Məhkəmə qərarları › İş №2(060)-1307/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1307/2022

05.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1307/2022 05.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pulun, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pulun, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC-nin direktoru Cavabdeh ilə 24 avqust 2020-ci il tarixli, 24081144 nömrəli müqavilə əsasında Abşeron rayonu, Novxanı kəndində ümumi sahəsi 307,6 kv.m sahəsi inşa ediləcək iki mərtəbəli fərdi yaşayış evinin tikinti işlərini aparılmasını, tikintiyə lazım olan tikinti-inşaat materiallarının, tikintidə işləyən usta və fəhlələrin əlmuzdların və təmirinin bütün xərclərini öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərini layiqincə və tam şəkildə yerinə yetirməyərək həm tikintinin sturukturunu, nəzərdə tutulmuş layihə plan üzrə icra etməmiş, həm də işçilərin və fəhlələrin əlmuzdunu vermədən ondan aldatma yolu ilə 55 min manat pul alaraq yoxa çıxmışdır. Tikilinin birinci mərtəbəsini yarımçıq qoyduğundan məcbur olub onun gətirdiyi usta və fəhlələrlə birlikdə əməkdaşlıq edərək işlərini davam etdirmiş, baxmayaraq ki, usta və fəhlələrin pulları 55000 (əlli beş min) manat dəyərində hesablanmış smetada nəzərdə tutulsa da şəxsən onun tərəfindən ödənilmişdir. Məsələnin qanuni yolla həll edilməsi üçün mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ekspertizası keçirilsə də, usta və fəhlələrin əlmuzdu və digər xərclər nəzərə alınmamış, rmübahisələndirilməmişdir. Hesab edir ki, ona küllü miqdarda ziyan vuran cavabdeh etibarından sui-istifadə edərək qanunla nəzərdə tutulmuş konstitusiyon hüquqlarını pozmaqda davam edir. Eyni zamanda cavabdehin bu və ya digər şəkildə hərəkət və ya hərəkətsizliyi üzündən maddi və mənəvi ziyanlara məruz qalmışdır. Belə ki, tərəfindən ustalara, fəhlələrə 4000 (dörd min) manatdan çox əl muzdu vermiş, birinci iş üzrə hüquqlarının müdafiə edilməsi üçün 500 (beş yüz) manat vəkilinə, ustaların və fəhlələrin yaşayış sahəsi və ərzaqla təmin edilməsi üçün 3 ay müddətində 1000 (bir min) manatdan çox vəsait xərcləmiş, nəqliyyat və telefon rabitə vasitələrindən istifadə etdiyinə görə və digər xərclərə görə 500 (beş yüz) manata qədər xərci çıxmışdır. Eyni zamanda cavabdehin hərəkət və ya hərəkətsizliyi üzündən o və digər ailə üzvləri sarsıntılar keçirərək qısa müddətə sinir sistemi problemləri ilə müalicələr almışdır. Müayinə və müalicələr etdirmək üçün 540 (beş yüz qırx) manatdan çox xərcə məruz qalmışdır. Həmçinin müqavilədə bütün tikinti inşaat materialların cavabdeh təmin etməli idi, lakin cavabdeh müqavilənin şərtlərini də bu hissədə pozaraq cəmi 643 (altı yüz qırx üç) manat smetadan əlavə tərəfindən sement almaq üçün vəsait xərclənmişdir. Bundan başqa beton maye tikintisi üçün nəzərdə tutulan qəliblər cavabdeh tərəfindən ödənilməli olsa da, o, pullarıda vermiyərək tərəfindən 6270 (altı min iki yüz yetmiş) manat qəliblərin icarə haqqı ödənilmişdir. Əmlak ekspertizası üçün isə əmlak ekspertiza mərkəzinin kassasına tərəfindən 500 (beş yüz) manat ödənilmişdir. Xeyli miqdarda əlavə xərclər çəkmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh ümumi məbləğin 0,1% miqdarında cərimələnməlidir. Bu isə işlərin görülüb bitməsi günündən bu günə kimi təxminən 15 aya yaxın təşkil edir. Bu ödənilən ümumi məbləğin 0,1% yəni 24000 (iyirmi dörd min) manatdan çox pul deməkdir. Ona görə də hesab edir ki, cavabdeh müqavilədə göstərilən öhdəliklərini tam yerinə yetirmədiyindən əlavə xərcə düşdüyü pulların alınaraq ona ödənilməsi barədə məhkəmə tərəfindən ədalətli qətnamə qəbul edəcəkdir. O və digər ailə üzvləri cavabdehin bu hərəkətlərinə görə səhhətlərində baş vermiş əsəb sinir, ürək qandamar pozğunluqları proqnozlarından ambulator şəkildə müalicə alırlar. Bu faktları təsdiq edən kifayət qədər şahidlərim vardır ki, cavabdeh ona qarşı naqis hərəkətlər edərək sosial-iqtisadi, maddi və mənəvi ziyanlara məruz qalmışdır. Qeyd edir ki, cavabdeh ondan başqa bir neçə şəxslərə də anoloji hərəkətlər edərək küllü miqdarda pulları almaqla yoxa çıxmışdır. Qeyd olunanlara əsasən məhkəmədən 4000 manat usta və fəhlələrə əlmuzdu verdiyi, 6270 manat qəlibə (apalovkaya) verdiyi, 1000 manat usta və fəhlələrin kirayə evlə və ərzaqla təmin etməyi üçün verdiyi, 500 manat vəkilinə verdiyi, 540 manat müalicə üçün xərclədiyi, 500 manat ekspertiza mərkəzinə ödədiyi, 643 manat sementin alınması, 24000 manat ümumi məbləğin 0,1% cəmi 37453 manat maddi və 3000 manat mənəvi ziyanların, 212 manat ödənilən dövlət rüsumunun (ümumi məbləğ 40665 manat) cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin cavabdehin əməllərində cinayət tərkibinin olub-olmaması barədə xüsusi qərardad qəbul edilərək aidiyyatı üzrə pokurorkuğa göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdehə dəfələrlə iddia ərizəsi ilə bağlı məlumat verilmiş, lakin o, məhkəmə iclaslarında iştirak etməmiş, özünü müdafiə etməmişdir. Hazırki iddia tələbi yeni açılmış hal deyil, əvvəlki iddia tələbi əsas borcla bağlı idisə, hal-hazırda məhkəməyə əldə olunmuş sübutlarla iddiaçının çəkdiyi xərclərin ödənilməsi ilə bağlı müraciət etmişdirlər. İddiaçı tərəfindən 4000 manat usta və fəhlələrə əlmuzdu olaraq, 6270 manat qəlibə (apalovkaya) verilmiş, 1000 manat usta və fəhlələrin kirayə evlə və ərzaqla təmin etmək üçün ödənilmiş, 500 manat vəkilinə, 540 manat müalicə üçün xərclənmiş, 500 manat ekspertiza mərkəzinə ödənilmiş, 643 manat sementin alınması, 24000 manat ümumi məbləğin 0,1% olmaqla, o cümlədən 212 manat dövlət rüsumu ödənilmişdir. Bütün bunlar iş materiallarına əlavə olunmuş sənədlərlə öz təsdiqini tapır. Ona görə də məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan 24.08.2020-ci il tarixli müqavilədən görünür ki, icraçı – "xxxx" MMC Abşeron rayonu, Novxanı kəndində (ümumi sahəsi 307.6 m2) 2 mərtəbəli fərdi yaşayış evinin tikinti işlərinin inşasını öz üzərinə götürür və texniki çertyojlarla irəli gələn şərtlərlə tamamilə razıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 13.08.2021-ci il tarixli, 2(060)-4978/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 24 avqust 2020-ci il tarixli, 24081144 nömrəli müqavilənin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən 9279,07 manatın tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 19000 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan təhvil-təslim aktından görünür ki, həqiqətən də aktda qeyd olunan malların icarə haqqı maya dəyərini keçdiyinə 1 ildən artıq maya dəyəri tələb olunub. Maya dəyəri 6270 manat ödənilib. İş materiallarında olan Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş 19.01.2021-ci il tarixli arayışdan görünür ki, 15 yanvar 2021-ci il tarixdə bağlanmış müqaviləyə uyğun olaraq Abşeron rayonu,Novxanı kəndində yerləşən 2 mərtəbə və terrasdan ibarət bağ evi və həyətyanı sahədə yerləşən hovuzun tikint-təmir xərclərinin müəyyən edilməsi ilə bağlı tərtib edilmiş Hesabatın xidmət haqqı dəyəri olan 500,0 (beş yüz) manat vəsait İddiaçı tərəfindən "xxxx" MMC-nin kassasına nəğd şəkildə ödənilmişdir. İş materiallarında olan AR Səhiyyə Nazirliyi tövsiyyə vərəqələrindən görünür ki, İddiaçı müxtəlif dərman vasitələrindən istifadə etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı hüquqi yardım üçün 200 və 300 manat məbləğində xərc çəkmişdir. İş materiallarında olan Nur İnşaat tərəfindən verilmiş məlumatdan görünür ki, tikinti materialları üçün 303 manat və 340 manat pul ödənilmişdir. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gələrkən qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia tələbinin hüquqi əsası kimi pulun, maddi və mənəvi ziyanın ödənilməsini Cavabdeh tələb edərkən iddia tələbinin əsasını sübut edə bilməmiş, məhkəmə qətnaməsi ilə qiymət verilmiş tələbə yenidən baxılmasını xahiş etmişdir. Bu isə qanunvericiliyin tələbinə ziddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür, 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd olunan hüquq normaları əsaslanaraq hesab edir ki, iddiaçı İddiaçı mənəvi sarsıntı keçirməsi ilə bağlı iddia irəli sürərkən, onun səbəbi, məhz bu mübahisə ilə bağlı olması və onların arasında səbəbli əlaqənin, səhhətində olan problemlərinin hansı hallarla bağlı olmasını əsaslandıra bilməmişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil 4000 manat usta və fəhlələrə əlmuzdu verdiyi, 6270 manat qəlibə (apalovkaya) verdiyi, 1000 manat usta və fəhlələrin kirayə evlə və ərzaqla təmin etməyi üçün verdiyi, 500 manat vəkilinə verdiyi, 540 manat müalicə üçün xərclədiyi, 500 manat ekspertiza mərkəzinə ödədiyi, 643 manat sementin alınması, 24000 manat ümumi məbləğin 0,1% cəmi 37453 manat maddi və 3000 manat mənəvi ziyanların, 212 manat ödənilən dövlət rüsumunun (ümumi məbləğ 40665 manat) Cavabdeh alınması tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. İşin mübahisə olunmayan halı onu göstərir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halların təkrar mübahisələndirilməsi qanunvericiliyin tələbinə uyğun deyil. Ona görə də iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pulun, maddi və mənəvi ziyanların ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pulun, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar