYX-yə aparmış, yolda onu sakitləşdirərək xəstəxanada öz səhvi ucbatından yıxıldığını deməyi xahiş etmişdir. Xəstəxanada yıxıldığını bildirməmiş, cavabdeh də ona lazım olan yardımları etmişdir. Bundan əlavə özünə aid telefon nömrələrini ona verərək kömək lazım olduğunda zəng etməyini bildirmişdir. Evə gəldikdən sonra ağrıları artmış, qolunu tərpədə bilmiyəcək vəziyyətə gəlib çatmışdır. İddiaçı özünə yemək, çay belə hazırlaya bilmədiyindən cavabdehə zəng edərək ona bir baxıcı tutmasını və ya ailə üzvlərindən birinin sağalanadək ona baxmasını istəmişdir. Cavabdehə zəng vurarkən iddiaçıya qarşı kobudluq etmiş, artıq onunla işinin bitdiyini söyləmişdir. Bundan sonra iddiaçı Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etmişdir. Xeyli müddət keçməsinə baxmayaraq müraciəti nəticəsiz qalmışdır. Daha sonra təkrar ərizə ilə polis idarəsinə müraciət etmişdir. Hadisə ilə bağlı tərəflərin izahatları alınmışdır. Cavabdeh yalan ifadə vermiş, guya iddiaçının müvazinətini itirərək yıxıldığını bildirmişdir. Halbuki, iddiaçı sürücünün diqqətsizliyi ucbatından yıxılmış, bununla bağlı ciddi narahatlıqlar yaşamışdır. Hətta məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Məhkəmə-Tibbi ekspertizanın 1801 saylı, xx.xx.2019-cu il tarixli rəyinə əsasən “az ağır” zərərvurmaya aid bədən xəsarəti olması müəyyən edilmişdir. Bundan əlavə Sumqayıt Travmatologiya xəstəxanasında 4 ay qolu gipsdə qalmışdır. Cavabdeh isə bir dəfə olsun onunla maraqlanmamışdır. İddiaçı məcbur olub özünə köməkçi tutmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o yıxılarkən mikroavtobus hərəkətsiz vəziyyətdə olmuşdur. Mikroavtobusun qapısının tutacağı xarab olduğundan hər dəfə sərnişinlər minib-düşərkən sürücü onu özü açıb-bağlayırdı. Mikroavtobusda sürücü tərəfindən əlavə oturacaqlar quraşdırılmışdı. O, mikroavtobusdan düşmək istəyərkən ayağı həmin oturacaqlara ilişmiş və əli ilə qapıdan tutmaq istərkən qapı açılmış və o, mikroavtobusdan çölə yıxılmışdır. Cavabdeh xəstəxana xərclərini qarşılamış, daha sonra onun qızına 50 manat pul vermişdir ki, bu da ona dəymiş ziyanı qarşılamır. İddiaçı hələ də aldığı xəsarətin fəsadlarını çəkir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, cavabdehin də izahatında vurğuladığı kimi mikroavtobus hərəkətsiz halda olmuş, iddiaçının ayağı oturacağa ilişərək yıxılmışdır. Cavabdeh bu işdə heç bir təqsiri olmamasına baxmayaraq iddiaçını xətəxanaya çatdırmış, onun xəstəxana xərclərini qarşılamış, əlavə olaraq da iddiaçının qızına 50 manat pul vermişdir. Yəni, cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyi qalmamışdır. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1947-ci ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1955-ci ildə anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. Sumqayıt şəhəri TTYX-nın xx.xx.2019-cu il tarixli, TQS 027 MY saylı ambulator çıxarışından və xx.xx.2019-cu il tarixli, 7800 saylı rentgen müayinəsindən görünür ki, iddiaçının sağlamlığına ziyan dəymişdir. Sumqayıt şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Zamiq Seyfullayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, hadisə baş verən ərazidə quraşdırılmış təhlükəsizlik kameralarına baxış zamanı müəyyən edilmişdir ki, cavabdehin idarə etdiyi “Ford-Transit mikroavtobus” markalı, **-CB-*** dövlət nömrə nişanlı mikroavtobus Sumqayıt şəhəri, C.Cabbarlı küçəsində yolun kənarında saxlamış, təxminən 1 dəqiqə sonra mikroavtobusun qapısı açılmış, qapı açıldıqdan sonra iddiaçı avtobusdan düşərkən ehiyatsızlığa yol verərək avtobusun qapısından yerə yıxılmış, həmin vaxt avtobus tam olaraq hərəkətsiz və dayanmış vəziyyətdə olmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyəti “xxxx” MTK-nın xx.xx.2020-ci il tarixli, 145 saylı arayışında iddiaçının ünvan 1 ünvanında həyat yoldaşı və qızı ilə birlikdə yaşadığı göstərilmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki Məcəllədə həmçinin nəzərdə tutulmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Göründüyü kimi hazırkı halda iddia tələbinin təmin edilməsi üçün iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə maddi ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1.). İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı sərnişin kimi cavabdehin idarə etdiyi mikroavtobusa minmişdir. İddiaçının mikroavtobusdan düşməsi üçün sürücü mikroavtobusu saxlamış və iddiaçı düşərkən mikroavtobus tam hərəkətsiz vəziyyətdə olmuşdur. Bu zaman iddiaçı müvazinətini itirərək mikroavtobusun qapısından bayıra yıxılmış və xəsarət almışdır. Yəni, iddiaçının yıxılmasında cavabdehin hər hansı təqsirli hərəkəti müəyyən edilməmişdir. Mikroavtobusda əlavə oturacaqların quraşdırılması ilə bağlı iddiaçının dəlililinə gəldikdə qeyd edilməlidir ki, qeyd edilən hal iş materialları ilə sübuta yetirilmir. Hətta mikroavtobusada əlavə oturacaqlar quraşdırılmış olsaydı belə iddiaçı nəqliyyat vasitəsinə minərkən həmin oturacaqları görmüş və öz iradəsi ilə mikroavtobusa minmişdir. Yəni, iddiaçının xəsarət alımasına səbəb onun öz ehtiyatsızlığı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.).Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1.). Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan vurulmasını sübut edə bilməmişdir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən maddi ziyana görə 1000 manat, mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar