Məhkəmə qərarları › İş №2(060)-117/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-117/2023

09.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-117/2023 09.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X17 oğlunun katibliyi, cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) X6 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü Səmədova Sədaqət Xəyyam qızı ilə birlikdə ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSRİ Müdafiə Nazirliyi tərəfindən 1970-ci il tarixli order ilə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Fətəlixan küçəsi ev 24 mənzil 1 mərhum iddiaçının X1na verilmişdir. X1 xx.xx.2003-cü il tarixində vəfat etmişdir. Bundan sonra o, məhkəməyə icarə müqaviləsinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Fətəlixan küçəsi 24 saylı evin 1 saylı mənzili iddiaçının adına rəsmiləşdirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(060)-2336/2010 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü Səmədova Sədaqət Xəyyam qızının yetkinlik yaşına çatana qədər cavabdehin yanında qalması, uşağın saxlanması üçün xx.xx.2010-cu il tarixdən başlayaraq hər ay iddiaçında 75 manat sabit pul məbləğində alimentin cavabdehin xeyrinə tutulması qət edilmişdir. Hazırda cavabdehlər 2010-cu il tarixdən həmin mənzildə yaşamırlar. Cavabdehlər həmin ünvanda yaşamasalar da, onların həmin mənzildə qeydiyyatda olmaları ilə əlaqədar olaraq iddiaçı əlavə komunal xərclər ödəməyə məcbur olur. Cavabdeh Məhəmməd Ələsgərov adlı şəxs ilə ailə həyatı qurmuş və hal-hazırda ərinə məxsus Göy-Göl rayonundakı fərdi yaşayış evində yaşayır. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixdə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, o, özünün mübahisə predmeti olan mənzildən istifadə hüququna xitam verilməsinə razıdır. İddiaçıya qarşı heç bir tələbi yoxdur. Lakin 2009-cu il təvəllüdlü qızı Sədaqətin həmin mənzilə istifadə hüququna xitam verilməsinə etiraz edir. Hesab edir ki, qızı Sədaqətin atasına məxsus mənzildə yaşayış hüququ vardır. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək bildirdi ki,iddiaçı keçmiş həyat yoldaşı olub. Onların nikahları pozulub. O, yenidən nikaha daxil olub. O, qızı Zəhra ilə birlikdə qeydiyyatdan çıxmağa razıdırlar. Lakin digər qızları Sədaqətin qeydiyyatdan çıxmağını istəmir. Sözügedən mənzil xüsusi təyinatlı binada yerləşir. Həmin mənzil vaxtilə iddiaçının atasına verilib. Mənzil hərbiçilər üçün nəzərdə tutulub. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1985-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Nikahın pozulması haqqında notarial qaydada təsdiq edilmiş şəhadətnaməyə əsasən iddiaçı ilə cavabdeh nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2010-cu ildə 411 nömrə ilə qeyd edilmişdir. SSRİ Müdafiə Nazirliyi tərəfindən verilmiş 20 oktyabr 1970-ci il tarixli orderə əsasən ünvan 1 X4 verilmişdir. Ölüm haqqında şəhadətnaməyə əsasən X8 xx.xx.2003-cü il tarixində vəfat etmişdir. İşdə olan 1 nömrəli Mənzil-İstismar sahəsi tərəfindən təsdiq edilmiş və qonşular Fətəlixan küçəsi, ev 24, mənzil 1 ünvanında yaşayan X5 və F.Qayıbov küçəsi, ev 18, mənzil 37 ünvanında yaşayan X9, 28 may küçəsi, ev 17, mənzil 1 ünvanında yaşayan X7 tərəfindən tərtib edilərək imzalanmış akta əsasən xx.xx.1989-cu il təvəllüdlü cavabdeh və iki övladı xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü Səmədova Sədaqət Xəyyam qızı ünvan 1 ünvanında qeydiyyatdadır, lakin yaşamırlar. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin xx.xx.2008-ci il tarixli məktubuna əsasən Sumqayıt Şəhər Məhkəməsi iddiaçının “İcarə Müqaviləsinin dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə iddianı təmin edərək Fətəlixan küçəsi 24 saylı evin 1 saylı mənzilinin icarə müqaviləsinin iddiaçının adına dəyişdirilməsini Mənzil İstismar Hissəsinə həval etmişdir. Bu barədə 2-1818 saylı, 03 oktyabr 2007-ci il tarixli icra vərəqəsi ödənilmişdir. Göndərilən icra vərəqəsinə müvafiq olaraq Tağıyev - 3 hərbi şəhərciyi Fətəlixan küçəsi ev 24, mənzil 1 ünvanın şəxsi maliyyə hesabı iddiaçının adına dəyişdirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(060)-2336/2010 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında qeydə alınmış nikahın pozulması, xx.xx.2009cu il təvəllüdlü Səmədova Sədaqət Xəyyam qızının yetkinlik yaşına çatana qədər cavabdehin yanında qalması, uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2010-cu il tarixdən başlayaraq hər ay iddiaçında 75 manat sabit pul məbləğində alimentin cavabdehin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin xx.xx.2008-ci il tarixli məktubunda bildirilmişdir ki, Tağıyev-3 hərbi şəhərciyi, Fətəlixan küçəsi, ev 24 mənzil 1 ünvanında xx.xx.1970-ci il tarixli 359 nömrəli order əsasında X10 yaşamışdır. Həmin şəxs xx.xx.2003cü il tarixli AZ-1 N002681 nömrəli övladlığa götürmə haqqında şəhadətnamə əsasında İddiaçı övladlığa götürmüşdür. Evin şəxsi maliyyə hesabı onun adınadır və qeyd olunan ünvanda qeydiyyatdadır. Qeyd olunan ünvan hal-hazırda Müdafiə Nazirliyinin balansındadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). Göründüyü kimi iddiaçı ünvan 1-in (bundan sonra – mübahisəli mənzil) ona məxsus olduğunu iddia edərək, cavabdehin övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2009cu il təvəllüdlü Səmədova Sədaqət Xəyyam qızı ilə birlikdə həmin ünvandan istifadə hüququna xitam verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, öncə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun, yəni iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi mübahisəli xüsusi təyinatlı yaşayış sahəsi kimi dövlət mülkiyyətində olmaqla, Müdafiə Nazirliyinin balansındadır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir (91.2.). Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir (98.1.). Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin məktubunda iddiaçının həmin mənzildə qeydiyyatda olduğu, mənzilin maliyyə hesabının iddiaçının adına olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, bunlar iddiaçıya digər şəxslərin mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüquq vermir. Məhkəmə iclasları barədə məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, mübahisəli mənzilin onun mülkiyyətində, icarəsində və ya digər əsaslarla qanuni istifadəsində olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (52.2.). İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (52.5.). Cavabdeh məhkəməyə ünvanladığı ərizəsində iddianı qismən qəbul etdiyini bildirsə də, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmadığından iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X6 qarşı cavabdehin övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü Səmədova Sədaqət Xəyyam qızı ilə birlikdə ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar