Məhkəmə qərarları › İş №2(060)-1228/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1228/2022

12.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1228/2022 12.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilin və avtomaşının hərracda satılması və digər tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 21-ci məhəllə ünvanında yerləşən 18/31 saylı evin 20-ci mənzilinin və **- DH-*** dövlət nömrə nişanlı “ Hyundai Santafe ” minik markalı avtomaşının açıq hərracdan satılması, 20 saylı mənzilin və **-DH-*** dövlət nömrə nişanlı avtomaşının miras əmlakdakı paylarına əsasən iddiaçı və cavabdehlər arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 iddiaçının keçmiş həyat yoldaşı olmuşdur. M.Məmmədov 26 avqust 2019-cu ildə vəfat etmişdir. Mərhum Mirzə Məmmədov iddiaçının ikinci həyat yoldaşı idi. Cavabdehlər mərhumun birinci nikahından övladlarıdır. Mirzə Məmmədovun vəfatı tarixinə mülkiyyətində Sumqayıt şəhəri, 21-ci məhəllədə yerləşən 18/31 saylı evin, 20 nömrəli mənzilinin 1 otağı, həmçinin buraxılış ili 2010-cu il olan, **-DH-*** dövlət nömrə nişanlı, “Hyundai Santafe” minik markalı avtomaşın olmuşdur. “Hyundai Santafe” minik markalı avtomaşını mərhum iddiaçı ilə nikahda olduğu dövrdə almışdır. Buna görə də ona 01.06.2020-ci ildə həmin avtomaşının 1/2 hissəsinə mülkiyyət hüququnu təsdiq edən mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin mərhuma məxsus olan Sumqayıt şəhəri, 21-ci məhəllə ünvanında yerləşən 18/31 saylı evin 20 saylı mənzilinə görə iddiaçıya 01.06.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdehlərə mənzilin 1/3 hissəsinə, avtomaşının 1/6 hissəsinə görə 01.06.2020-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin nə iddiaçı, nə də cavabdehlər miras əmlakdan təyinatı üzrə istifadə edə bilmirlər. İddiaçı cavabdehlərə mənzilin bir otağını və avtomaşını satıb satış pulunu aralarında bərabər bölünməsi, yaxud iddiaçıta düşən pay üçün pulun ona ödənilməsini təklif etsə də,cavabdehlər razı olmamışlar. İddiaçı və cavabdehlərə aid olan miras əmlak bölünmüşdür. Lakin bölgü nəticəsində miras əmlaklardan istifadə mümkünsüz olmuşdur. İddiaçının kompensasiya təklifilə cavabdehlər razılaşmırlar. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, ev onun atasının və anasının birgə mülkiyyətlərində olub. İddiaçı həmin mənzilə qeyri-qanuni yollarla qeydiyyata düşüb. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclası barədə digər Cavabdeh1 bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı xx.xx.1972-ci ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. Nikah haqqında şəhadətnamənin surətinə əsasən iddiaçı ilə Mirzə Məmmədov arasında nikah 30.09.2016-cı il tarixində Sumqayıt nikah evində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Bağırova soyadları verilmişdir. Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin iddiaçıya ünvanlanmış məktubunda bildirilmişdir ki, tərəfindən iddiaçının 26.08.2019-cu il tarixində ölmüş əri- X1 qalmış miras əmlaklara dair 01.07.2021-ci il tarixində 2V-389, 390 və 391 reyest nömrələri ilə rəsmiləşdirilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin vərəsəlik işi üzrə şəhadətnamələrdə payı açıq qalmış vərəsənin miras payına qanunvericiliyə zidd olduğundan ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil. Məktubda iddiaçının məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. 01.06.2021-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən , Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 maddəsinə əsasən 26.08.2019 il tarixdə vəfat etmiş Mirzə Məmmədovun sağ qalmış arvadı iddiaçı - onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. İddiaçıya mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlak Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş 17/07/2017 tarixli AD002153 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən “HYUNDAİ SANTAFE” minik markalı, 50DH721 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. 01.06.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 26.08.2019 tarixdə ölmüş X2 vərəsəsi - iddiaçı miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 2 Saylı Ərazi İdarəsi tərəfindən 17/01/2018 tarixdə X3 verilmiş **********94-05101-093030 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 48.36 kv/m olan mənzilin 1/2 hissəsindən ibarətdir. Vərəsələr: Cavabdeh1 (1/3 hissə) və Cavabdeh2 (1/3 hissə) payları açıq saxlanılmışdır. 01.06.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 26.08.2019 tarixdə ölmüş X2 vərəsəsi-iddiaçı miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş 17/07/2017 tarixli AD002153 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KMHSH81XDAU586335, mühərrikin nömrəsi 126335 və buraxılış ili 2010 olan HYUNDAİ SANTAFE MİNİK markalı 50DH721 dövlət nömrə nişanlı nəqliyyat vasiitəsindən ibarətdir. Əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsələr: Cavabdeh1 (1/6 hissə) və Cavabdeh2 (1/6 hissə) payları açıq saxlanılmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən hazırda ünvan 4 X2 xüsusi mülkiyyətindədir. Notarial qaydada təsdiq edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “HYUNDAİ SANTAFE” minik markalı 50DH721 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X2 mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, DİN Baş X7i İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə sorğu edilmiş «HYUNDAİ SANTAFE» markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 17.07.2017-ci il tarixdən ünvan 5 ünvanda qeydiyyatda olan 16.03.1959-cu il təvəllüdlü X2 adına qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə göndərilmiş sorğuya cavab olaraq 26 avqust 2019-cu ildə vəfat etmiş X1 miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamələrin rəsmiləşdirilməsi üçün zəruri olan sənədlərin surəti göndərilmişdir. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X4 26.08.2019-cu ildə vəfat etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23.08.2021-ci il tarixli, 2(060)-926/2021 saylı qətnaməsi ilə iddiaçının cavabdehlərə qarşı payın vərəsəlik qaydadında keçməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilir ki, Cavabdeh2 miras əmlak «HYUNDAİ SANTAFE» markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 1/6 hissəsinə dair, ünvan 4-nin isə 1/3 hissəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Qeyd edilən normaların məzmunundan göründüyü kimi birgə mülkiyyətdə olan əmlakın satılması və satış pulunun bölünməsi üçün iddia qaldırılması üçün əvvəlcə həmin əmlak üzərində paylar müəyyən edilməlidir. İşdən göründüyü kimi Mirzə Məmmədovdan miras qalmış ünvan 4 və «HYUNDAİ SANTAFE» markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində iddiaçının və Cavabdeh2 payları müəyyən edilsə də, digər Cavabdeh1 miras əmlaklar üzərində payı müəyyən edilməmiş, açıq saxlanmışdır. Belə ki, iddiaçı əvvəlcə miras əmlakın bölüşdürülməsi (əmlak üzərində payların müəyyən olunması) barədə iddia qaldırmalı, paylar müəyyən olunduqdan sonra digər zəruri prosedurlara əməl olunmaqla mənzilin və avtomaşının hərracda satılması və satış pulunun tərəflər arasında bölünməsi ilə bağlı məhkəməyə müraciət etməli idi. Lakin, Mirzə Məmmədovdan miras qalmış əmlak üzərində paylar tam müəyyən olunmadığı halda iddiaçı əmlakın satılaraq satış pulunun paylara uyğun bölünməsi barədə iddia qaldırmışdır ki, hazırkı vəziyyətdə iddia təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı Sumqayıt şəhəri, 21-ci məhəllə ünvanında yerləşən 18/31 saylı evin 20-ci mənzilinin və **-DH-*** dövlət nömrə nişanlı “ Hyundai Santafe ” minik markalı avtomaşının açıq hərracdan satılması və satış pulunun bölünməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar