Məhkəmə qərarları › İş №2(060)-1247/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1247/2021

17.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1247/2021 17.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «çirkab suyun axıdılmasına son qoyulması tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən axıdılan çirkab kanalizasiya suyunun mənzilinin hamamına və dəhlizinə axıdılmasının qarşısının alınması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia tələbinin dəqiqləşməsi ilə bağlı ərizə verərək, cavabdeh tərəfindən axıdılan çirkab kanalizasiya suyunun mənzilinin hamamına və dəhlizinə axıdılmasının qarşısının alınması öhdəliyinin Cavabdeh üzərinə qoyulması və mənzilinə dəymiş 1000 manat maddi ziyanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, 41-ci məhəllə ünvanında yerləşən, 5 saylı evin, 47-ci mənzili mülkiyyət hüququ ilə ona yəni, İddiaçı məxsusdur. Həmin mənzilin üstündə, yəni Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 5, mənzil 50-də cavabdeh Namazova (Bağırova) Afıyyət Fərman qızı ailəsi ilə birlikdə yaşayır. Mənzil Namazova (Bağırova) Afıyyət Fərman qızına məxsusdur. Cavabdehə məxsus 50 №-li mənzildən uzun müddətdir ki hamamının və dəhlizinin tavanına çirkli kanalizasiya suyu 5-ci mərtəbədən 4-cü mərtəbəyə (mənzilinə) axır. Bunu 12 saylı Mənzil Kommunal Sahəsinin 06.11.2020- ci il tarixli Aktı təsdiq edir. Cavabdeh çirkli kanalizasiya suyunu mütəmadi olaraq onun mənzilinin hamamına və dəhlizinə axıdılır. Nəticədə daimi olaraq mənzilində nəmişlik yaranır, üfunət iyi gəlir. Bu da nəticədə yoluxucu xəstəliklərin yayılmasına və ailə üzvlərinin tez-tez xəstələnməsinə gətirib çıxardır. Dəfələrlə cavabdehə bu barədə müraciət etsə də, heç bir nəticə əldə etməmişdir. Haqlı iradının cavabında cavabdeh onlara kobud cavab vermiş, “kimə və hara istəyirsiz şikayət edə bilərsiniz” demişdir. Hesab edir ki, cavabdeh tərəfindən axıdılan çirkab kanalizasiya suyunun mənzilinin hamamına və dəhlizinə axıdılmasının qarşısının alınması öhdəliyinin cavabdeh Namazova (Bağırova) Afıyyət Fərman qızının üzərinə qoyulması barədə qətnamə qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq, cavabdeh tərəfindən axıdılan çirkab kanalizasiya suyunun mənzilinin hamamına və dəhlizinə axıdılmasının qarşısının alınması öhdəliyinin Cavabdeh üzərinə qoyulması və mənzilinə dəymiş 1000 manat maddi ziyanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmişlər və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbayçan Respublikası MPMnin 185.5-çi maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı Mənzil Kommunal Sahəsinin 06.11.2020-ci il tarixli aktından görünür ki, 12 saylı MKS-nin sahə ustaları V.Məmmədova, A.Həsənov və mühəndisi C.Qəhrəmanov 41-ci məhəllə, ev 5, mənzil 47-nin sakini İddiaçı ərizəsinə əsasən, mənzilə texniki baxış keçirilmiş və məlum olmuşdur ki, yuxarı mərtəbədəki mənzil 50-nin sakini X1 evindən, mənzil 47-nin hamam və dəhliz hissəsinə su axıdılıb, nəticədə göstərilən hissələr yararsız hala düşmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə çıxarılmadığını öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №1404808 saylı “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 5, mənzil 47-i xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestrində 29.01.2019-cu il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18.08.2021-ci il tarixli rəyindən görünür ki, Sumqayıt şəhəri, 41-ci məhəllədə ünvanında yerləşən, 5 saylı evin, 47-ci mənzilində mövcud olan qüsurların aradan qaldırılması üçün görülməli işlərin dəyərinin orta bazar qiymətlərinə uyğun olaraq təqribi 714 manat məbləğində olduğu müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 16.11.2020-ci il tarixli arayışından görünür ki, Namazova Afayət Fərman qızı Sumqayıt şəhəri, məhəllə 41, ev 5, mənzil 50-də qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı Mənzil Kommunal Sahəsinin 06.11.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 5, mənzil 47-də yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». Məhkəmə belə qənaətə gəlir ki, mülki işin materiallarında olan sübutlarla, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2021-ci il tarixli 10/1877 nömrəli rəyi ilə iddiaçının mülkiyyətində olan, Sumqayıt şəhəri, 41-ci məhəllə ünvanında yerləşən, 5 saylı evin, 47-ci mənzilinə həmin binada yerləşən 50 saylı mənzildən suyun sızması və bunun nəticəsində dəymiş zərərin bərpa olunması üçün sərf olunan vəsaitin məbləğinin 714 manat olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 714 (yeddi yüz on dörd) manat mənzilə dəymiş ziyanın və iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 714 (yeddi yüz on dörd) manat mənzilə dəymiş ziyanın və iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar