Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-123/2023 20.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi olaraq 30000 manat, maddi zərərin əvəzi olaraq 300 manat, cəmi 30300 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddia tələbini müdafiə edir, özünün 60 yaşı var, cavabdehin övladına 23 il özü baxmışdır, cavabdeh məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə cəzlandırılıb, onun yetirdiyi xəsarət nəticəsində sağlamlığı pozulub, işləyə bilmədiyinə görə işdən çıxmışdır. Maddi və mənəvi zərər çəkmiş, cavabdehi bağışlayan deyil, onu təhqir etdiyi, küçələrə saldığı, xəsarət yetirdiyi üçün ondan təzminat istəyir, 2017-ci ildən stres içində yaşamışdır. Cavabdeh hətta müstəntiqin yanında onu təhdid edərək, ərizəsini geri götürməsə, ondan intiqam alacağını bildirmişdir. İki il dostlarının yanında qalmışdır, vaxtı keçdiyi üçün barmağının əməliyyat olunması mümkün deyil. Müalicə olunmuşdur, lakin çekləri saxlamamışdır, ancaq reseptləri vardır. 3 həftə xəstəxanalarda yatmışdır, cavabdehdən əməliyyat pulunu verməsini tələb etsə də, verməmişdir. Əsəb sistemi pozulub, barmağının kontrakturası qırılıb, barmaq ya kəsilməlidir, ya da dondurulmalıdır. Sonda İddiaçı iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, iddiaçı yalan danışır, həmişə onlara yuxarıdan aşağı baxmış, onun yoldaşı ayın 4-ü rəhmətə getmişdir. Ona pul ödəməli olduğu bildirilməmiş, cəza vermişdirlər.Həmin cəzanı da çəkmişdir. 300 manatdan artıq pul ödəyə bilməz, 30000 manatı ödəməyə gücü yoxdur, iddiaçı həkimlərə gedib, müalicə olunubsa sübutlarını təqdim etməlidir. Hazırda xəstədir, maddi imkanı yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, hadisə 2019-cu ildə baş vermişdir, cavabdeh barəsində hökm çıxdığı üçün mübahisələndirmir. İddiaçı əgər müalicə etdirsə, əməliyyat olunsa idi, cavabdeh xərci ödəyərdi, əgər iddiaçının barmağında zədə olsa idi, indiyənədək o müraciət edə bilərdi. Əgər əmək qabiliyyəti yoxdursa, əlillik ala bilərdi. Bu səbəbdən maddi və mənəvi ziyan arasında səbəbli əlaqə yoxdur. Məhkəmə, tərəflərin və vəkilin izahatlarını dinləyərək, həmçinin iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib, 09 ay müddətə azadlığın mədudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökm ilə işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh xx.xx.2019cu il tarixdə saat 09 radələrində ünvan 1 ünvanında ögey bacısı İddiaçı, onun ünvanına keçmişdə ayrı-ayrı kişilərlə görüşüb yüngük həyat tərzi keçirməsi barədə ucadan danışması səbəbindən aralarında yaranmış mübahisə zamanı, sonuncunun sağ əlinə vurub dartaraq, sağ əlin İİ barmağının tam yerdəyişən oynaqdaxili sınığı kimi xəsarət yetirib, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-320/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi X1 apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum olunmasına dair Sumqayıt şəhər Məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmü məhkumun müdafiəçisi F.D.Cəfərov tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “HB Güven” müayinə məlumatlarından görünür ki, İddiaçı “sağ əl 2. barmaqda kontraktura, keçirilmiş orta falanqa bazisində plate yaralanması və PİP oynaqda sublokasiya” diaqnozu qoyulmuşdur. İş materiallarında olan “Məhkəmə-tibbi Ekspertiza və X3” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 664/KEŞ №-li ekspert rəyindən görünür ki, İddiaçı mütəxəssis müayinəsi zamanı hal-hazırda sağ əlinin İİ barmağının deformasiya və bükücü kontrakturanın olduğu müəyyən edilmişdir. Bununla əlaqədar onun cərrahiyə əməliyyatına ehtiyacı vardır. Əmək qabiliyyətinin və müalicəyə sərf olunacaq vəsaitin təyini məhkəmətibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçı - ögey bacısı İddiaçı ilə aralarında yaranmış mübahisə zamanı, sonuncunun sağ əlinə vurub dartaraq, sağ əlin ikinci barmağının tam yerdəyişən oynaqdaxili sınığı kimi xəsarət yetirmiş, onun həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Qüvvədə olan Sumqayıt şəhər Məhkəməsinin 11 avqust 2020-ci il tarixli hökmü ilə E.P.Laçinova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib, 09 ay müddətə azadlığın mədudlaşdırılması cəzasına məhkum edilmişdir. Bununla belə, hadisənin baş verməsində cavabdehin təqsirli, hüquqazidd əməlini, habelə hadisə nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəyməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə “iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsinə münasibətdə qeyd edir ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır ki, hazırki iş üzrə də cavabdehin qanunsuz hərəkəti ilə iddiaçının sağlamlığına birbaşa qəsdən zərər vurulması, həmçinin bu əməlin törədilməsi üsulu, zərərin yetirildiyi bədən nahiyəsi, onun iztirab keçirməsi - sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, onda mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarması mübahisəsizdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməli və bu zaman zərərin qəsdən törədilmiş əməl nəticəsində yaranması, zərərçəkənin qadın olması, onun səhhəti və yaşı ilə əlaqədar mənəvi sarsıntıya və iztirablara dözüm həddi, baş vermiş hadisənin zərərçəkəndə əlilliklə (cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının yaranması) nəticələnməməsi, hadisədən 3 ildən çox müddət keçməsi kimi hallar nəzərə alınmaqla iddiaçıya dəymiş mənəvi zərərin əvəzi 500 manat həddində qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən, delik törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. ...Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər...Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Beləliklə məhkəmə, təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən maddi zərərə görə 300 manat, mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 800 (səkkiz yüz) manat alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, təmin edilmiş hissənin həcmi nəzərə alınmaqla, 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən, əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçıla dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 300 manat, mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 800 (səkkiz yüz) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-123/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-123/2023
20.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver