Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1180/2021 22.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhəri 1 saylı Notariat kontoruna və Cavabdeh2 ASC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt şəhəri 1 saylı Notariat kontoru və Cavabdeh2 ASC-yə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 10.10.2020-ci il tarixli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 ASC-dən “Gümüş” və “Bolkart” adlanan 2 ədəd kart götürmüşdür. Mütəmadi olaraq həm nağd şəkilində, həm də alış-veriş üçün həmin kartlardan istifadə etmiş, yaranan borclarını da vaxtlı-vaxtında ödəmişdir. Lakin, ölkədə ABŞ dollarının satış qiymətinin qalxdığı zamanda hər bir vətəndaş kimi onun da maddi vəziyyəti kəskinləşmiş, həmin kartlara görə yaranan borcların ödənilməsində gecikmələri olmuşdur. Bir müddət sonra gecikmələri dayanmışdır. Bundan əlavə digər bankda da adına nağd pul krediti rəsmiləşdirilmişdir, onun aylıq ödənişlərini vaxtlı-vaxtında ödəmişdir. Sözü gedən kreditinə Azərbaycan Respublikasının Prezidentinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı 28.02.2015-ci il tarixli imzalanan fərmanı ilə güzəşt olmuş, ona düşən kompensasiya Cavabdeh2 ASC-də yaranan bu borclarına yönləndirilərək 225 manat məbləğində borcu silinmişdir. Yerdə qalan borcunu isə yeni kredit cədvəli tərtib edilərək aybaay ödəməyi banka təklif etsə də, bankdan rədd cavabı almışdır. Bir müddət sonra Sumayıt şəhər 1 saylı Notariat ofisinin xüsusi notariusu X2 10.10.2020-ci il tarixli iki ayrı-ayrı icra qeydi tərtib etmişdir. Həmin icra qeydlərində ondan 488,38 manat və 317,05 manat ümumilikdə 805,43 manat məbləğində borcun tutulması qeyd edilmişdir. Həmçinin icra qeydləri tərtib olunarkən ona heç bir məlumat verilməmişdir. İddiaçı həmin icra qeydlərini əsassız və qanunsuz hesab edir. Çünki, bank ona borcunun müəyyən hissəsini ayrılmış kompensasiyadan çıxmışdır, yerdə qalan məbləğ isə şişirdilmiş faiz və cərimələrdir. İddiaçı öz borcunu ödməkdən boyun qaçırmır. Yeni kredit cədvəli üzrə aybaay ödəniş etməyi üzərinə öhdəlik kimi götürür. Halhazırda iddiaçı heç bir yerdə işləmir və himayəsində iki azyaşlı övladları var. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 ASC-nin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının son ödənişi 2017-ci il tarixdə olmuşdur. İddiaçının Cavabdeh2 ASC-ni iddia ərizəsində cavabdeh kimi qeyd etməsini düzgün hesab etmir. İddiaçı icra qeydini mübahisələndirsə də əslində qanunvericilikdə onun belə bir hüququ yoxdur. İddiaçının banka olan borcu realdır. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh Sumqayıt şəhəri 1 saylı Notariat kontoruna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1971-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış 16.04.2013-cü il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsinə əsasən Cavabdeh2 ASC tərəfindən iddiaçıya 12 ay müddətinə, illik 36% olmaqla kredit xətti açılmışdır. İddiaçı ilə cavabdeh 16.04.2013-cü il Cavabdeh2 ASC arasında bağlanmış 16.04.2013-cü il tarixli razılaşmaya əsasən Cavabdeh2 ASC tərəfindən iddiaçıya 150 manat məbləğində kredit limiti ayrılmışdır. Məhkəmə sorğusu əsasında Sumqayıt şəhəri 1 saylı Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 10.10.2020-ci il tarixli, 8İ-5664 saylı notariat işinin surəti məhkəməyə göndərilmişdir. Notariat işindən görünür ki, Cavabdeh2 ASC icra qeydinin verilməsi haqqında ərizə ilə Sumqayıt şəhəri 1 saylı Notariat ofisinə müraciət etmiş və həmin ərizə əsasında 10.10.2020-ci il tarixli icra qeydi verilmişdir. Məhkəmə sorğusu əsasında Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən 8İ-5664 və 8İ-5665 saylı icra qeydləri əsasında başlanmış icra işləri məhkəməyə göndərilmişdir. Həmin icra işlərindən görünür ki, Sumqayıt şəhəri 1 saylı Notariat ofisinin 8İ-5664 və 8İ- 5665 saylı icra qeydləri icra edilməsi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İşdə olan İddiaçı 02.11.2020-ci il tarixli yazılı izahatında Cavabdeh2 ASC-yə 400 manat borcu olduğunu qeyd etmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsində göstərilmişdir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kaboinetinin 2 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 2-ci bəndində göstərilmişdir ki, borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər əsasında icra qeydi aşağıdakı sənədlər əsasında alınır a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayış. İşdən göründüyü kimi iddiaçı ondan kredit müqavilələri üzrə borcun tutulmasına dair Sumqayıt şəhəri 1 saylı Notariat ofisi tərəfindən verilmiş icra qeydlərini mübahisələndirir. Belə olan halda o, həmin icra qeydlərinin verilməsinə əsas olmuş tələbin əsassız olduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh2 ASC arasında kredit müqavilələri bağlanmış və iddiaçı öz borcunu ödəyə bilmədiyindən cavabdeh icra qeydinin verilməsi ilə bağlı notariat orqanına müraciət etmişdir. İddiaçı icra qeydləri əsasında ondan tutulmalı olan borcun əsassız olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və bununla bağlı mövqeyini əsaslandıra bilməmişdir. MPM-ə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Məhkəmə hesab edir ki, iddiaçı 10.10.2020-ci il tarixli icra qeydlərinin ləğv edilməsini tələb etsə də, onların ləğv edilməsi üçün əsas olan halları sübut edə bilməmişdir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Sumqayıt şəhəri 1 saylı Notariat kontoruna və Cavabdeh2 ASC-yə qarşı Sumqayıt şəhəri 1 saylı Notariat kontorunun xüsusi notariusu X2 tərəfindən verilmiş 10.10.2020-ci il tarixli, 8İ-5664 və 8İ-5665 saylı icra qeydlərinin ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1180/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1180/2021
22.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver